Məhkəmə qərarları › İş №2(103)-6882/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6882/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6882/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı X5 və onun nümayəndəsi (vəkili) Vəkil1 Həsən oğlunun, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldıaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(005)-2074/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldıaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293,1 kv olan qeyri-yaşayış binasının icarəyə verilmiş 23,7 kv.m-lik hissəsindən cavabdehlərin çıxarılmaqla, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və ona dəymiş 6000 manat məbləğində zərərin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin qeyri-yaşayış binasının ümumi sahəsi 293,1 kv.m təşkil edir. Onunla Cavabdeh1 arasında 16 yanvar 2019-cu il tarixdə “icarə müqaviləsi" bağlanmış, müqavilə 16 saylı notariat ofisinin xüsusi notariusu Gülüş Abıyeva tərəfindən təsdiq edilmişdir. İcarə müqaviləsinə əsasən, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının bir hissəsi xx.xx.2021-ci il tarixədək Cavabdeh1 icarəyə verilmişdir, icarəyə verilən sahənin ölçüsü 23,7 kv.m təşkil edir, icarə haqqı aylıq 400 manat müəyyən edilmişdir. Cavabdeh1 qeyri-yaşayış sahəsində dam örtüklərinin satışı ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh obyekti ona təhvil vermir və aylıq icarə haqlarını ona ödəmir. Eyni zamanda cavabdeh qeyri-yaşayış sahəsində dəyişikliklər etmiş, arakəsməni sökərək, icarəyə verilən sahəni özbaşına böyütmüş, həmçinin müəyyən təmir işləri aparmışdır. Halbuki, icarə müqaviləsini 9-cu bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Dəfələrlə onun tərəfindən qeyri-yaşayış sahəsinin təhvil verməsini və müqavilə bitdikdən sonra istifadə etdiyi aylar üçün icarə haqqını ödəməsini tələb etsə də nəticəsi olmamışdır. Ona görə də, xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə təklif etmişdir ki, 10 gün müddətində borc məbləğini ödəsin və qeyri-yaşayış sahəsini ona təhvil versin. Lakin, Cavabdeh1 məktuba cavab verməmiş, qeyri-yaşayış sahəsini istifadə etməkdə davam etmişdir. Hətta cavabdeh X3 həmin sahəni digər cavabdehə Cavabdeh2 istifadəsinə verərək, əsassız varlanmaq niyyətinə düşmüşdür. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda 15 aydır ki, həmin qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə olunur. Nəticədə o, həmin sahəni başqa şəxsə icarəyə verə bilmir və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki, cavabdeh müqavilədə göstərilən müddətdə qeyri-yaşayış sahəsini ona təhvil versəydi, o, daha baha qiymətə digər şəxsə icarəyə verə bilərdi. Beləliklə, o, 15 aylıq icarə haqlarına görə 6000 manat cavabdehdən tələb edir. Eyni zamanda, Mustafayeva X2 Nəsimi Əli oğluna qarşı “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” barədə qarşılıqlı iddia verərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin xx.xx.2034-cü il tarixə kimi uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddianı qəbul etmir və aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tam əsassızdır. Belə ki, Cavabdeh1 icarə müqaviləsinin 2 il müddətinə (xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixə kimi) bağlanmasına baxmayaraq müqavilə bağlandığı tarixdən 2021-ci ilin dekabr ayının sonuna kimi iddiaçıya ayda 2000 manat ödəməklə 72000 manat məbləğində icarə haqqı ödəmişdir. Lakin icarə müqaviləsindən göründüyü kimi, tərəflərin müəyyən etdiyi icarə haqqı 400 manat təşkil edir. Yəni, görünən odur ki, cavabdeh indiyə kimi iddiaçıya 4800 manat icarə haqqı ödəmişdir. Bu tamimilə yalandır. Birincisi mövcud bazar şəraitindən göründüyü kimi qeyd olunan ünvanda və qeyd olunan həcmdə qeyri-yaşayış obyektlərinin icarə haqqısı minimum məbləği 1500-2500 manat arası dəyişir və iddiaçının da qeyriyaşayış sahəsini 400 manat icarəyə verməsi real deyildir. Tərəflər 10 ilə yaxındır ki tanışdırlar və cavabdeh həmin qeyri-yaşayış sahəsindən uzun müddətdir icarə şərtləri əsasında istifadə edir və iddiaçıya icarə haqqı ödəyir. Elə bu səbəbdən də icarə müqaviləsi icarəyə verənin istəyi ilə bu formada rəsmiləşmişdir. Bunun sübutu kimi tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmasıdır. Göründüyü kimi tərəflər arasında olan icarə münasibətləri icarə müqaviləsində müəyyən edilmiş kimi deyildir. Yəni tərəflər icarə münasibətlərini 2 il müddətinə aylıq 400 manat icarə haqqı ödəməklə müəyyən etsələr də, reallıqda ödənilmiş aylıq icarə haqqılarının 2000 manat olmasını nəzərə alaraq icarə münasibətləri 15 il müddətinə, xx.xx.2034-cü il tarixə kimi müəyyən edilmişdir. Bu səbəbdən də hesab edilir ki, tərəllər arasında bağlanmış icarə müqaviləsinin müddətinin xx.xx.2034-cü il tarixə kimi ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(005)- 2074/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293,1 kv olan qeyriyaşayış binasının icarəyə verilmiş 23,7 kv.m-lik hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, qeyri-yaşayış binasının boşaldılması və İddiaçı təhvil verilməsi, həmçinin Cavabdeh1 6000 (altı min) manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edilən halların araşdırlmaması və s. göstərilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı əvvəl də analoji tələblə məhkəməyə müraciət etmiş, həmin vaxtı 2490 manat kirayə pulu tələb etmiş, lakin məhkəmə zamanı aralarında razılıq əldə olunmuş, cavabdeh iddiaçıya həmin pul vəsaitini ödəmiş, bu səbəbdən də iddiaçı iddia ərizəsini geri götürmüş, iddia baxılmamış saxlanmışdır. Həmin vaxtı müvafiq pul vəsaitinin iddiaçıya ödənilməsi barədə aralarında hər hansı yazılı sənəd imzalanmamışdır, lakin iddiaçının iddia ərizəni geri götürməsi özüözlüyündə bu halı təsdiq edir. Buna baxmayaraq, iddiaçı hazırki iddiasında əsassız olaraq cavabdeh tərəfindən ödənilmiş əvvəlki dövrlər üzrə də kirayə haqqını tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından cavabdehin şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini dəlillərini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq müqtərəf uzun müddətdir ki, qeyri-yaşayış sahəsini boşaltmır, eyni zamanda kirayə pulunu da ödəmir. Bununla bağlı aralarında əvvəllər dəfələrlə mübahisələr olmuş, istər polisə, istərsə də məhkəməyə müraciətlər olunmuş, lakin nəticəsi olmamışdır. İddiaçı 2021-ci ilin iyul ayında Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsinin başaldılaraq, 2490 manat pul vəsaitinin ödənilməsini xahiş etmiş, lakin məhkəmə araşdırması zamanı cavabdeh şifahi olaraq məsələni həll edəcəyini, eyni zamanda ödənilməmiş pul vəsaitlərini ödəyəcəyinə vəd vermiş, o da cavabdehə inanaraq iddia ərizənin qaytarılmasını xahiş etmiş, bu səbəbdən də iddia baxılmamış saxlanılmışdır. Lakin, cavabdeh sonradan ona heç bir pul vəsaiti ödəməmiş, eyni zamanda icarəyə verilmiş qeyri-yaşayış sahəsini boşaltmamışdır. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh izahatında ona əvvəlki məhkəmə zamanı tələb etdiyi 2490 manat pul vəsatini ödədiyini bildirsə də, bu belə deyildir. Həmçinin, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əvvəl məhkəməyə müraciət edən zamanı kirayət haqqını 6 ay müddət üçün tələb etmişdir. Hazırda isə keçən 15 ay üzrə tələb edir. Çünki, cavabdeh icarə müqaviləsinin müddətinin bitməsindən sonra hazırk vaxtadək mülkiyyətində olan qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməmişdir. qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia təmin olunmuş, cavabdehlərdən Cavabdeh2 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edir ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məjmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Qanunverijiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinji instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 2) iddia tələbinin hazırki vaxtdaəsaslı olub-olmaması məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən - Bakı şəhəri, Nərimanov rayonu, 2093-cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv/m qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında xx.xx.2019cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən - Bakı şəhəri, Nərimanov rayonu, 2093cü məhəllə, Ələsgər Qayıbov küçəsində yerləşən ümumi sahəsi 293.1 kv.m qeyri-yaşayış binasının 23.7 kv.m hissəsi icarəyə verən tərəfindən Cavabdeh1 icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş, icarə haqqı aylıq 400 manat müəyyən edilmişdir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci ildən icarəyə verə bilməz. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də icarə müqaviləsidir. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (MM, maddə 700.1). MM-nin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Beləliklə, işin faktiki hallarından aydın olur ki, 16 yanvar 2019-cu ildə tərəflər arasında əmlakın icarəyə verilməsi ilə əlaqədar mülki-hüquqi münasibətlər yaranmış, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsini (23,7 m2 hissəsini) Cavabdeh1 24 ay müddətinə (16 yanvar 2021-ci il tarixədək) aylıq 400 manat olmaqla icarəyə vermişdir. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağa 16 yanvar 2019-cu il tarixli icarə müqaviləsindən, həmçinin mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn müvafiq subyektiv hüquqları vardır. Belə olan halda, yoxlanılmalı olan növbəti məsələ cavabdehin etirazları da nəzərə alınmaqla iddia tələbinin hazırki vaxtda əsaslı olub-olmamasıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən – icarə müqaviləsinin müddətinin bitməsinə, sonradan tərəflərin razılığı ilə müddətin uzadılmamasına, iddiaçının tələb etməsinə baxmayaraq cavabdeh tərəfin əmlakı boşaldaraq ona təhvil verməməsinə, eyni zamanda sonrakı müddətlər üçün iddiaçıya hər hansı pul vəsaiti ödəməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri hesab edir ki, icarə müqaviləsinin müddətinin bitməsindən sonra, icarəyə verənin də tələbinə baxmayaraq onu qaytarmaqdan imtina edərək, istifadəsini davam etdirməsi istər qanunvericiliyin tələblərinin pozulmasına, istərsə də əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Halbuki, MM-nin 697-ci maddəsinin tələbinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Məlumdur ki, icarəçi icarə (kirayə) müqaviləsi üzrə icarəyə götürdüyü əşyadan icarə hüquq münasibətləri qüvvədə olduğu müddət ərzində istifadə etmək hüququ əldə edir. Əks halda (bu münasibətlərə xitam verildikdə) icarəçi əmlakı icarəyə verənə qaytarmalıdır. Hazırki işin hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 16 yanvar 2021-ci il tarixdə bitmiş, bununla da tərəflər arasında yaranmış icarə hüquq münasibətlərə xitam verilmiş, lakin cavabdeh iddiaçının da tələb etməsinə baxmayaraq əmlakı qaytarmamışdır. Cavabdeh etirazının, həmçinin qarşılıqlı iddianın əsası kimi icarə müqaviləsinin müddətinin 2034-cü ilədək uzadılmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə də haqlı olmuşdur). Qeyd edilməlidir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin dəyişdirilməsi barədə razılaşma müqavilə ilə eyni formada bağlanılır (MM-nin 399.1, 421.1 və 423.1-ci mad.) Beləliklə, müəyyən olunur ki, cavabdeh icarə müqaviləsinin müddətinin bitməsindən sonra icarayə götürülmüş əmlakı iddiaçıya qaytarmamaqla qanunvericiliyin tələblərini və müqavilə şərtlərini pozmuşdur. Cavabdeh etirazının digər əsası kimi – icarəyə götürdüyü həmn əmlaka məyyən xərc çəkməsini və s. göstərsə də, məhkəmə kollegiyası həmin hallara hazırki icraat çəkçivəsində hüquqi qiymət verilməsini mümkün hesab etmir. Çünki, cavabdeh bununla bağlı müstəqil tələb (qarşılıqlı iddia) verməmişdir. Müvafiq tələb olmadağı halda isə cavabdehin etirazında göstərdiyi həmin halların araşdırılması prosessual qanuünvericiliyin tələbləri ilə uzlaşmır (lakin, cavabdeh qeyd etdiyi hallarda bağlı müstəqil qaydada məhkəməyə müraciət etməkdə tələb hüquqlarını özündə saxlayır). Bununla yanaşı, MM-nin 697.1-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqını tələb edə bilər. Göründüyü kimi – müvafiq halda kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmayıb, özündə saxladığı bütün müddət ərzində kirayə müqaviləsində müəyyən edilmiş kirayə haqqını ödəməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında bağlınmış icarə müqaviləsinin müddəti 16 yanvar 2021-ci il tarixdə bitmiş, bundan sonra tərəflər arasında icarə (kirayə) hüquq münasibətlərinə faktiki olaraq xitam verilmiş, lakin əmlak qaytarılmamışdır. İddiaçı hazırki iddia tələbində həmin vaxtdan etibarən keçən 15 ay müddət ərzində icarə müqaviləsində müəyyənləşdirilmiş aylıq 400 manat olmaqla, ümumilikdə 6000 manat pul tələb etmişdir. Cavabdeh iddia tələbinə həmin hissədə də etiraz edərək göstərmişdir ki, iddiaçı əvvəl ona qarşı analoji iddia tələbi ilə müraciət etmiş, həmin vaxtı 2490 manat pul tələb etmiş, lakin məhkəmə zamanı mübahisə aralarında həll olunmuş, qeyd edilən pul vəsaiti iddiaçıya ödənilmişdir. İddiaçının tələb etdiyi 6000 manat pul vəsaitinin tərkibində ödənilmiş həmin pul vəsaiti də vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq bildirir ki, apellyasiya baxışı zamanı tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-3766/2021 saylı mülki iş tələb olunaraq tərəflərin iştirakı ilə ona baxış keçirilmiş, müəyyən olunmuşdur ki, iddiaçı 2021-ci ilin iyul ayında Cavabdeh1 qarşı “icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılması və cavabdehdən 2490 manat pul vəsaitinin tutulması” barədə analoji iddia vermiş, həmin vaxtı məbləği 6 ay müddət üzrə tələb etmişdir. Lakin, sonradan iddiaçının ərizəsinə əsasən iddia baxılmamış saxlanılmışdır. Eyni zamanda, həmin işdə cavabdehin iddiaçıya qeyd edilən pul vəsaitini ödəməsi ilə bağlı yazılı sübut olmamış, həmçinin bu barədə məhkəmə iclas protokollarında müvafiq izahat qeyd olunmamışdır. İddiaçı həmin məsələyə aydınlıq gətirərək göstərmişdir ki, əvvəlki məhkəmə araşdırması zamanı cavabdeh şifahi olaraq məsələni həll edəcəyini, eyni zamanda ödənilməmiş pul vəsaitlərini ödəyəcəyinə vəd vermiş, o da cavabdehə inanaraq iddia ərizənin qaytarılmasını xahiş etmiş, bu səbəbdən də iddia baxılmamış saxlanılmışdır. Lakin, cavabdeh sonradan ona heç bir pul vəsaiti ödəməmiş, eyni zamanda icarəyə verilmiş qeyri-yaşayış sahəsini boşaltmamışdır. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh icarəyə götürdüyü əmlakı özündə saxladığı əvvəlki dövr üzrə iddiaçıya hər hansı pul vəsaitini verməsini sübut edə bilməmişdir. Əvvəlki işdə iddiaçının ərizəsinə əsasən iddianın baxılmamış saxlanması halı isə vəziyyəti dəyişdirməməklə, özü-özlüyündə müvafiq pul vəsaitinin ödənilməsi anlamına gələ bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırki iddia tələbi üzrə müqavilə müddətinin bitdiyi vaxtdan etibarən keçən 15 ay müddət ərzində icarə müqaviləsində müəyyənləşdirilmiş aylıq 400 manat olmaqla, ümumilikdə 6000 manat pul vəsaitini iddiaçıya ödəmək vəzifəsini daşıyır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddiaçıya hər ay 400 manat deyil, 2000 manat pul ödəməsini göstərsə də, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mübahisə predmeti olan əmlakı üzərində olan mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması baş vermişdir ki, bu da yolverilməzdir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. İşin qeyd edilən halları fonunda isə iddiaçının hazırki vindikasiya (əmlakın qanunsuz sahibdən alınması) barədə tələbi əsaslı hesab olunmalıdır. Çünki, iddiaçının tələb hüququ, həmçinin MM-nin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Çünki, tərəflər arasında icarə hüquq münasibətlərinə xitam verildikdən sonra cavabdehin əmlakı özündə saxlaması qanunsuz və müqaviləyə söykənmir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavabdehin izahatı isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, həmin sahənin boşaldıaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin uzadılmış hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(005)-2074/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(005)- 2074/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar