Məhkəmə qərarları › İş №2(103)-6876/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6876/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6876/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 cəlb edilməklə Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6876/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X3 cəlb edilməklə Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1859/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat

1. İddiаçı İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, "X6 Azerbaijan" MMC-yə ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin ona geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 250 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin müddətdə kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, dəymiş zərər qismində cəmi 6125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin və dövlət rüsumu olaraq 81 manat 25 qəpik pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə cavabdeh " X6 Azerbaijan" MMC-nin direktoru Nümayəndə ilə Nizami rayonunda yerləşən Caspian Plazada yerləşən ofisdə müqavilə bağlayıb, xidmət haqqı olaraq cavabdehin hesabına 5000 AZN pul köçürüb, bununla bağlı ona qəbz verilməyib, sadəcə ödəniş cədvəlinə yazı yazılıb. Həmin müqavilədə qeyd olunur ki, o, "xxxx" deyə bir yerdə tədris keçdikdən sonra, sertifikatla təltif olunaraq aylıq 1000 AZN maaşlı işlə təmin olunacaq. O, tədris kursunu xx.xx.2024-cü il tarixdə uğurla başa vuraraq "xxxx"dən sertifikat alıb. Bundan sonra o, müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetiriləcəyini gözləyərkən şirkət-kurs əməkdaşı Nicat Zeynalov tərəfindən İddiaçı e-mail ünvanına “potensialınızı yüksək qiymətləndirsək də, bacarıqlarınız hazırda şirkət ehtiyaclarımıza uyğun gəlmir” kimi absurd bir e-poçt daxil olub. Bunu aydınlaşdırmaq üçün o, əməkdaşa yazıb müqavilə şərtlərinin yerinə yetirilmədiyini bildirdikdə, ona kursu uğurla başa vurmadığını bildiriblər. Halbuki, şirkət tərəfindən ona sertifikat verilib. O, məsələ ilə bağlı narazılığını şirkətin nümayəndələrinə, o cümlədən hüquqşünasa bildirdikdə müqavilə haqqı olan 5000 manat pul vəsaitinin ona ödənilməsinə razılıq veriblər. Lakin daha sonra onun zənglərinə şirkət tərəfindən cavab verilməyib. İddia ərizəmizə əlavə etdiyi Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2023-2024-cü illər arasında ortalama bank uçot dərəcəsi 8,5%-dir. Məhkəməyə təqdim olunacaq CD disk materiallarında olan səs yazılarından da aydın olur ki, "X6 Azerbaijan" MMC-nin nümayəndələri və hüquqşünası tərəfindən ona əvvəlcə 3000, daha sonra hissə-hissə ödənişlə 2000 AZN pul vəsaitinin ödənilməsinə razılıq verilib. İddia ərizəsində də qeyd edildiyi kimi cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyib, artıq müqavilənin icra müddətinin üzərindən 1 ilə yaxın müddət keçib, lakin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirilməyib, müqavilə icra olunmayıb. Artıq müqavilənin icrası tərəf kimi onun üçün əhəmiyyət kəsb etmədiyinə görə tərəflər arasında olan xx.xx.2023-cü il tarixli müqavilənin ləğv olunması və cavabdeh "X6 Azerbaijan" MMC-yə ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin ona geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat, Mülki Məcəllənin 449cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin vaxtda kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, cəmi 6125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin onun tərəfindən cavabdehə ödənilməsi zərurəti yaranıb.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1859/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "X6 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66,3 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 43.1, 385.1, 386.1, 399, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hüquqi münasibətlərin yarandığı dövrdə bağlanmış müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından “X7 Azerbaijan” çıxış etmişdir. Müqavilənin bağlanması zamanı sonuncunun müqavilə tərəfi kimi iştirak etməsi ehtimal olunsa belə, həmin əqd faktiki olaraq sonradan "xxxx" MMC tərəfindən bəyənilmiş və qəbul edilərək hüquqi qüvvəyə minmişdir. Bu hal "xxxx" MMC-nin müqaviləni açıq surətdə qəbul etməsi və əqd üzrə yaranan öhdəliklərin bir qismini faktiki icra etməsi ilə təsdiq olunur. Beləliklə, müqavilə münasibətləri üzrə "xxxx" MMC faktiki icraçı və müqavilə tərəfi qismində çıxış etmişdir. Müqavilə üzrə ödənişlərin təsdiqi də bu nəticəni birbaşa sübut edir. Belə ki, iddiaçı tərəfindən ödəniş edildiyi zaman "xxxx" MMC vergi orqanlarında qeydiyyatda olmadığından, ödəniş texniki zərurətdən irəli gələrək “X7 Azerbaijan” MMC-nin hesabına yönləndirilmişdir. Bununla belə, hüquqi münasibətlərin başlanması və davamı "xxxx" MMC vasitəsilə həyata keçirilmiş və ödənişlərin təyinatıməhz həmin cəmiyyətə yönəlmişdir. WhatsApp yazışmalarında adı keçən Nicat Zeynalovun "xxxx" MMC-nin əməkdaşı olması bu faktın bilavasitə sübutudur. Məhz bu faktlar :yazışmaların məzmunu, proqramın icra mexanizmi, rəhbər şəxslərin açıqlamaları, rəsmi öhdəliklərin etirafı, əmək münasibətlərinin təsdiqi və verilmiş diplomlar — birbaşa və dolayı sübutlar sistemi şəklində yekun olaraq göstərir ki, müqavilə münasibətləri “X7 Azerbaijan” MMC ilə deyil, əslində "xxxx" MMC ilə formalaşmış, icra olunmuş və hüquqi nəticələr doğurmuşdur. Beləliklə, bütün yuxarıda qeyd edilən hüquqi və faktiki əsaslar əsasında iddia tələbinin cavabdehi kimi “X7 Azerbaijan” MMC-nin deyil, məhz "xxxx" MMC-nin təqdim olunması tələb edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir, eyni zamanda tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, iddia tələbinin təmin olunan hissəsindən qismən, yəni 300 (üç yüz) manat pulun cavabdehdən tutulması hissəsindən imtina edir və həmin ödənişin tədris prosesində xərclərə hesablanmasını qəbul edir.

9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

11. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:

12. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

19. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

21. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

27. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki iş üzrə iddia qismən təmin olunduğundan, cavabdeh tərəfindən apelyasiya şikayəti verildiyindən və apelyasiya baxışı zamanı iddiaçı iddianın təmin olunan hissəsinin 300 manatından imtina etdiyindən, apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın 4700 manat məbləğində pulun tutulması hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya icraatı dövründə iddiaçı tərəfindən verilmiş “iddia tələbindən qismən, yəni 300 (üç yüz) manat pulun cavabdehdən tutulması hissəsində imtina olunması” barədə ərizəyə əsasən tələbin həmin hissəsinə münasibətdə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6876/2026 saylı, xx.xx.2026-cı il tarixli Qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. Belə ki, iş materiallarında olan "X6 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş İcraçı "xxxx" MMC (direktor Nümayəndə) ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001 saylı xidməti müqavilədən görünür ki, 1.1.Bu Müqaviləyə əsasən, “Sifarişçi bir paket olaraq “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” dərsləri sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat imtahanlarına hazırlıq” tədris xidmətlərin göstərilməsini öhdəsinə götürür. 1.2. Tədris proqramı 8 aylıq olub, həftədə 3 gün 2 saat olmaqla tədris olunur. 1.3. Tədris boyu istənilən gün saat 10:00-00:00-a qədər kursda tələbə üçün xüsusi olaraq ayrılan masada mentor dəstəyi işləyə bilər. 1.4. 8 aylıq tədris proqramını tamamlayan tələbə ilə 500 AZN əmək haqqı olmaqla 4 aylıq təcrübə müqaviləsi bağlanılır. Bu 4 ayın tamamında isə 1000 AZN maaş olmaqla 12 aylıq rəsmi əmək müqaviləsi imzalanır və 12 ayın sonununda remote işlə təmin olunacağına zəmanət verilir. 1.5. Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 7.1. bəndində göstərilən müddət ərzində həyata keçirilir. 3.1. Tərəflərin razılığına əssaən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin mumi dəyəri 8 ay olmaqla, 6500 manat təşkil edir. 3.2. Sifarişçi ilk ay üçün nəzərdə tutulan xidmət haqqını avans şəklində öncədən, digər hissəsini proqram müddətində hissə-hissə və ya tam olaraq (100%) icraçının bank hesabına köçürülmə yolu ilə və ya nağd şəkildə ödəyir. 3.3. İcraçı Sifarişçinin ilk cəhddə rəsmi “Tensorflov, AWS Cloud Practitoner, AWS Machine Learning sertifikat alacağına zəmanət verir. Əks halda, ikinci imtahanın ödənişi icraçı tərəfindən ödənilir. 7.1. Hazırki müqavilə hər iki tərəfin iştirakı ilə tərtib edilərək imzalanıb. xx.xx.2023-ci il tarixdən qüvvəyə minir və 11 fevral 2025-ci il tarixinədək qüvvədədir. İcraçı "xxxx" MMC (VÖEN: **********, imza: direktor Nümayəndə, möhür: "X6 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü.

40. “X6 Azerbaıjan" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Başı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-292077/2025 saylı məktub və ona əlavə edilmiş çıxarışdan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "X6 Azerbaıjan" MMC-nin (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "X6 Azerbaıjan" MMC-nin fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2043-cü il tarixədək dayandırılması və xx.xx.2023-cü il tarixdən bəyannamə ilə aktivləşməsi barədə məlumat müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyət növü "Peşə hazırlıq kurslarının fəaliyyəti"dir (kod: 8531214). Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin qeydiyyata alındığı tarixdən bugünədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyə növü "Peşə hazırlıq kurslarının fəaliyyəti (kod: 8531214), Yaşayış və nəqliyyatın təmin edilməsi daxil olmaqla ekskursiyaların, səyahətlərin, turların səyahət agentlikləri tərəfindən təşkil olunması (kod: 7911001), Marketinq (kod: 7320003)"dir.

42. Kollegiya qeyd edir ki, Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

43. İşin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, yəni müvafiq ödənişləri həyata keçirmiş, tədris prosesində tərəflər arasında əldə olunmuş razılığa əsasən müəyyən olunmuş vaxtlarda iştirak etmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının əmək münasibətlərinə inteqrasiya olunması, daha dəqiq desək, iş əldə olunması üçün öz üzərində düşən vəzifələri icra etməmişdir.

44. Nəzərə alındıqda ki, hazırki müqavilə sinallagmatic, yəni qarşılıqlı icra nəzərdə tutan müqavilədir, müqavilə tərəflərin hər hansısa birinin öz mülahizəsi əsasında müqavilənin icrasından birtərəfli imtinasına yol verilə bilməz.

45. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir.

46. Müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

47. Göründüyü kimi, cavabdeh qarşılıqlı müqavilə üzrə öhdəliklərindən irəli gələn halların hər biri üzrə tələbkar qarşısında məsuliyyət daşıyır. Cavabdeh isə bu məsuliyyəti istisna edən hal kimi öhdəliyin tərəfinin onlar olmadığını, müqavilənin iddiaçı ilə "xxxx" MMC arasında bağlandığını əsas gətirmiş və bu səbəbdən həmin müqaviləyə əsasən cavabdehin Cavabdeh MMC deyil, "xxxx" MMC seçilməli olduğunu bildirmişdir.

48. Həmin mövqeyə münasibətdə kollegiya qeyd edir ki, işin mübahisəsiz halına əsasən tərəflər arasında müqavilə münasibətləri başlandığı dövrdə "xxxx" MMC (VÖEN: **********) rəsmi olaraq fəaliyyətdə olmamışdır.

49. Bu halın əksini sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim olunmamışdır. Eləcə də qeyd olunmalıdır ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

50. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

51. İşin hallarını nəzərdən keçirdikdə bir daha aydın olur ki, hazırki cavabdehlə, yəni “X6 Azerbaıjan" MMC ilə iddiaçının müqavilə bağlama motivi cavabdehin kommersiya fəaliyyətinin də əsasını təşkil edən peşə hazırlıq kurslarına cəlb olunub, əmək fəaliyyətinə inteqrasiya edilmək olmuş, iddiaçı da məhz bu səbəblə müqavilə üzrə öhdəliklərini məhz cavabdeh şirkətə münasibətdə icra edərək ödənişləri sonuncuya məxsus hesaba həyata keçirmişdir. İş materiallarından da görünür ki, ddiaçı tərəfindən 5000 manat məbləğində ödəniş nağd qaydada edilmiş və bu barədə ödəniş cədvəlində qeydlər "X6 Azerbaıjan" MMC-nin direktoru tərəfindən imzalanaraq cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Bu halda "xxxx" MMC-nin fəaliyyətə rəsmi qaydada başlamadan bağlanmış müqavilə üzrə öhdəliyi müəyyən edilə bilməz.

52. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

59. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1859/2025 saylı, 22 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (cavabdehdən 4700 manat pulun tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar