Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6875/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1412/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqı üzrə 3808,93 manatın, əmək haqqının gecikdirilməsinə görə 10519,17 manatın, əmək haqqının gecikdirilməsi nəticəsində dəymiş 5000 manat mənəvi zərərin, ümumilikdə isə 19326,10 manatın Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “24” aprel 2018-ci il tarixdən o, Cavabdeh QSC-də baş hüquqşünas vəzifəsində işləmiş və işəgötürənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmiş, rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmiş, məhkəmə işlərinin nəticələrini öyrənmiş və ümumiləşdirmiş, müqavilələrin bağlanması və icra praktikasını analiz etmiş, iddialar, arayışlar, hesabatlar, izahatlar hazırlamışdır. xx xxxxx 2018-ci il tarixdən onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı əlavə iş yeri üzrə işə qəbul edilmiş və əmək haqqı 200 manat müəyyən edilmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 3806,93 manat təşkil edir. Lakin xx xxxxx 2018-ci il tarixdən işdən öz xahişi ilə azad olunduğu günə kimi, yəni xx.xx.2019-cu il tarixədək işəgötürən tərəfindən ona hər hansı ödəniş edilməyib. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə xx xxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli qaydasında riayət edilməsi məqsədilə rəsmi müraciət edilmişdir, lakin nəticəsiz qalmışdır. Həmin məktub bugünkü günə qədər cavabsız qalmışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar o, uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur. İddiaçının işdən öz xahişi ilə azad olunduğu günə kimi, yəni xx.xx.2019-cu il tarixinədək olan hesaba görə cavabdeh ödənişin hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla ona cəmi 10 519,17 manat məbləğində ödənc verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1412/2020 nömrəli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam şəkildə ləğv edilməsi və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia müddətini tədbiq edərkən iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməmişdir. Əmək münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Əmək müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əmək haqqı ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti əmək müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, əmək haqqının ödənilməsi öhdəliyi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər kimi qiymətləndirilməlidir, çünki burda konkret olaraq öhdəliklərin son icra müddəti göstərilməkdədir. Cavabdeh tərəfindən xx xxxxx 2018-ci il tarixdən iddiaçıya onun işdən öz xahişi ilə azad olunduğu günə kimi, yəni xx.xx.2019-cu il tarixinədək əmək haqqı ödənişi edilməmişdir. Belə olan halda, hesab edir ki, MM-ni 377.2-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı cavabdehin əmək haqqının ödənilməsi üzrə öhdəliyini icra müddəti bitdikdə, yəni iddiaçının işdən azad olunduğu gündən başlanır. Lakin məhkəmə bunu nəzərə almayaraq qətnaməsində iddia müddətinin ötürüldüyünü qeyd edir. Ümumiyyətlə iddia müddətinin axımı bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanmalıdır, yəni 2019-ci ilin dekabr ayının 19-da iddiaçı ilə son haqq-hesab edilməklə əmək haqqının ödənilməsinə dair icra müddətinin bitdiyi vaxtdan başlanmalıdır. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə olmadan öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddia ərizəni rədd etmişdir. Belə ki, məhkəmənin mübahisələndirilən qətnaməsində bildirilir ki, “cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir”. Lakin iş materiallarında bu kimi ərizənin mövcüd olmadığı görsənir. Beləliklə, cavabdehin iddia müddətinin tədbiq edilməsinə dair hər hansı müraciəti olmamışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyinə görə, mübahisə ilə bağlı Nərimanov Rayon Məhkəməsində keçirilən iclaslarda iddia müddətinin tətbiqi ilə bağlı hər hansı bir müzakirə aparılmamışdır. Məhkəmə tərəfindən iddia müddəti axımının dayandırılması üçün, iddia müddətinin axımının kəsilməsi üçün və iddia müddətinin bərpası üçün əsasların olub-olmaması araşdırılmamışdır. İddia müddətinin tətbiqinə əsas olsaydı belə MM-in 382-ci maddəsinə uyğun olaraq iddia müddətinin bərpası üçün əsas var idi. Belə ki, cavabdehin hüquqşünası vəzifəsində çalışdığından sözügedən Cəmiyyəti bütün məhkəmə instansiyalarında, İcra və probasiya şöbələrində o, təmsil edir və bu Cəmiyyətlə əmək münasibətlərində olduğuna görə bu Cəmiyyətin nüfuzunu qorumağa məcbur idi. Həmçinin, Cəmiyyətin rəhbərliyinin göstərişlərini, tapşırıqlarını və əmrlərini icra etməyə məcbur idi. Bundan əlavə, Cəmiyyətdə bir işçi olaraq Cəmiyyətə aid məxfi məlumatları qorunub saxlanmasına və üçüncü şəxslərə yayımlanmamasına təmin etmək məcburiyyətindəydi. Bu səbəbdən “xxxxxxxxxxxx” ASC -də işlədiyi müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini və iddia tələbinin müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, “xxxxxxxxxxxx” ayrıca hüquqi şəxsdir. Həmin hüquqi şəxs 2006-cı ildən fəaliyyətini dayandırıb. İddiaçı portala özü özünü daxil edib. İddiaçının əmək müqaviləsi yoxdur. Şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edrəkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Cavabdeh QSC-də işlədiyini, ancaq ona əmək haqqının ödənilmədiyini, bununla da hüquqlarının pozulduğunu bildirir. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni tam olaraq iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əmək haqqı və onun gecikdirilməsi üzrə ödəncin alınmasının təmin edilməməsi hissəsində düzgün olmamışdır. Əvvəla, cavabdeh iddia tələbinə etirazda tərəflər arasında əmək müqaviləsi olmadığından əmək münasibətlərinin də mövcud olmadığını bildirsə də bu hal həqiqi hesab edilə bilməz. Çünki, işdə iddiaçının xx xxxxx 2018-ci il tarixdən cavabdeh Cəmiyyətdə baş hüququşunas vəzifəsinə təyin olunmasına dair həmin tarixli 002/18K nömrəli Cəmiyyətin direktorunun əmri vardır. Həmin əmrdə əsas kimi iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinin və xx.xx.2018-ci il tarixli 001/18 nömrəli əmək müqaviləsinin olması göstərilmişdir. Bundan əlavə, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişləri də tərəflər arasında qeyd olunan dövrdə əmək münasibətlərinin mövcud olduğunu təsdiq edir. Göründüyü kimi, tərəflər arasında kağız daşıyıcıda olan əmək müqaviləsinin məhkəməyə təqdim edilməməsi tərəflər arasında əmək münasibətlərin ümumiyyətlə olmadığını deməyə əsas vermir. İkincisi, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər(ƏM.m.296.4). İddiaçının iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına xx.xx.2020-ci ildə qəbul edilmişdir. Demək iddia müddəti 2019-cu ilin fevral ayına qədər olan dövr üzrə tətbiq edilə bilər. İddiaçı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmədiyini bildirsə də bu dəlil əsaslı hesab edilə bilməz. Çünki, cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim etmiş və həmin etirazda iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir(bax.iş.v.41- 42). Göründüyü kimi, iddiaçı 2019-cu ilin fevral ayından əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2019-cu il tarixə qədər, yəni 10 ay üçün əmək haqqını tələb edə bilər. Aylıq əmək haqqı isə işdə olan sənədlərə əsasən 200 manat olmuşdur. Bunu iddiaçı təkzib etmir. Cavabdehin 10 ay üzrə iddiaçıya ödəməli olduğu əmək haqqının cəmi 2000 manat təşkil edir. Bu hissə üzrə iddia qismən təmin edilərək cavabdehdən 2000 manat əmək haqqı tutularaq iddiaçıya ödənilməlidir. Üçüncüsü, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir(ƏM.m.172.5).İddia tələbinin ikinci hissəsinin, yəni əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə 10519,17 manatın ödənilməsi hissəsinin qanuni əsası bu normadır. Demək iddia tələbi bu hissədə də qismən əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tələbin bu hissəsi üzrə hər gecikdirilmiş gün üzrə əmək haqqının məhz bir faizi hissəsində ödənc verilməsinin təmin edilməsini düzgün hesab edir. Bu qənaətə gələrkən işdə olan vergi orqanının cavabdehin xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyənnamələrə əsasən dövriyyə məbləğinin 0,00 manat təşkil etməsini(bax.iş.v.40), həmçinin iddiaçının əlavə iş yeri olduğunu, eyni dövrdə “xxxxxx” MMC-də işləməsini, eləcə də hər ay almalı olduğu əmək haqqını işlədiyi dövrdə cavabdehdən tələb etməməsinə dair tutarlı dəlillər gətirmədiyini nəzərə alır. Demək iddiaçının aylıq əmək haqqı 200 manat olduğundan, hər gecikdirilmiş gün üçün aylıq əmək haqqının bir faizi 60 manat, 10 ay üçün isə 600 manat təşkil etdiyindən bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dördüncüsü, iddia tələbinin üçüncü hissəsi üzrə iddiaçı cavabdehdən mənəvi zərərə görə isə 5000 (beş min) manat tələb edir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təsdiq olunmur. Çünki, göstərdiyi bu halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1412/2020 nömrəli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh qapalı səhmdar cəmiyyətindən 2000 (iki min) manat əmək haqqı, 600(altı yüz) manat əmək haqqının gecikdirilməsinə görə ödənc, cəmi 2600(iki min altı yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-6875/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6875/2020
21.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver