Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6877/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Əbdüləli Bağırlının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2760/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh təşkilatda X1 satış təmsilçisi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin - cavabdehin baş direktorunun xx.xx.2025-ci il tarixli 042/K nömrəli əmri ilə ləğv edilib. Əmr onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.2025-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyib. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. 2.Əmr verilərkən aşağıda göstərilən 3 sənədə istinad olunub: 3.Birinci, xx.xx.2025-ci il tarixli akt (iş v. 113). Cavabdehin əməkdaşlarının tərtib etdiyi həmin aktda qeyd olunub ki, iddiaçının ödənişsiz məzuniyyəti fevralın 28-də bitib, martın 1-dən etibarən işə çıxmalı olduğu halda işə gəlməyib. 4.İkinci, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu (iş v. 14). Cavabdehin iddiaçıya ünvanladığı həmin məktubda iddiaçının nəzərinə çatdırılıb ki, xx.xx.2025-ci il tarixdən etibarən işə gəlmədiyi müşahidə olunub, xahiş olunur ki, şirkətə yaxınlaşıb işə gəlmədiyi günlərlə bağlı izahat yazsın. 5.Üçüncü, xx.xx.2025-ci il tarixli akt (iş v. 114). Cavabdehin əməkdaşlarının tərtib etdiyi həmin aktda qeyd olunub ki, iddiaçının ödənişsiz məzuniyyətinin xx.xx.2025-ci il tarixdə bitməsinə və işə çıxmalı olmasına baxayaraq işə gəlmir. İddiaçı xx.xx.2025-ci il tarixdə ofisə yaxınlaşmış, lakin işə gəlməməsinin səbəbləri barədə izahat yazamaqdan imtina etmişdir. 6.Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən pozuntuya yol verib, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, belə halda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsində tələb olunub ki, cavabdehin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 8.Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabehin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya instansiya məhkəməsində icraat 9.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 10.Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Əbdüləli Bağırlı apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Əmək müqaviləsinin ləğvinin əsası kimi istinad olunan hal həqiqi deyil. Bu, aşağıda göstərilən məlumatların məcmusu ilə təsdiq olunur. 12.Birinci, iddiaçı məhkəməyə bildirib heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə cavabdehin məhkəməyə verdiyi məlumat həqiqi deyil, cavabdeh onun əmək vəzifələrini icra etməsinə maneə yaradıb. Belə ki, öz hesabına çıxdığı ödənişsiz məzuniyyətdən xx.xx.2025-ci il tarixdə işə qayıdarkən girişdəki elektron buraxılış sistemi onun girişini qəbul etməmiş, bunun səbəbini mühafizəçidən soruşmuş, mühafizəçi isə ona bildirmişdir ki, yəqin ki, müdiriyyət giriş icazəsini bloklayıb. Həmin gündən etibarən bir neçə dəfə işə getməyə cəhd etsə də, işə buraxılmamışdır. Dəfələrlə müdiriyyət və cavabdeh təşkilatın X2 ilə telefonla əlaqə saxlasa da, işə hansı səbəbdən buraxılmaması barədə dəqiq məlumat verilməmişdir. Bundan sonra, müvafiq dövlət qurumlarına şikayət etmiş, bir müddətdən sonra cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, işə gəlməməsinin səbəbi barədə izahat yazması istənilmişdir. Həmin xəbərdarlıqdan sonra bir daha iş yerinə gedərək izahat yazmaq istəmiş, lakin yenidən iş yerinə buraxılmamışdır. 13.İkinci, iddiaçının təqdim etdiyi fotoşəkildən görünür ki, o, xx.xx.2025-ci il tarixdə, yəni əmək müqaviləsi ləğv edilənə qədər iş yerinə gəlmiş, lakin iş yerinin girişindəki üz yoxlama sistemi “Face picture is not added” yazmaqla onun üz şəklinin əlavə edilmədiyini bildirmişdir (iş v. 15). Bu isə onu təsdiq edir ki, əmək müqaviləsinin ləğv edilməsindən əvvəl cavabdeh iddiaçını iş yerinə buraxmayıb. 14.Üçüncü, mülki işin materiallarından görünür ki, iddiaçı əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı 2025-ci ilin mart ayından başlayaraq müxtəlif dövlət qurumlarına çoxsaylı şikayətlər edib (iş v. 18, 28-33, 51-60). Əgər iddiaçı xx.xx.2025-ci il tarixdən üzrlü səbəb olmadan işə gəlməkdən imtina etmiş olsayıdı, ağlabatan mühakiməyə görə, o, həmin vaxtdan başlayaraq əmək hüquqlarının pozulması (işə buraxılmaması və s.) barədə şikayətlər etməzdi. 15.Dördüncü, cavabdeh iddiaçının xx.xx.2025-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə istinad edib əmək müqaviləsini ləğv etsə də, iddiaçının işə gəlməməsi barədə aktı 1 ay 16 gün sonra – xx.xx.2025-ci il tarixdə, xəbərdarlıq məktubunu 1 ay 17 gün sonra – xx.xx.2025-ci il tarixdə, iddiaçının izahat yazmaqdan imtina etməsi barədə aktı 1 ay 21 gün sonra – xx.xx.2025-ci il tarixdə, əmək müqaviləsinin ləğvi barədə əmri isə 2 ay 6 gün sonra - xx.xx.2025-ci il tarixdə tərtib edib. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndindən görünür ki, işçinin heç bir üzrlü səbəb olmadan yalnız 1 iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması sayılır və əmək müqaviləsinin ləğvi üçün əsasdır. Əgər iddiaçı həqiqətən üzrlü səbəb olmadan işə gəlmirdisə, cavabdeh əmək müqaviləsinin ləğvi üçün 2 ay 6 gün gözləməsinin səbəbini izah etməlidir, lakin izah edə bilmir. Bu isə onu təsdiq edir ki, iddiaçı iş yerinə buraxılmayıb, o, əmək hüquqlarının müdafiəsi üçün müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra cavabdeh iddiaçının iş yerinə buraxılmamasını “heç bir üzrlü səbəb olmadan işə gəlməmə” kimi sənədləşdirərək əmək müqaviləsini ləğv edib. 16.Beşinci, tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçıya ödənşsiz məzuniyyət verilməsi təşəbbüsü də cavabdehdən gəlib, çünki cavabdehin iddiaçını iş yerindən kənar saxlamaq niyyəti olub, məzuniyyət müddəti bitdikdən sonra isə cavabdeh iddiaçını işə buraxmaqdan imtina edərək əmək müqaviləsini ləğv edib. 17.Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əsas mövcud olmayıb. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-2760/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6877/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6877/2025
16.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver