Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6860/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6860/2023 (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı işə bərpa tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023cü il tarixli e-2(004)-3491/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə xx.xx.1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (hazırki adı Bakı Dövlət Universiteti) baş müəllim vəzifəsinə qəbul olunmuşdur.
2. “Bakı Dövlət Universitet” publik hüquqi şəxsin 10 mart 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Bakı Dövlət Universitetinin rektoru X4 imzaladığı 10 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi; iddiaçının işə bərpa olunması; məcburi işburaxma dövrü üzrə əmək haqqı, digər ödənclər və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (hazırki adı Bakı Dövlət Universiteti) baş müəllim vəzifəsinə qəbul olunmuş və 47 il orada qüsursuz fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin 10 mart 2023-cü il tarixli əmri ilə onunla Bakı Dövlət Universiteti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə göstərilir ki, “Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. O, həmçinin əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bütün bunlar müvafiq şikayətlər, ərizələr, təqdimatlar, aktlar, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il 27 fevral tarixli iclasının 70 saylı protokolundan çıxarış ilə təsdiq edilir”. xx.xx.2022-ci il tarixində Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X6 heç bir qanuni əsas olmadan iddiaçını auditoriyadan çıxarmaqla Universitetin binasından kənarlaşdırmış, onun əmək funksiyaların icrasına maneə yaratmışdır. Bundan sonra iddiaçı Bakı şəhər Yasamal rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. X1 rayon prokurorluğunda verdiyi izahatında guya iddiaçı barəsində tələbələr tərəfindən şikayətlər olması səbəbindən o, bir daha Tətbiqi riyaziyyat və kibernetika fakültəsində olan dərslərə buraxılmamışdır. Əmr ona 04 may 2023-cü il tarixində təqdim edilmişdir. Noyabr ayının əvvəllərində Bakı Dövlət Universitetinin X2 dekanı əmək funksiyalarının icrasını həyata keçirən zaman, yəni bilavasitə auditoriyada dərs aparan zaman, vəzifə səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq onu auditoriyadan məcburi çıxarmışdır. Bundan sonra o Bakı Dövlət Universitetinin rektorunun qəbuluna girmək istəmiş, lakin ona bunun üçün şərait yaradılmamışdır. O universitetin ərazisindən çıxarılmış və mühafizə xidməti onu bir daha Bakı Dövlət Universitetinin ərazisinə buraxmamışdır. Bu səbəbdən də şikayət ərizəsi ilə Bakı şəhər Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Əmrin məzmunundan belə görünür ki, guya iddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Əmrdə həmçinin qeyd olunur ki, iddiaçı əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı X6 tərəfindən iddiaçının əmək funksiyalarının icrasına qanunsuz və əsassız maneə yaradılmış, iddiaçı bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etməklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir. Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 84, 187-ci maddərinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Belə ki, Əmr əsaslandırılmamışdır. Əmrdə onun konkret hansı hərəkətləri ilə müəssisənin nüfuzuna və mənafeyinə zərər vurmağı açıqlanmamışdır. Əmrdə müəssisənin hüquqi ünvanı və əmri imzalamış şəxsin ata adı göstərilməmişdir. Əmr verilməmişdən öncə onun izahatı alınmamış, bunun üçün ona təklif göndərilməmişdir. “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X6 onu əmək funksiyalarının icrasından qanunsuz kənarlaşdırmaqla vəzifə səlahiyyətlərini aşmış, lakin əmrdə onun “xidməti məlumatları”na hüquqi əsas kimi istinad olunmuşdur. Qeyd olunmalıdır ki, X1 rayon prokurorluğunda izahat verərək onu əmək funksiyalarının icrasına buraxmadığını bildirmişdir. Həmin şəxsin xidməti məlumatlarına əsaslanan Bakı Dövlət Universitetinin rektoru isə əmək funksiyalarını icra etmədiyini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmrdə göstərilən digər xüsusatlar böhtan xarakterlidir və həqiqətə uyğun deyil.
5. Cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassız fərziyələr əsasında tərtib edilmişdir. İddia ərizəsində qeyd edilir ki, guya, “Bakı Dövlət Universitetinin rektorunda iddiaçıya qarşı qərəzli münasibət yaranmış və buna görə də əmək fəaliyyətinə müxtəlif maneələr yaranmağa başlanmış, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona zaman-zaman əsassız təkliflər edilmiş, bütün bu təkliflər tərəfindən rədd edilmişdir”. Halbuki iddiaçıya işlədiyi dövr ərzində fəaliyyətinə hər hansı bir maneə yaradılmamış, ona əmək müqaviləsini xitam verilməsi ilə bağlı heç bir təklif olunmamışdır. Təbii ki, iddiaçının bunu təsdiq edəcək heç bir dəlil və sübutu yoxdur və ola da bilməz. Əksinə iddiaçı özü əmək vəzifələrini, və funksiyalarını icra etməkdən qəsdən yayındığı, işə məsuliyyətsiz yanaşdığı, əmək funksiyasını kobud surətdə pozaraq 10 noyabr 2022-ci il tarixindən 2023-cü ilin fevral ayına kimi işə gəlmədiyi üçün əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bu barədə iddiaçının nümayəndəsi də məhkəmə iclasında etiraf etmiş, guya iddiaçının universitetə gəlməyinə mane olunduğunu bildirmişdir. Halbuki onun universitetə (iş yerinə) gəlməsinə heç bir maneçilik yaradılmamış, onun bu müddət ərzində bununla bağlı rektora (işəgötürənə) hər hansı bir müraciəti də olmamışdır. Mühafizə xidmətinin iddiaçını universitetin ərazisinə buraxmaması ilə bağlı iddiası da əsassızdır. Çünki birincisi iddiaçının universitetə buraxılmaması ilə bağlı mühafizə xidmətinə hər hansı bir göstəriş verilməmişdir. İkincisi, BDU-da turniket sistemi tətbiq edilir ki, universitet kartı olan hər kəs, mühafizə xidmətinin razılığından asılı olmayaraq kartını turniketə yaxınlaşdıraraq universitet ərazisinə girmək imkanına malikdir. Yalnız kartı olmayan və ya kənar şəxslərin universitet ərazisinə girişi təhsilalanların və işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırılmış olub, icazə sistemi ilə həyata keçirilir. Bundan başqa il ərzində hər həftənin cümə günləri Rektorun rəsmi qəbul günü olmuşdur və qəbul üçün müraciət edən istənilən şəxs rektor tərəfindən qəbul edilmişdir. İddiaçının isə rektorun qəbulunda olmaqla bağlı müraciəti isə ümumiyyətlə olmamışdır. Yasamal rayon prokurorluğuna müraciətin məzmunu isə ümumiyyətlə iddiaçının universitet ərazisinə daxil olmasına mane olunması və ya işəgötürənin ona qarşı qərəzli davranışı ilə deyil, Məhəmməd Mehdiyevin ona qarşı davranışı ilə bağlı olmuşdur. Bu da təbii ki, iki şəxsin arasında olan münasibət olub işəgötürənin mövqeyini əks etdirmir. Eləcə də iddiaçı BDU Həmkarlar İttifaqı Komitəsinin üzvü kimi hazırki iş üzrə Komitəyə də müraciət etməmiş və hətta onunla bağlı təqdimata baxılarkən rəsmi qaydada dəvət olunmasına baxmayaraq iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçının hər hansı bir şikayətlə başqa orqanlara, o cümlədən prokurorluq orqanlarına müraciət etməsi onun işəgötürənə, həmkarlara müraciət etməkdən azad etmir. İddia ərizəsində qeyd edilir ki, “iddiaçı bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etməklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir.” Halbuki bu barədə işəgötürənə heç bir müraciət edilməmişdir. İddiaçı BDU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının əməkdaşı olmuşdur. İddia ərizəsində guya onun universitetdən uzaqlaşdırdığı deyilən Məhəmməd Mehdiyev isə “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanıdır və onun ümumiyyətlə işçi ilə bağlı universitetdən kənarlaşdırmaq səlahiyyəti yoxdur. Hətta iddiaçı bununla bağlı nə əməkdaşı olduğu fakültənin rəhbərliyinə, nə kafedranın rəhbərinə, nə də BDU-nun rəhbərliyinə heç bir müraciəti olmamışdır. Digər tərəfdən iddiaçı Fililogiya fakültəsinin əməkdaşı olaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ilə yanaşı eyni zamanda Biologiya fakültəsində də dərs aparmışdır və o bu 4 aylıq müddət ərizəndə həmin fakültədəki dərslərinə belə gəlməmiş, həmçinin əmək funksiyasına daxil olan digər işləri də yerinə yetirməmiş, fakültənin və kafedranın iclasılarında, koordinatorluqda, imtahan yoxlamalarında, diplom işlərinin müdafiəsində də iştirak etməmişdir. İddiaçı dərslərə, iclaslara, imtahanlara gəlmədiyi üçün tədris prosesində ciddi problemlər yaranmış, dərs yükünün başqa müəllimlər tərəfindən aparılmasına məcbur qalınmışdır. İddiaçı barədə həm Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin, həm də Biologiya fakültəsinin tələbələrinin onlara qarşı qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol verməsi, onlara nalayiq ifadələr işlətməsi, keyfiyyətsiz dərs aparması və bu səbəbdən bəzi tələbə qızların onun dərslərində iştirak etməkdən imtina etməsi barədə çox sayda şikayət ərizələri daxil olmuşdur. Bu məsələlərin araşdırılması zamanı dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtina etdiyini bildirmiş və Universitet rəhbərliyinə və işçilərinə qarşı nalayiq ifadələr işlətmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən 2023-cü ilin fevral ayına kimi ümumiyyətlə iş yerinə gəlmədiyi üçün müraciətlərin araşdırılması o yalnız universitetə gəldikdən sonra mümkün olmuşdur. Lakin o, işçiləri təhqir edərək izahat verməkdən yenə də imtina etdiyi üçün bu fakt aktlaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən tələbələrin müraciəti isə 2019-cu ilə aid olmaqla, hazırki əmrin qanuniliyənə heç bir təsir göstərmir. Əksinə iddiaçının hətta 2019-cu ildə də hansısa pozuntulara yol verdiyini təsdiq edir. Əmrdə şəxsin ləyaqətini alçaldan məlumatların daxil edilməsi qadağandır. Ona görə tələbə qızların yazdığı şikayət ərizələrinə əsasən onlara qarşı etdiyi qeyri-etik və qeyri-əxalqi hərəkətlərin əmrə daxil edilməsi şəxsin ləyaqətini alçaldacağı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məlumatlar əmrdə göstərilməmişdir. BDU-nun Əmr blankı Aərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş BDU-nun rəsmi blankı olub, rekvizitlər müəyyənləşdirilmişdir. Əmri verən orqan və imzalayan şəxs də Əmrdə göstərilmişdir. İddiaçıya əmrin surətini və əmək kitabçasını götürməsi barədə dəfələrlə şifahi məlumat verilsə də o, işçiləri təhqir edərək bundan imtina etmişdir. Ona görə ona yazılı şəkildə də məlumat verilərək əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsinə icazə verməsi xahiş edilmişdir. Əmrdən göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə həyata keçirilmişdir. Yəni həmin norma hər hansı inzibati tənbeh tədbiri kimi deyil, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçıla bağlanılmış əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xitam verilmiş və bu zaman hər hansı qanun və hüquq pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Bütün bunlar da iddianın qanunsuz və əsassız olduğunu təsdiq edir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “işə bərpa və sair tələblərə” dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3491/2023 saylı iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin ç bəndinə, 10-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Həmkarlar İttifaqı Komitəsi tərəfindən düzgün araşdırma aparılmamış, yalnız işəgötürənin təqdimatının dəstəklənməsi barədə fikirlər qeyd olunmuşdur
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında qarşı tərəfin apellyasiya şikayətinə etiraz ediyini və təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı tətbiqi riyaziyyat fakultəsinin deyil, filologiya fakültəsinin müəllimi olmuş və müxtəlif fakültələrdə dərs demişdir. İş materiallarına iddiaçının təsdiq edilmiş dərs yükünü də əlavə edilib və 500 saatın 400 saatı tətbiqi biologiya fakültəsində, 100 saatı isə tətbiqi riyaziyyat faükltəsində olmuşdur. İddiaçının auditoriyadan kənarlaşdırılmasının səbəbi 50-yə yaxın xanım tələbələrin iddiaçı barəsində etmiş olduqları şikayətdir. Bu şikayətlər istər dərsdə, istər dərsdən kənar iddiaçının etmiş olduğu qeyri-etik davranışlarla əlaqədar olmuşdur. İddiaçı tərəfindən universitetə buraxılmaması üçün rektora və ya başqa şəxsə etmiş olduğu müraciətlərini təsdiq edən sənəd-sübut yoxdur. İddiaçı heç bir yerə müraciət etməmişdir və dərslərə gəlməmişdir. Universitetin mühafizə xidmətinin tərkibi daimi yenilənən şəxslərdir, onun universitetə buraxılmaması həqiqəti əks etdirmir. İddiaçının həyat yoldaşının tərtib etmiş olduğu akt da tamamilə saxtadır. Orada mühafizəçilərin imzalamaqdan imtina etdiyi bildirir. Həmin akt isə özlərinin dediklərinə əsasən oğulların hüquq bürosunda tərtib edilmişdur, əgər həmin bürodada tərtib edilmişdirsə mühafizəçilər o aktı necə imzalaya bilər axı. İddiaçının işdən çıxarılma əmri tam əsaslıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
17. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
18. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Belə ki, birinci instansiya məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, onlar iddiaçı ilə 40 ilə yaxındır ki, ailəlidirlər. 2022-ci ilin noyabr ayının 3-də iddiaçı vaxtından əvvəl evə gəlmiş, çox pərişan və əsəbi olmuşdur. Səbəbini soruşduqda isə, X2 dekanı Məhəmməd Mehdiyev tərəfindən auditoriyadan kənarlaşdırıldığını bildirmişdir. Dekan içəri daxil olaraq tələbələrin yanında iddiaçını təhqir edərək onu dərsdən kənarlaşdırıb. O, çıxmayacağını bildirdikdə isə, onu zorla kənarlaşdırılacağını bildiriblər. Bundan sonra isə məcbur olub, auditoriyanı tərk edib. Gəlib bunları ona danışdıqda isə ona hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu bildirmişdir. Onlar birinci növbədə Bakı Şəhər Prokurorluğuna müraciət etmişlər. Orada onlara bu əməldə vəzifə səlahiyyətini aşma olduğu bildirilərək, aidiyyatı üzrə Yasamal Rayon Prokurorluğuna müraciət etməli olduqları bildirilmişdir. Onlar iddiaçı ilə ayın 4-ü, yəni həmin günün səhərisi iddiaçı ilə birlikdə universitetə getmişlər. Çünki iddiaçının həmin günü digər fakültədə dərsi olmuşdur. Qapıda dayanan mühafizəçi isə ona təlimat gəldiyini və iddiaçını içəri buraxa bilməyəcəyini bildirmişdir. İddiaçı etirazını bildirdikdə, mühafizəçilərdən biri kənarlaşıb telefonla danışdıqdan sonra, geri gələrək içəri buraxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar qayıdıb evə gəlmişlər və yenidən Yasamal Rayon Prokurorluğu ilə əlaqə saxlamışlar. Onlar isə universitetin nümayəndələrinin yayındıqlarını və prokurorluğa gəlmədiklərini bildirmişlər. Bundan sonra isə onlar Bakı Şəhər Prokurorluğuna yenidən müraciət etmişlər. Bundan sonra Bakı şəhər prokuroru onları qəbul edib, şəxsən dinləmişdir. Lakin lazımi tədbirlər görülmədiyinə görə, Baş Prokurorluğa şikayət etməli olmuşlar. Bundan sonra Məhəmməd Mehdiyevi çağırıb izahatını almışlar. Onlar universitetə mərkəzi qapıdan daxil olmuşlar. Həmkarlar İttifaqının iclasına getməmişlər, lakin əmək kitabçasını şəxsən o may ayının 4-də gedib götürmüşdür. Universitetə buraxılmadığına görə iddiaçı bir daha heç vaxt ora getməyib. Hadisə olduqdan sonra iddiaçı rektorluğa gedərək, rektorla görüşüb məsələni ona bildrimək istəyib. Lakin orada olan Elşən adlı şəxs rektorun iclas keçirdiyini və hal-hazırda münasib olmadığını bildirib. Ailədə 4 nəfərdirlər. O, yoldaşı və 2 oğlu. Böyük oğlu Ayazbəy evlidir və ayrı yaşayır. Digər oğlu Ayxan isə onunla yaşayır. Ailədaxili münasibətləri çox yaxşı və yüksək səviyyədədir. Oğlu Ayxanın atasında şikayət etməsi barədə məlumatı yoxdur. Bunu təzəlikcə eşitmiş, lakin inanmamışdır. Onlar əmək kitabçasını götürməyə getdikdə, həmin qapıçılar yenidən onları içəri buraxmadılar. Onlar əmək kiitabçasını götürməli olduqlarını bildirdikə, onlar poçt vasitəsilə göndərilə biləcəyini bildirmişlər. Daha sonra kadrlar şöbəsindən qapıda verilməsini bildirdilər. Bundan sonra onlar israr etdikdən sonra mühafizəçilərdən biri yenə də gedib telefonla danışdı və gəlib yalnız onun içəri keçə biləcəyini dedi. O içəri keçmiş və əmək kitabçasını götürüb, qol çəkib gəlmişdir. Düzdür özü də orada dərs demişdir və onu da orada tanıyırlar. Lakin o imza çəkib əmək kitabçasını götürəndə ondan nə şəxsiyyət vəsiqəsi, nə də etibarnamə tələb etmədilər. Onların evinə bir gün poçtalyon olduğunu bildirən bir şəxs gəldi. Evdə heç kim olmadığına görə qapını o açmışdır. Poçtalyon ona ağ kağıza təhvil aldım qrafasına qol çəkdirdi. Bundan sonra o hansı sənəd olduğunu soruşduqda və sənədi təqdim etməsini tələb etsə də, poçtalyon yanında olan çantanı axtarıb sənədin maşında qaldığını bildirdi. Sonra aşağı düşüb, maşında biraz nəsə axtarıb getdi. Hazırki rektor yeni təyin olunduqdan sonra iddiaçını çağırdı. İddiaçı oraya getdikdə isə rektor daxil 12 nəfərlik komissiyanın təşkil edildiyini gördü. Komissiyada iddiaçıya keyfiyyətsiz dərs aparıldğını və tələbələrin ondan narazı olduqlarınlı bildirdilər. İddiaçı isə buna etiraz edib, belə bir şeyin olmadığını və tələbələrinin onu sevdiyini bildirib. Daha sonra dərs zamanı tələbələrdən belə bir şeyi nə üçün etdiklərini soruşduqda, tələbələr belə bir şeyin olmadığını bildiriblər. Bundan sonra iddiaçı əgər kiminsə şikayəti olarsa bunu yazılı şəkildə etməsini bildirib. Tələbələr isə hamısı yazılı şəkildə heç bir şikayətlərinin olmamasını bildiriblər. Bu hadisə təxmini 2019cu ildə olmuşdu. Bu 40 il ərzində heç vaxt iddiaçı barədə belə bir şey eşitməmişdir. İndi isə ahıl yaşında iddiaçıya guya qızlara nalayiq hərəkətlər etməsi ilə bağlı belə qara yaxmaqları qəbuledilməzdir. Noyabr ayının 3-dən sonra iddiaçıya hansısa iclas və ya yığıncaq barədə universitetin nə rektorluğundan, nə hansısa dekanlığından, nə də kafedradan zəng edilməyib. Universitetdən içəri buraxılmamasının səbəbini bilmirdilər. Hətta iddiaçı etiraz da edirdi və cinayətkar olmadığını və buraxılmasını tələb edirdi. Lakin buna məhəl qoyan olmurdu. Özünü poçtalyon kimi təqdim edən şəxs sənədlərin maşında qaldığını və gedib gətirəcəyini dedi. Bundan sonra aşağı düşdü və geri qayıtmadı. Eyvandan baxdıqda, onun maşına əyləşib, biraz gözləyib, sonra getdiyini gördü. Həmin vaxt təxmini axşam saat 8-9 olardı. Heç bir bildiriş və ya dəvət universitet tərəfindən gəlməyib. Həmkarlar İttifaqının iclası barədə heç bir bildiriş əldə etməmişlər və zəng də vurulmayıb. X8 aralarında elə də ciddi bir problem yox idi. Sadəcə həmin gündən bir neçə gün öncə iddiaçı ağır xəstəlik keçirmişdi və yeriməyində problem yaranmışdı. Çünki 2018ci ildə 2 dəfə insult keçirmişdi. Bir gün universitetin koridorunda hərəkət edərkən iddiaçı özünü pis hiss edib. Bu zaman tələbələrindən biri kömək təklif edib. İddiaçı da tələbədən onu pilləkənləri düşməsinə kömək etməsini xahiş edib. Tələbə ona pilləkənləri düşməsinə kömək edib. Sonra bu məsələ böyüdülüb ki, iddiaçı tərəfindən burada xoşagəlməz hərəkətlər edilib. Bir dəfə buraxılmadığına görə artıq universitetə getmədi. Rəhbərliyə müraciət etməməsinin səbəbi isə, rəhbərliyin bu məsələdən agah olması idi. Həm də iddiaçını universitetə buraxılmadığına görə o, rəhbərliyə şəxsən müraciət edə bilmirdi. İddiaçı hesab edirdi ki, prokurorluq orqanlarına şikayət etməsi kifayət edirdi. Buna görə də məsələnin həll olunmasını güman edirdi. Universitetə giriş kart vasitəsilədir. Lakin bundan başqa orada 2 mühafizəçi də dayanır. İddiaçı filologiya fakültəsinin müəllimi olsa da, dərslərini tətbiqi riyaziyyat və biologiya fakültələrində deyir. Rektorun iddiaçını işdən kənarlaşdırmaq barədə əmri olmasa da, o faktiki olaraq iddiaçını qəbul etməkdən imtina edib. Bu isə elə həmin mənaya gəlir ki, iddiaçını artıq işdən kənarlaşdırıblar. Səbəb kimi yox, bəhanə kimi isə bayaq cavablandırdığı, tələbənin iddiaçını pilləkənlərdən düşməsinə kömək etməsi olub. Həmin aktı o 18 saylı hüquq məsləhətxanasında, özü yazmışdır, heç kim ona kömək etməmişdir və aktda qeyd edilən tarixdə tərtib etmişdir. Mühafizəçilər olmadığına görə onların adını özü qeyd etmişdir və onlar da əslində aktı imzalamaqdan imtina etməyiblər. Universitetə buraxılmamağı barədə iddiaçı özü yazılı şəkildə prokurorluğa müraciət edib. Ayın 4-2 univeristetə getdikdən sonra, ümumiyyətlə bir də universitetə getməyib. Noyabrın 4-ü saat əxminən səhər 8-9 arası universitetə getmişlər.
29. xx.xx.2023-cü il tarixli Bakı Dövlət Universitetinin Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrində qeyd edilmişdir ki, BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. O, həmçinin əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bütün bunlar müvafiq şikayətlər, ərizələr, təqdumatlar, aktlar, BDUnun Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il 27 fevral tarixli iclasının 70 saylı protokolundan çıxarış ilə təsdiq edilir. BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır.
30. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
31. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal Rayon Prokurorluğunun Qərarına əsasən Bakı Dövlət Universitetinin rəhbər vəzifəli şəxslərinin həmin Universitetdə təhsil alan tələbələrdən il ərzində rüşvət qismində ümumilikdə 300.000.000 manat pul yığması faktı öz təsdiqini tapmadığından toplanmış 173-C-23 saylı material üzrə cinayət işinin bağlanmasının rədd edilməsi qərara alınmışdır.
32. Bakı Dövlət Universitetinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunda görünür ki, ona məxsus olan əmək kitabçasını BDU-nun İnsan resursları və hüquq şöbəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verilməsi xahiş olunmuşdur.
33. Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cədvəl üzrə BDU-nun riyaziyyat fakültəsində dərsdə olan zaman adını bilmədiyi müəllim tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Yasamal rayon polis idarəsinin 28-ci Polis bölməsində toplanmış material tələb olunaraq Respublika Baş Prokurorluğunda öyrənilmiş və material üzrə təhqiqatçı X10 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan xx.xx.2023-cü il tarixdə ləğv edilərək material əlavə araşdırma aparılmasının təmini üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir. Hazırda material üzrə araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
34. BDU-nun rektoru Elçin Babayevin BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarova ünvanladığı xx.xx.2023-cü il tarixli Təqdimatından görünür ki, təqdimatda qeyd olunanları nəzərə alaraq Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə münasibət bildirməyi xahiş olunmuşdur.
35. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanovun BDU-nun rektoru Elçin Babayevə ünvanladığı xx.xx.2023-cü il tarixli Təqdimatından görünür ki, təqdimatda qeyd olunanları nəzərə alaraq Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməyi xahiş olunmuşdur.
36. BDU hüquq sektorunun baş hüquqşünası Nümayəndə1 BDU-nun rektoru Elçin Babayevə ünvanladığı Hüquqi rəydə qeyd edilmişdir ki, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorun təqdimatından və əlavə edilmiş sənədlərdən görünür ki, Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan dərslərə (işə) gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Odur ki, Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. Əhmədov X3 həmkarlar ittifaqı təkilatının üzvü olduğundan onun 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-çü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozması və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması səbəbindən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsi üçün onun üzvü olduğu Həmkarlar ittifaqı təşkilatinin qabaqcadan razılığının alınması qanuna uyğundur.
37. Filologiya fakültəsinin dekanı Elçin Məmmədovun BDU-nun rektoru Elçin Babayevə ünvanladığı Təqdimatdan görünür ki, İddiaçı haqqında müvafiq tədbirlərin görülməsi ilə bağlı sərəncam verilməsi xahiş olunmuşdur.
38. BDU-nun Filologiya fakültəsi İngilis-dili (Təbiət fakültələri üzrə) kafedrasının xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolundan Çıxarışdan görünür ki, 2022-2023-cü tədris ilinin noyabr ayının 10-dan fevral ayının 1-dək kafedranın dosenti İddiaçı dərslərdə iştirak etməmişdir. İddiaçı Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərsləri kafedranın müəllimləri dosent X13 və baş müəllim X16 tərəfindən əvəz edilmişdir. Dərs jurnalları vaxtlı-vaxtında yazılmış və həmin qrupların tələbələri imtahanları uğurla vermişlər. Bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o, telefon zənglərinə cavab verməmişdir. İddiaçı noyabr, dekabr və yanvar aylarında kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş və kafedra ilə əlaqə saxlamamışdır. 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da, kafedra müdirinin göstərişlərinə məhəl qoymamış, heç bir yoxlamaya gəlməmişdir. Dosent İddiaçı üzrsüz səbəbdən noyabr ayının 10- dan fevralın 1-dək illik dərs yükünə aid olan dərslərə girməməsi və əmək intizamını kobud şəkildə pozması barədə tədbir görülməsinin xahiş olunması qərara alınmışdır.
39. xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:44-də Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, İddiaçı həyat yoldaşı ilə birgə BDU rektorunun qəbul otağına gələrək qışqıraraq rəhbərliyin ünvanına təhdid və təhqir səsləndirmiş, əməkdaşların onu sakitləşdirmə təşəbbüslərinə təhdidlərlə cavab vermişdir. Şikayəti dinlənilmək üçün İddiaçı elm və innovasiyalar üzrə prorektorun otağına dəvət edilmiş, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev və İddiaçı həyat yoldaşının iştirakı ilə onunla söhbət aparılmışdır. Lakin İddiaçı heç bir yazılı müraciət etməyəcəyini bildirmiş, BDU-nun vəzifəli şəxslərinin ünvanına şər və böhtan səsləndirməyə, təhqir və təhdid etməyə davam etmişdir.
40. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı işə gəlməməyi haqqında təqdimatın araşdırılması ilə əlaqədar İnsan resursları və hüquq şöbəsinin İnsan resursları sektorunun müdiri X11 tərəfindən İddiaçı məxsus telefon nömrəsi ilə əlaqə saxlanılmış (*** *** ** **) və danışan xanım özünü onun həyat yoldaşı kimi təqdim edərək İddiaçı evdə olmadığını bildirmişdir. Onun BDU-ya təqdim etdiyi digər telefon nömrəsinə (*** *** ** **) zəng çatmamış və (*** *** ** **) nömrəsi ilə əlaqə saxlanılmasına müvəffəq olunmuşdur. Telefon danışığı zamanı İddiaçı işə gəlməməsi ilə əlaqədar haqqında təqdimatın olduğu və araşdırılma ilə bağlı izahat yazmaq üçün universitetə dəvət edildiyi bildirilmişdir. Lakin İddiaçı rəhbərliyin ünvanına təhqir və təhdidlər səsləndirərək gəlməyəcəyini və üzrlü səbəb göstərmədən izahat yazmaqdan imtina etdiyini bildirmişdir.
41. BDU-nin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevin BDU-nun rektoru Elçin Babayevə ünvanladığı Xidməti məlumatdan görünür ki, fakültənin İ kurs TK-98 qrupunda Xarici dildə işgüzar və akademik komunikasiya-1 (İngilis dili) fənnini tədris edən müəllim İddiaçı dərs prosesi zamanı tələbələrə müəllim adına yaraşmayan hərəkətlər etmişdir. O, qız tələbələrə nəlayiq sözlər demiş və əxlaqsız təkliflər etmişdir. Bununla əlaqədar olaraq tələbələr şikayət ərizəsi ilə dekanlığa müraciət etmişlər. Bütün bunları nəzərə alaraq, İddiaçı haqqında tədbir görülməsi və fakültədə İ kurs Tk-98 qrupunda Xarici dildə işgüzar və akademik komunikasiya-1 (İngilis dili) fənninin tədrisi üçün başqa müəllimin göndərilməsinə münasibət bildirilməyi xahiş olunmuşdur.
42. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İ kurs TK-98 qrupunun tələbələrinin BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevə ünvanladığı xx.xx.2022-ci il tarixli Şikayət ərizəsindən görünür ki, xarici dil müəllimləri İddiaçı onlara dərs keçmək əvəzinə dərsdə onlara qarşı işlətdiyi xoşagəlməz ifadələrə və etdiyi hərəkətlərə görə müəllimlərinin başqa müəllim ilə əvəz olunması xahiş olunmuşdur.
43. Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın BDU-nun rektoru Elçin Babayevə ünvanladığı xx.xx.2022-ci il tarixli Məlumatından görünür ki, sentyabr ayının ikinci həftəsindən başlayaraq fakültənin İ kurs 169A və 174A qrup tələbələri tərəfindən Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (İngilis dili) fənnini tədris edən müəllim İddiaçı narazı olduqları barədə dəfələrlə dekanlığa yazılı və şifahi müraciətlər daxil olub. Tələbələr bildiriblər kı, Qabil müəllim dərs zamanı müəllim adına yaraşmayan qeyri-etik hərəkətlərə yol verir, tələbələrə nalayiq sözlər deyir, dərsə aid olmayan kənar söhbətlər edir, keyfiyyətsiz dərs aparır. 169A qrupunun qızları bir neçə dəfə Qabil müəllimin dərsində iştirak etməkdən imtina etmişlər, onlarla danışıqlar aparılaraq yenidən dərsə qaytarılıb. Qeyd edilənləri nəzərə alaraq məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur.
44. BDU-nun Bilologiya fakültəsinin 174A İİ yarımqrup tələbələrinin BDU-nun Bilologiya fakültəsinin dekanı A.Məmmədovaya ünvanladığı xx.xx.2022-ci il tarixli Şikayət ərizəsindən görünür ki, onların ingilis-dili müəllimləri İddiaçı onlara dərs keçməsindən imtina edirlər. Müəllimin dərs keçməsi onları qane etmir.
45. BDU-nun Bilologiya fakültəsinin 169A İ yarımqrup tələbələrinin BDU-nun Bilologiya fakültəsinin dekanı A.Məmmədovaya ünvanladığı ərizədən görünür ki, ingilis dili müəllimi İddiaçı tələbələrə qarşı təcavüzkar davranışları səbəbilə tələbələrin narazılığını nəzərə alaraq onun 169A qrupunun İ yarımqrup müəllimliyindən azad olunması xahiş olunmuşdur.
46. BDU Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının 70 saylı protokolundan Çıxarışdan görünür ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
47. BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarovun Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı ünvanladığı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da BDU rektoru cənab Elçin Babayevijn təqdimatı əsasında keçiriləcək iclasda iştirak etməsi xahiş olunmuşdur. Bildiriş xx.xx.2023-cü il tarixdə Vəkil1 tərəfindən təhvil alınmışdır.
48. Yasamal RPİ-nin 28-ci PŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
49. Beləliklə, məhkəmə kollegiyası tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili kafedrasının tam ştat dosenti vəzifəsində çalışmış, o, əmək intizamını kobud şəkildə pozaraq, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi iş yerinə ümumiyyətlə gəlməmiş, illik dərs yükünə aid olan dərslərə girməmiş, bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə kafedra iclaslarında, elmi seminarlarda, akkreditasiya ilə bağlı təlim xarakterli yığıncaqlarda iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, 2022-ci il ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymayaraq heç bir yoxlamaya gəlməmiş və uzun müddət sonra ilk dəfə xx.xx.20223-cü il tarixində BDU-ya gələrək kafedra, fakültə və universitet rəhbərliyi ilə mübahisə yaşamışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində İngilis dili kafedrasının iclası keçirilmiş və kafedranın həmin tarixli 09 saylı iclas protokolundan çıxarış dekanlığa təqdim edilmişdir. İclas protokolundan çıxarışdan görünür ki, kafedranın dosenti İddiaçı 2022/2023-cü tədris ilinin noyabr ayının 10-dan fevral ayının 1-dək dərslərdə iştirak etməmiş, onun Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərslərini kafedranın başqa müəllimləri əvəz etməyə məcbur qalmış, İddiaçı bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o telefon zənglərinə cavab verməmiş və 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymamış, heç bir yoxlamaya gəlməmişdir. Nəticədə İddiaçı üzrsüz səbəbdən 2022-ci ilin noyabr ayının 10-dan 2023-cü ilin fevral ayının 1-dək illik dərs yükünə aid olan dərslərə gəlməməsi və əmək intizamam kobud şəkildə pozduğu üçün barəsində tədbir görülməsinin xahiş edilməsi qərara alınmışdır. Buna uyğun olaraq Filologiya fakültəsinin dekanlığı təqdimatla universitet rəhbərliyinə müraciət etmişdir. Həmin məsələnin araşdırılması zamanı İnsan resursları və hüquq şöbəsinin Hüquq sektorunun müdiri Sevinc Rzayeva İddiaçıla telefon vasitəsi ilə əlaqə saxlayaraq məsələnin aydınlaşdırılması və izahat verməsi üçün onu BDU-ya dəvət etsə də o, üzrlü səbəb göstərmədən izahat verməkdən imtina etdiyini və gəlməyəcəyini bildirmişdir. Bununla yanaşı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevin xx.xx.2022-ci il tarixli, Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın xx.xx.2022-ci il tarixli təqdimatları və tələbələrin ərizələrindən görünür ki, İddiaçı dərs zamanı müəllim adına yaraşmayan qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol vermiş, tələbələrə nalayiq ifadələr işlətmiş, keyfiyyətsiz dərs aparmış və bu səbəbdən bəzi tələbə qızlar onun dərslərində iştirak etməkdən imtina etmişdir. Bu səbəblə onun barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bu məsələlərin araşdırılması zamanı da dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtina etdiyini bildirmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan dərslərə (işə) gəlməməklə və yol verdiyi digər nöqsanlarla əmək vəzifələrini kobud şəkildə pozduğu və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulduğu üçün qanunvericiliyə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi üçün qabaqcadan razılığının alınması məqsədi ilə onun üzvü olduğu BDU Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. BDU HİK-in 27 fevral 2023-cü il tarixli iclasının (70 saylı protokol) qərarı ilə BDU-nun İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçıla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. BDU-nun xx.xx.2023-cü il tarixli 1/106 nömrəli əmrinə əsasən İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, həmçinin əmək və tədris inzizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir.
50. Yuxarıda qeyd olunduğu kimi Azəbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu da onunla bağlanmış əmək müqaviləsinin Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddənin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
51. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
52. Apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək kollegiya qeyd edir ki, iş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçıya onun barəsində olan təqdimatın əsasında BDU Həmkarlar İttifaqı Komitəsində iclas keçiriləcəyi barədə məlumatlandırılmış, lakin iclasda iştirak etməmişdir. Göründüyü kimi iddiaçının BDU Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etmək, özünü müdafiə etmək, arqumentlərini irəli sürmək hüququ olsa da, o bu hüququndan istifadə etməmişdir. Digər tərəfdən kollegiyanın qənaətinə görə BDU Həmkarlar İttifaqı Komitəsinin qərarı lazımi şəkildə əsaslandırılmışdır.
53. Qeyd olunanlar kontekstində kollegiyanın qənaəti bundan ibarətdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3491/2023 saylı iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova