Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6891/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evindən çıxarılması və cavabdeh tərəfindən ona dəymiş 2000 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evinin 1-ci və 2-ci mərtəbəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsindən çıxarılması,iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-12912/2019 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindən çıxarılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3572/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-12912/2019 saylı qətnaməsi iddianın təmin olunmayan hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Cavabeh Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmə gedişində keyfiyyətli hüququ yardım göstərilməsinə dair onun tərəfindən vəkillə müqavilə bağlayaraq xx xxxx 2019-cu il tarixdə vəkil məhkəməyə sənədləri təqdim etsə də və mülki işlə tanış olmağını istəməsini bildirsə də, hakim vəkildən sənədləri qəbul etməyərək və məhkəmə baxışına buraxmayaraq tez-tələsikli müşavirə gedərək tam araşdırılmayan mülki iş üzrə qanunsuz olaraq qətnamə qəbul etməklə konstitusion hüququ pozulmuşdur. Ona görə ki, tərəflərindən möhtəbər və təkzib edilməyən sübutlar məhkəməyə təqdim edərək, həqiqətən də həmin mübahisəli ev onun tərəfindən onun vəsaiti hesabına tikilməsi tam sübuta yetiriləcəyini hakim hiss edərək yalan əqidi başqa bir əqidlə pərdələnməsini görməyərək və nəzərə almayaraq ki, həqiqətən də uzun müddət Rusiya Federasiyasında yaşayaraq qardaşı oğlu X3 ilə mütəmadi olaraq əlaqə saxlayaraq Bakı şəhərinin müxtəlif yerlərində ucuz qiymətə yararsız daşınmaz əmlakları alıb, sonradan onlara xərc çəkməklə daha baha satılacağını rədd edərək əldə edilmiş qazancları bölünməsi məqsədi üə 2014-cü il tarixdən 150.000 ABŞ dolları cavabdehə göndərərək Bakı şəhəri, Səbail rayonunun müxtəlif ərazilərində öz adına daşınmaz əmlaklar alaraq sonradan həmin əmlakları baha qiymətə sataraq əldə edilmiş pul məbləğindən bu günə qədər bir hissəsini, yəni 42.000 ABŞ dollar və 28.000 manat qaytarmayaraq ona məxsus Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 3 saylı öz həyat yoldaşının (İddiaçı Xalid qızının) adına çıxarış alaraq onun evini aldadaraq yuxanda qeyd edilən məbləği qaytarmayaraq müxtəlif şərli-böhtanlı aspektli şikayət ərizələrini Hüquq-Mühafizə orqanlarına yazmaqla şantaj edərək pulun qaytarılmasında qəsdən boyun qaçırır və bu günə qədər qalıq borcu qaytarmamış və ona məxsus qeyd edilən evin yalançı əqdlə öz tanışlarının adına sənədləşdirərək onun halal zəhmətlə qazandığı əmlakdan məhrum etməyə çalışırlar.Əgər hakim vəkilinə şərait yaratsa idi onların tərəfindən qarşlıqlı iddia ərizəsi təqdim edilərək həqiqətən də mübahisəli ev üzrə əqidin yalançı və başqa əqidin pərdələnməsini tərəfindən məhkəmədə tam şəkildə sübuta yetiriləcəkdir. Sadalanan faktklardan göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydlə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının mənzildən çıxarılma hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.m, yaşayış sahəsi 19.4 kv.m, yardımçı sahə 16.7 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəsini (tam hissə, 36.1 kv.m) alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 85000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür.ünvan 2 ünvanına hüquqları rəsmiləşdirilən şəxs, həmçinin hüquq sahibi qismində göstərilmiş İddiaçı xüsusi mülkiyyətindədir.“xxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə rəyinə əsasən qiymətləndirilən daşınmaz əmlak obyekti-Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Məmmədov küçəsi, Ö/T 3/7 ünvanında yerləşir. Qiymətləndirilən əmlakın bazar dəyəri 75500 manat təşkil edir.X5 müraciəti əsasında Səbail RPİ-nin 8-ci PB-də toplanmış materialın surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bayıl qəsəbəsi, İbrahim Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evini rəsmi qaydada X1 85000 manat məbləğinə almış, həmin evə baxarkən ikimərtəbəli olduğunu-birinci mərtəbənin çıxarışının olduğunu, ikinci mərtəbədə isə Əmrulla adlı şəxsin yaşadığını və evdən çıxmadığını, bu səbədən də qeyd edilən evin boşaldılmasını tələb etmişdir. X2 və X4 izahatlarında qeyd edilən yaşayış evinin iki mərtəbədən ibarət olduğunu və hər iki mərtəbənin də İddiaçı satıldığını bildirmişlər. Ərizədə qeyd edilən faktların mülki xarakterli olduğunu nəzərə alaraqmüraciət müəllifinə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuş və bu barədə vətəndaşa rəsmi məktub göndərilmişdir.Qayıbov İsgəndər tərəfindən tərtib olunmuş mətnin məzmununa əsasən X4 ünvan 1 ünvanında yerləşən mənzilin 1-ci və 2-ci mərtəbəsini İddiaçı satmış, 1 ay ərzində yaşayış evini boşaldacağını qeyd etmişdir.Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən sorğuya cavab olaraq göndərilmiş alğı-satqı müqaviləsinin sürətinə əlavə edilmiş ərizəyə əsasən X7 ünvan 2 ünvanında yerləşən evin satılmasına etiraz etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən İ.Qayıbov mübahisəli mənzilin 1-ci və 2-ci mərtəbəsini iddiaçıya satmışdır. Buna baxmayaraq, mənzildə yaşayan Cavabdeh hazırkı vaxtadək mənzili tərk etməmişdir. Bununla da, iddiaçının münahisəli mənzilə dair istifadə və sahiblik hüquqları pozulmuşdur. İddiaçı yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsini 85.000 manat müqabilində almışdır. Bu mübahisəsiz halı həm alıcı, həm də satıcı təstiq edir. Daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, iddiaçı əmlakı yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 3 saylı yaşayış evi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hal-hazıradək yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, üçüncü şəxslər arasında borc münasibətləri mövcud olsa belə, bu hal cavabdehin mübahisəli mənzilə dair hər-hansı hüququnun olmasına dəlalət etmir və iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6891/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6891/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver