Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6890/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» barədə ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pulun qaytarılması” barədə qarşılıqlı tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 234/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsindən çıxarılması və 2019-cu ilin fevral ayından hər ay üçün 200 manat hesablanmaqla 5.000 manat məbləğində kirayə haqqının cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı 2010-cu ildə həmin mənzilin qarşısında 2 otaq, mətbəx və hamam-tualetdən ibarət yardımçı sahə inşa etdirmişdir. 2019-cu ilin fevral ayında aralarındakı şifahi razılığa əsasən həmin yardımçı sahəni iddiaçı Cavabdeh1 25.200 manata satmağa razılaşmışdır. Cavabdeh həmin məbləği 1 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Ötən müddət ərzində cavabdeh həmin məbləğdən 12,145 manat hissəni hissə-hissə ödəmiş, qalan məbləği ödəməkdən imtina etmişdir. Belə olan halda iddiaçı cavabdehdən ya qalan məbləği ödəməyi, ya da mənzili boşaltmağı tələb etmiş, həmin mənzilimdigər şəxsə satıb onun indiki vaxta kimi ödədiyi 12,145 manat məbləğin bir hissəsinin hər ay 200 manatdan hesablanmaqla kirayə puluna çıxılacağını, qalan məbləğin isə ona qaytarılacağını bildirmişdir. Ancaq cavabdehlər bu təklifə razı olmayaraq mənzili tərk etməkdən imtina etmişdirlər. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16,060 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında cavabdeh ilə şifahi razılaşma əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Razılaşmaya əsasən o, evə və onun yanındakı 10,49 kv.m olan boş torpaq sahəsinə görə cavabdehə hissə-hissə 25.000 manat məbləğində pul ödəməli idi. 10 mart 2019-cu il tarixdə ilk ödəniş kimi 12,160 manat məbləğində pulu cavabdehə ödəmişdir. Eyni zamanda cavabdehlə razılaşdıqları kimi həmin boş sahədə iddiaçı tikinti işləri aparmış və əlavə olaraq 3,200 manat məbləğində xərc çəkmişdir. Bundan başqa sözügedən evin layihə-smeta sənədlərinin hazırlanması üçün 700 manat məbləğində pul xəərcləmişdir. 10 mart 2019-cu il tarixdən iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış və kommunal xərcləri ödəmişdir. Lakin cavabdeh evə hələn qaz və su xətlərini kəsmiş, pulun qalan hissəsini tələb etmişdir. Belə olan halda iddiaçı cavabdehə müraciət edərək, xərclədiyi pulu qaytarmasını və bununla da aralarında olan razılaşmaya son verilməsini təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbləri qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin həyətində inşa edilmiş ümumi sahəsi 28 kv.metrdən ibarət olan 2 otaq (bir otaq həm də mətbəx kimi istifadə olunur), dəhliz və hamam-tualetdən ibarət köməkçi tikililərdən əşyaları ilə birlikdə çıxarılmaları, 15,345 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ilkin iddia tələbinin tam təmin olunması və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə qətnamənin dəyişdirilməsi, cavabdehlərin ona ümumilikdə 8945 manat ödədiklərini nəzərə alaraq yeni qtənamə qəbul edilməsini xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə edərək iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə, apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, onlar iddiaçıya məxsus evdə kirayəçi kimi qalmamışlar, onlar həmin evi almaq istəmişlər və bu barədə iddiaçı ilə razılığa gəlmişlər. Bundan sonra onlar iddiaçıya ümumilikdə 12145 manat pul ödəmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrii üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni ilkin iddia üzrə cavabdehlər mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 ifadəsində bildirmişdir ki, İddiaçı onunla qonşuluqda yaşayır. İddiaçı ilə cavabdehlər arasında mübahisəli ev ilə bağlı kirayə yaxud alqı-satqı münasibətlərinin olmasından, o cümlədən cavabdehlər tərəfindən Gülşən xanıma pul verilibverilməməsindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, İddiaçı onunla qonşuluqda yaşayır. Mübahisəli ev Gülşən xanıma məxsus olub və Gülşən xanım əvvəldən həmin evdə yaşamışdır. Cavabdehlər tərəfindən hər hansı tikili aparılmamışdır. Şahməmmədova ilə cavabdehlər arasında mübahisəli ev ilə bağlı kirayə yaxud alqı-satqı münasibətlərinin olmasından, o cümlədən cavabdehlər tərəfindən Gülşən xanıma pul verilib-verilməməsindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır və eyni yerdə işləyirlər. Tərəflər arasında sözügedən evin alqısatqısı ilə bağlı razılıq əldə olunmuşdur. Cavabdehlər tərəfindən İddiaçı ümumilikdə 12.000 manat civarında pul verilmişdir. Elşən evi təmir etdirərkən S.Nağıyevanın həyat yoldaşı orada işləmək üçün usta tapıb göndərmişdir. O, Gülnarəgildə olarkən Gülşən özü də ona 12.000 manat məbləğində pul verilməsini ona bildirmişdir. Bundan başqa Elşən evi təmir etdirərkən Gülşənin bundan xəbəri olmuş və buna heç bir etiraz etməmişdir. Müəllim kollektivi tərəfləri nə qədər barışdırmağa cəhd etsələr də, buna nail olmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır və eyni yerdə işləyirlər. Belə ki, Gülşən məktəbdə müəllimə, Gülnarə isə bufetçi işləyir. Məndə olan məlumata görə Gülşən ilə Gülnarə mübahisəli evin alqısatqısı barədə razılaşdıqdan sonra ilkin olaraq Gülnarə ilə Elşən axşam saatlarında Gülşən ilə görüşərək ona ilkin ödəniş kimi 4.000 manat məbləğində pul vermişdirlər. Bundan sonra hissə-hissə təxminən 12.000 manat məbləğində Gülşənə pul vermişdilər. Mən sözügedən evdə Gülnarə ora köçdükdən 1 il sonra olmuşam. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində bildirmişdir ki, sözügedən evdə əvvəllər də kirayəşinlər qalmışdır. Cavabdeh tərəfindən orada təmir işləri aparılmamış, sadəcə qazıntı işləri aparılmışdır. Tərəflər arasında evin alqı-satqısına dair razılıq əldə olunmuş və müəyyən məbləğdə pul ödənilmişdir. Lakin sonradan razılaşdırılmış məbləğin qalan hissəsi cavabdehlər tərəfindən İddiaçı ödənilməmişdir. İş materiallarında olan: MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xoşginabi küçəsi ev 13 ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci və 701.2-ci maddələrinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlərlə aralarında kirayə müqaviləsinin bağlanmasını sübut edə bilməmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Xoşginabi küçəsi ev 13 ünvanında yerləşən özbaşına tikilinin alqısatqısına dair 25,200 manat müqabilində şifahi razılığa gəlmişdirlər. Bundan sonra ilkin olaraq İddiaçı 4.000 manat, ümumilikdə isə 12,145 manat məbləğində ödəniş edilmişdir. Cavabdehlər sözügedən evə köçdükdən sonra orada öz hesablarına yaxşılaşdırma işləri aparmış və bunun üçün 3,200 manat məbləğində xərc çəkmişlər. Buna görə də məhkəmənin həmin məbləğin iddiaçıdan tutulması barədə gəldiyi nəticə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-234/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6890/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6890/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver