Məhkəmə qərarları › İş №2(103)-6883/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6883/2022

29.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6883/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt edilmiş 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6374\2021 saylı qərardadına əsasən ünvan 1 ünvanında 0,01794 ha torpaq sahəsində tikinti və yenidənqurma işlərinin aparılması Cavabdeh və digər şəxslərə iddianın təmini tədbiri olaraq qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338\2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında zəbt etdiyi 0,01794 ha torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə seçilmiş iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338\2022 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6374\2021 saylı qərardadına əsasən ünvan 2 ünvanda 0,01794 ha torpaq sahəsində tikinti və yenidənqurma işlərinin aparılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338\2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338/2022 saylı qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək... Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Müvəqqəti təminat tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də müvəqqəti təminat tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, müvəqqəti təminat tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. X2 Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ... Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində təminetmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, müvəqqəti təminat tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizənin təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə seçildiyindən, hazırkı mülki iş üzrə iddiaçının iddia ərizəsi təmin edilmədiyindən, mülki işə baxıldığı dövrdə iddiaçı iddia etdiyi torpaq sahəsində cavabdehin və ya başqa şəxslərin tikinti işləri aparmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən ərizə təmin edilərək seçilmiş iddianın təmini tədbiri ləğv edilməlidir. Göründüyü kimi, ərizəni təmin edərkən məhkəmə iddianın əsassızlığına və cavabdehin və ya başqa şəxslərin həmin ərazidə tikinti işləri aparmamasına istinad etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbi ünvan 3 ünvanında Cavabdeh tərəfindən zəbt edilmiş 0.01794 ha torpaq sahəsinin boşaldılması ilə bağlıdır. İş materiallarında olan məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli topraq sahəsində tikinti və yenidənqurma işlərinin aparılmasının iddianın təmini tədbiri olaraq Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair İddiaçı ərizəsi təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, lakin iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, yəni qətnamə qanuni qüvvəyə minməmişdir. Bu mənada, hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin seçilməsinə səbəb olmuş hallar aradan qalxmamışdır. Kollegiya hesab edir ki, qətnamə qanuni qüvvəyə minmədiyindən və ondan verilmiş apellyasiya şikayətinin təmin ediləcəyi təqdirdə, mübahisəli ərazidə hər hansı tikinti işlərinin aparılmasının tərəflər arasında əlavə mübahisələrə səbəb olma ehtimalını nəzərə alaraq, müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən kollegiya qərardaddan verilmiş şikayəti əsaslı hesab edir və bu qənaətə gəlir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-338\2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh vəkili Vəkil2 müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar