Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6869/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması və inşa edilmiş tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(008)-190/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsinin cavabdeh tərəfindən boşaldılması, tikilmiş hasarın və evin cavabdehin hesabına sökülməsi və mərzlənmə nişanları müəyyən edildikdən sonra yeni hasarın cavabdehin şəxsi hesabına tikilməsi, hüquqlarına toxunulan maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2 saylı bağ sahəsi ona məxsusdur. Cavabdeh tərəfindən bağ sahəsi qanunsuz olaraq zəbt edildiyindən onun tərəfindən 2014-cü il tarixində Sabunçu Rayon Məkəməsinə müraciət olunmuşdur. 28.08.2014-cu ildə 2(008)-6305/2014 saylı iş üzrə iddiası təmin edilərək qətnamə qəbul edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən qanunamüvafıq qaydada icra edilərək cavabdeh həmin bağ sahəsindən məcburi qaydada çıxarılmışdır. Lakin, buna baxmayaraq, X1 bir müddət sonra yenidən adı çəkilən bağ sahəsinə qanunsuz olaraq gəlmiş və bağ sahəsinin darvazasına qıfıl taxaraq bağlamış, bununla da onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(008)- 190/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsindən çıxarılması, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsinin hasarının Cavabdeh hesabına sökülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mülkiyyətində olan torpaq sahəsini qanunauyğun olaraq «Krokus» şirkəti ilə yerdəyişmə aparmış, Ləhiş bağlar massivində onların bağ sahələrini dəyişdirmək məqsədi ilə həmin Ləhiş bağları deyilən yerdə başqa bir yerə dəyişdirilib və onların sənədlərini qəbul etmiş, onlara ayrılmış sahəni daş hasara alaraq darvaza qoymuşlar. Qanuna müvafiq şəkildə tanıdılması, naturada ölçülüb sərhədlərinin göstərilməsi və mərz nişanlarının qoyulması məqsədi ilə qısa müddət ərzində sənədlərin və torpaq sahəsinin çıxarışının təqdim edilməsi söz verilmiş, 2002-ci ildən bu yana isə hələ də verilməmişdir. İddiaçı 2002-ci ildən indiki vaxta qədər yox, aradan 12 il keçdikdən sonra abadlıq işləri görülüb, sahə yaşıllaşdırılanda həmin sahəsinin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, iddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş edərək, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir, odur ki, qətnamə cavabdehin apelyasiya şikayəti həddində yoxlanılır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6305/2014 saylı 28.08.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən İddiaçı istidadəsinə verilmiş 5572 saylı bağ sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 08.06.2004-cü il tarixli, 32852 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 5572 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. 21.10.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 151 saylı, 30.05.2008-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2000-ci il tarixdən 2008-ci illər üçün 5572 saylı bağ sahəsinə görə vergi borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.08.2008-ci il tarixli məktubundan görünür ki, Ləhiş bağlar massivində yerləşən İddiaçı məxsus 5572 saylı bağ sahəsi naməlum vətəndaşlar tərəfindən tutularaq qanuni sərhədlərə uyğun gəlməyən ölçüdə hasarlanmışdır. Məhkəmə Ekspertiza Mərlkəzinin 10/1705 saylı, 23.12.2020-ci il tarixli rəyindən görünür ki, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağı sahəsi İddiaçı məxsusdur və qeyd olunan bağ sahəsinin hüdudlarında tikili mövcud deyil. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.10.2020-ci il tarixli, **********89 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərildiyi ölçülmüş, ərazinin koordinatları daxilində yerləşən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5572 saylı bağı ərazisinə uyğun gəlir. İddia olunan torpaq sahəsi hasara alınmış, içərisində bir neçə yerdən giriş qapısı olan 1.2478 ha ərazinin hüdudları daxilində yerləşir. Lakin iddia edilən və naturada göstərilən torpaq sahəsində tikili mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə 08.06.2004-cü il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsusdur, cavabdehin isə həmin torpaq sahəsinə heç bir sənədi mövcud deyil. Məhkəmə qətnaməsi ilə daha əvvəl cavabdehin oradan çıxarılması qət edilmiş və qətnamə icra olunmuşdur. Lakin hazırda həmin torpaq sahəsi yenidən cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». İşin müəyyən edilmiş hallarına və qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ var, cavabdeh isə mübahisəli torpaq sahəsini hər hansı bir hüquq əldə etmədən zəbt etmiş və həmin torpaq sahəsinin mülkiyyətçisi olacaq iddiaçının gözlənilən xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaradır. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5572 saylı bağ sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı və cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-190/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6869/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6869/2021
09.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver