Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6881/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Nəcəfov Telman İboş oğlunun nümayəndəsi və vəkili Kərimov Siracəddin Allahverdi oğlunun, maraqlarına toxunduğunu iddia edən Əliyev Qabil Sahil oğlunun iştirakları ilə, İddiaçı Nəcəfov Telman İboş oğlunun cavabdeh Məmmədbəyli Bəxtiyar Fəti oğluna qarşı “qanunsuz zəbt edilmiş torpaqdan çıxarılması və sahibliyinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4873/2019 saylı, 05 may 2021-ci il tarixli qərardadından Əliyev Qabil Sahil oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Nəcəfov Telman İboş oğlunun cavabdeh Məmmədbəyli Bəxtiyar Fəti oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədbəyli Bəxtiyar Fəti oğlunun ona məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsindən çıxaırlmasına və torpaq sahəsinin sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qərardaddan Əliyev Qabil Sahil oğlunun nümayəndəsi Eldar Əliyarov şikayət vermiş, məhkəmənin 05 may 2021-ci il tarixli qərardadı ilə adı çəkilən şəxsin sözügedən qərardaddan şikayət vermək hüququnun olmadığı əsas göstərilməklə şikayət geri qaytarılmışdır. Əliyev Qabil Sahil oğlunun həmin qərardaddan verdiyi şikayət də məhkəmənin 26 may 2021-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədbəyli Bəxtiyar Fəti oğluna mübahisəli ev onun tərəfindən satılmışdır. Bundan sonra cavabdeh həmin evi iddiaçı Telman Nəcəfova satmaq istədiyini bildirmiş və o, beh kimi 5000 manat pulu cavabdehə göndərmişdir. O, iddiaçı və cavabdehin kəndçi olduğunu və onların arasında hər hansı bir problem olacağına inanmadığını nəzərə alaraq iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Lakin bundan sonra iddiaçı pulun qalan hissəsini cavabdehə ödəməmiş və nəticədə hazırki mübahisə yaranmışdır. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunduğunu iddia edən Əliyev Qabil Sahil oğlu şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Əliyev Qabil Sahil oğlu mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə onun işə cəlb edilməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir. Hazırkı şikayətində də Əliyev Qabil Sahil oğlu bu zərurəti əsaslandırmamış və qərardadın onun hansı maraqlarına toxunduğunu izah etməmişdir. Nəzərə alınmalıdır ki, Əliyev Qabil Sahil oğlunun öz şikayətində də qeyd etdiyi kimi mübahisəli torpaq sahəsi onun tərəfindən satılmış, başqa sözlə onun mülkiyyətindən çıxmış və hazırki mübahisə predmeti üzrə qəbul edilmiş qətnamə Qabil Əliyevin maraqlarına toxunmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Əliyev Qabil Sahil oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4873/2019 saylı, 05 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6881/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6881/2021
30.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver