Məhkəmə qərarları › İş №2(103)-6894/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6894/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6894/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X21 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qızının, Cavabdeh2 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evi onun valideynləri olan cavabdehlərə məxsusdur. Həmin fərdi yaşayış evi 1988-ci ildə alınmış və həmin vaxtdan valideynləri ilə birlikdə orada yaşamışdır. O, xx.xx.2013-cü ildə X7 ailə qurmuş və həyat yoldaşı həmin fərdi yaşayış evinə gəlin gəlmişdir. X1 birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı adlı uşaqları dünyaya gəlib. Təqribən iki il əvvəl, hazırkı iş üzrə digər cavabdeh olan bacısı Cavabdeh3 onların yaşadığı mübahisəli fərdi yaşayış evinə gəlmiş və onlarla birlikdə yaşamağa başlamışdır. Bacısı Cavabdeh3 Bakı şəhərində özünə məxsus iki mənzili olduğu halda, öz mənzilinə geri qayıtmaq istəməmişdir. Bacısı Cavabdeh3 ailədə ciddi münaqişələr törətməyə başlamış, onun və atası Cavabdeh1 mübahisəli fərdi yaşayış evində rahat yaşamaqlarına imkan verməmişdir. Həmin vaxt Cavabdeh3 hətta onun uşaqlarını da təhdid altında saxlamış, onları zəhərləyəcəyi və öldürəcəyi ilə hədələmişdir. Bacısı Validənin ailədə törətdiyi münaqişələr nəticəsində valideynlərinin də münasibətləri pozulmuş və onların nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Onun bacısı Cavabdeh3 onun uşaqlarını döymüş və həyat yoldaşı ilə tez-tez münaqişə yaratmışdır. Belə şəraitdə yaşamaq mümkün olmadığına görə, həmçinin Cavabdeh3 təhdidlərindən ehtiyat edərək o, uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evini müvəqqəti olaraq tərk etməyə məcbur olmuşdur. Bir müddət sonra, yəni ailədə baş verən münaqişlələr nisbətən sakitləşdikdən sonra daimi yaşayış yeri olan mübahisəli Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evinə qayıtmaq istəmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun və ailəsinin öz evinə qayıtmağına imkan verməmişlər. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehlərin ailə üzvüdür. Mübahisəli fərdi yaşayış evi alınan vaxtdan, yəni 1988-ci ildən etibarən, ailə üzvü kimi onlarla birlikdə mübahisəli fərdi yaşayış evinə köçmüş və köçdüyü gündən həmin fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun yetkinlik yaşına çatmayan uşaqlarının da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)1018/2020 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin obyektiv araşdırılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Telman oğlu 4 ildən çoxdur ki, evlənmişdir və Ramana qəsəbəsində yerləşən özünə məxsus evdə daimi yaşayır. Onun hazırki mübahisəli mənzilə mülkiyyət hüququ yoxdur. Həmin evdə heç bir əmlakı yoxdur. Mübahisəli mənzilin, yəni Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evinin hazırda 2 mülkiyyətçisi vardır. İddiaçı Telman oğlunun evi olduğu və daimi orada həyat yoldaşı və uşaqları ilə yaşadığı halda formal olaraq qeydiyyatda olduğu evə köçürülməsini tələb etməsi qərəzlidir, qeyri-qanunidir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini tam müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı bu iddianı əslində onun keçmiş həyat yoldaşı, hazırkı işdə cavabdeh olan Cavabdeh1 təhriki ilə vermişdir. Belə ki, o, Telmanla boşandıqdan sonra mübahisəli fərdi yaşayış evinə onların hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin əmlakın naturada bölgüsü olmamışdır. Hazırda həm o, həm də Telman həmin ünvanda ayrı-ayrı tikililərdə yaşayırlar. Belə ki, fərdi yaşayış evi mülkiyyət sənədinə görə 3 otaqdan ibarət olduğu göstərilsə də, əslində ona əlavə tikilmiş 2 otaqla birlikdə 5 otaqdan ibarətdir. Bundan başqa, həyətdə digər tikililər də inşa edilmişdir. Onların ailəsində uzun müddətdir ki, münaqişələr olduğundan rayon polis idarəsində onlar münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Bütün bunlara səbəb isə onun keçmiş həyat yoldaşının hərəkətləridir. Hazırkı işdən də görünür ki, o, iddianı etiraf etmişdir. Hesab edir ki, onun oğlu ailəsi ilə birlikdə Ramana qəsəbəsində yerləşən özünə məxsus evdə yaşadığından, onun paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsinə ehtiyaj qalmır. Məhkəmə iclasında Cavabdeh2 vəkili X6 və digər Cavabdeh3 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətin dəlilləri ilə bağlı göstərdi ki, Ramana qəsəbəsində olan və cavabdehin guya onun ailəsi ilə birlikdə yaşadığını göstərdiki ev əslində istehsalat sahəsidir və o, həmin ünvanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Özü isə Ramana qəsəbəsində ailəsi ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Mübahisəli ünvanda onun atası tərəfindən ümumilikdə 11 otaqdan ibarət bir neçə tikili inşa edilmişdir. O, mübahisəli fərdi yaşayış evini 2017-ci ildə öz xoşuna tərk etməmişdir. Evi tərk etməsinin səbəbi anası və bacısı tərəfindən onun özünə və ailəsinə qarşı edilən qanunsuz hərəkətlər olmuşdur. Lakin hazırda mübahisəli ünvana qayıdaraq orada yaşamaq qərarına gəlmişdir. Bunun səbəblərindən biri də odur ki, onun anası və bacısı tərəfindən həmin ünvanda yaşayan atasına qarşı laqeyd münasibət, təzyiqlər və təhdidlər olmuşdur. Belə ki, atası qoca adamdır və özü-özünü idarə edə bilmir. Onun qulluğa ehtiyacı vardır. Anası və bacısı ilə atası isə həmin ünvanda ayrı-ayrı tikililərdə yaşayırlar və onlar atasına ümumiyyətlə baxmırlar. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir və onun qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə ddigər Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Abdullayev İsmayıl Rövşən oğlu xx.xx.2014-cü ildə doğulmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki,Abdullayeva Mədinə Rövşən qızı xx.xx.2016-cı ildə doğulmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X12 xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərin soyadı Abdullayev, arvadın Abdullayeva qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinə Cavabdeh2 ½ hissədə payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1985-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin“ Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış və onun ailə tərkibinin xx.xx.1992-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızından ibarət olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 ünvan 3 mənzil 221 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 arasında nikah ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Xudayev, qadına Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1982-ci ildə doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş Azərbaycan Resppublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi Patositomorfologiya və laboratoriyası tərəfindən verilmiş patoloji rapordan görünür ki, Cavabdeh3 LQM, sağ qasıq-bud limfasının böyüməsi diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evi Cavabdeh1 ilə digər Cavabdeh2 hər birinin ½ hissədə paylı mülkiyyətindədir. İddiaçı cavabdehlərin ailə üzvü olmaqla 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır. İddiaçı xx.xx.2013cü ildə X7 ilə ailə qurmuş və X7 ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. İddiaçı ilə X3 birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Abdullayev İsmayıl Rövşən oğlu və xx.xx.2016-cı il təvəllüdlü Abdullayeva Mədinə Rövşən qızı adlı uşaqları dünyaya gəlmişdir. Ailədə baş verən münaqişələr nəticəsində iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi 30/2 saylı fərdi yaşayış evindən 2017-ci ildə köçmüşdür. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmək istəsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evinə köçməsinə şərait yaratmırlar. Bu səbəbdən də iddiaçı özünün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddiaçının mübahisəli fərdi yaşayış evini özü könüllü şəkildə tərk edərək getməsini bildirsə də, onun özünün etiraf etdiyi kimi, onların ailəsində tez-tez münaqişələr baş vermiş, hətta onlar münaqişəli ailə kimi polisdə qeydiyyatda olmuşlar. İddiaçının özünə məxsus fərdi yaşayış evinin olması barədə apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Maştağa Bələdiyyəsi tərəfindən tərtib edilmiş arayışda İddiaçı adına Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadığı, lakin onun adına Bələdiyyənin ərazisində yaşayış evi qeydiyyata alındığı qeyd edilmişdir. Lakin iddiaçı həmin sahənin əslində yaşayış deyil, istehsalat sahəsi olduğunu və orada fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etmiş, özünün isə Ramana qəsəbəsi ərazisində ailəsi ilə birlikdə kirayədə yaşadığını göstərmişdir. İddiaçı öz iddiasının faktiki əsası kimi mübahisəli fərdi yaşayış evinin mülkiyyətçilərinin övladı (ailə üzvü) olmasına, həmin evdə 1988-ci il tarixdən yaşamasına və bununla da həmin evdən istfiadə hüququ əldə etməsinə, evi könüllü deyil, ailə üzvləri ilə yaranmış münaqişələr nəticəsində məcbur olaraq tərk etdiyinə istinad etmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evində 1988-ci ildən yaşamağa başladığından və bu hal işin mübahisəsiz halı olduğundan, hazırkı iş mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş AR Mənzil Məcəlləsinin tələbləri əsasında həll edilməlidir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü bəndinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin İ hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 1999-cu il tarixli Qərarında müəyyən edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin müəyyən edilmiş hallarına və mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olmuş mənzil qanunverijiliyinin yuxarıda qeyd edilən tələblərinə istisnad edərək kollegiya bu qənaətə gəlir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 övladı olmaqla, onların ailə üzvü olmuş, mübahisəli evdə anadan olaraq həmin mənzildə fasiləsiz yaşamış və bununla həmin evdən istifadə hüququ əldə etmiş, nikaha daxil olaraq arvadını həmin evə gəlin gətirmiş, onların həmin ünvanda yaşadıqları müddətdə iki uşaqları dünyaya gəlmiş, ailə daxilində yaranmış münaqişələr nəticəsində mübahisəli mənzili 2017-ci ildə məcburi surətdə ailəsi ilə birlikdə tərk etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının həmin evdən istifadə hüquqları itirilməmişdir və bu hüquqa yalnız mülki qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya verilməsi yolu ilə xitam verilə bilər (Mülki Məcəllənin 228.2-ci bəndinə əsasən). Həmçinin, kollegiya adıçəkilən Mənzil Məjəlləsinin 123-cü maddəsinin dispozisiya şərtlərinə əsasən (Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir) iddiaçının öz yetkinlik yaşına çatmayan övladlarının onunla birlikdə mübahisəli evə köçürülməsinə dair tələbini də əsaslı hesab edir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iddiaçı faktiki olaraq 1988-ci ildən fasiləsiz olaraq Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi F.Kərimzadə küçəsi, 30/2 saylı fərdi yaşayış evində yaşamışdır və daimi yaşayış yeri həmin ev olmuşdur. İddiaçı və onun azyaşlı övladlarının mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Bundan başqa həmin mənzil paylı mülkiyyət olmaqla mənzilin mülkiyyətçilərindən biri olan Cavabdeh1 iddiaçının həmin evə köçürülməsinə etiraz etmir. Cavabdeh apelyasiya şikayətində İddiaçı Telman oğlunun başqa evinin olmasını və daimi orada yaşamasını qeyd etsə də, iddiaçı həmin ünvanın qeyri-yaşayış sahəsi olduğunu, kirayədə qaldığını həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində yaşayış sahəsinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)1018/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar