Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-689/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh ASC-nin nümyəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın Müşahidə Şurasının iclasının xx.xx.2018-ci il tarixli qərarının (Protokol 25/18) və onun əsasında verilən Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli, 154-K nömrəli əmrinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-nin X2 Kadr inzibatçılığı şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə orta əmək haqqının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş günlərinin əmək haqqının və 300 manat vəkil xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 2012-ci il tarixdə Departamentin insan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə qəbul olunmuş, 2015-ci ildə isə həmin şöbədə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 2018-ci ilin yanvar ayında Cəmiyyətdə kadr islahatı aparılmışdır. İslahatın aparılması nəticəsində işlədiyi İnsan resurslarının idarə edilməsi şöbəsindən Kadr inzibatçılığı şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə keçirilməsi təklif olunmuşdur. Ona bildirilmişdir ki, ya ərizə yazıb işdən çıxmalıdır, ya da həmin vəzifəyə keçirilməsinə razılıq verməlidir. Məcburiyyət qarşısında qalaraq aşağı vəzifəyə keçirilməsinə razılıq vermişdir. Lakin ona qarşı təzyiqlər bir müddətdən sonra yenidən başlanmışdır. 2018-ci ilin 6 ayında iki dəfə Cəmiyyətdə kadr islahatları aparılmış, köhnə işçilər işdən azad edilmiş və ya aşağı işlərə keçirilmiş, onların əvəzinə yeni işçilər işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə ona əmək müqaviləsinə xitam verilməsi barədə könüllü ərizə yazmasını bildirmişdirlər. ASC-nin baş icraçı direktoru Samir Şirinova müraciət edərək, nikahının pozulduğunu, himayəsində əkiz 2014-cü il təvəllüdlü qız uşaqları və pensiyaçı valideyinləri olduğu üçün ərizə yazaraq işdən çıxması barədə tələblərinə son qoyulmasını xahiş etmişdir. Cavabdeh bildiriş xəbərdarlıq məktubunu ona təqdim etmişdir. Bildirişdə işlədiyi şöbədə aparıcı mütəxəssis ştatının ixtisar edildiyi göstərilirdi. Bildiriş-xəbərdarlıq Cəmiyyətin müşahidə şurasının xx.xx.2018-ci il tarixli qərarına əsaslanmışdır. Cavabdeh boşanması ilə maraqlanmağa başlamış və məhkəmə qətnaməsini tələb etdikdə rəsmi qaydada qətnaməni xx.xx.2018-ci il tarixdə göndərmişdir. Elə həmin gün də əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. 2018-ci ilin iyul ayının sonlarında işlədiyi şöbəyə təlim üzrə menecer vəzifəsi ilə işçi qəbul edilmişdir ki, o da onun gördüyü işləri yerinə yetirir. Həmçinin, şöbədə mütəxəssis və baş mütəxəssis ştatları mövcuddur. Lakin nədənsə ondan aşağı vəzifə olan mütəxəssis ştatı deyil, qanunsuz olaraq onun işlədiyi aparıcı mütəxəssis ştatı ixtisar olunmuşdur. Əmək müqaviləsinə xitam verilən vaxt əmək qabiliyyətsiz olmuşdur. Əmr xx.xx.2018-ci il tarixdə verilsə də, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Əmr verilən vaxt bronxlarına güclü soyuq dəydiyi üçün əmək qabiliyyətini müvəqqəti itirdiyi səbəbindən bülletendə olmuşdur ki, cavabdeh bu müddətdə onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilməzdi. Lakin xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam vermiş cavabdeh öz qanunsuz hərəkətlərini ört basdır etmək üçün xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinə hədə-qorxu və böhtan dolu məktubla müraciət edərək guya ki, sağlam olduğu halda ona yalandan bülleten verilmişdir. xx.xx.2018-ci il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi məhkəmədə mübahisələndirilən xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli yeni əmr təqdim etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi əmrin ləğvi üçün əsas ixtisara salınması barədə Müşahidə Şurasının xx.xx.2018-ci il tarixli qərarı (protokol 25/18) deyil, sadəcə həmin vaxt əmək qabiliyyətinin müvəqqəti itirilməsi olmuşdur. Yuxarıda göstərilən müqavilə elektron informasiya sisteminə daxil edilməmişdir. Əlavə olaraq, xx.xx.2018-ci il tarixli əmrin özündə də səhvlər var. Əmr məhkəmədən daxil olan məlumatın əsasında verilmişdir. Bundan əlavə, işlə əlaqədar keçirdiyi streslə və azyaşlı qızının xəstəliyi ilə bağlı xəstəxanada olarkən xx.xx.2018-ci il tarixdə ona işə çatması barədə cavabdeh tərəfindən bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixdə həkim müayinəsində olmuşdur və həmin vaxt qızı xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə işə çıxan zaman müalicə ilə bağlı sənədləri və nikahın pozulması barədə şəhadətnaməni şəxsən təqdim etmək istəyəndə qəbul etməmişdilər. Günün sonunda isə işdən çıxma barədə xx.xx.2018-ci il tarixli əmr təqdim edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilən “yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmayan uşağını təkbaşına böyüdən işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır" tələbi cavabdeh tərəfindən pozulmuşdur. xx.xx.2018-ci il tarixli əmrlə işdən azad olması və xx.xx.2018-ci il tarixədək son haqq-hesabın ödənilməsi göstərmişdir. Lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş günlərinin hesabı qanunsuz olaraq ödənilməmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmnin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxan zaman yaranmış mübahisənin həlli üçün Əmək Məcəlləsinin 78, 79 və 71-ci maddələrini tətbiq etməli idi. Lakin yuxarıda göstərilən normaların tətbiq edilməməsi qanunsuz məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur.Cavabdeh verdiyi Bildiriş-Xəbərdarlıq məktubunda göstərir ki, ixtisasına uyğun başqa iş olmadığı üçün işdən çıxarılmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixdəşöbəyə yeni işçi qəbul edir, həmin işçi də onun yerinə yetirdiyi işi icra edir.Bundan əlavə, xx xxxx 2018-ci il tarixli qərardan sonra xx xxxxxx 2018-ci il tarixə kimi 66 nəfər işçi işə qəbul edilmişdir.Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi bu maddə ilə qadağan edilmişdir.Xəstəliyi ilə əlaqədar aldığıXəstəlik vərəqəsi Cavabdeh tərəfindən mübahisələndirilməmiş, əksinə həmin vərəqə iləbağlı ödəniş edilmişdir. Məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsinin surətindən onun doldurularaq möhürlə təsdiq edildiyi görünür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etmiş, iddia tələbinə və apellyasiya şikayətinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 1-ci instansiya məhkəməsi araşdırma zamanı DSMFna sorğu vermiş, alınan məlumata əsasən yalnız İddiaçı işçilərin sayının ixtisarı əsası ilə işdən çıxarılmışdır. İşçilərin sayı azalması ilə işdən çıxarılan şəxsə hər hansı başqa bir iş təklif edilməli idi. Digər tərəfdən iddiaçının azyaşlı uşağının olması nəzərə alınmamışdır. Attestasiya zamanı iddiaçı hamilə olduğu üçün iştirak edə bilməyib. Əslində bankda heç bir ixtisar aparılmamışdır. İddiaçı işdən çıxarıldıqdan sonra çoxsaylı işçilər işə qəbul edilmişlər. Bu hal onu təsdiq edir ki, cavabdeh təşkilat iddiaçını ixtisar adı ilə qanunsuz olaraq işdən çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümyəndəsi X11 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, bankda həmkarlar ittifaqı ümumiyyətlə fəaliyyət göstərmir. Kassasiya məhkəməsinin şablon dəlillərinin yoxlanmasına zərurət yoxdur. Bankın yenidən 60 nəfəri işə götürməsi tamamilə əsassızdır. Bankda əsaslı ixtisar aparılmasına dair 1-ci instansiya məhkəməsinə müvafiq sənədlər təqdim edilmişdir. Ali Məhkəmə işə baxarkən qeyd olunan məlumatları hansı əsaslarla şübhə altına alması aydın deyil. Bununla bağlı rəsmi arayışı bir daha təqdim edirlər. İşçilərin ştatı iki dəfədən çox ixtisara salınmışdır. İddiaçının peşəkarlığı ən ağağı qiymətləndirilmişdir. Keçirilmiş testlərdə iddiaçı imtahan cədvəlinə əsasən ən az bal toplayan namizəd olmuş, növbəti iki atestatsiyaya girməkdən yayınmışdır. İddiaçı işdən çıxarılmasını əngəlləmək üçün saxta yolla nikahını pozmuşdur. Tez-tələsik nikahı pozmuş, həmin gün qətnaməni gətirib banka təqdim etmiş, uşaqların saxlanması və kimin yanında qalması ilə bağlı mübahisə açmamış və məhkəmə proseslərində boşandığı əri vəkil kimi onu təmsil etmişdir. Hazırda da, boşandığı əri onu vəkil və nümayəndə kimi təmsil edir. Hər şeyin açıq-aşkar göründüyü halda fakta başqa cür qiymət verilməsi qanunsuz və əsassızdır. MKİS-dən alınmış arayış təsdiq edir ki, iddiaçı hazırda da əri ilə birlikdə yaşayır. Ona görə onların boşanması saxtadır. Ali Məhkəmənin göstərişi əsassızdır, çünki ştatlar ixtisar olunmuşdur. Ali Məhkəmə qərarında bildirmişdir ki, işçilər ixtisarla çıxarılanda onların arasında müvafiq müsahibə və attestasiya olunur və ən yaxşı nailiyyət əldə etmiş işçi saxlanılır. İddiaçı isə bank tərəfindən keçirilən 2 dəfə attestasiyaya gəlməmişdir. İxtisar nəticəsində 658 işçidən 266 işçi qalmışdır. İddiaçı ilk dəfə attestasiyaya gəlməmişdir və bildirmişdir ki, hamilədir. Lakin sonra onun özü hamilə olmadığını bildirmişdir. İxtisarlardan sonra işə işçilər qəbul edilməsi istisna deyil. Banka xadimə, texniki işçilər və.s. belə işçilər götürülə bilər. Bu işçilərə həmişə ehtiyac olur. Amma iddiaçıya belə iş təklif oluna bilməz. İddiaçı işdən çıxarıldıqdan sonra idarə hansısa işləri görəməyə işçi götürməsi ixtisarın formal olması qənaətinə gəlməyə əsas vermir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: "Cavabdeh" ASC-nin Müşahidə Şurasının xx.xx.2018-ci il tarixli iclasının 25/18 saylı protokolundan çıxarışın surətindən görünür ki, ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələnin müzakirəsindən sonra X10 ştat cədvəlində “Kadr inzibatçılığı şöbəsi” bölməsində “kiçik mütəxəssis” və "aparıcı mütəxəssis”, “İnsan resurslarının idarə olunması şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis” ştatlarının ixtisar edilməsini, ixtisar olunan vəzifələrdə çalışan işçilərin sayının və ştatının ixtisar edilməsini, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə xəbərdarlıq edilmələrini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təminatların həyata keçirilməsi üçün qanunla nəzərdə tutulan tədbirlərin görülməsini qərara almışdır. xx.xx.2018-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı işçilərin sayı və ştatının ixtisar edilməsi barədə xx.xx.2018-ci il tarixli Müşahidə Şurasının qərarı əsasında tutduğu “X2 Kadr inzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə ştatının ixtisar edilməsi barədə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsində tələb olunan müddətlər gözlənilməklə, 9 həftə əvvəldən rəsmi xəbərdarlıq edilmiş, Bankda ixtisasına uyğun vakansiya olmadığına görə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayının azaldılması) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi, Xəbərdarlıq müddəti ərzində əmək qanunvericiliyinə görə iş axtarmağa imkan yaradılması məqsədi ilə hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və işə gəlməməyə haqqının olması bildirilmiş, həmçinin, xəbərdarlıq müddəti əvəzinə orta ayhq əməkhaqqının 2 misli məbləğini birdəfəlik ödəməklə, əmək müqaviləsinə yuxarıda göstərilən əsasla dərhal xitam verilməsinə razılıq verməsi təklif edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, bankın X2 Kadr inzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (ştatların ixtisar edilməsi) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. xx.xx.2018-ci il tarixdə saat 08:01-də İddiaçı 10 saylı poliklinikaya səbəbi soyuqdəymə göstərilməklə sahə həkimini evə çağırış etmişdir. Sahə həkimi Hüseynova Sevinc həmin çağırışda olmuş, vətəndaş İddiaçı müayinə edərək “Praktiki sağlam” hesab etmişdir. Həmin tarixdən hazırki dövrə qədər 10 saylı poliklinika tərəfindən vətəndaş İddiaçı hər hansı bir xəstəliklə əlaqədar xəstəlik vərəqəsi verilməmişdir. 27 saylı Poliklinika tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kəskin bronxit və fəsadları diaqnozu ilə ambulator müalicə almışdır və işə başlama tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair Əmrin əmək qabiliyyətini müvəqqəti itirilməsi barədə xəstəlik vərəqinin olması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olan məlumat əsasında ləğv edilməsi barədə məlumatlandırılmış, xx.xx.2018-ci il tarixindən etibarən Cavabdeh ASC-nin İnsan Resursları departamentində vəzifəsinin icrasına başlaması xahiş olunmuşdur. K.Y.Fərəcova adına X1 Yoluxucu Xəstəliklər şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı diareya sindromu diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yataq rejimində müalicə almışdır və işə başlama tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Bülleten müvafiq qaydada təsdiq olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək tərəflər arasındakı xx.xx.2013-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və X6 analarının yanında saxlanılması qət edilmişdir. Məhkəmə iclasında İddiaçı uşaqların saxlanılma xərcləri ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu bildirmişdir. Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli əmrinin surətindən görünür ki, X2 Kadr İnzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2018-ci il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Maliyyə departamentinə tapşırılmışdır ki, əmək qanunvericiliyinə uyğun olaraq işçiyə son haqq-hesabın ödənilməsini təmin etsin. xx.xx.2018-ci il tarixli əmrin 2.1ci bəndi ləğv edilmişdir. Elektron sistemdə düzəliş edilməsi üçün İR departamenti tərəfindən DSMF yanında Əmək müfəttişliyinə müraciət olunması və müraciətin nəticəsində aparılan düzəliş barədə Əmək kitabçasında düzəliş edilməsi əmr olunmuşdur. Cavabdeh ASC-nin Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, bankın X2 Kadr inzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən xitam verildiyi, İddiaçı xx.xx.2018-ci il tarixinə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi təqdim etdiyindən “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyi, sözügedən işçi ilə əmək müqaviləsinə yenidən xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən xitam verildiyi bildirilmiş, göstərilənlər nəzərə alınaraq, işçi İddiaçı xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilərək, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin xx.xx.2018-ci il tarixindən qeydiyyata alınmasında köməklik edilməsi xahiş olunmuşdur və ərizə müvafiq qurum tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilmiş İddiaçı adına “Cavabdeh" ASC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlardan görünür ki, xx.xx.2015-ci il tarixli müqaviləyə xitam verilməsi barədə məlumat xx.xx.2018-ci il tarixdə sistemə işlənmişdir. “Cavabdeh" ASC tərəfindən təqdim edilmiş bankda ştatların və işçilərin sayı, dəyişmə dinamikası, bankın X2 ştat cədvəli barədə məlumatlardan görünür ki, xx.xx.2018ci il tarixə ştat sayı 658, işçi sayı 290 nəfər, xx.xx.2018-ci il tarixə ştat sayı 266, işçi sayı 274 nəfər təşkil etmişdir. Bankın İnsan resursları departamentində “kiçik mütəxəssis” və "aparıcı mütəxəssis” ştatları ixtisar edilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: xx.xx.2018-ci il tarixli əmrlə İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (ştatların ixtisar edilməsi) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək qabiliyyətli olmamış və işə başlama tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Buna görə də xx.xx.2018-ci il tarixli əmr ləğv edilmiş və xx.xx.2018-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdən görünür ki, X2 Kadr İnzibatçılığı şöbəsinin aparıcı mütəxəssisi İddiaçı xx.xx.2018-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan hallar təsdiq edir ki, əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin əmək qabiliyyətli olmaması nəzərə alınmış, buna görə də birinci əmr ləğv olunmuş, onunla əmək münasibətlərinə əmək qabiliyyətli hesab edildiyi gündən xitam verilmişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə əmək qabiliyyətini itirmiş olması barədə dəlili əsassızdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, “yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmayan uşağını təkbaşına böyüdən işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı qeyd olunan normaya istinad edərək, bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən, əri ilə aralarında olan nikah ləğv edilmiş və iki azyaşlı uşağının onun yanında saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı normanın tələbləri uşağı təkbaşına böyüdən işçilərə münasibətdədir. Lakin qətnamədən də görünür ki, İddiaçı uşaqların saxlanılma xərcləri ilə bağlı iddiaçı ilə aralarında razılaşma olduğunu bildirmişdir. İddiaçının öhdəsində uşaqların olmasına istinad edən kassasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə istinad edərək, məhkəməsinin qeyd olunan maddənin tələbləri baxımından heç bir araşdırma aparmadığını qeyd etmişdir. Həmin bənddə göstərilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanılmasına üstünlük verir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Qeyd olunan maddi hüquq norması işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçilərin işdə saxlanılması imkanının araşdırılması vəzifəsini nəzərdə tutur. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli işçilərin qiymətləndirilməsi barədə aktdan görünür ki, 150 ballıq qiymətləndirmə üzrə orta uğur balı ən azı 50 faiz (75 bal) olmasına baxmayaraq iddiaçı həmin səviyyəyə çatmamış, cəmi 22 (təxmini 15 faiz) bal toplamışdır. Bundan başqa, iş yerində iki dəfə atestasiya keçirilmiş, birinci atestasiya zamanı hamilə olması ilə əlaqədar iştirak edə bilmədiyini bildirmişdir (bu hal hər iki tərəfin izahatları ilə təsdiq olunur). Digər atestasiya zamanı iştirak edə bilməməsi səbəbləri məlum deyil. Məkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə işəgötürən iddiaçının iş təcrübəsinin, peşəkarlıq səviyyəsinin müəyyən etmək məqsədi ilə müəyyən tədbirlər görmüş, lakin onun iş təcrübəsinin, peşəkarlıq səviyyəsinin yüksək olduğunu təsdiq edən heç bir hal aşkar olunmamışdır. Bundan başqa, işçinin ali təhsilli olması, ixtisası üzrə 7 illik iş stajına malik olması özlüyündə peşəkarlıq səviyyəsinin yüksək olması demək deyil. Bu hallar yalnız müvafiq prosedur yoxlamalarının nəticələrində öz təsdiqini tapmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tutduğu vəzifə ixtisar olunduğu üçün onun şirkətdə işləyən digər işçilərdən daha peşəkar olması ilə bağlı dəyərləndirmə aparılmasına zərurət yoxdur. Çünki ixtisar məhz iddiaçının vəzifəsinə şamil edilmişdir. Kassasiya instansiyası qərarda qeyd etmişdir ki, Müşahidə Şurasının xx xxxx 2018ci il tarixli, 25/18 saylı protokol-qərarının əsaslılığı, cavabdeh təşkilatda işlərin həcminin azalıb-azalmaması, işçilərin sayını və ya ştatların ixtisarını zəruri edən halların olubolmaması tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə "Cavabdeh" ASC-nin Müşahidə Şurasında ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələ müzakirə edilmiş, nəticədə “Kadr inzibatçılığı şöbəsi” bölməsində “kiçik mütəxəssis” və "aparıcı mütəxəssis”, “İnsan resurslarının idarə olunması şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis” ştatlarının ixtisar edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən əmək qanunvericiliyinə əsasən ona verilmiş hüquqdan istifadə edərək, işçilərin sayının ixtisarını, ştatları, struktur bölmələrini ləğv edə bilər (ƏM 11-ci maddəsinin “ə” bəndi). Eyni zamanda işçilərin sayını və ya ştatların ixtisarını zəruri edən halların müəyyənləşdirilməsinin əhəmiyyəti yoxdur. Çünki işçilərin sayının və ya ştatların ixtisarını həyata keçirmək işəgötürənin hüququdur. Hazırkı halda ixtisarın həqiqi olması əhəmiyyət kəsb edir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, ştat cədvəlində dəyişiklik edilməsi barədə qərar qəbul edildikdən sonra işçilər ilə bağlanmış çoxsaylı əmək müqavilələrinə xitam verilmişdir. Həmçinin, müəssəyə yeni işçilərin götürülməsi faktı da özlüyündə ixtisarın həqiqi olmaması nəticəsinə gəlməyə əsas vermir. Çünki müəssədə yalnız kadr inzibatçılığı şöbəsi bölməsində kiçik mütəxəssis və aparıcı mütəxəssis, insan resurslarının idarə olunması şöbəsi bölməsində isə kiçik mütəxəssis və aparıcı mütəxəssis ştatları ixtisar olunmuşdur. Yeni işçilərin isə məhz həmin vəzifələrə götürülməsi təsdiq olunmur. Bundan başqa, işəgötürən qanunda nəzərdə tutulmuş digər tədbirləri görmüş, işçiyə 9 həftə əvvəldən rəsmi xəbərdarlıq edilmiş, xəbərdarlıq müddəti ərzində əmək qanunvericiliyinə görə iş axtarmağa imkan yaradılması məqsədi ilə hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və işə gəlməməyə haqqının olması bildirilmiş, həmçinin, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli məbləğini birdəfəlik ödəməklə, əmək müqaviləsinə dərhal xitam verilməsinə razılıq verməsi təklif edilmişdir. Həmçinin müəssədə həmkarlar ittifaqı təşkilatı mövcud olmadığı üçün əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən həmkarlar ittifaqının razılığının alınmasına zərurət olmamışdır. Belə ki, təqdim olunmuş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, müəssədə həmkarlar itifaqı fəaliyyət göstərmir və iddiaçı heç bir həmkarlar ittifaqının üzvü deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının öhdəsində azyaşlı uşaqlarının olması və onlara təkbaşına qulluq göstərilməsi ilə bağlı halların mövcudluğuna işəgötürən tərəfindən qiymət verilməməsi ilə əlaqədar kassasiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd edir ki, subyektiv hüquqların reallaşması elə şəkildə həyata keçirilməlidir ki, bu başqa şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya maneçilik törədilməsi ilə nəticələnməsin. İddiaçının özünün işdən çıxarılmasını əngəlləmək üçün qanunla verilmiş hüquqlardan sui-istifadə etməsi açıq-aşkardır. Aşkar olan və ağlabatan mühakimə ilə hamıya aydın olan halları fərqli qiymətləndirmək ədalət mühakiməsinin məqsədlərinə ziddir. İşdən görünür ki, iddiaçıya ixtisarla bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ləğv ediləcəyi barədə bildiriş-xəbərdarlıq edildikdən növbəti gün dərhal sonra xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsinin alınması, elə dərhal sonra nikahın pozulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması, məhkəmə qətnaməsi çıxan günədək xəstəliklə bağlı bülletenin uzadılması, qətnamə çıxan gün xx.xx.2018-ci il tarixdə artıq hazır qətnamənin işəgötürənə təqdim edilməsi, nikah pozularkən uşaqların kimin yanında qalması ilə bağlı mübahisənin olmaması, uşaqların ananın yanında qalması, alimentlə bağlı müahisə açılmaması, nikah pozulduqdan sonra da keçmiş əri ilə birlikdə yaşamaqda davam etməsi (1 saylı mənzil kommunal istismar idarəsi tərəfinbdən verilmiş xx.xx.2018-ci il tarixli arayışla təsdiq olunur), keçmiş əri Ziya Qənbərovun məhkəmə iclaslarında, kassasiya və apellyasiya instansiyasında iddiaçını təmsil etməsi yuxarıda qeyd olunan qənaətdən fərqli nəticəyə gəlməyi istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kolegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-689/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-689/2020
13.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver