Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6891/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(004)-2403/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və övladları 11 iyun 2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzilə istifadə hüququnun bərpa edilməsi və onların həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh mərhum oğlu X4 ilə xx.xx.2003-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı ünvan 1 ünvanına gəlin köçmüş və həmin ünvanda yaşamağa başlamışdır. Həmin ünvanda iddiaçının övladı – 11 iyun 2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 anadan olmuşlar. Bu dövr ərzində iddiaçı və övladları həmin mənzildə yaşamışlar. Lakin, xx.xx.2020- ci il tarixdə iddiaçının həyat yoldaşı X4 beyninə qansızma nəticəsində dünyasını dəyişmişdir. Bundan sonra da iddiaçı övladları ilə qeyd eidlən ünvanda yaşamağa davam etmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçı mərhum ərinin il mərasimindən qayıtdıqda qayınatası olan Cavabdeh tərəfindən heç bir söz deyilmədən mənzilin açarlarının dəyişilməsinin və həmin mənzilə buraxılmadığının şahidi olmuşdur. Bundan sonra iddiaçı məcbur olaraq həmin binanın yuxarı mərtəbəsində yerləşən mənzildə kirayə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı ilə cavabdeh yaxın qohumluq münasibətlərində olduğundan, yəni iddiaçının atası ilə cavabdeh dayı oğlu-bibi oğlu olduğundan mübahisənin məhkəmədənkənar həllinə cəhd göstərilmiş, lakin nəticəsi olmamışdır. Habelə iddiaçı mərhum əri ilə birlikdə nikah dövründə həmin mənzildə yaşadığı dövr ərzində mənzili əsaslı təmir etmiş, kifayət qədər xərc çəkilmişdir. Bununla yanaşı iddiaçı və onun ailə üzvlərinin cehiz əşyaları, şəxsi əmlakları və birgə nikah dövründə əldə olunmuş əşyaları da həmin mənzildədir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(004)- 2403/2022 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdehin oğlu Roman Süleymanov arasında 28 dekabr 2003-cü il tarixdə rəsmi nikahın bağlanması, onların birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, Roman Süleymanovun 10 sentyabr 2020-ci il tarixdə vəfat etməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı işdə olan digər sübutlardan (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arayışları, qeydiyyat vəsiqəsinin surəti və s.) və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı cavabdehin oğlu ilə ailə həyatı qurduqdan sonra daha əvvəldən cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzildə yaşamağa başlamış (iddiaçı ailə qurduqdan dərhal sonra, cavabdeh tərəf isə iddiaçının 2004-cü ildən etibarən mənzildə yaşadığını bildirir), lakin həyat yoldaşı vəfat etdikdən sonra münasibətləri pisləşmiş, təqribən 2021-ci ilin sentyabr ayından sonra mənzildə yaşaya bilməmişdir. Eyni zamanda işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı, X2, X1 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 97A, 41 saylı mənzilə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Lakin, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcudluğu müəyyən olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, işin mübahisəsiz hallarına əsasən - iddiaçı 2003-cü ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuş, həmin vaxtı (2003-2004-cü illərdə) mübahisəli mənzilə köçmüş, beləliklə tərəflər arasında münasibətlər qeyd edilən vaxtdan etibarən yaranmağa başlamışdır. Mübahisə mənzil isə iddiaçı nikaha daxil olmamışdan əvvəl (27 may 2003-cü ildə) cavabdehin adına xüsusi mülkiyyət hüqüqu üzrə dövlət qeydiyyatına alınmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsaslanmışdır. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. İşin faktiki hallarına əsasən, tərəflər arasında mübahisəli mənzildən istifadə sahəsində notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud olmamış, iddiaçının istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə, iddiaçının mübahisəli mənzilə MM-nin 228-ci maddəsi ilə müəyyən edilmiş istifadə hüquqları yaranmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də cavabdehin ailə üzvü sayılmır (iddiaçının 2009-cu ildən sonra da mübahisəli mənzildə yaşamaqda davam etməsi durumunda belə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları baxımından onun istifadə hüququnun mövcudluğu müəyyən olunmur). Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). İddiaçı isə qeyd edilən kateqoriya şəxslərə aid deyildir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə (istifadə etmək) hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı da, onun hazırki vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(004)-2403/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e- 2(004)-2403/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6891/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6891/2022
01.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver