Məhkəmə qərarları › İş №2(103)-6892/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6892/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6892/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2013/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 Calal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı və Cavabdeh1 övladı X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən şəhidliklə bağlı övladları X5 görə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmmışdır. Şəhid oğullarının arvadı – Cavabdeh2 2019-cu ildə Dövlət Sosial Müdafiə Fonduna saxta arayışlar təqdim edərək və ya onların vərəsə olmağı barədə məlumat verməyərək, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə şəhid ailəsinə verilməli 11.000 (on bir min) manat pulu onlardan xəbərsiz özü mənimsəmişdir. Cavabdeh onlara bu barədə heç bir məlumat verməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən Cavabdeh2 İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pulun və Cavabdeh1 xeyrinə 2200 (iki min iki yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pulun tutulmasıbarədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2013/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pul və Cavabdeh1 xeyrinə 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pulun tutulması qət edilmişdir (sədrlik edən: Əşir Səmədov). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2013/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mərhum əri X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. O, şəhid olduqdan sonra Bakı şəhəri 16 saylı Notariat Kontoruna müraciət edərək cavabdehə, oğlu X10 və X6 vərəsəlik şəhadətnaməsi verilməsi üçün ərizə ilə müraciət etmişdir. Həmin notariat kontoru tərəfindən 06.05.2004-cü ildə bizə qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. 19.04.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən şəhid ailələrinə 11000 manat birdəfəlik sığorta ödənişi edilməsi barədə fərman verilmişdir. Bundan sonra Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən cavabdehlərin ərizələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, həmin nazirliyin razılığı və icazəsi ilə adlarına "xxxx" ASCdə hesablar açılmış və 26.10.2018-ci il tarixli müqavilələrə əsasən 11000 manat pul bizə ödənilmişdir. 2020-ci ildə mərhum əriminin atası İddiaçı və anası Cavabdeh1 məhkəmədə iddia qaldırmışlar ki, onlarında payı həmin 11000 manatda müəyyən edilməli idi. Məhkəmə də onların iddiasını təmin etmişdir. Onlara da bir şəhid ailəsi kimi 11000 manat puldan pay ayrılmalı olmasını cavabdeh bilmirdi. Belə ki, onların paylarının müəyyən edilməməsində cavabdehin heç bir təqsiri yoxdur. Cavabdeh qanunu yaxşı bilmir. İddiaçılar cavabdeh mərhumla evləndikdən sonra ayrı yaşamışlar, onlarla gediş-gəlişləri olmamışdır. Digər tərəfdən cavabdeh 11000 manat sığorta ödənişini alıb iddiaçıların nəvələrinə xərcləmişdir. Bu fakt çox mühüm əhəmiyyət kəsb edir. Məhkəmə bu faktı ətraflı araşdırmadı. Ona görə də məhkəmənin qətnamədə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçılara və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 46 nömrəli, 13 fevral 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X8 06 mart 1966-cı ildə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdeh1dır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının İİ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1404 saylı, 25 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X1 rayonu, İİ Nügədi kəndində yaşamış və 25 oktyabr 1993-cü ildə vəfat etmişdir. Vəfat etdikdən sonra vərəsələri kimi arvadı Cavabdeh2, oğlu X11, qızı X9, atası İddiaçı, anası Cavabdeh1 qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 696 saylı, 26 oktyabr 2018-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinət verilməsi ilə bağlı müştəri X13 "xxxx" ASC-nin Sabunçu filialında AZ64AİİB******************** saylı cari hesab mövcuddur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 697 saylı, 26 oktyabr 2018-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinət verilməsi ilə bağlı müştəri Cavabdeh2 "xxxx" ASC-nin Sabunçu filialında AZ40AİİB******************** saylı cari hesab mövcuddur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 698 saylı, 26 oktyabr 2018-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinət verilməsi ilə bağlı müştəri X9 "xxxx" ASC-nin Sabunçu filialında AZ64AİİB******************** saylı cari hesab mövcuddur. İş materiallarında olan Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən ayrı-ayrılıqda verilmiş 26 oktyabr 2018-ci il tarixli şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2, X2 və X7 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun ödəniləcək vəsaitin əldə edilməsi üçün ərizələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinin məzmunundan müəyyən edilir ki, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 100 faiz nisbətində verilir. Həmin Qanunun 7-ci maddəsinin a) bəndinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə həlak olması (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini, vərəsəlik hüququnu təsdiq edən sənədi təqdim edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi, birdəfəlik ödəmənin bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır. Eyni zamanda “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, 06 mart 1996-cı il təvəllüdlü X8 25 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına daxil edilməklə onun vərəsələrinə on bir min manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. X3 ölümündən sonra arvadı Cavabdeh2, oğlu Rəhman oğlu, anası Cavabdeh1 vərəsələri qalmışdır. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında verdiyi izahatında ona və digər vərəsələrə ödənilməli olan 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi məbləğini digərlərinin məlumatı olmadan aldığını, digər vərəsələri onlara çatacaq sığorta ödənişi məbləğindən məhrum qoyduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin iddianı etiraf etməsini qanunun tələblərinə uyğun hesab etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan (i.v. 84) görünür ki, cavabdeh iddia tələbini qəbul etmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik müavinət verilməsi ilə bağlı Cavabdeh2, X7, X4 adına "xxxx" ASC-nin “Sabunçu” filialında cari hesabların mövcud olması iddia tələbinin əsaslı olmasına dəlalət edir. Qeyd edilən xüsusatlara və hüquq normalarına əsasən, kollegiya belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pul və Cavabdeh1 xeyrinə 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 2230 (iki min iki yüz otuz) manat pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmadlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2013/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar