Məhkəmə qərarları › İş №2(103)-686/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-686/2024

23.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-686/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil və İddiaçı iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun MMC-nin direktoru vəzifəsindən azad olunması barədə verilmiş əmrin və qərarın ləğv olunaraq əvvəlki işinə bərpa edilməsi, əmək haqqısının ödənilməsi məqsədilə 1.000 manat, gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 400 manat, ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş 1.830 manat, ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiymətini təşkil edən 1.561 manat, mediasiya prosesi üçün ödədiyi 50 manat və maddi və mənəvi zərərə görə isə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, MMC-ni X3 ilə birlikdə təsis etmiş və ona göstərdiyi etimad və inamın nəticəsi olaraq Ramil Xanalıyevi təsisçi kimi təqdim etmişdir. İddiaçı, MMC-nin baş direktoru vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Ramil Xanalıyev iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cü hissəsinin "xxxx" bəndi ilə işdən azad etmişdir. MMC-nin yeni direktoru Ramil Xanalıyev olmuşdur. İddiaçının işdən azad olunma haqqında ərizəsi və qarşı tərəfin hər hansı bir sənədi mövcud deyil. İddiaçı hesab edir ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi üçün iddiaçının işdən azad edilməsi barədə əmr və qərar ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməlidir. İddiaçının 2023-cü ilin aprel ayı üzrə əmək haqqısı, xarici ezamiyyə xərcləri, əmək kitabçası Ramil Xanalıyev tərəfindən ona təqdim edilmir. Əmək kitabçası təqdim olunmadığı üçün iddiaçı işdən çıxarılma səbəbini bilmir. İddiaçının əmək haqqısı 1.000 manat olmuşdur. İddiaçıya 2023-cü ilin aprel ayı üzrə məzuniyyət hesablansa da, əmək haqqısı ödənilməmişdir. İddiaçının ezamiyyə xərclərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında bir gün üçün nəzərdə tutulmuş gündəlik norma 366 manat (200 avro), həmin ölkəyə ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiyməti 1.561 manat təşkil edir. İddiaçının son haqq-hesabının hesablanıb ödənilməsində qanun pozuntuları mövcuddur. İddiaçının pozulmuş əmək hüquqlarının araşdırılması üçün etibarnamə üzrə nümayəndəsi MMC-nin ofisində olmuş və iddiaçının şəxsi işinin zəruri sənədlərindən çıxarışlar almışdır. İddiaçı, bu məsələ ilə bağlı X4 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciətlər etmiş, həmin İdarədən iddiaçıya bildirilmişdir ki, cavabdeh MMC-yə rəsmi müraciət olunsa da MMC, sənədləri təqdim etməkdən boyun qaçırır. İddiaçıya məhkəməyə müraciət etməsi və 3-cü şəxs kimi həmin İdarəni qeyd etməsi tövsiyə olunmuşdur. İddiaçı işdən azad edilərkən ona maddi zərər vurulmuşdur. İddiaçı, cavabdeh MMC-nin 700.000 manat kreditinə zamin edilmiş və bu böyük məsuliyyətin əziyyəti nəticəsində psixoloji sarsıntılar keçirdir. Ramil Xanalıyev iddiaçını tanıyan hər kəsin yanında iddiaçının işdən çıxarılma səbəbinin oğurluq etməsi olduğunu deyərək onun şərəf və ləyaqətini ləkələmiş və gələcəkdəki karyerası və iş həyatını demək olar ki məhv etmişdir. Ramil Xanalıyev iddiaçını bütün iş adamları, şirkət rəhbərləri qarşısında nüfuzdan salmışdır. İddiaçının işdən çıxarılması barədə əmr iddiaçının kollektiv arasında gözdən salınması məqsədi ilə verilmişdir. Bu da iddiaçıya mənəvi zərər vurulmasına səbəb olmuşdur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

4. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, ilk əvvəl MMC-nin təsisçisi özü olmuş və MMCyə aid “Asan imza” da onda olmuşdur. xx.xx.2023-cü tarixində ondan məcburi qaydada tələb olunmuşdur ki, o, ərizə yazaraq işdən çıxsın, lakin o, belə bir ərizə yazmaqdan imtina etmişdir. Bu məsələ barədə o, xx.xx.2023-cü il tarixində X4 Xidmətinə müraciət etmişdir. Həmin ay ərzində, yəni mübahisəli vaxtda o, işinə gedib-gəlmişdir. Onunla bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Lakin nə əmək kitabçası, nə də ki əmrin surəti ona verilməmişdir. Son haqq-hesab zamanı isə 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əmək haqqısını alsa da, aprel ayı üçün nəzərdə tutulan əmək haqqısını almamışdır. Həmin ərəfədə X4 Xidmətinə bir dəfə də müraciət etmiş, lakin X4 Xidməti cavabdeh MMC-nin tələb olunan sənədləri təqdim etməməsi səbəbindən məsələyə tam münasibət bildirə bilməmişdir. X4 Xidməti etdiyi müraciətlərə cavab olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətinə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı bildirmişdir. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət ərizəsi ilə müraciət etmiş, Nazirlik onun həmin şikayətini Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə yönləndirmişdir. Lakin həmin İdarə də MMC-dən ona aid sənədləri tələb etsə də, MMC sənədləri təqdim etməmişdir. MMC, geyim sahəsi ilə məşğul olur. O, MMC-nin işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə görə danışıqlar aparırmış. Ölkələrdən gələn dəvətlərə münasibətdə, rəhbərin əmri ilə ezam edilir, otel xərci və yol xərci şirkət tərəfindən qarşılanırmış. Lakin biletin pulu MMC-yə aid edilirmiş. MMC bu ilin mart ayında İspaniya və İsveçrədən yeni markaların gətirilməsi ilə bağlı dəvətnamələr daxil olmuşdu və o, xx.xx.2023-cü il tarixdə artıq bileti almışdı. Bununla bağlı əmr və smeta var. Ramil Xanalıyev MMC-yə aid “Asan imzanı” ondan aldığı üçün ezamiyyət xərclərinin smetasının ödənişlərini icra edə bilməmişdir. Lakin biletləri aldığı üçün və həmin ərəfədə münasibətləri o qədər də pisləşmədiyi üçün xx.xx.2023-cü il tarixdə həmin ölkələrə getmişdir. Lakin qayıtdıqdan sonra Ramil Xanalıyev ona özü üçün getdiyini və heç bir ödənişin ona ödənilməyəcəyini bildirmişdir. Ramil Xanalıyev xx.xx.2023-cü il tarixdə ezamiyyət xərclərini ödəməmək üçün “Asan imzanı” dəyişdirmişdir və bu səbəbdən mühasibatlıq xidməti əmək haqqını, ezamiyyət xərclərini ödəyə və bank əməliyyatlarını icra edə bilməmişdir. Onun əmək haqqısı 1.000 manat, müvafiq tutulmalardan sonra isə o, 889 manat məbləğində əmək haqqı almışdır. Maddi zərər hissəsində iddia ərizəsində texniki yanlışlıq olsa da, o, vurulmuş mənəvi zərərin əvəzinə görə cavabdeh MMC-dən onun xeyrinə 20.000 manat məbləğində pulun tutulmasını tələb edir. Ramil Xanalıyev digər şirkət rəhbərləri onun barəsində maraqlandığı zaman onlara da, yanlış məlumat verməkdədir. Hazırki qətnamənin qəbulu ilə işə bərpa edilməsi, əslində yaranmış mübahisənin həlli üçün və ona qarşı olan ittihamların yalan olduğunu sübut etmək üçün kifayətdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh MMC-nin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5ci maddəsinin tələblərinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsini, 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə (25 gün) ödənilməyən əmək haqqının cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, cavabdeh MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 günə görə) ödənilməyən əmək haqqının 40 faizi miqdarında pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini, ezamiyyə xərclərinə görə 1.830 manat, yol xərclərinə görə 1.561 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, 50 manat məbləğində mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

7. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 172, 178, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə istinad etmiş Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əmri əsaslandırılmadığı üçün MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilməli və Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, işçi olan iddiaçıya 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətdə əmək haqqı ödənilməmişdir. Belə ki, son haqq hesabın hesabatından görünür ki, iddiaçıya son haqqhesab ödənilən zaman 2023-cü ilin tam işlədiyi yanvar, fevral və mart ayları nəzərə alınsa da, 25 gün işlədiyi aprel ayı nəzərə alınmamışdir. Halbuki işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Odur ki, işçiyə 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə ödənilməyən əmək haqqı cavabdehdən tutulmalıdır. Bunun davamı olaraq iddiaçının məhkəməyə müraciət edildiyi tarixədək, tələbinə əsasən konkret olaraq 40 gün müddətində gecikdirilmiş vaxt üçün ödənilməyən əmək haqqının 1 faizi məbləğində ödənc verilməsi barədə tələbi də əsaslı hesab edilməlidir. Ezamiyyə xərclərinin ödənilməsi hissəsində iddia tələbinə münasibətdə Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində Bakı-İstanbul- Madrid reysi ilə uçmuş, xx.xx.2023-cü il tarixində isə Zürih-Varşava-Bakı reysi ilə ölkəyə qayıtmışdır. Ezamiyyətdə olduğu 5 təqvim günü üçün İsveçrədə olması nəzərə alınarsa, ((bir günlük normaya görə 210 Avro x 5) =1.050 Avro (1.894,54 manat hazırki məzənnə ilə)) iddiaçının ezamiyyə xərclərinə görə 1.830 manat məbləğində tələbi əsaslı sayılmalıdır. Biletlər üçün iddiaçının çəkdiyi xərcin cavabdeh MMC-dən tutulması hissəsində iddia tələbinə münasibətdə Rayon Məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçı tərəfindən Bakı-İstanbul-Madris reysi üçün təyyarə biletinə görə 860 manat, Zürih-Varşava-Bakı reysi üçün təyyarə biletlərinə görə 153.38 Avro və 248,50 ABŞ dolları ödənilmişdir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfindən ödənilmiş həmin vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmin vəsait ödəniş anının məzənnəsinə uyğun olaraq 1.561 manat təşkil edir. Məhkəmə bu məqamda da iddia tələbindən kənara çıxılmasının yol verilməzliyini diqqətə almışdır. Rayon Məhkəməsi həmçinin iddia tələbinin mənəvi zərərin tutulması hissəsini əsassız hesab edərək rədd etmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissələrində ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi hüququn tətbiqində səhvə yol verərək və qanunu səhv təfsir edərək, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək maddi hüquq normalarını pozmuşdur. Belə ki, Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İşəgötürən isə ümumi əsasa istinad etməklə, Mülki Məcəllənin tələblərinə əsaslanaraqtərəflər arasında olan əmək münasibətlərinə xitam vermişdir. Halbuki əmək qanunvericiliyin tələbinə əsasən tərəflərdən birininin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi (Əmək Məcəlləsinin 69-cu maddəsi) və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi (Məcəllənin 70-ci maddəsi) nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məcəllənin 68-ci maddəsində nəzərdə tutulan əsas əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi nəzərdə tutulmuşdur. Rayon Məhkəməsinin digər dəlili ondan ibarətdir ki, işdən çıxma barədə əmr əsaslandırılmalı olduğu halda, cavabdeh tarixi və nömrəsi qeyd olunmayan naməlum qərara istinad etməklə mülki hüquq münasibətlərinə əsaslanaraq əmək müqaviləsinə xitam verilmə barədə əmr qəbul etmişdir. Rayon Məhkəməsinin bu dəlili də əsassızdır. Belə ki, həmin əmrdə əsaslandırma olaraq təsisçinin qərarına istinad edilmişdir. Əmr kifayət qədər əsaslandırılmışdır. Əslində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün ən doğru hüquqi əsas Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi idi. İddiaçının qanunsuz əməlləri nəticəsində işəgötürənə külli miqdarda maddi zərər vurulmuş. bu barədə müvafiq audit rəyi əldə edilmiş və hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edilmişdir. Halhazırda həmin müraciət əsasında araşdırma aparılır. Sadəcə olaraq iddiaçıya humanistlik göstərilmiş və əmək müqaviləsi 70-ci maddənin “ç” bəndi ilə xitam verilməmişdir. Bundan əlavə, iddiaçıya 2023-cü ilin aprel ayı üçün əmək haqqı ödənilməməsinin səbəbi onun həmin ay bir üzrə iş günü belə əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini tam, vaxtında və lazımi qaydada icra etməməsi olmuşdur. İddiaçı nə təsisçiyə, nə də şirkətin hər hansı işçisinə işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə görə gələn dəvətlər barədə məlumat verməmiş, təsisçidən bu barədə razılıq almamış, öz şəxsi məqsədləri və şəxsi biznesini qurmaq məqsədilə ilə şirkətin adı altında arvadı ilə birgə səfərə getmişdir. İddiaçı həmin dəvətlər barədə təsisçiyə məlumat versə buna etiraz ediləcəyini bildiyi üçün şirkətin deyil, öz şəxsi vəsaiti ilə bilet almışdır. İşçinin bu barədə müvafiq razılıq almadan, bu barədə müvafiq əmrdən əvvəl, öz şəxsi vəsaiti hesabına şirkətin işi ilə əlaqədar hər hansı bir hərəkət etmək, ezamiyyət xərci çəkmək, ezamiyyət adı altında xarici səfərə getmək hüququ yoxdur. İddiaçı özü bildirir ki, ezamiyyətə getdiyi ərəfədə təsisçi Ramil Xanalıyevlə münasibətləri pisləşmiş, “Asan imza” Ramil Xanalıyev tərəfindən dəyişdirilmişdir. Belə olan halda, iddiaçı nəyə görə xarici ezamiyyətə getməkdn imtina etməməsinin səbəbini və ezam barədə əmri necə rəsmiləşdirməsini izah edə bilməmişdir. Rayon Məhkəməsi qətnamə qəbul edən zaman bir sıra ciddi prosessual hüquq normalarının pozuntusuna da yol vermişdir. Belə ki, iş materiallarında iddianın qismən təmin edilməsi hissəsində məhkəmənin müəyyən etdiyi faktiki halları, xüsusilə iddiaçının şirkətin işi ilə bağlı xarici ölkələrdə ezamiyyətdə olması ilə bağlı irəli sürdüyü dəlili təsdiq edən heç bir mötəbər sübut yoxdur. Lakin Rayon Məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün müvafiq faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir. Bundan başqa, Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiyası məhkəməsi tərəfindən sübut olunmamışdır. İddiaçı özünün direktor olduğu zamansaxta əmrlə öz əmək haqqısının məbləğini artırmış və bu barədə əmri saxtalaşdırmışdır. Belə ki, həmin əmr düzgün tərtib edilməmiş və istinad edilən səlahiyyətli şəxs (təsisçi) tərəfindən imzalanmamışdır. Həmin əmrdən görünür ki, əmri imza edən şəxs kimi təsisçi qeyd edilmiş, onun adından imza edilmiş, lakin imzanın qarşısında direktorun adı, soyadı və atasının adı qeyd edilmişdir. İmza təsisçiyə aid deyildir, onun adından və onun imzasına oxşadılmaqla iddiaçı tərəfindən icra edilmişdir. Nəzərə alınsa ki, iddiaçının xeyrinə tutulan məbləğin əhəmiyyətli hissəsi bilavasitə həmin əmrl bağlıdır, o zaman həmin əmrin saxta olub-olmaması düzgün müəyyən edilməlidir. Həmin əmr üzrə imzanın istinad edilən şəxs (təsisçi) tərəfindən icra edilib-edilməməsinin müəyyən olunmasından ötrü məhkəmə-xətşünaslıq eskpertizası təyin edilməli və bu, apellyasiya instansiyası məhkəməsinə verilmiş vəsatət kimi qəbul edilməlidir. Digər tərəfdən Rayon Məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, təqdim edilmiş sübutların məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu düzgün yoxlamamışdır. İşin qeyd edilən əsas faktiki halları düzgün müəyyən edilmədiyi üçün iş üçün əhəmiyyətli olan həmin hallar Rayon Məhkəməsi tərəfindən sübut olunmamışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandıra bilməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinin Bakı Şəhər İdarəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiyanın hədləri barədə məlumat

13. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh MMC isə qətnamənin yalnız iddianın bir qisminin təmin edilməsi barədə hissəsini mübahisələndirmişdir.

14. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın təmin edilməsi hissəsində yoxlamışdır. Çünki MPMin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) İşdə olan sübutlar barədə məlumat

15. Cavabdeh MMC-nin təsisçisi Ramil Xanalıyev tərəfindən verilmiş 01/21-K seriyalı, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, həmin əmr iddiaçının MMC-yə xx.xx.2021-ci il tarixdən Baş direktor vəzifəsinə təyin edilməsi, əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilməsi, işçi olan iddiaçı ilə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanılması ilə bağlı verilmişdir. Əmrin əsası kimi MMC-nin təsisçinin qərarı və MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" göstərilmişdir.

16. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, iddiaçı, cavabdeh MMC-də əsas baş direktor vəzifəsinə təyin edilmiş, iddiaçının işə başlama tarixi xx.xx.2021-ci il olaraq göstərilmiş, əmək haqqı məbləği hər ay 1.000 manat qeyd edilmişdir.

17. MMC-nin təsisçisinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə iddiaçı təyin edilmişdir.

18. "xxxx" Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iş üzrə iddiaçı cavabdeh MMC-nin nümayəndəsi kimi Granadaya işgüzar səfərə dəvət edilmişdir.

19. İsveçrənin “Tally Weijl” Trending AG” Şirkətinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hazırki iş üzrə iddiaçı cavabdeh MMC-nin nümayəndəsi kimi İsveçrəyə işgüzar səfərə dəvət edilmişdir.

20. “Kart vasitəsilə edilən ödəniş barədə” qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixində hava limanı kateqoriyası üzrə iddiaçı tərəfindən 1.718,81 manat məbləğində ödəniş edilmişdir.

21. İddiaçının adına olan **********471 saylı aviabiletdən görünür ki, bilet xx.xx.2023-cü il tarixində Bakı şəhərindən İstanbula, İstanbul şəhərindən isə Madrid Barjasa uçuş üçün alınmışdır.

22. İddiaçının adına olan aviabiletdən görünür ki, bilet xx.xx.2023-cü il tarixində İspaniyanın Madrid şəhərindən İsveçrənin Zürih şəhərinə uçuş üçün alınmışdır. 1 nəfərlik biletə görə 153,38 Avro ödəniş edilmişdir.

23. İddiaçının adına olan **********088 saylı aviabiletdən görünür ki, bilet xx.xx.2023-cü il tarixində Zürih şəhərindən Varşava şəhəri, Varşavadan isə Bakı şəhərinə dönüş üçün alınmışdır. Bilet üçün tək nəfərə 248,50 ABŞ dollar ödəniş edilmişdir.

24. İddiaçıya məxsus xarici pasporta vurulmuş ştampdan görünür ki, o, xx.xx.2023cü il tarixində Madrid-Barjas istiqamətinə ölkəyə giriş etmiş, xx.xx.2023-cü il tarixində Varşavadan çıxmışdır.

25. Cavabdeh MMC-nin baş direktoru olmuş iddiaçı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 69 saylı direktorun xidməti ezamiyyətə getməsi haqqında ezam əmrindən görünür ki, həmin əmr ona görə verilmişdir ki, İsveçrə Konfederasiyasına və İspaniya Krallığına xx.xx.2023 və xx.xx.2023-cü il tarixində daxil olmuş dəvətlə əlaqədar zərurət yarandığından MMC-nin baş direktoru olan iddiaçı xx.xx.2023-cü il tarixində daxil olmuş məktuba əsasən iş ilə əlaqədar zərurət yarandığından xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 təqvim günü müddətində Bazel Viaduktstrasse 42 A, 54051 Tally Weijl kampusunda keçiriləcək görüşə ezam olunmalı, mühasibatlıq ezamiyyə xərclərinin smetasına uyğun olaraq direktora avans pulunun ödənilməsinin həyata keçirilməsi və sair.

26. İddiaçı tərəfindən X4 Xidmətinə edilən xx.xx.2023-cü il tarixli "xxxx" görünür ki, iddiaçı şikayətində MMC-də direktor vəzifəsində çalışdığını göstərmiş və təsisçi tərəfindən ona təzyiqlər göstərilərək, işdən çıxması üçün öz təşəbbüsü ilə ərizə yazması tələb olunur. Ona mart ayı ərzində əmək haqqı ödənilməmişdir. İddiaçı bildirmişdir ki, onun rəsmi əmək haqqısı 1.000 manat qeyd edilsə də, faktiki olaraq 3.500 manat ödənilmişdir.

27. X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-512-121131/2023 saylı məktubdan görünür ki, əmək hüquqlarının cavabdeh MMC tərəfindən pozulması barədə iddiaçının müraciətinə baxılması ilə əlaqədar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, iddiaçının müraciətinə aydınlıq gətirilməsi və ona aid sənədlərin təsdiq olunmuş surətlərinin 7 iş günü ərzində İdarəyə təqdim edilməsi xahiş edilmişdir.

28. İşdə olan xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi bildirişindən” görünür ki, iddia ərizəsində adı qeyd edilən X3 xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də əmək müqaviləsi üzrə müddətsiz olaraq direktor vəzifəsində çalışır.

29. Cavabdeh MMC-nin direktoru Ramil Xanalıyev tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 83 saylı əmrdən görünür ki, həmin əmr, MMC bölməsində Baş direktor vəzifəsində işləyən iddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xx.xx.2023-cü il tarixindən xitam verilməsi, iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabınının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin MMC-nin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, iddiaçının “Əmək kitabçasında” lazımi qeydlər aparılaraq, özünə təhvil verilməsi ilə bağlı verilmişdir.

30. “Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən” görünür ki, iddiaçı ilə bağlınmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. “Əmək müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2021-ci il tarixinə aiddir.

31. X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-C2338216/2023 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə dair MMC-yə müraciət olunaraq, iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin tələb olunan sənədlər təqdim olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən iddiaçı ilə bağlamış əmək müqaviləsi bildirişinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilməsi ilə bağlı bildirişin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının müraciətində qeyd etdiyi məsələlərlə əlaqədar yenidən X4 Xidmətinə verdiyi izahatında əmək haqqısının bir qismini bank kartı vasitəsilə aldığını, bir qismini isə nağd formada əldən aldığını bildirmişdir. İddiaçının təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa baxış zamanı iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixində 2.029 manat ödənişin olduğu müəyyən edilmişdir. Nağd formada ödənişlə bağlı isə iddiaçı hər hansı təsdiqedici sənədinin olmadığını bildirmişdir. İddiaçının izahatına əlavə etdiyi xidmət haqqının hesablanması cədvəllərinə baxış zamanı sənədlərdə müəssisəyə aid möhür və imza olmadığı üçün həmin sənədləri təsdiqedici sənəd kimi qəbul etmək mümkün olmamışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” xx.xx.2015-ci il tarixli, 1410- İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından iddiaçının müraciətində göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, MMCnin rəhbərliyi tərəfindən tələb olunan sənədlərin təqdim olunması üzrə tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə müraciət edilmişdir. Sənədlər təqdim olunduğu təqdirdə iddiaçının müraciətinə yenidən baxılaraq, cavab veriləcəkdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1ci hissəsinin "xxxx" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biri olduğunu nəzərə alaraq, yenidən əvvəlki işinə bərpa olunması ilə əlaqədar işəgötürənə müraciət etməsi tövsiyə olunmuş, müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya bildirilmişdir.

32. Bakı 12 saylı Mediasiya Şurası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00522 saylı “İlkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan” görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixində göndərilmiş, MMC mediasiyada iştirak etməmiş, 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

33. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, yuxarıda göstərilənlərə əsasən Məhkəmə tərəfindən işin halları kimi müəyyən edilir ki, iddiaçı, xx.xx.2021-ci il tarixindən cavabdeh MMC-də baş direktor vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 1.000 manat, əmək müqaviləsi müddətsiz olmuşdur. 2023-cü ilin aprel ayında direktor kimi iddiaçı ilə MMC-nin təsisçi Ramil Xanalıyev arasında münasibətlərinin gərginləşdiyi dövrdən işəgötürən tərəfindən ona öz ərizəsi ilə işdən çıxması təklif edilmiş, təklif işçi – iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı, ona edilmiş təzyiqlərlə bağlı X4 Xidmətinə müraciət edilmişdir. Daha sonra işəgötürənin xx.xx.2023-cü il tarixli, 83 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cü hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

35. Hazırda iddiaçı iddia edir ki, o, onunla bağlanmış “Əmək müqaviləsinə” qeyd edilən əsasla xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciəti etməmiş, o, “Əmək müqaviləsinə” qeyd edilən əsasla xitam verilməsi barədə işəgötürən tərəfindən xəbərdarlıq edilmədən, işəgötürənin qərəzli mövqeyi əsasında işdən azad edilmiş, “Əmək kitabçası” ona təqdim edilməmiş, aprel ayı üçün ödənilməli olan 1.000 manatlıq əmək haqqı ödənilməmiş, son haqq-hesab zamanı nəzərə alınmamışdır.

36. Digər tərəfdən direktoru olduğu MMC-nin nümayəndəsi kimi bir neçə xarici dövlətlərdən işgüzar səfərlə bağlı dəvət almış, işdən çıxmamışdan əvvəl həmin səfərlərə görə işəgötürənlə mübahisə olmadığı dövrdə yəni xx.xx.2023-cü il tarixində aviabiletləri almış və aidiyyəti ölkələrə səfərləri olmuşdur. Biletin dəyərini və rəsmi səfərlərini iş materiallarına əlavə etdiyi sənədlərlə, səfəri şəxsi məqsədlər üçün etmədiyini isə iş materiallarında olan dəvət məktubları sübut etməyə çalışır.

37. Cavabdeh MMC-yə isə məhkəmə baxışı iclaslarında iştirak etməsi barədə Rayon Məhkəməsi tərəfindən dəfələrlə bildirişlər göndərilmiş və iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə bağlı sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməsə də, Elektron Məhkəmə İnformasiya Sisteminə sənədlər yükləmişdir. Həmin sənədlərin arasında işçinin (iddiaçının) işdən azad olunması ilə bağlı ərizəsi olmamışdır.

38. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

39. Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (bənd "xxxx") əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü; (bənd “b”) əmək müqaviləsinin müddətinin qurtarması; (bənd “c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (bənd “ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (bənd “d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (bənd “e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar (maddə 68; hissə 2.) Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (bəndə "xxxx") müəssisə ləğv edildikdə; (bənd “b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (bənd “c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (bənd “d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (bənd “e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda (maddə 70.). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır (maddə 300; hissə 1.).

40. Qeyd edilən maddi hüquq normalarına istinad etmiş Rayon Məhkəməsi aşağıda qeyd edilən hissələrdə iddianı qismən təmin etmişdir ki, apellyasiya baxışının predmetini məhz həmin hissələrdə Rayon Məhkəməsinin qətnaməsinin qanuniliyinin yoxlanılması təşkil edir: - iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi; - məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi; - 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə (25 gün) ödənilməyən əmək haqqının cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi; - cavabdeh MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 günə görə) ödənilməyən əmək haqqının 40 (qırx) faizi miqdarında pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi; - ezamiyyə xərclərinə görə 1.830 manat, yol xərclərinə görə 1.561 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi.

41. Cavabdeh MMC-nin apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İşəgötürən isə ümumi əsasa istinad etməklə, Mülki Məcəllənin tələblərinə əsaslanaraq tərəflər arasında olan əmək münasibətlərinə xitam vermişdir. Halbuki əmək qanunvericiliyin tələbinə əsasən tərəflərdən birininin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi (Əmək Məcəlləsi; maddə 69.) və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi (maddə 70.) nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan əsas əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi nəzərdə tutulmuşdur.

42. Məhkəmə cavabdeh MMC-nin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin 6 əsası müəyyən edilmişdir, hansı ki onlardan biri cavabdeh MMC-nin iddiaçının işdən azad olunması barədə əmrdə əsaslandığı "xxxx" bəndidir ki, yuxarıda artıq qeyd edildiyi kimi həmin bəndin tələbinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

43. Hazırki iş üzrə iddiaçı onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi və işdən azad olunması barədə işəgötürənə - MMC-yə ərizə verməmiş, işəgötürən öz təşəbbüsü ilə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir.

44. İşçi ilə bağlanmış əmək müqaviləsini işəgötürən tərəfindən ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin yuxarıda qeyd edilmiş 70-ci maddəsində öz təsbitini tapmışdır. Həmin əsaslar konkretdir.

45. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndi isə ümumi norma olmaqla özlüyündə işəgötürənin konkret olaraq hansı əsasla əmək müqaviləsinə xitam verdiyini müəyyən etməyə imkan vermir. İşçinin öz xahişi olmadan işəgötürənin təşəbbüsü ilə işdən azad olunması barədə qəbul edilmiş əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndi öz əksini tapmalıdır. Əks təqdirdə mövcud vəziyyətdə yalnız Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə istinad edilməsi zamanı əmr qanunvericiliklə müəyyən edilmiş qaydada kifayət qədər əsaslandırılmış hesab edilə bilməz.

46. Cavabdeh MMC özü də apellyasiya şikayətində qeyd edir ki, əslində iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməli olduğu halda, işəgötürən tərəfindən ona humanist yanaşılaraq Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Lakin əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi öz əksini tapmamış və həmin əsasla Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilərkən görülməli olan tədbirlər nəzərə alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə 70-ci maddənin “ç” bəndinə istinad edilmədiyi üçün əmrin qanuniliyinin həmin maddənin tələbləri baxımından dəyərləndirilməsi və cavabdeh MMC-nin iddiaçının kobud pozuntulara yol verməsi ilə bağlı dəlillərinə hazırki mübahisə çərçivəsində qiymət verilə bilməz.

47. Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, heblə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84; hissə 1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84; hissə 2).

48. Cavabdeh MMC-nin direktoru Ramil Xanalıyev tərəfindən verilən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında 83 saylı əmrdən görünür ki, iddiaçının işdən azad edilməsinin səbəbi kimi tarixi və nömrəsi qeyd olunmayan naməlum qərara istinad edilmişdir. Əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədin hansı sənəd olmasını müəyyən etmək mümkün deyil. Cavabdeh MMC tərəfindən də məhkəmələrə belə bir rəsmi sənəd təqdim edilməmişdir.

49. Əmək Məcəlləsinin 83.1-ci maddəsində qeyd edilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

50. Göstərilənlərə görə Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilməsi və Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməsi ilə bağlı Rayon Məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən hissəsi ilə bağlı dəlili əsassız hesab edilir.

51. Cavabdeh MMC apellyasiya şikayətində iddiaçıya 2023-cü ilin aprel ayı üçün əmək haqqı ödənilməməsinin səbəbini onun həmin ay üzrə bir iş günü belə əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini tam, vaxtında və lazımi qaydada icra etməməsi olmuşdur.

52. MMC-nin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh MMC-nin direktoru Ramil Xanalıyev tərəfindən verilən əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 83 saylı əmrə əsasən, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmiş və işçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabınının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

53. İddiaçıya 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətdə əmək haqqı ödənilməməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan “Son haqq-hesabdan” görünür ki, işçi olan iddiaçıya son haqq-hesab ödənilən zaman 2023-cü ilin tam işlədiyi yanvar, fevral və mart ayları nəzərə alınsa da, 25 gün işlədiyi aprel ayı nəzərə alınmamışdir. Halbuki iddiaçının “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Cavabdeh MMC tərəfindən işçinin aprel ayı üzrə işə çıxmamasını təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir.

54. Digər tərəfdən iddiaçı tərəfindən X4 Xidmətinə edilən xx.xx.2023-cü il tarixli "xxxx" görünür ki, o, şikayətində MMC-də direktor vəzifəsində çalışdığını göstərmiş və təsisçi tərəfindən ona təzyiqlər göstərilərək, işdən çıxması üçün öz təşəbbüsü ilə ərizə yazması tələb olunur. Ona mart ayı ərzində əmək haqqı ödənilməmişdir. Bildirmişdir ki, rəsmi əmək haqqı 1.000 manat qeyd edilsə də, 3.500 manat ödənilmişdir.

55. X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MMC-nin rəhbərliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının MMC-dən əmək hüquqlarının pozulması barədə müraciətinə baxılması ilə əlaqədar “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq, iddiaçının müraciətinə aydınlıq gətirilməsi və ona aid sənədlərin təsdiq olunmuş surətlərinin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir.

56. Lakin cavabdeh MMC tərəfindən tələb olunan sənədlərin təqdim edilməməsi səbəbindən iddiaçının müraciətinə araşdırılaraq cavab verilməsi mümkün olmamışdır.

57. Əmək Məcəlləsinin tələblərinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir (maddə 172; hissə 5.). İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir (maddə 178; hissə 5.).

58. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilir işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

59. Odur ki, cavabdeh MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 gün üçün) ödənilməyən əmək haqqının və həmin əmək haqqının 40 faizi miqdarında pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində Rayon Məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin 2023-cü ilin aprel ayı üçün iddiaçıya əmək haqqı ödənilməli olmaması ilə bağlı dəlilləri əsassızdır.

60. Cavabdeh MMC, həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı nə təsisçiyə, nə də MMC-nin hər hansı işçisinə işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə görə gələn dəvətlər barədə məlumat verməmiş, təsisçidən bu barədə razılıq almamış, öz şəxsi məqsədləri və şəxsi biznesini qurmaq məqsədilə ilə şirkətin adı altında arvadı ilə birgə səfərə getmişdir. İddiaçı həmin dəvətlər barədə təsisçiyə məlumat versə buna etiraz ediləcəyini bildiyi üçün şirkətin deyil, öz şəxsi vəsaiti ilə bilet almışdır. İşçinin bu barədə müvafiq razılıq almadan, bu barədə müvafiq əmrdən əvvəl, öz şəxsi vəsaiti hesabına şirkətin işi ilə əlaqədar hər hansı bir hərəkət etmək, ezamiyyət xərci çəkmək, ezamiyyət adı altında xarici səfərə getmək hüququ yoxdur. İddiaçı özü bildirir ki, ezamiyyətə getdiyi ərəfədə təsisçi Ramil Xanalıyevlə münasibətləri pisləşmiş, “Asan imza” Ramil Xanalıyev tərəfindən dəyişdirilmişdir. Belə olan halda, iddiaçı nəyə görə xarici ezamiyyətə getməkdn imtina etməməsinin səbəbini və ezam barədə əmri necə rəsmiləşdirməsini izah edə bilməmişdir.

61. Məhkəmə qeyd edir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, İsveçrə üçün bir günlük ezamiyyə xərci 210 Avro, İspaniya üçün 200 Avrodur.

62. İddiaçı ezamiyyə xərci kimi 1.830 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Belə ki, sadalanan iş materiallarından göründüyü kimi işəgötürənin (hansı ki, həmin müddətdə iddiaçının özü baş direktor vəzifəsini mübahisəsiz qaydada icra etmişdir) xx.xx.2023-cü il tarixli, 69 saylı əmri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 5 təqvim günü müddətinə İsveçrədə keçiriləcək görüşə ezam olunmuşdur. Həmin əmrə əsasən isə ezamiyyə xərclərinin işçiyə ödənilməsi nəzərdə tutulmuşdur.

63. İşdə olan sübutlardan müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində Bakı-İstanbul-Madrid reysi ilə uçmuş, xx.xx.2023-cü il tarixində isə Zürih-Varşava- Bakı reysi ilə ölkəyə qayıtmışdır. Ezamiyyətdə olduğu 5 təqvim günü üçün İsveçrədə olması nəzərə alınarsa, ((bir günlük normaya görə 210 Avro x 5 =) 1.050 Avro (1.894,54 manat hazırki məzənnə ilə)) iddiaçının ezamiyyə xərclərinə görə 1.830 manat məbləğində tələbi əsaslıdır.

64. Eyni zamanda, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən Bakı-İstanbul-Madrid reysi üçün təyyarə biletinə görə 860 manat, Zürih-Varşava-Bakı reysi üçün təyyarə biletlərinə görə 153,38 Avro və 248,50 ABŞ dolları pul ödənilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən ödənilmiş 1.561 manat vəsait cavabdeh MMC-dən onun xeyrinə tutulmalıdır.

65. Cavabdeh MMC, iddiaçının öz şəxsi məqsədləri üçün həmin səfərlərə getməsini sübut edə bilməmişdir. Əksinə cavabdehin qeyd edilən dəlilləri iş materialları ilə təkzib olunmaqdadır.

66. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

67. MPM-nin həmin tələbini nəzərə almış Rayon Məhkəməsi iddia tələblərini irəli sürülmüş həcmdə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

68. Məhkəmə, Rayon Məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Rayon Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək hər hansı prosessual hüquq normasının pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş, həmin sübutlar əsasında iş üçün əhəmiyyət kəsb edən faktiki hallar düzgün müəyyən edilmiş və əsaslı nəticəyə gəlinmişdir. g) apellyasiya baxışının nəticəsi

69. Qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

70. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

71. Odur ki, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

72. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

73. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

74. Qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsi qiymətləndirilə bilməyən və əmlak xarakterli olmayan “əmrin ləğv edilməsi və işə bərpa” hissəsindən və qiymətləndirilə bilən əmlak xarakterli pul tələbi ilə bağlı digər hissələrdən ibarətdir. Apellyasiya baxışının predmetini təşkil edən pul tələbi ilə bağlı digər hissələrdə ümumilikdə iddianın qiyməti beş min manatdan az olduğu üçün cavabdeh MMC tərəfindən həmin hissələrdə qətnamədən kassasiya şikayəti verilə bilməz.

75. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi “əmrin ləğv edilməsi və işə bərpa” hissələrində əmlak xarakterli olmadığından cavabdeh MMC, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamənin həmin hissəsindən kassasiya şikayəti vermək hüququna malikdir.

76. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamənin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamənin qalan hissəsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar