Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-689/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2(010)-2835/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X1 20 fevral 2010-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan 3 uşaqları vardır: 23 sentyabr 2010-cu il təvəllüdlü X2, 25 avqust 2013-cü il təvəllüdlü X3 və 02 mart 2017-ci il təvəllüdlü X6.
2. 13 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən ümumi sahəsi 44 kv.m olan iki otaqlı mənzil hədiyyə verən X7 tərəfindən hədiyyə alan Cavabdeh bağışlanmışdır.
3. 1 saylı Bakı Ərazi İdarəsinin 02 may 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ünvan 2r 2014-cü il tarixli alqı-satqı müqaviləsinə X4 mülkiyyətinə, daha sonra, bağışlama müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir.
4. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024 saylı, 20 iyun 2024- cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr ayından cavabdehlə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V. Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsində yaşamışlar və 2023-cü ilin dekabr ayının 8-də cavabdeh mənzilin kilidini dəyişməklə onu övladları ilə birlikdə yaşadıqları və istifadə etdikləri mübahisəli evdən çıxarmışdır. Cavabdeh onu və uşaqları yaşadıqları mübahisəsi olunan mənzildən çıxarandan sonra hal – hazıra kimi o, valideynlərinin evində müvəqqəti yaşamağa məcbur olmuşdur. Dəfələrlə mübahisəli evə getsə də, cavabdeh onu və uşaqlarını mübahisəli evə daxil olmağa imkan verməmişdir. Bundan başqa uşaqları mübahisəli evin yaxınlığında yerləşən 141 saylı tam orta məktəbdə oxuyurlar.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e- 2(010)-2835/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
9. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixdə nikaha daxil olmuş və qeyd olunan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil 21 oktyabr 2015-ci il tarixdə Cavabdeh mülkiyyətində keçmişdir. Başqa sözlə, tərəflərin ailə münasibətləri 2010-cu il tarixindən başlamış, cavabdehin mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ 21 oktyabr 2015-ci il tarixindən yaranmışdır. Mənzilin hüquqi statusu baxımından qeyd olunan mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsinə baxmayaraq, lakin iş materiallarından göründüyü kimi, həmin mənzil 13 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında X7 tərəfindən Cavabdeh bağışlanmışdır. Tərəflərin nikah dövründə həddiyyə şəklində və yaxud vərəsəlik qaydasında əldə etdikəri əmlak onların birgə mülkiyyəti deyil, hər birinin ayrıca mülkiyyəti hesab edilir. Əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün iki şərtin olması vacibdir. Birincisi əmlak birgə nikah dövründə alınmalıdır, ikincisi əmlak birgə vəsait hesabına alınmalıdır. Hazırkı halda əmlak birgə vəsait hesabına alınmamışdır. Deməli qeyd olunan mənzil tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. İddiaçının həmin mənzilə yalnız istifadə hüququ ola bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir. İddiaçının övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi ilə bağlı qeyd edilməlidir ki, hazırki iddia tələbinə AR Mənzil Məcəlləsinin müddəalarının tətbiq edildiyini nəzərə alsaq, iddiaçının qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir. Belə ki, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsidə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflərin 20 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri 20 iyun 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur. İddia tələbində iddiaçı ilə birlikdə tərəflərin nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan övladlarının da mənzilə köçürülməsi xahiş edilmişdir. Tələbin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilə bilməz. Ona görə ki, məhkəmənin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış uşaqlar anaları - İddiaçı himayəsində saxlanılmışdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yerləri onların himayələrində qaldıqları valideynlərinin yaşayış yerləri sayılır. Nə dədər ki, yetkinlik yaşına çatmayanlar iddiaçının himayəsinə verilmişlər və hazırkı tələb iddiaçıya münasibətdə tələb təmin edilməyib, belə olduğu halda tələb birgə nikahdan anadan olan uşaqlara münasibətdə də tətbiq edilə bilməz. Ona görə ki, onların yaşayış yerləri analarının yaşadığı yer hesab olunur. Lakin bununla belə, məhkəmə yetkinlik yaşına çatmayanların mübahisəli mənzilə hüquqlarının olub-olmaması məsələsinə qiymət vermir və hazırkı tələbin onlara münasibətdə də rədd edilməsi onların mübahisə obyekti olan mənzilə hüquqlarının olmaması anlamına gəlməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı və cavabdehin birgə nikahlarından anadan olmuş üç uşaq iddiaçının uşaqları olduğu kimi cavabdehin də uşağıdır və onlar arasında ailə münasibətlərinə məhkəmənin qərarı olmadan xitam verilməsi mümkün deyildir. Nəticə etibarı ilə həmin uşaqların mübahisəli yaşayış sahəsində yaşamaq və ondan istifadə etmək hüququ həmişə saxlanılır. Məhkəməyə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarı təqdim olunmuşdür. Həmin qərara əsasən Cavabdeh Suraxanı rayon Polis İdarəsinə və ona qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmə qətnamə çıxararkən qeyd olunan qərarı araşdırmamış və heç bir hüquqi qiymət verməmişdir. Bu fakt qətnamənin ləğvi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
15. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Məhkəmə kollegiyası istər mənzilin tərəflərin birgə mülkiyyəti hesab edilə bilməməsi, istərsə də iddiaçının yaşayış sahəsindən istifadə hüququnun saxlanılmaması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən aparılmış hüquqi əsaslandırma ilə razılaşır.
24. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, uşaqlara münasibətdə ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı uşaqların yaşayış yerinin anasının yanında müəyyən edilməsi istiqamətində hüquqi dəyərləndirmə əsaslı olduğundan məhkəmə kollegiyası bu istiqamətdə əlavə araşdırma aparmağa zərurət görmür.
25. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəməyə təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Cavabdeh Suraxanı rayon Polis İdarəsinə və ona qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin mənzilə istifadə hüququnun olub – olmaması və ya saxlanılması barədə məsələlər inzibati araşdırmanın predmetinə daxil deyildir və mülki mühakimə icraatı çərçivəsində həll edilməlidir, buna görə də həmin qərarın mövcudluğu hazırkı mübahisə baxımından hər hansı əhəmiyyət kəsb etmir.
26. Apellyasiya şikayətində dəlil kimi irəli sürülməsə də, iddiaçının istifadə hüququnun saxlanılması məsələsi ilə bağlı əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1551/2024 saylı, 20 iyun 2024- cü il tarixli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin qətnamənin alimentlə bağlı hissəsindən Cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(103)-5078/2024 nömrəli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Yəni, birinci instansiya məhkəməsi iddiaçının ailə üzvü hesab olunmadığından istifadə hüququnun saxlanılmaması ilə bağlı nəticəyə gələrkən artıq nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmuşdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməş və buna görə də birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2(010)- 2835/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2(010)- 2835/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev