Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6886/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsinə və sair” tələbinə dair 2(001)-1732/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxsinə qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmış və İİ qrup əlildir. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18.01.2019-cu il tarixli, 480 №-li Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04.06.2019-cu il tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun məşğulluq sahəsində dövlətin vəzifələri barədə 8-ci maddəsinin 8.03-ci bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda qeyd olunan Fərmanın icrasının ƏƏSMN tərəfindən guya gerçəkləşdirildiyi vaxt onu 29.03.2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) öz xahişi ilə həmin tarixdən işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Elə həmin tarixdən də ona ƏƏSMN-in tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada işlə təmin olunmasına dair X1 adına ərizə yazdırmışlar. 29.03.2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan onun öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 29.03.2020-ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 29.06.2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar o, yenə evdə olduğuna görə işə çağırılıb işdən azad olunduğu ona şifahi olaraq bildirmişdir. İşdən azad olunduğu gün ona bu barədə bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02.07.2020-ci il tarixdə ƏƏSM X4 kollektiv müraciət etmişlər. Belə ki, onunla birlikdə 12 nəfər işdən eyni qaydada azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı 20.03.2020-ci il tarixli, 01/411 №-li sənədə uyğun olaraq pandemiya şəraitində işçilərin orta əmək haqlarının ETTM-də saxlanılması və həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, ona məcburi ərizə yazdıraraq yeni yaradılan Observatoriyada e-sosial portaldan verilən çıxarışa əsasən 30.03.2020-ci il tarixdən, 30.06.2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 saylı əmək müqaviləsini bağlamaqda məqsədi ona məlum deyildir. O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi öz xahişi ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ona 3 ay fəaliyyət göstərməsinə baxmayaraq əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən Observatoriya tərəfindən öncədən pozulmuşdur. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi məlum deyildir. O, cavabdehin hazırki əməlləri nəticəsində əmək kitabçasını əldə edə bilməmişdir. Son haqq-hesab olaraq ona 142 manat ödənilmişdir. Onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanması özlüyündə qanun pozuntusudur. Belə ki, onun vəzifə səlahiyyətləri müddətli xarakter daşımır. Həmçinin cavabdeh tərəfindən ayrı seçkiliyə yol verilmişdir. Belə ki, köhnə işçilərin əksəriyyəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq daha sonra müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilmişdir. Bu halı onun yeni iş yerində faktiki olaraq cəmi 15-20 gün işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi bir daha təsdiq edir. İşdən azad olunduqdan sonra işəgötürən ona başqa iş təklif etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin 30.06.2020-ci il tarixli **********8 saylı əmrin ləğv edilməsi, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış 30.03.2020-ci il tarixli əmək müqaviləsi müddətli bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Milli Observatoriya publik hüquqi şəxs üzrə 30.06.2020-ci il tarixli, **********8 saylı əmrə əsasən İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi İddiaçı 30.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə olmuşdur.Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər.Başqa sözlə Əmək qanunvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasım təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi).Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir.Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə faktiki olaraq iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir.Göründüyü kimi məhkəmə maddi hüquq normalarını pozaraq və səhv təfsir edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsi qənaətinə gəlmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla əmək müqaviləsinin 3 ay müddətə bağlanılması ilə bağlı olan şərtinin, yəni 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin nəticə etibarilə etibarsız hesab edilməsi və bununla da iddiaçının ayrı-seçkiliyə məruz qalması qənaətinə gəlmiş və faktiki olaraq onun doğurduğu hüquqi nəticələrin ləğvi barədə qətnamə qəbul etmişdir. Mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin müddəalarını iddiaçının ayrı- seçkiliyə məruz qalması əsası ilə etibarsız hesab etmiş, bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı əvvəl işlədiyi Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat Mərkəzindən öz ərizəsi ilə işdən azad edilərək yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxsdə İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bununla bağlı 30 mart 2020-ci ildə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və işçinin 30 mart 2020-ci il tarixdən işə başlaması göstərilmişdir. 3 aydan sonra, yəni 30 iyun 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Baxılan işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 1732/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya" Publik hüquqi şəxsinə qarşı “işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işburaxma müddətinə görə əmək haqqının ödənilməsibarədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6886/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6886/2021
28.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver