Məhkəmə qərarları › İş №2(103)-6873/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6873/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6873/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "faktiki bölgü aparılmaqla mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-2133/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "faktiki bölgü aparılmaqla mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə payı müəyyən olunan fərdi ev və torpaq sahəsinə faktiki bölgü aparılmaqla mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ünvan 2 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə pay müəyyən olunan fərdi yaşayış evi və torpaq sahəsinə girişinə yaradılan maneənin aradan qaldırılmaqla mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 2133/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1/6 hissədə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evinə girişinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Qətnamə ilə razılaşmayan Cavabdeh2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 2133/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə və müddətin bərpası barədə ərizə verilməməklə məhkəməyə təqdim edildiyindən, habelə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu tam şəkildə ödənilmədiyindən geri qaytarılmışdır.

5. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qətnamə ona xx.xx.2025-ci il tarixdə poçt xidməti vasitəsi ilə çatdırılmış və qətnamədən narazı olduğu üçün xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə vermiş olduğu apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə və dövlət rüsumunun az ödənilməsi əsası ilə geri qaytarılmışdır. Bildiri ki, o, ixtisasca həkim renimatoloq-anestezioloqdur. Ayın demək olar ki, bütün günləri əməliyyatlarda olur və ağır xəsətələrlə çalışır. Qəbul olunmuş məhkəmə qətnaməsi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ona təqdim olunduqdan sonra və qətnamənin məzmununda şikayət verilmə müddətini bildikdən sonra tərəfindən apellyasiya şikayəti verilmişdir. Elektron kabinet vasitəsi ilə qətnamənin çatdırılması və ya kabinet vasitəsi ilə apellyasiya şikayəti verilməsi barədə ilk öncə məlumatı olmadığından şikayətin xx.xx.2025-ci il tarixədək verilməli olduğunu zənn edərək tərəfindən apellyasiya şikayəti vaxtında verilməmişdir. Nəticədə də apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət 5 gün ötürülmüşdür. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzürlü hesab olunmalı və buraxılmış müddət bərpa olunaraq apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

7. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizəyə etiraz verərək qeyd etmişdir ki, qətanamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bitməsindən sonra şikayət verilmişdir. Qeyd etmək istəyir ki, tərəf məhkəmədə məlumatlı olmaqla, qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qətnamə elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməmişdir. İndi isə müddət başa çatdıqdan sonra şikayət verilmişdir. Bu da öz növbəsində süründürməçilikdən başqa bir şey deyildir. Qəti şəkildə buraxılmış müddətin bərpa edilməsinə etiraz edir. Odur ki, verilmiş şikayətin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2133/2025 nömrəli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

9. Cavabdeh2 qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət prosessual müddətin bərpa edilməsi barədə ərizəyə uyğun əsaslandırılmışdır.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-2133/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından aydın olur ki, Məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh2 məxsus elektron kabinetinə yerləşdirilmişdir. Eyni zamanda, qətnamə poçt vasitəsilə cavabdehlərə göndərilmiş, xx.xx.2025-ci il tarixdə “Xəyal” qeydi ilə xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Qətnamədən Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.

17. Həmin apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti daxil olmadığından qətnamə xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir.

18. Daha sonra qətnamənin əldə edilməsindən dörd aydan çox, sonuncu qərardadın isə təqdim edilməsindən iki aydan çox müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə hazırki apellyasiya şikayəti verilmişdir.

19. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə qətnamə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti daxil olmamışdır.

20. Kollegiya qeyd edir ki, cavabdehin şikayətində istinad etdiyi hallar (ixtisasca həkim renimatoloq-anestezioloq olması və demək olar ki, ayın bütün günləri əməliyyatlarda olması), qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas vermir.

21. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 2133/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar