Məhkəmə qərarları › İş №2(103)-6894/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6894/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6894/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəis-vəkili Məmmədov Yunus Məhəmməd oğlunun, Cavabdehin nümayəndəsi-vəkili Qənbərov Əziz həbib oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2833/20 saylı 12.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, onun Bakı şəhəri, ünvan 1 ünvanda 3 yaşayış otağından ibarət bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, arvadı Məmmədova (Mətlubi) Gülsüm Seyfulla qızının və övladı Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 3 otaqlı özbaşına yaşayış sahəsinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 14.11.2011-ci ildə faktiki nikaha, 24.02.2012-ci il tarixdə isə Bakı səhəri, Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 uşağı anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə arasında rəsmiləşdirilmiş nikah pozulmuş və bu barədə Suraxanı rayonu Qeydiyyat idarəsindən boşanma şəhadətnaməsi verilmişdir. Cavabdehlə birgə nikah dövründə ünvan 3 ünvanda yerləşən 3 otaqlı özbaşına yaşayış binasını inşa etmiş, orada yaşamışlar. Mübahisə predmeti olan özbaşına yaşayış sahəsinin onlar tərəfindən alınması məhkəmə qətnamə və qərarları ilə təsdiq olunur. Məhkəmənin nəzərinə çatdırır ki, 2018-ci ilin ortalarında cavabdeh ona qarşı evə köçürülmə barədə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdeh 2 uşağı ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi qərara alınmışdır. O, 2018 ilin əvvəllərindən mübahisəli yaşayış sahəsində yaşamır və oradan istifadə edə bilmir. Bunun da əsas səbəbi cavabdehin onu yaşayış sahəsinə buraxmamasıdır. Həmin vaxtan bu günə kimi o, kirayələrdə yaşayır. Artıq onun gəliri kirayə haqqını ödəməyə imkan vermir. Bundan başqa o, 19.06.2019 il tarixdə Məmmədova (Mətlubi) Gülsüm Seyfulla qızı ilə rəsmi nikaha girmiş və birgə nikahdan 14.04.2019-cu il tarixdə Ayxan adlı oğlu anadan olmuşdur. Qeyd etdiyi kimi hal hazırda onlar kirayədə yaşayır və gəliri kirayə haqqını ödəməyə imkan vermir. Bu səbəbdən hesab edir ki, mübahisəli yaşayış sahəsinə cavabdehin yaşamaq hüququ olduğu kimi onun və ailəsinin də yaşamaq hüququ vardır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02.08.2018-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir. Boşanmadan sonra qadına İlyasova soyadı verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 19.06.2019cu ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14.04.2019-cu ildə Bakı şəhərinə anadan olmuşdur. Atası İddiaçı, anası X1r. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 saylı, 12 aprel 2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, iddiaçının Bakı şəhəri, ünvan 2 ünvanda 0.02 hektar torpaq sahəsində yerləşən 3 yaşayış otağından, 1 dəhliz, 1 mətbəx və sanitar qovşağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə 12.10.2012-ci il təvəllüdlü X4 və 26.09.2014-cü il təvəllüdlü X5 ilə birlikdə köçürülmələri qət edilmişdir. Həmin qətnaməyə əsasən həmçinin müəyyən edilir ki, tərəflər 2013-cü ildən birlikdə mübahisəli evə köçmüş və 2016-cı ilədək birgə təsərrüfat aparmışlar. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8245/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1244/2018 saylı, 12 aprei 2018-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konsttusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin 3-cü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını mübahisəli evə buraxmaması qanunsuzdur. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və bu pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Kollegiya hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar