Məhkəmə qərarları › İş №2(103)-686/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-686/2021

04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-686/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3099/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, “hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 (Aşotovnanın) xx xxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğması faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum haqqında akt qeydində soyadının Əsədov, adının Mətləb, təvəllüdünün xx xxxxxxx 1996-cı il, doğulduğu yerin Azərbaycan Respublikası, Bakı şəhəri, atasının adının Ağabala, valideynləri qrafasında atasının X3, anasının X9 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixdə doğulmuşdur. X10 1986-cı ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Anası ilə 8 il rəsmi nikahda olub. xx xxxx 1994-cü il tarixdə onların nikahı pozulub. Lakin buna baxmayaraq, onlar bir yerdə yaşamağa davam ediblər. xx.xx.2008-ci il tarixdə anası vəfat edib və onun ölümü qeydə alınmayıb. Onda xəstəxanada doğulması barədə sənədin surəti var. Atası X1 və o, atası ilə yaşayır. Valideynləri vaxtında doğumun qeydə alınması ilə bağlı müraciət etməyiblər və o, bu günə kimi doğum haqqında şəhadətnaməni ala bilməmişdir. O, adına doğum haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, faktiki nikah münasibətlərindən doğulduğu üçün imtina almışdır və bu məsələnin həlli ilə bağlı yaşayış yeri üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3099/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən ərizəsinin təmin edilməməsi səbəbləri ona izah olunmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsinin məzmuna izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 1 saylı doğum evində dünyaya gəlmişdir. Onun sənədləri olmadığı üçün orta məktəb oxuya bilməmişdir. Onun artıq 25 yaşı var və o da Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul edilməsini və vətəndaşlara tanınan hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək istəyir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi (rəisi) Şəfəq Salmanlı ərizəçi tərəfində lazımi sənədlər təqdim edilmədiyindən onun müraciətinin təmin edilmədiyi və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bidlirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Həqiqətən Əsədova (Ayrapetova) Alla Aşotovna ilə evli olmuş, sonuncu ilə boşansalar da bir yerdə yaşamağa davam etmişlər. Bu münasibətlərindən xx xxxxxxx 1996-cı il tarixdə Ərizəçi doğulmuşdur. Doğuş vaxtı məlum hadisələrlə bağlı həyat yoldaşının milliyyəti erməni olduğu üçün ata adı gizlədilərək X4 təqdim edilmiş və bu səbəbdən ərizəçiyə doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. X3 eyni zamanda apellyasiya məhkəməsinin iclasında şahid qismində ifadə verərək əlavə olaraq bildirmişdir ki, o, 2008-dən başlayaraq bir neçə dəfə məhkəməyə müraciət etməyə başlamışdır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 xx.xx.1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və xx xxxx 1994-cü il tarixdə eyni tarixli boşanma haqqında şəhadətnaməyə əsasən boşanmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən Ağabala Əsədova ünvanlanan xx.xx.2018-ci il tarixli 5432-01/12 saylı məktubdan görünür ki, M.Hacıqasımov adına 1 nömrəli Doğum Evinin arxiv sənədlərinə əsasən X9 xx.xx.1996-cı il tarixdə çəkisi 3400 qram, ölçüsü 51 sm olan diri oğlan, xx.xx.2002-ci il tarixdə çəkisi 4200 qram, ölçüsü 54 sm olan diri oğlan uşaqları doğmuşdur. Birinci instansiya məhkəməsi ümumiyyətlə doğumun müvafiq dövlət qeydiyyatını aparan orqanda qeydə alınmadığını əsas göstərməklə ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktınınmüəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Yuxarıda qeyd edilən Plenum qərarından da görünür ki, məhkəmə yalnız doğum müvafiq dövlət qeydiyyatını aparan orqanlarda qeydə alındıqdan və sonradan həmin qeydiyyatı aparan orqanlarda müvafiq qeydlər saxlanılmadıqda, onların bərpası mümkün olmadıqda (müharibə, arxivin itməsi, yanğın nəticəsində arxivin məhv olması... və s.) bərpa edilə bilər. Yəni, hazırki tələbdəki kimi “doğum faktını müəyyən etmək” deyil, yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda “qeydi bərpa edə bilər”. Kollegiyanın qənaətinə görə, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Bununla belə kollegiya qeyd edir ki, hazırki mübahisənin yaranma səbəbi ərizəçinin doğumunun ümumiyyətlə qeydə alınmamasıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin məktubundan görünür ki, X9 xx.xx.1996-cı il tarixdə çəkisi 3400 qram, ölçüsü 51 sm olan diri oğlan, xx.xx.2002-ci il tarixdə çəkisi 4200 qram, ölçüsü 54 sm olan diri oğlan uşaqları doğmuşdur. Lakin iş materiallarında olan nikah və boşanma haqqında şəhadətnamələrdə X6 adı deyil, X7 adı qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya ərizəçiyə izah edir ki, o, ilk növbədə məhkəməyə müraciət edərək X9 ilə X5 eyni şəxs olması faktının müəyyən edilməsinə nail olduqdan sonra, hazırki məsələ ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət edə, həmin orqandan müsbət nəticə əldə edə bilmədiyi halda məhkəməyə müraciət edə bilər. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3099/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar