Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6865/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu İddiaçı kreditə götürdüyü pul vəsaitinə dair "xxxx" ASC tərəfindən kredit borcuna görə tutmanın qanunsuz həyata keçirilməsi ilə əlaqədar şişirdilmiş bank faizlərinin və dəbbə pullarının cənab Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ləğv edilməsinin cavabdeh ”Xalq Bank” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilən eyni tərəflər arasında eyni predmet məsələsi yanlışdır. Bu tələb ilk tələbdir, bu tələb tərəflər arasında ilk dəfədir ki, mübahisələndirilir. Çünki, İddiaçı xx.xx.2019-cu il tarixli Fərmanından yenicə məlumatı olduğuna görə həmin tələbi ilk dəfə məhkəmədə mübahisələndirir. Birinci instansiya məhkəməsi isə iddia ərizələrini geri qaytararaq iddianın baxılmasını təmin etmir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinin mahiyyətindən və iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli hərrac bildirişindən görünür ki, Qusar Rayon İcra və Probasiya Şöbəsinin 29048/1019-50-3 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu X2 məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Göründüyü iddiaçının silinməsini tələb etdiyi və şişirilidiyini qeyd etdiyi faizlər artıq başqa qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş məbləğlərdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə müvafiq icra sənədi mövcud olduğundan birinci instansiya məhkəməsi İddiaçı cavabdeh ”Xalq Bank” ASC-yə qarşı “şişirdilmiş bank faizlərinin və dəbbə pullarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina etməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, şikayətin məzmunundan da göründüyü kimi 2014-cü ilin oktyabrında 13300 manat pul vəsaitini İddiaçı "xxxx" ASC-dən kreditə götürmüş, götürülən pul vəsaitinə görə ödəmələr noyabr 2014-cü il tarixdən başlayaraq aylar üzrə "xxxx" ASC-yə ödənilsə də, ödənilən pul vəsaitləri "xxxx" ASC tərəfindən ABŞ dolları həcmində qəbul edilərək ancaq yüksək faizlərə, faizlərin faizlərinə, dəbbələrə, dəbbələrin dəbbələrinə, əlavə faizlərə silinərək, kreditə götürülən əsas pul vəsaitindən silinmələr həyata keçirilməmişdir. Ödənilən məbləğlərə görə silinmələr əsas götürülən pul vəsaitinə görə deyil, ancaq və ancaq faizlərə və dəbbələrə görə silinmişdir, bir sözlə vətəndaş bank tərəfindən aldadılmışdır. "xxxx" ASC İddiaçı və qeyrilərinə qarşı Qusar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək faizlər və dəbbə pulu tələb etmişdir. Elektron məhkəmə sistemi vasitəsilə məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin 2(029)-38/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əldə edilmiş və qətnamənin qanuni qüvvəsini aldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı hesab edir ki, sözügedən iddiaya baxılarkən məlum Fərmanı cavabdeh "xxxx" ASC və Qusar rayon məhkəməsi nəzərə almaması əsası ilə hazırki iddianın qaldırılması ilk tələb kimi sayıla bilməz. Belə ki,iddiaçının hazırda mübahisələndirdiyi mübahisəyə artıq hüquqi qiymət verilmiş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə aktı qəbul edilmişdir, eyni zamanda həmin iş üzrə də icra hərəkətlərinə başlanılmışdır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə düzgün nəticəyə gəlmiş, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6865/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6865/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver