Məhkəmə qərarları › İş №2(103)-6877/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6877/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6877/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3155/2021 saylı 28.04.2021-ci il tarixli qərardadından Ərizəçi tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxslər X3, Maraqlı şəxs3 və Bakı şəhəri Maraqlı şəxs2nə qarşı uşağın mənşəyinin qeyd olunması və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ilə rəsmi nikah zamanı 12 yanvar 2004-cü ildə anadan olmuş X1 mənşəyi müəyyən olunmasına və atası o, olmadığı təqdirdə Bakı şəhəri Maraqlı şəxs2ndə 23 mart 2004-cü il 484 saylı akt qeydində ata adı qrafasında onun adının silinməsinə, atası qrafasına bioloji atası Oqtay yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3155/2021 №-li 28.04.2021-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxslər X3, Maraqlı şəxs3 və Bakı şəhəri Maraqlı şəxs2nə qarşı uşağın mənşəyinin qeyd olunması və akt qeydinin ləğvi tələbinə dair ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi şikayət verərək lə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadını ləğv edilərək mahiyyəti üzrə baxılması üçün baxışa təyin edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının məhkəmə iclasında verdiyi ifadəni və təqdim etdiyi sənədləri tam və əsaslı hesab etməyərək onların düşdüyü bu vəziyyətə hüquqi qiymət vermədən ərizəni baxılmamış saxlamışdır. Məhkəmə işə baxarkən işin hallarını və mənəvi tərəfini nəzərə almamış və daha dolğun sübutların olmadığını əsas göstərmişdir. O, biabırçılıq olmasın deyə işi qapalı olması barədə vəsatət vermişdir. Vəsatəti təmin olunmuşdur. Hakim isə işi daha da qabardaraq ekspetiza və sair sübutların olmamasını əsas götürür və onun vəziyyətini başa düşmür. Qərardad əsassızdır və ləğv olunaraq mahiyyəti üzrə baxılması üçün təyin olunub qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı uşağın atasının olmadığını israrla bildirir, cavabeh isə iddianı tam tam qəbul edir və uşağın atasının o, olmasını, uşağın anası da uşağın bioloji atasının Maraqlı şəxs3 olmasını etiraf edir. Məhkəmə isə bu etirafları əsaslı saymır və ərizəni baxılmamış saxlayır Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3155/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 12 yanvar 2004-ci ildə doğulmuş X2 bioloji atasının Ərizəçi və ya Maraqlı şəxs3 olması faktı yalnız müəyyən sübutetmə, yəni bioloji ekspertiza və DNK test vasitələri ilə müəyyən etmək mümkün olduğu halda, maraqlı şəxslərin etirafı bioloji atanın kimliyini təsdiq edən zəruri sübut vasitəsi kimi qəbul edilə bilməz. Belə olan halda, məhkəmə sözü gedən ərizəyə baxıldığı zaman hüquq haqqında mübahisə olduğu aşkar etdiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə sözügedən tələblə bağlı ümumi qaydada iddia icraatı formasında məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, ərizənin məzmunundan görünür ki, ərizəçi faktiki olaraq atalığa dair mübahisə açır. Bu cür mübahisələrə, yəni atalığın mübahisələndirilməsinə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Ona görə də məhkəmənin yekun qənaəti nəticə etibarı ilə düzgün olmuşdur. Şərh olunanlara əsasən şikayət təmin edilmədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3155/2021 saylı 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3155/2021 saylı 28.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar