Məhkəmə qərarları › İş №2(103)-6872/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6872/2025

26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6872/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı maraqlı şəxs qismində cəlb edilməklə “qulluq edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi ilə bağlı iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2252/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialını maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X3 19 il (70 yaşı tamam olduğu vaxtdan ölən günədək, yəni xx.xx.2019-cu il tarixinədək) qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2252/2025 saylı qərardadı ilə irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizənin qəbul edilməsindən imtina edilmiş və ərizəçiyə izah olunmuşdur ki, o, həmin ərizə ilə aidiyyatı üzrə müvafiq inzibati mübahisələrə dair işlər üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Ərizəçi ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2252/2025 saylı qərardadından apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 2252/2025 saylı qərardadı ilə Ərizəçi bu barədə ərizəsi təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki hüquq subyektlərinin bərabərliyi norması məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, o, vətəndaş kimi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayət vermək hüququndan məhrum edilərək bərabərlik hüququndan da məhrum edilmişdir. Pozulmuş hüquqların bərpasının təmin edilməsi maddəsinə müvafiq olaraq məhkəmə vətəndaşın hüquqlarını bərpa edilməsində birbaşa olaraq vəzifələndirilən dövlət orqanıdır. Vətəndaşın hüquqlarını bərpa etməli olan qurumunun belə bir qanunsuzluğa yol verməsi yüksək hüquqi qüvvəyə malik olan konstitusion normanın pozulmasının da əyani sübutdur. Məhkəmə isə hazırki mübahisədə vətəndaşın mənafeyini nəzərə almamış, sanki, bundan öncə qəbul etdiyi yekun aktın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi ehtimalından narahat olaraq qərəzli olaraq vətəndaşın hüququnu məhdudlaşdıran qərardad qəbul edərək, əsassız olaraq şikayətin verilməsi müddətini bərpa etməmişdir. Məhz bütün bu hallar nəzərə alınmalı, vətəndaşın qanunla qorunan hüquqları öndə tutulmalıdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 133.1-ci maddəsinin tələbi kobud surətdə pozulmuş, məhkəmə tərəfindən işə ədalətli baxılmamışdır. Belə ki, qəbul edilmiş qərardadda qeyd edilmişdir ki, sözügedən qərardad xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə isə şikayət verilmişdir. Halbuki, hazırki mülki iş üzrə məhkəmə tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli qərardadda qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiası təmin olunmamışdır. Həmin qərarın əsaslandırma hissəsində də məhz yaşlı anasına 70 yaşından sonra qocalığı ilə bağlı baxdığı dövrün məhkəmə qaydasında təsdiq edilməsindən sonra məsələnin mümkün ola biləcəyi qeyd edilmiş, yaşlı anasına baxmasını təsdiq edən qanuni qüvvəsini almış qətnaməsinin zəruri olduğu bildirilmişdir. Göründüyü kimi, xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X3 19 il (70 yaşı tamam olduğu vaxtdan ölən günədək, yəni xx.xx.2019-cu il tarixinədək) qulluq etməyi faktının müəyyən edilməsinə dair qətnamə mövcud olmadığı halda əmək pensiyasına dair mübahisənin həll edilməsi yolverilməzdir. Ahıla qulluq etmə faktını təsdiq edən məhkəmə qətnaməsi təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Məhz bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, ləğv edilməsini və mübahisələndirilməsini istədiyi qərardadın qəbulundan sonra qərara aldı hissəsində qeyd edildiyi kimi o, inzibati qaydada məhkəməyə müraciət etmiş, yəni məhkəmənin yönləndirdiyi qaydada addım atmışdır. Lakin inzibati məhkəmədə bunun qanuni olmadığı, məhz işin elə rayon (şəhər) məhkəməsində baxılmalı olması ortaya çıxmışdır. Məhkəməyə təqdim etdiyi bütün sübutlar, dəlillərdə də həqiqətən də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsinin zəruriliyinin Bakı İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra yaranması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə özü də qərardadında qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yüklənmiş, xx.xx.2025-ci il tarixdə isə oxunmuşdur. Elə həmin gün də tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müddətin bərpa edilməsi ərizəsi ilə birlikdə şikayət təqdim edilmişdir. Göründüyü kimi, bütün faktlar şikayətin verilmə müddətinin üzrlü səbəbdən (məhkəmənin qərardadla onu yönləndirdiyi qaydada inzibati məhkəmədə işin mübahisələndirilməsi səbəbindən) ötürülməsini təsdiq edir. Belə olduğu halda, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində qərardaddan şikayət verilməsi müddətinin ötürülməsi üzrlü hesab edilməli, pozulmuş hüquqları bərpa edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2252/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə ərizəçinin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından ərizəçiyə münasibətdə qeyd edilən qərardaddan şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Bundan əlavə ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə də qərardadı əldə etmişdir. Həmin qərardaddan şikayət və şikayətin verilməsi müddətinin bərpasına dair ərizə isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Lakin nə ərizədə, nə də ki, şikayətdə göstərilənlər müddətin ötürülməsinin səbəbinin üzürlü hesab edilməsi və müddətin bərpa edilməsi üçün əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Şikayətə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11273/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən ərizəçinin maraqlı şəxsə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bu baxımdan qərarda qeyd edilənlər hazırki iş üzrə çıxarılmış qərardaddan şikayətin verilməsi müddətinin bərpası üçün deyil, yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2252/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2252/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar