Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6881/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 J ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 1992-ci ildə ailə həyatı qurduqdan sonra ata mülkü olan Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində yaşamağa başlamış, övladları da həmin evdə dünyaya gəlmiş, ev qardaşının adına sənədləşdirildikdən qardaşı onun və cavabdehin həmin evdən çıxarılmaları barədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, bundan sonra onlar birgə nikah dövründə tərəfindən inşa edilmiş və hazırda cavabdehin yaşadığı Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 3 J saylı fərdi yaşayış evində yaşamağa başlamış, övladları həmin ünvandan məktəbə getmiş, qızları Gülsüm və Lalə həmin evdən gəlin köçmüşlər. Həmin tikili onun tərəfindən tikilmiş, ustaların və tikinti materiallarının dəyərini, təmir xərclərini özü ödəmiş, evi yaşayış üçün yararlı hala gətirilmiş, işıq, su sayğacları adına qeydə alınmışdır. Lakin hazırda cavabdeh onu həmin evə buraxmır, orada yaşamasına maneələr törədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının ev üzərində heç bir subyektiv hüququnun olmadığı, evin iddiaçının vəsaiti hesabına tikilmədiyi və onun mübahisəsi gedən evdə heç bir zaman yaşamadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları, cavabdehin qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 1992-ci il tarixdə rəsmi nikah bağlanmış, ailə qurduqdan sonra bir müddət iddiaçının qardaşına məxsus Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 3 A saylı fərdi yaşayış evində yaşamış, övladları həmin evdə dünyaya gəlmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə evdən çıxarılmaları qət olunmuş, sonradan onlar sözügedən ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən 3J saylı evdə yaşamağa başlamış, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, həmin evi cavabdehlə nikahda olduğu dövrdə inşa etdirmiş və orada yaşamışdır; lakin münasibətləri pozulduqdan sonra cavabdeh onu həmin evə buraxmır. Cavabdeh isə iddiaçının həmin tikili üçün vəsait xərcləmədiyini, orada yaşamadığını və bu evdə onunla birlikdə təsərrüfat aparmadığını irəli sürməklə iddiaya etiraz edir. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 3J saylı evdə qeydiyyatdadır. 38 №-li tam orta məktəbin iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, məktəbin şagirdləri olmuş 1997-ci il təvəllüdlü X3 və 1999-cu il təvəllüdlü X1 yaşayış yeri kimi sinif jurnalında D.Bünyadzadə küçəsi ev 3 ünvanı qeyd olunmuşdur. İş materiallarından aydın olur ki, Yasamal rayon 11-ci Xrebtovı küçəsi ev 3 ünvanında “xxxxxxxx” ASC-nin və “xxxxxx” ASC-nin abonenti kimi İddiaçı qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4, X5 və X6 iddiaçının qonşuları olduqlarını, sözügedən evi onun tikdirdiyini və orada yaşadığını bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, sonradan cavabdeh orada yaşamasına maneə yaratmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəsi gedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə kollegiya, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsini qanunamüvafiq hesab edir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2202/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6881/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6881/2020
17.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver