Məhkəmə qərarları › İş №2(103)-6863/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6863/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6863/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması və müalicə pulunun tutulmasından azad edilməs” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xeyrinə aliment tutulması və ondan tutulan müalicə pulundan azad olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxıldığı zaman iddiaçının nümayəndəsinin məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə verdiyi vəsatət məhkəmənin 17.05.2021ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 97-98-ci maddələrinin mənasına görə, qanunvericilik istər ekspertiza təyin edilməsi, istərsə də ekspertiza təyin edilməsindən imtinaya dair qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, ekspertizanın təyin olunması barədə vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, MPM-in 264.0.7-ci maddəsinin ziddinə olaraq qəbul etdiyi qərardaddan şikayət verilməsi imkanının nəzərdə tutulduğunu göstərmiş, eləcə də verilmiş şikayətə baxmaqla onu həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də, şikayətə apellyasiya qaydasında baxılması və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması və müalicə pulunun tutulmasından azad edilməs” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar