Məhkəmə qərarları › İş №2(103)-6885/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6885/2025

14.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6885/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı (Qaradağ Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-6885/2025 (Açar sözlər: mənzilə köçürülmə; istifadə qaydasının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı (Qaradağ Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürmə və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-147/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 Cavabdeh qarşı “mənzilin bölünməsi, istifadə qaydalarının müəyyən edilməsi, ayrıca hesabın açılması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mənzil Qanunvericiliyini rəhbər tutaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 kv. metr olan mənzilin istifadəyə verilməsi, bölünməsi, 2 otağının onların istifadəsinə verilməsi, 1 otağın Cavabdeh istifadəsinə verilməsi, mətbəx, hamam, sanuzel, dəhliz, eyvanın ümumi istifadədə saxlanılması, yəni istifadə qaydalarının müəyyən edilməsi, ayrıca hesab açılması, onların mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdilər.

2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 38, mənzil 66 saylı orderlə həyat yoldaşı Cavabdeh adına verilmişdir. Orderdə ailə üzvləri kimi o, 2 oğlu- İddiaçı3 və İddiaçı4 və qızıİddiaçı2 ailə tərkibi kimi qeyd edilmişdir. Məzil 3 otaqdan ibarət olub, sahəsi 38.3 kv.metrdir. Mənzil verilən vaxtdan, yəni 1989-cu il tarixindən o, cavabdehlə birlikdə həmin mənzildə yaşayır. Övladları həmin mənzildə dünyaya gəlmiş, həmin mənzildə böyümüş, ailə qurmuşlar, o və ailə üzvləri həmin mənzildə qeydiyyatdadılar. Oğlanları evlənmiş və həmin evə gəlin gətirmişlər. Nəvələri mübahisəli mənzildə dünyaya gəlmişdir. Hal-hazırda cavabdeh tərbiyəsiz və əxlaqsız söyüşlərlə onları təhqir edir, hücum edib onu döyür, təzə arvad tapdığını, onun ona lazım olmadığını deyir, evdə gəlin, nəvə və qız olmasına baxmayaraq çılpaq gəzir və bildirir ki, öz evidir, özü bilər. Sonuncu dəfə onun çılpaq gəzməsinə, küçə söyüşləri söyməsinə etiraz edərkən, evdə yaşayanları evdən qovmuşdur. Hal-hazırda cavabdeh evdə tək yaşayır, onlar isə kirayədə yaşayırlar. Hesab edir ki, mübahisəli mənzil, yəni Bakı şəhəri, Qızıldaş qəsəbəsi ev 38-də olan 3 otaqdan ibarət 66 saylı mənzil bölünməli, mənzilin 2 otağı onun, 2 oğlunun- İddiaçı3 və İddiaçı4, gəlininin- İddiaçı5, qızınınİddiaçı2 və nəvələrinin istifadəsinə, 1 otağı isə Cavabdeh istifadəsinə verilməli, mənzilə istifadə qaydaları müəyyən edilməli, ayrıca hesab açılmalı və onlar istifadələrinə verilmiş 2 otağa köçürülməlidirlər.

3. Daha sonra İddiaçı1 iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Qaradağ rayonu, Qızıl daş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 kv. metr olan mənzilin bölünməsi, 2 otağının mənim, 2 oğlumun- İddiaçı3 və İddiaçı4, gəlinimin- İddiaçı5 Gülrza qızının, qızımın- İddiaçı2 və nəvələrimin istifadəsinə verilməsi, 1 otağın Cavabdeh istifadəsinə verilməsi, mətbəx, hamam, sanuzel, dəhliz, eyvanın ümumi istifadədə saxlanılması, yəni istifadə qaydalarının müəyyən edilməsi, ayrıca hesab açılması, mənim, 2 oğlumun- İddiaçı3 və İddiaçı4, oğlunun, gəlinimin- İddiaçı5 Gülrza qızının, qızımın Əliyeva X4 qızının və nəvələrimin qeydiyyatda olduğumuz və yaşadığımız Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38, mənzil 66-dan bizə ayrılmış hissəyə köçürülməyimiz barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Daha sonra İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ərizə verərək birgə iddiaçılar qismində işə cəlb olunmalarını və iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikası MPM-nin 51- ci maddəsini rəhbər tutaraq iddia ərizəsində göstərilən, pasport qeydiyyatında olduğu və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38də yerləşən 3 otaqlı, sahəsi 38,3 kv. metr olan 66 saylı mənzilin bölünməsi, 2 otağının anasının və onların istifadəsinə verilməsi, 1 otağın Cavabdeh istifadəsinə verilməsi, mətbəx, hamam, sanuzel, dəhliz, eyvanın ümumi istifadədə saxlanılması, yəni istifadə qaydalarının müəyyən edilməsi, ayrıca hesab açılması, onların qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38, mənzil 66-dan onlara ayrılacaq hissəyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müki işə birgə iddiaçılar kimi cəlb edilmişdilər.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 147/2025 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 m2 olan mənzilə (sahəsi böyük olan 2 otağa) köçürülmələri, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 m2 olan mənzilin sahələrinin 16 m2 və 12 m2 olan otaqlar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı5 (uşaqları X6 və X5 ilə birlikdə) istifadəsinə verilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 m2 olan mənzilin sahəsi 10,3 m2 olan otağının Cavabdeh istifadəsində saxlanılması, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 m2 olan mənzilin dəhlizi, mətbəxi, eyvanı, sanitar qovşağı və hamamının iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı5 (uşaqları X6 və X5 ilə birlikdə) və Cavabdeh ümumi istifadəsinə verilməsi, ayrıca iddiaçılar üçün mənzil istismar sahəsində şəxsi hesab açılması, iddia tələbinin İddiaçı2 münasibətdə təmin olunmaması, 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, 30 iyun 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9-cu maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların heç birini evdən qovmamışdır. İddiaçılar özləri könüllü şəkildə ona məxsus mənzildən çıxıb getmişlər. Onların hər birinin yaşamağa yerləri vardır. Cavabdeh dəfələrlə qoca yaşında ona baxmaqlarını tələb etsə də, onu evdə tək qoyub daimi olaraq köçüb getmişlər. Hazırda isə heç bir əsas olmadan ona məxsus mənzildə yaşamaq istəyirlər. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onunla İddiaçı1 arasında bağlamış nikah pozulmuşdur. Birgə nikah dövründə onların ümumi əmlakları vardır. İddiaçılardan onun keçmiş arvadı İddiaçı1 ilə birlikdə yaşamaqları mümkün deyildir. Əgər mümkün olsa idi, ər-arvad kimi yaşayırdılar. Məhkəmə iddianı təmin edərkən bu halların heç birinə diqqət yetirməmiş, iddiaçıların mənafeyinə uyğun qətnamə qəbul etmişdir. İddiaçılar fakiki olaraq 11 nəfərdirlər. Cavabdehlə birlikdə 12 nəfərin 38 kv.m olan mənzildə yaşaması mümkün deyildir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o İddiaçı1 ilə birgə yaşaya bilməz, buna görə boşanıblar. Onunla düşmən kimidirlər, birlikdə yaşamaları mümkünsüzdür. 1989-cu ildə evi əldə etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 5 ildir ki, iddiaçı onları evdən çıxarıb və açar özündədir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Əlizadə qızı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

14. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

15. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi

16. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

18. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə iddia İddiaçı2 münasibətdə təmin olunmadığından və sonuncu tərəfindən qətnamə mübahisələndirilmədiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qalan hissələrdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

31. Belə ki, mülki işin materiallarında olan xx.xx.1989-cu il tarixdə verilmiş 6 saylı orderdən görünür ki, Cavabdeh istifadəsinə arvad-İddiaçı1, oğlu İddiaçı3, oğlu İddiaçı4 və qızı İddiaçı2 göstərilməklə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38,3 kv. metr olan 66 saylı mənzil verilmişdir.

32. Göründüyü kimi mübahisə predmeti olan mənzil orderlə cavabdehin onun ailə üzvləri ilə birlikdə istifadəsinə verilmişdir. Hazırda iddiaçılar onların cavabdeh tərəfindən həmin mənzildən çıxarıldığına istinad edərək, mənzilə köçürülmələrini, həmçinin iki otağın onların istifadəsinə verilməsini və mətbəx, hamam, sanuzel, dəhliz və eyvanın ümumi istifadədə qalmasını xahiş etmiş, cavabdeh isə İddiaçı1 boşandığını, o və uşaqları ilə bir evdə qalmanın mümkünsüzlüyünə istinad edərək iddianı qəbul etməmişdir.

33. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri xx.xx.2009-cu ilədək yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli, iddiaçıların subyektiv hüququnun mövcudluğu ilə mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Çünki işin mübahisəsiz halıdır ki, iddiaçılar 1989-cu ildən mübahisəli mənzildə yaşamağa başlamışlar.

34. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 54-cü maddəyə görə isə, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Hazırki işin hallarından da göründüyü kimi mübahisəli mənzillə bağlı order cavabdehin adına verilsə də, köhnə Mənzil Məcəlləsinin yuxarıda adı çəkilən normalarından da göründüyü kimi sözügedən order dövlət və ya ictimai mənzil fondu evinə köçmək və ondan istifadə etmək hüququnu verən sənəd olmaqla, mülkiyyəti təsdiq edən sənəd kimi çıxış etmir. Bundan əlavə həmin orderdə cavabdehlə yanaşı onun arvadı İddiaçı1, oğlu İddiaçı3, oğlu İddiaçı4 və qızı İddiaçı2 də qeyd edilmiş və nəticədə adı çəkilən şəxslərin də hər birinin sözügedən mənzildən bərabər surətdə istifadə etmək hüquqları öz təsbitini tapmışdır. İşin gedişatında aparılmış tədqiqatın nəticəsində İddiaçı2 ailə quraraq mənzildən çıxması, sonradan boşansa da, başqa bir mənzildə faktiki məskunlaşması müəyyən olunmuş və bu əsasla da iddianın ona münasibətdə təmin edilməməsi qət edilmişdir.

36. Birinci instansiya məhkəməsində aparılmış araşdırmanın nəticəsində həmçinin o da müəyyən olunmuşdur ki, iddiaçılardan X3 mübahisəli mənzildə qeydiyyatda olmaqla, orderdə adı çəkilən cavabdehin ailə üzvi olan-oğlu İddiaçı3 həyat yoldaşıdır və onların nikah münasibətlərinə xitam verilməmişdir. Odur ki, kollegiya İddiaçı5 da öz övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

37. Kollegiya cavabdehin iddiaçılarla birgə yaşamasının mümkünsüz olmasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla, cavabdeh bu mümkünsüzlüyə dair əsaslı və onların hər hansı birinin həyat və sağlamlığını təhlükə altına alacaq maneələrin mövcudluğu barədə müvafiq dəlillər təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, bu arqument iddiaçıların haqlı tələblərinin təmin edilməməsi üçün əsas qismində çıxış edə bilməz.

38. Məhkəmə mübahisəli mənzildən istifadə qaydalarının müəyyən olunmasına dair məsələyə münasibətdə isə qeyd edir ki, yaşayış sahəsinin konkret bir hissəsinə (otağına) köçürülmə tələbi mənzildən istifadə qaydasının müəyyən edilməsi haqqında iddianı da özündə ehtiva edir. Başqa sözlə, əgər iddiaçı mübahisəli mənzilə köçürülməklə yanaşı, köçürüldükdən sonra yaşayış sahəsinin konkret bir hissəsinin istifadə üçün yalnız ona və ailə üzvlərinə ayrılmasını tələb edirsə, məhkəmə köçürülmə tələbindən əlavə mənzildən istifadə qaydasını da müəyyən etməlidir.

39. Belə ki, istifadə qaydasının müəyyən olunması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bu institut daha çox paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı münasibətlərdə ortaya çıxır. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsində paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadənin onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.

40. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni məhkəmə həll etməlidir. O da nəzərə alınmalıdır ki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə alınmaması məhkəmənin həmin mübahisəni həll etməkdən imtina etməsinə əsas ola bilməz.

41. Bu baxımdan hazırkı işdə məhkəmələr iddiaçının mübahisə predmeti olan mənzildə yaşamaq hüququnu tanıdığı və onu evə köçürdüyü halda, əgər kimin hansı sahədən və hansı qaydada istifadə edəcəyi ilə bağlı fikir ayrılığı mövcuddursa, bu mübahisəni anlogiya qaydasında Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri çərçivəsində həll etməsi üçün hüquqi maneə yoxdur.

42. Birinci instansiya məhkəməsi də bu qaydaların müəyyən edilməsinin mümkünlüyü baxımından müvafiq ekspertiza təyin etmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1246 saylı xx.xx.2026-ci il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38.3 kv.metr olan mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giris- ÇİXİŞ yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkiblərində olan kommunal xidmetli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnsaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, ev 38-də yerləşən 3 otaqlı, sahəsi 38.3 kv.metr olan mənzilin naturada bölgüsü nəzərə alınmadan, mənzilin tərkibində olan kommunal xidmət sahələrinin (mətbəx, dəhliz və sanitar qovşağı) ümumi istifadədə saxlanılmaqla, iddiaçı və cavabdehin istifadəsi mümkündür.

43. Beləliklə, işə baxan məhkəmə haqlı olaraq ekspert rəyini və qanunvericiliyin bu barədə olan tələblərini nəzərə almaqla iddianı qismən təmin etmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 147/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar