Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6862/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3591/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarında olan Çıxarışa əsasən ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir.
2. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 139 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanının sahibidir.
3. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışına əsasən müəyyən olunur ki, Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus mənzildən cavabdehin və azyaşlı övladlarının çıxarılması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir. İddiaçının oğlu İlham Namazov ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Lakin, hazırda boşanma mərhələsindədirlər. İddia predmeti olan sözügedən mənzildən cavabdeh və azyaşlı övladlarının çıxarılmasını xahiş edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3591/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh azyaşlı övladları X2 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir (hakim X5).
7. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material (mülahizə) məhkəməyə təqdim etməmiş, üzərinə düşən aktiv sübutetmə fəaliyyətini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh azyaşlı övladları X2 və X3 ilə birlikdə ünvan 1 ünvanında faktiki olaraq yaşayırlar. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının pozuntusuna yol verib. İş materiallarından da görünür ki, cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birgə uzun müddət ipoteka ilə əldə edilən mübahisəli mənzildə yaşayıb və yaşamağa da davam edir. Məhkəmə cavabdeh - Cavabdeh və uşaqlarının iddiaçının mülkiyyətində olan mənzildən başqa yaşayacaq yerlərinin olmamasına məhəl qoymayaraq, onların bu mənzildən çıxarılmasını qət edib. Onun mənzildə yaşamaq hüququ işə baxan məhkəmənin qəbul etdiyi qətnamə nəticəsində realizə oluna bilməyən hüquq olmaqda davam edir. Qeyd etmək lazımdır ki, maddi vəziyyəti özünü və uşaqlarını yaşayış yeri ilə təmin etməyə imkan vermir. Hətta uşaqların rəsmi qeydiyyatda olduğu ünvan belə onların babalarına, yəni iddiaçıya məxsus başqa evdir. Nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair qətnamədən də görünür ki, işə baxan məhkəmə hər uşaq üçün ayda 220 AZN olmaqla, ümumilikdə 440 AZN sabit pul məbləğinin cavabdehin həyat yoldaşından tutulması qət edib. Bu məbləğlə 2 azyaşlı uşağı saxlamaq, hətta əlavə olaraq kirayə pulunu ödəmək günümüzün standartlarında qeyri-mümkündür. Bu hal cavabdehin yetkinlik yaşına çatmayan uşaqları üçün də ciddi problem təşkil edir. Öz doğma babalarının evi olduğu halda, uşaqlar məcburi evdən çıxarılır. Həmin daşınmaz əmlak 2019-cu ildə ipoteka ilə alınıb. Həmin vaxt mənzilin daxilində heç bir əşya mövcud olmayıb. Evin yaşanılacaq hala gətirilməsi üçün əmək və pul sərf edib. Belə ki, cavabdeh evin bütün əşyalarını öz şəxsi vəsaiti hesabına alıb. Cavabdeh ipoteka ilə alınmış həmin mənzilin əsaslı təmir etdirilməsinə, yaşanılacaq şəraitə gətirilməsinə, mənzilin mebellərlə, qabqacaq, çılçıraq və başqa yaşamaq üçün zəruri əşyalar ilə təmin etdirilməsinə kifayət qədər yüksək məbləğlər xərcləyib. Bu isə cavabdehin həmin evə olan diqqətini, onu abadlaşdırmaq, yaşanılacaq hala gətirmək üçün çəkdiyi bütün əziyyətini göstərir. Burada əsas diqqət edilməli olan məqam azyaşlı uşaqların yaşayacağı başqa evin olmamasıdır. Birinci instansiya məhkəməsi qeyd eilən əhəmiyyətli hallara biganə qalaraq qətnamə qəbul etməklə qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməəsini xahiş etmişlər.
13. İştirak etidiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının oğlu ilə xx.xx.2009-cu il tarixdə ailə qurmuş, sonradan iddiaçının mülkiyyətində olan hazırki mənzildə 2019-cu il tarixdən yaşamağa başlamışdır. Hazırda da, Cavabdeh azyaşlı övladları X2 və X3 ilə birlikdə yaşayırlar. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixədən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
26. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi olan qayınatası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Uşaqlarında yaşayış yerləri qanunu nümayəndələri olaraq analarının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdırlar.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3591/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.