Məhkəmə qərarları › İş №2(103)-686/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-686/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-686/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-510/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notarial qaydada X4 tərəfindən ünvan 1 A ünvanında qeydiyyatda olan, Cavabdeh2 adına verilmiş xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 7E-13712 üzərindən xətt çəkilərək karandaşla 13715 yazılmış etibarnamənin etibarsız hesab edilməsi, X1 adından, etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında, ünvan 2 m. 105 ünvanında yerləşən mənzilə dair xx xxxxxx 2014-cü ildə Bakı şəhəri 11 saylı notarial kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənərək bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 510/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 nümayəndəsi və vəkili X6 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 3a saylı evin 105 saylı mənzili xx.xx.2012-ci il tarixdən X1 (iddiaçının bibisi) mülkiyyətində olmuşdur. X5 xx.xx.2014-cü il tarixli etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 3a, mənzil 105-ə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hüquqları Cavabdeh2 etibar etmişdir. Bundan sonra X5 (etibarnamə əsasında onun adından Cavabdeh2) ilə Cavabdeh1 arasında xx xxxxxx 2014cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən Şəmsiyat Musayeva öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 3a saylı evin 105 saylı mənzilini 20000 manata Cavabdeh1 satmış və hazırda mənzil sonuncunun mülkiyyətindədir. X5 2015-ci ilin yanvar ayında vəfat etmişdir. İddiaçı bildirir ki, mərhum bibisi Şəmsiyatin əri və övladı olmadığından qardaşı uşaqları onun qanun üzrə vərəsələri hesab olunurlar. Lakin bütün vərəsələr paylarını onun xeyrinə imtina etmələrinə dair qərar vermişlər. O, 2018-ci ilin yanvar ayında Bakı şəhərinə gəlib bibisindən qalan miras mənzilə sahib çıxmaq istəmişdir. Lakin qapını bağlı görüb qıraraq açmaq istəyərkən Hicran gəlib bildirmişdir ki, bu mənzili bibisindən satın almışdır. O, qohumlarını yığıb aldığı xəbəri bildirmiş, lakin mərhum bibisinin ölüm gününə kimi yanında olan xalası və digər qohumları bu xəbərin yalan olduğunu demişlər. Belə ki, xərçəng xəstəsi olan bibisi heç bir halda onlara bildirmədən yaşadığı mənzili sata bilməzdi. Mərhum bibisi hər hansı bir tibb müəssisəsində müalicə almırdı və bu səbəbdən böyük məbləğdə pulun əldə edilməsinə ehtiyacı olmayıb. Hicran bildirir ki, mənzili satın alıb, lakin pul ortada olmadığından vərəsələr əminliklə bildirirmişlər ki, Hicran saxtakarlıq edib bibisinin mənzilini qeyri-qanuni ələ keçirmişdir. Pozulmuş vərəsəlik hüququnun bərpası ilə əlaqədar müdafiəsi təşkil edib notarial kontorundan alqı-satqı müqaviləsinə dair notarial işin surətini alıb müəyyən etmişdir ki, bibisi Şəmsiyat ölümünə 2 ay qalmış, yəni xx xxxxxx 2014-cü il tarixdə notarial kontoruna gələrək, heç bir qohumu tanımadığı, Daşkəsən şəhərindən olan Cavabdeh2 adlı şəxsə etibarnamə vermiş və o, elə həmin vaxt bibisinə məxsus mənzili çox ucuz qiymətə Cavabdeh1 notarial qaydada satmışdır. Alqı-satqı müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə baş tutduğu halda, həmin tarixdə də Cavabdeh2 etibarnamənin verilməsinə nə ehtiyac olduğu aydın deyil. Mənzilin satış qiymətinin dəyərindən çox az qeyd edilməsi də, alqı-satqı müqaviləsinin yalan, saxta əsaslarla baş tutmasını sübut edir. Xərçəng xəstəsi olan və tezliklə öləcəyini bilən bibisinin yaşadığı və içində öləcəyi evin satmasına dair səbəbi olmayıb. Bütün bu saxtakarlığı həmin binada yaşayan Cavabdeh1 fikirləşib və niyyətini yaxını olan Cavabdeh2 köməyi ilə həyata keçirib. Cavabdeh1 saxtakar əməli nəticəsində onun vərəsəlik hüquqları pozulmuş və miras əmlak qismində ona çatacaq mənzil mənimsənilmişdir. Həmin etibarnamədə olan imza mərhum bibisi X2 məxsus deyil. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, etibarnamədəki imza Şəmsiyat Musayevanın öz imzasıdır. Həmçinin o, mərhumə Şəmsiyatin xəstə olduğu müddətdə onun evinə tez-tez ziyarətə gedir və ünsiyyətdə olurdu. Bu səbəbdən mərhumə Şəmsiyatlə arasında yaxın münasibət yaranmışdır. Bu münasibət əsasən Şəmsiyat evini satmaq istədiyini bildirmiş, o da evi ala biləcəyini təklif etmişdir. Nəticədə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, əvvəla kollegiya qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsi yoxlanılmalıdır. İddiaçı bildirir ki, bibisi X1 əri və övladları olmadığından o, (İddiaçı) və digər qardaşı uşaqları onun qanun üzrə vərəsəsi sayılırlar. İş materiallarından da görünür ki, iddiaçının bibisi X5 1968-ci ildə rəsmi nikaha daxil olmuş, 1973-cü ildə nikahı pozulmuş, övladı olmamış və 2015-ci ilin yanvar ayında vəfat etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı mərhum X1 əmlakına dair potensial vərəsə kimi hazırki iddianı irəli sürməyə subyektiv hüququ olmuşdur. Mübahisənin həllinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçı əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edir. Belə ki, o, bildirir ki, mübahisələndirilən etibarnamə və alqı-satqı müqaviləsi X1 iradə ifadəsini əks etdirmir. Etibarnamədəki imza da ona məxsus deyil. Bu əsasla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin kollegiya hesab edir ki, hazırkı işdə xx xxxxxx 2014-cü il tarixli etibarnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli 4/626 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən X1 adından olan xx xxxxxx 2014cü il tarixli etibarnamədə “İmza” qrafasındakı imza və “Musayeva Ş” yazıları, həmin etibarnamənin qeydiyyatdan keçdiyi notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E-07667 nömrəli reyestri jurnalının 35-ci vərəqində “13715” sıra sayı qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Musayev” yazıları X5 tərəfindən icra olunmuşdur. Göründüyü kimi X1 adından olan xx xxxxxx 2014-cü il tarixli etibarnamədəki imza onun özünə məxsusdur və onun iradə ifadəsini əks etdirir. Belə olan halda isə həmin etibarnamənin və bunun nəticəsində onun adından bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Bundan əlavə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə etibarnamənin verilməsini və alqı-satqı müqaviləsinin bağlandığını bibisi Şəmsiyat Musayevanın ölümündən 1 ay sonra, yəni 2015-ci ilin fevral ayında (hazırki məhkəmə iclasında iddiaçı bu faktı etiraf etdi) bildiyi halda, hazırki iddianı 2018-ci ilin iyul ayında irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Alqı-satqı müqaviləsi üzrə mənzilin satış qiyməti ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-510/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 127 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar