Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6873/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı3 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2021 saylı mülki iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 həyat yoldaşı B.M. Əliməmmədov ilə 11 iyun 1991-ci il tarixində ailə qurduqdan sonra ünvan 1 ünvanda yaşamışlar. Mübahisəli ev mərhum qaynatası Məlik Əliməmmədova məxsus olmuşdur. Onun qaynı-cavabdeh T.M. Əliməmmədov heç bir səbəb olmadan onları evdən qovmuşdur. Onun bütün cehiz əmlakı yaşadığı evdə yerləşdirilmişdir. Cavabdeh onu və övladlarını evə buraxmır və qeydiyyatda olmaqla yaşadıqları evdən onları məhrum etmişdir. Həmin evdə o, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamışlar. Bütün bu dövrlər ərzində qaynı T.M. Əliməmmədov öz ailəsi ilə birlikdə həmin yaşayış evində yaşamış, onların necə və harada yaşayacaqları barədə heç düşünmədən həmin ünvanda yaşamağına imkan verməmişdir. Belə ki, yaşayış evindən məhrum olduğuna görə ailəsi də əziyyət çəkir. Bu barədə qaynına müraciət etməyinə baxmayaraq, qaynı onların qeydiyyatda olduğu ünvanda yaşamağa icazə verməmişdir. Onun mərhuum həyat yoldaşı miras əmlakın qəbul edilməsi və mirasdan payın natura qaydasında ayrılması tələbi ilə məhkəmyə müraciət etmiş və iddia təmin olunaraq Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Buna baxmayaraq o və qızları da cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşayış yerindən məhrum olduqları üçün normal şəraitdə yaşaya bilməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(010)-500/2021 saylı qətnaməsi ilə iddia təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. A P E L L Y A S İ YA Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o, 1985-ci ildə yuxarıda qeyd olunan ünvanda valideynlərinin yaşadığı mənzilə birləşik mənzil tikmişdir. Mənzilin tikintisi və bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Mərhum qardaşı ailə həyatı quran zaman valideynlərinin evi qəzalı vəziyyətdə olduğu üçün İ.B.Əliməmmədov onun tərəfindən tikilmiş mənzilə gəlin köçmüşdür. Bir müddət həmin mənzildə onun icazəsi ilə yaşamışlar. Sonradan aralarında olan daxili mübahisələr əsasında onları onun tərəfindən tikilən evdən çıxarmışdır. Mübahisəsi gedən ünvanda yəni ünvan 2rləşik iki mənzil mövcuddur. Mənzillərdən biri mərhum atasının mülkiyyətində, digəri isə onun mülkiyyətindədir. Onun tərəfindən tikilən mənzilin heç bir sənədi yoxdur və dövlət reyestrində qeydiyyata alınmayıb. Bundan əlavə Suraxanı Rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsi də onun tərəfindən tikilən mənzili yox məhz atasına məxsus mənzili əks olunur. Bununla yanaşı məhkəmə prosesi zamanı məhkəmə ekspertizası təyin olunmamış, sözü gedən ünvanda neçə mənzilin olması məsələsi aydınlaşdırılmamışdır. 2004-cü ildə qardaşı və ailəsinə çalışdığı Bakı Heydər Əliyev adına X3 tərəfindən Xətai rayonu, ünvan 3 ünvanında 2 otaqlı bütün şəraiti yaxşı olan mənzil təqdim olunmuşdur. Həmin mənzil hazırda da iddiaçıların sərəncamındadır. Yuxarıda qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(010)-500/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evində onun pay hüququnun olduğuna görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(010)-500/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2021 saylı mülki iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinin tələblərinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 və onun qızları-digər iddiaçılar İddiaçı3 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, İddiaçı1 B.M.Əliməmmədov ilə 11.06.1991-ci ildə rəsmi olaraq nikaha daxil olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evində yaşamış və həmin mənzilə istifadə hüququ əldə etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsi ilə Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində iddiaçının əri X1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində X1 mülkiyyət hüququnun tanınması barədə 30.09.2003-cü il tarixli qiyabi qətnaməsinin mövcudluğuna toxunmasa da, məhkəmə iclasındakı özünün də mübahisəli fərdi yaşayış sahəsində istifadə hüququnun olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən irəli sürülmüş həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması hazırkı mübahisənin predmetinə aid deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının ərinin mübahisəli evin 1/10 hissəsinə mülkiyyət hüququnun tanınması iddiaçıların həmin evə köçürülməsi üçün əsasdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2021 saylı mülki iş üzrə qəbul etdiyi 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6873/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6873/2021
06.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver