Məhkəmə qərarları › İş №2(103)-689/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-689/2024

09.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-689/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” PHŞ-ya qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” PHŞ-ya qarşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3436/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 03 fevral 2014-cü il tarixli və 18 dekabr 2019-cu il tarixli sertifikasiya şəhadətnamələrinə əsasən İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

2. 30 iyun 2015-ci il tarixli fəxri fərmana əsasən İddiaçı 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

3. Xasiyyətnaməyə əsasən iddiaçının cavabdeh PHŞ-da əmək fəaliyyəti dövründə üzərinə düşən vəzifələrin icrası ilə bağlı yol verdiyi nöqsanlar sadalanmışdır.

4. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın 05 mart 2022-ci il tarixli 690-k saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, qutunun olmadığının aşkar edilməməsi səbəbindən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətlə töhmət verilmişdir. Əmrə akt və izahat əlavə olunmuşdur.

5. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın 17 yanvar 2023-cü il tarixli 108 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdə 21/09 iş növbəsində 15 saylı bölmənin təcili və X4 üzrə həkimi İddiaçı çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmamış və iş növbəsi bitdikdən sonra bölməni tərk etmişdir. Bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etmişdir. Bu barədə bölmədə akt tərtib edilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Əmrə inzibati tənbeh verilməsi haqqında təqdimatlar, akt, tibb bacılarının izahatları əlavə olunmuşdur.

6. X9 tərəfindən yazılmış 13 may 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, o, Lökbatan qəsəbəsindən təcili yardım avtomobilində Semaşko adına xəstəxanaya aparılmış, xəstəxanada ona gec baxılmış, təcili tibbi yardım şöbəsində işləyən həkimə 20 manat, sürücüyə 10 manat pul vermişdir, həmin pulların ona geri qaytarılmasını istəyir.

7. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın direktoru vəzifəsini müvəqqəti icra edən X1 həmin PHŞ-nın HİK-in sədri Hikmət Əhmədova yazdığı təqdimatda göstərilmişdir ki, 15 saylı bölmənin təcili və X4 üzrə həkimi İddiaçı iş fəaliyyətində dəfələrlə səhlənkarlıq edərək ciddi nöqsanlara yol vermişdir. Belə ki, 18 saylı bölmədə işləyərkən xx.xx.2017-ci il tarixdə saat 22:35-də Zirə qəsəbəsində 23 yaşlı X3 «hal pis» səbəbi ilə çağırışını yerinə yetirəndə səhlənkarlıq etmiş, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, cərrahi patalogiyanı inkar etməmiş, valideynlərin hospitalizasiya tələbini nəzərə almadan ünvanı tərk etmişdir. Saat 00:15 radələrində həkim İddiaçı həmin ünvanda xəstənin meyitini aşkar etmişdir. Xəstənin anası Məleykə Mayılova həkim S.Abbasovu qızının ölümündə günahlandırmış və işdən çıxarılmasını tələb etmişdir. Hadisə ilə bağlı TTYS Həkimlərin Məsləhət Komissiyası iclasında S.Abbasovun iştirakı ilə məsələyə baxılmış, sənədlər Bakı Baş Səhiyyə İdarəsinə təqdim edilmişdir. Mərhumənin anası müxtəlif mətbuat xidmətləri və televiziya kanallarına hadisə ilə bağlı müraciət etmiş və hadisə işıqlandırılmışdır. Eyni zamanda Xəzər rayon Prokurorluğuna anası şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə S.Abbasova son xəbərdarlıqla «şiddətli töhmət» elan edilərək 15 saylı bölməyə keçirilmiş, praktik fəaliyyətdən kənarlaşdırılaraq kursa göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi Şəfiqə Şərifova 82 yaş «halı pis» səbəbi ilə çağırışı icra edərkən «şəkərli diabet, xroniki ürək çatmamazlığı, aritmiya» diaqnozu qoyub, müvafiq yardım etmədən, yer almadan xəstəni Bakı Sağlamlıq Mərkəzinə hospitalizasiya etmişdir. Hospitalizasiya zamanı səs siqnallarından aramsız istifadə edərək narazılığa və şikayətə səbəb olmuşdur. xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, aşkar olunmuşdur ki, qutu yoxdur. Həkim qutunu harada itirdiyini xatırlamadığını bildirmişdir. İtirilən 2 saylı qutuda olan dərman preparatları qeyd olunmuşdur. Bölmə müdiri tərəfindən akt tərtib edilərək 10 saylı Polis Bölməsinə məlumat verilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən son xəbərdarlıqla «şiddətli töhmət» verilmişdir. xx.xx.2022-ci il tarixdə 21/09 növbəsində 15 saylı bölmədə çağırış icrası zamanı həkim İddiaçı dərman tələbnaməsi yazmamış və bölməni tərk etmişdir. Bölmə müdiri izahat yazılmasını tələb etdikdə İddiaçı imtina etmiş, akt tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən «töhmət» verilmişdir. 15 may 2023-cü il tarixdə 00:08-də 15 saylı bölmənin ambulatoriyasına Həsənov Zakir 39 yaş «qarında ağrı» səbəbi ilə müraciət etmişdir. Həkim İddiaçı xəstəyə «kəskin qarın» ağrısı diaqnozu qoyaraq KTM-ə hospitalizasiya etmişdir. Saat 01:40 radələrində Həsənov Zakir «103» xidmətinə gələrək təcili yardım həkimi və sürücüsünə pul verdiyini bildirib (30 manat), pulun geri qaytarılmasını tələb etmişdir. Çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq həkim İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə, vəzifə səlahiyyətlərini aşdığına görə – vətəndaşdan pul aldığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə istinad edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.

8. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın 15 may 2023-cü il tarixli 577 saylı iclas protokoluna əsasən İddiaçı barədə təqdimat ətraflı şəkildə müzakirə edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

9. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın 16 may 2023-cü il tarixli PHŞ-6-96/3-1- 2204/2023 saylı əmrinə əsasən həmin PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı ilə bağlanmış 2652 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, işçiyə son haqq-hesabın, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi barədə göstəriş yer almışdır. Əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X1 təqdimatı, HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli PHŞ-6-96/3-1- 2204/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Təcili və Təxirə salınmaz X8 müxtəlif bölmələrində həkim vəzifəsində çalışmışdır. 2014 və 2019-cu illərdə müvafiq olaraq sertifikasiyadan keçmişdir və bu barədə ona şəhadətnamələr verilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Naziri O.Şirəliyevin 69-k nömrəli əmrinə əsasən 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə fəxri fərmanla təltif edilmişdir. xx.xx.2019-cu il tarixdən isə 2-ci qrup əlildir. Heç bir əsas olmadan «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli əmri ilə «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsi ilə arasında bağlanmış 2652 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, «BŞT TTYS» publik hüquqi şəxsin HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Hesab edir ki, əmrin verilməsi üçün göstərilmiş əsaslar qanunsuzdur, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları pozulmuşdur və həmin əmr ləğv olunmalıdır. Bildirir ki, işlədiyi son bir il ərzində «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsi tərəfindən ona heç bir intizam tənbehi verilməmiş, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməmiş və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamışdır. Lakin «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi 72-ci maddəsinin «ə» bəndinə istinad etmişdir. «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsi tərəfindən işlədiyi son bir il ərzində ondan hər hansı izahat tələb edilməmişdir. Bundan başqa, «Bakı şəhəri Təcili X4 Stansiyası» publik hüquqi şəxsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən yenə də onun izahatı alınmamış, müqaviləyə xitam verilməsinin əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamışdır. Yalnız əmrin verildiyi gün işdə olduğu zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, onlar həkimlə növbədə olduqları gün Zakir Həsənov adlı xəstə yaxınlaşmış və ağrılarının olduğunu bildirmişdir. Onlar isə həmin şəxsi “Covid-19” virusu ilə əlaqədar avtomobilə aparmış və orada qəbul etmişlər. Həkim Abasov onu müayinə etdikdən sonra həmin şəxsi hospitala aparmışlar. Hospitala gedərkən xəstə ona 20 manat məbləğində pul vermiş, o da həmin pulu avtomobilin pəncərəsindən həkim Abasova vermişdir. Xəstəni hospitala yerləşdirdikdən sonra “103” xidmətinin baş həkimi Bayramova zəng edərək xəstədən pul alıb-almadıqlarını soruşmuşdur. Həkim isə pul almadığını bildirmişdir. Sonra onu telefona çağırmışlar. O isə telefonda heç nə danışmamışdır. Daha sonra onları X11 çağırmışlar. Mərkəzə çağırıldıqdan sonra ərizə yazaraq hadisəni olduğu kimi etiraf etmişdir. Bu hadisədən sonra ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişlər.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2023-cü il tarixli 2(006)-3436/2023 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X1 təqdimatının, həm də cavabdehin işçisi Şahid hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı da şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan, başqa sözlə, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə haqlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulması hallarına yol verilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 76, 70 “ç”, 71.2, 71.3, 72 “ə”, 83, 186.1, 186.2, 186.3, 187.1, 187.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, X9 adlı şəxs ümumiyyətlə mövcud deyil, əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. Həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş olunmuş, əvvəl razı olsa da, cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

20. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, şahid ifadəsi mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, şahidin özü də bildirmişdir ki, Qaradağ RPİ 10-cu Polis Bölməsi tərəfindən ona belə ifadə verməsi üçün təzyiqlər olmuşdur.

21. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, “Tərəfləri tanımır. Ərizə onun tərəfindən yazılıb, imzalanmışdır, lakin hansı tarixdə yazdığını xatırlamır. Ərizədə soyadının fərqli yazılmağı göstəriş verilmişdir. Ondan xahiş etmişdilər ki, özünü xəstə kimi göstərsin, həkimin pul alıb-almamasını yoxlasınlar. Ona gizli nömrə ilə zəng vuraraq təlimatları verdilər ki, hansı tarixdə hansı saatda harada olmalıdır. Təlimatlara uyğun hərəkət etmiş, Təcili tibbi yardım stansiyasına getmişdir, maşının içində həkim onu müayinə etmişdir. Təcili yardım maşınında çəkilişi özü etmişdir. X15 gətirilmiş, orada təlimat verilmişdir ki, hay-küy sal, həkimdən şikayətçi ol. Onun həkimlə ünsiyyəti olmamışdır, pulu tibbi bacısına vermişdir. Xahiş edən şəxsin kimliyini açıqlamaq istəmir. Özü taksi sürücüsüdür. Qarşı tərəfi də tanımır. Ona demişdilər ki, həkimə töhmət veriləcək, işdən çıxarılacağını deməmişdilər. Ərizəni hadisə günü, X13 inzibati binasında yazmışdır. Ərizədə özünə aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Məhkəmə prosesində qarşı tərəfdən hər hansı təzyiq olmamışdır. Maşında iddiaçıya iki dəfə pul təklif etsə də o, pulu almamışdır. Onu yaxşı xəstəxanaya yerləşdirilməsini demiş, həkim də narahat olmamasını bildirmişdir. Pulu tibb bacısına vermişdir. Məhkəməyə gəlmək üçün ondan xahiş edən şəxsdən icazə almamışdır. Tibb bacısına verdiyi pulu ondan xahiş edən şəxs vermişdir. Taksi pulu ilə birlikdə cəmi 50 manat pul verilmişdir. MilliÖn vasitəsi ilə kartına köçürmüşlər. Pul təklif etdiyi səs yazısı var. İddiaçı ondan ümumiyyətlə pul istəməmşdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onu şahid qismində dəvət edən olmamışdır. 10-cu Polis bölməsindən ona zəng vurmuşlar ki, iddiaçı ilə bağlı köməklik göstərsin. İddiaçının işdən çıxarıldığını oğlu demişdir. Bu barədə əvvəlki məhkəmə iclasından iki gün əvvəl məlumatı olmuşdur. Cavabdehin nümayəndəsinə polisdən zəng edildiyini bildirmiş, cavabdehin nümayəndəsi də “narahat olma, heç bir problem yoxdur” demişdir.”

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

23. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

25. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir.

27. Maddə 72 «ə» bəndi. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir.

28. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

29. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

30. Maddə 186.2. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

40. Göründüyü kimi iddiaçı dəfələrlə ciddi nöqsanlara yol vermiş, ona bir neçə dəfə intizam tənbehləri verilmişdir.

41. 17.01.2023-cü il tarixli əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozmuşdur.

42. Təqdim edilmiş audiovizual materiallardan görünür ki, Bakı şəhər Təcili və X5 Stansiyasının həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir.

43. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir.

44. İddiaçı Bakı şəhər Təcili və X5 Stansiyası» PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verməklə, həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq, xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir.

45. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, X9 adlı şəxs ümumiyyətlə mövcud deyil, əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. Həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş olunmuş, əvvəl razı olsa da, cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir.

46. Kollegiya tərəfindən X10 şahid qismində dindirilmişdir.

47. İddiaçının qeyd etdiyi kimi şəxsin soyadının fərqli olması müəyyən edilmişdir. Şahid ifadəsində qeyd olunanları başqa şəxsin xahişi ilə göstərilən təlimatlar əsasında həyata keçirdiyini bildirmişdir. Pulu da tibb bacısına verdiyini, sonuncu tərəfindən həkimə ötürüldüyünü qeyd etmişdir.

48. Kollegiya qeyd edir ki, şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsi mübahisəsizdir. Bu hal iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərir. Hadisənin kiminsə “sifarişi” əsasında baş verib-verməməsi isə heç bir əhəmiyyət kəsb etmir, digər tərəfdən, şahid konkret ad çəkməmişdir.

49. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

50. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

51. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

52. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3436/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar