Məhkəmə qərarları › İş №2(103)-689/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-689/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-689/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5235/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 867/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payı müəyyən edilməsi, iddiaçı X3 ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə köçürülməsi qət edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7602/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Aslanova (Həmzəyeva) Ayşən Fərhad qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4821/2018 nömrəli qətnaməsi qisməniddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Aslanova (Həmzəyeva) Ayşən Fəhrad qızının ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə ½ hissədə pay hüququ tanınmışdır.

3. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 48/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilin paylara mütənasib bölünməsi, bu mümkun olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi barədə iddiası təmin edilməmişdir.

4. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilinə dair ½ hissədə payını İddiaçı 100000 manat həddində qiymətləndirir və bu məbləğdə vəsait ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından imtina oluna bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı – tərəflərin birgə paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 107 saylı mənzilinə dair paylı mülkiyyətçi kimi paylarının hər kəsə öz payına mütənasib qaydada bölünməsi mümkün olmadığından mənzilinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhvə yol verilərək ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilin 4 otaqlı olması qeyd olunduğunu, göstərilən hissədə “4 otaqlı” ifadəsini nəzərə almamağı xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payının müəyyən edilməsi və iddiaçı X2 Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 27 saylı evin 107 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7602/2019 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni güvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payının müəyyən edilməsi qət edildiyindən, lakin iddiaçının öz mülkiyyət hüququndan istifadə edə bilməsi faktiki olaraq qeyri-mümkün olduğundan mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi ilə bağlı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin e- 2(011)-48/2021 saylı mülki iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2868 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin paylarına uyğun ½ hissədə real bölünməsi İnşaat norma qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(011)-48/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5235/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzil açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilin satılmasından əldə edilən vəsaitin İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.6, 221-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilinə dair ½ hissədə payını İddiaçı 100000 manat həddində qiymətləndirir və bu məbləğdə vəsait ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından imtina oluna bilər. İddiaçının mövqeyinə görə mübahisə predmetini təşkil edən evin dəyəri 200.000 manat təşkil edir və iddiaçı həmin evdə payından imtina edilməsi müqabilində 100.000 manat tələb edir. Lakin, həmin məbləğ və təklif real deyil. Eyni məbləğin ona ödənilməsi müqabilində cavabdeh də ümumi mülkiyyətdə olan payından imtina edə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 220.3 paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

15. Maddə 220.6 bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

16. Maddə 221 ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5235/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payının müəyyən edilməsi və iddiaçı X2 Bakı şəhəri Xətai rayonu Neapol küçəsində yerləşən 27 saylı evin 107 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7602/2019 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 867/2018 nömrəli 25 yanvar 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 107 saylı mənzildə X2 ½ hissədə payının müəyyən edilməsi qət edildiyindən, lakin iddiaçının öz mülkiyyət hüququndan istifadə edə bilməsi faktiki olaraq qeyri-mümkün olduğundan mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi ilə bağlı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(011)-48/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur.

28. Həmin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 48/2021 saylı mülki iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2868 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin paylarına uyğun ½ hissədə real bölünməsi İnşaat norma qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7 və 2.9cu bəndlərinin və metodik tövsiyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

29. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmlakda paylar müyyən edilmiş və mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Hazırda payın həcmi ilə bağlı mübahisə yoxdur.

30. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur.

31. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3- cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5235/2022 saylı 10 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar