Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6871/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1375/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilin özəlləşdirilməsinə razılıq verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət şəklində onun adına özəlləşdirilməsinə razılıq verməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı X2 birgə nikahda olduqları dövrdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən 081499 saylı 21,06.1988-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən mənzil ailələrinin istifadəsinə verilmişdir. Orderdə istifadəçilər kimi X3, X1 və qızı X4 adları göstərilmişdir. 25.01.1988-ci il tarixdə doğulmuş oğlanları X5 isə 16 yaşına çatdıqdan sonra, yəni 2004cü ildə həmin mənzilə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Xalq Məhkəməsinin 28.08.1995-ci il tarixli qətnaməsi ilə Ş.H.Razaxanov ilə aralarındakı nikah ləğv edilmiş, lakin buna baxmayaraq ünvan 1 ünvanında yerləşən mənzildə birlikdə yaşamışlar. Bakı şəhər məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 18 iyul 1997-ci il tarixli hökmü ilə keçmiş həyat yoldaşı Ş.H.Rzaxanova ölüm cəzası təyin edilmiş, lakin sonradan onun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. 2005-ci ildə keçmiş qaynanası Cavabdeh ona müraciət edərək mübahisəli mənzilə qeydiyyata düşmək istədiyini, buna ehtiyacı olduğunu, mənzildə yaşamayacağını və yalnız formal qeydiyyatda olacağını bildirərək bunun üçün razılığını xahiş etmişdir. Övladlarının nənəsi kimi onun təklifi ilə razılaşaraq Cavabdeh mübahisəli mənzilə qeydiyyata saldırmışlar. Qaynanası həmin mənzildə formal qeydiyyatda olmasına baxmayaraq, qızı ilə birgə başqa ünvanda yaşamış, onunla və nəvələri ilə formal münasibətdə olmuşdur. Lakin 2014-cü ildə qaynanası onlara gələrək qızı ilə yola getmədiyini və bu səbəbdən də onlarla birgə yaşamaq istədiyini bildirmişdir. Lakin bu xüsusatların doğru olmadığını bildiklərindən həmçinin aralarında razılaşmaya uyğun olmadığına görə onun təklifini qəbul etməmişlər. Yaşayış sahəsinin kiçik olduğunu, bu səbəbdən də 4 nəfərin burada yaşamasının qeyri-mümkün olduğunu nəzərə alaraq onun bu təklifinə öz etirazını bildirmişdir. Bundan sonra qaynanası əvvəlki razılaşmalarına məhəl qoymayıb, məhkəməyə müraciət edərək mənzilə köçürülməsini tələb etmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-İ178/2014 saylı mülki iş üzrə 04 iyun 2014cü il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra olunmuşdur. O zamandan bəri qaynanası onlara bir an belə sakit yaşamağa imkan verməmişdir. Belə ki, onlarla daimi yaşamasa da, hərdən mənzilə gəlir, ona məxsus əşyaların oğurlandığını, bəzilərinə zərər dəydiyini söyləyir və hüquq-mühafizə orqanlarına şikayət edərək iddiaçıya psixoloji zərbə vurmağa çalışır. Bu hərəkətlərinin qarşısını almaq məqsədilə ona mənzili özəlləşdirərək mülkiyyətdəki payının müəyyən edilərək payın dəyərinin ödənilməsi ilə mənzildən çıxmasını təklif etmişlər. Lakin qaynanası bununla razılaşmayaraq mənzilin özəlləşdirilməsi üçün razılıq ərizəsini imzalamayacağını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(008)- 1375/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı X.Ə. Rzaxanova apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz vermiş və apellyasiya şikayətinə etiraz onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin 04 iyun 2014-ci il tarixli 2(008)-1178/2014 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında 1997-ci ildən yaşadığı sübut olunaraq mənzilə köçürülüb. İddiaçı və onun oğlu onu evdən çıxmağa məcbur etmək üçün yaratdıqları təzyiq və təhqirlər nəticəsində 2012-ci ildə uzun müddət müalicə olunmuş, mənzilə köçürüldüyü qısa müddətdə 3 dəfə xəstəxanada müalicə olunmuş, sonuncu dəfə 22.09.2020-ci il tarixdə ağır vəziyyətdə xəstəxanaya aparılmışdır. Hazırda iflicdən əziyyət çəkir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə evinə 2 dəfə köçürülmüşdür. 20 aprel 2016-cı ildə, zorakılıqla evdən çıxarılmışdır. Məhkəmənin qərarı ilə 07.08.2019-cu ildə təkrar köçürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qaynanasıdır. Mübahisəli mənzil order əsasında 1988-ci il tarixdə birgə nikah dövründə iddiaçının həyat yoldaşı Ş.H.Rzaxanova order əsasında verilmişdir. Ş.H.Rzaxanov hazırda həbsdədir. Cavabdehin adı orderdə qeyd olunmasa da, mübahisəli mənzildə qeydiyyatdadır. Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1787 saylı, 29.04.2014-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin 04 iyun 2014-ci il tarixli 2(008)-1178/2014 saylı qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə oraya köçürülmüşdür. Cavabdeh mübahisəli mənzilin özəlləşdirilməsinə razı deyil. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanunun 3-cü maddəsinə əsasən mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biridir. Lakin Cavabdeh həmin mənzilin özəlləşdirilməsinə etiraz edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razılaşır və hesab edir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Razaxanova apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsası kimi «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə 30 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək göstərmişdir ki, məhkəmə tərəfindən onun tələbinin təmin olunmaması onu Cavabdeh subyektiv mülahizələrindən asılı vəziyyətə salmış və əsassız qətnamənin qəbul olunması ilə nəticələnmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə ələqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbini dəqiqləşdirərək ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh razılığı olmadan paylı mülkiyyət şəklində öz adına özəlləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər bir nəfərin deyil, bütün ailə üzvlərinin ümumi (birgə, paylı) mülkiyyətinə verilə bilər. Yəni, qanun mənzilin paylı mülkiyyət kimi bir nəfərin (konkret halda İddiaçı) mülkiyyətinə verilməsini nəzərdə tutmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1375/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6871/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6871/2021
06.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver