Məhkəmə qərarları › İş №2(103)-6896/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6896/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6896/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 və onun vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə X2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən pasport qeydiyyatından çıxarılma” barədə ilkin, Cavabdeh X3 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri SuraxanıRayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Gülnarə Vahabova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X1 Mahir Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 14 a saylı evin 67 nömrəli mənzilindən yaşayış hüququnun itirilməsi, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gülnarə Vahabova iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla xx xxxx 1986-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ailə həyatı qurduqdan sonra bir ilə yaxın müddətdə Kürdəmir rayonunun Cəyirli kəndində yaşamış, kənddə iş olmadığı üçün Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda kirayələrdə qalmış, Mahirin Bakı şəhərində işə düzəlməsi üçün ailə üzvlərinin razılığı əsasında onu atası X7 məxsus ünvan 3 mənzil 67 ünvanına qeydiyyata aldırmış, bundan sonra Mahir “Azərelektroterm” İstehsalat Birliyinə işə düzəlmişdir. Nikahlarından üç övladları dünyaya gəlmiş, 2015-ci ildə Mahir özünə məxsus əşyalarını götürüb yaşadıqları mənzili tərk edərək Kürdəmir rayonunun Cəyirli kəndinə getmiş, bundan sonra ailəsi ilə maraqlanmamış, övladlarına heç bir maddi və mənəvi dəstək olmamışdır. Daha sonra Mahir nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Atası X8 xx xxxxxx 1988-ci il tarixdə vəfat etdikdən sonra vərəsələrin razılığı əsasında mənzil onun adına rəsmiləşdirilmiş, səkkiz ay öncə Mahir mənzilə gələrək nəvələrini görmək istədiyini bildirmiş, sonradan dəfələrlə mənzilə gələrək bir dəfə də mənzildə gecələmiş, daha sonra mənzildən bir daha getməyəcəyini bildirmişdir. Mənzilini tərk etməsini tələb etsə də, Mahir mənzildə qeydiyyatda olduğunu bildirərək bundan imtina etmişdir. Cavabdeh isə Gülnarə Vahabovaya qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 4 mənzil 67 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Gülnarə Vahabova ilə xx xxxx 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuş, 1987-ci ildə keçmiş qaynatasının adına olan ünvan 5 A ünvanında yerləşən 67 saylı mənzilin dəyərini ödəyərək həmin mənzilə qeydiyyata alınmış, mənzilə köçüb orda yaşamağa başlamışlar. Gülnarə Vahabova ilə aralarında olan xasiyyət uyğunsuzluğuna görə iddiası əsasında Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Gülnarə Vahabova iddia ərizəsində guya onun işə düzəlməsi üçün mənzilə qeydiyyata alındığını göstərsə də, bu həqiqətə uyğun deyildir; belə ki, o hələ xx xxxx 1984-cü ildən, yəni ailə qurmamışdan əvvəl “Azərelektroterm” İstehsalat Birliyində işləməyə başlamışdır. Eləcə də, Gülnarə Vahabova mənzilin atasının mülkiyyətində olduğu və ona vərəsələrin razılığı ilə keçdiyini bildirsə də, mənzil X7 order əsasında məxsus olmuş və Sadıx Vahabov vəfat etdikdən sonra onun razılığı əsasında Gülnarə Vahabovanın adına keçirilmişdir. Mənzildə o, Gülnarə Vahabov ilə birlikdə birgə təsərrüfat aparmış, mənzilin təmirində və kommunal ödənişlərdə daimi iştirak etmişdir. Ona aid olan əşyalar, elektrotexnika əşyaları da hazırda mənzildədir. X10 2020-ci ilin yanvar ayında onu qeydiyyatdan çıxarmaq iddiası ilə məhkəməyə müraciət etmiş, fevral ayının axırında isə işdən qayıtdığı zaman qapının qıfılının dəyişdirildiyini görmüşdür. Bütün geyim əşyaları, hətta şəxsiyyət vəsiqəsi mənzildə qalmışdır. Bakı şəhəri SuraxanıRayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması qət edilmişdir. X5 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmadığını, bununla da işin halları barədə səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Gülnarə Vahabova və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh və onun vəkili Vəkil1 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, tərəflər xx xxxx 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuş, təxminən 1987-ci ildən həmin vaxt Gülnarə Vahabovanın atası Sadıx Vahabovun qanuni sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsindəki 14a saylı evin 67 saylı mənzilində yaşamağa başlamış, xx.xx.1988-ci il tarixdə Cavabdeh həmin mənzilə pasport qeydiyyatına alınmış, Sadıx Vahabovun xx.xx.1988-ci il tarixdə vəfat etməsindən sonra – xx xxxx 1990-cı il tarixdə - mənzilin icarə müqaviləsi Gülnarə Vahabovanın adına dəyişdirilmiş, mənzildə qeydiyyatda olanların, o cümlədən Cavabdeh razılıq ərizələri nəzərə alınmaqla mənzil xx.xx.1998-ci il tarixdə Gülnarə Vahabovanın mülkiyyətinə keçirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. İlkin iddia üzrə iddiaçı məhz keçmiş həyat yoldaşının – 1988-ci ildən mənzildə qeydiyyatda olan və orada yaşamış Cavabdeh - mənzildən istifadə hüquqlarının itirilməsini xahiş etmiş, bu xahişini, yuxarıda qeyd edildiyi kimi, Mahirin 2015-ci ildən sonra mənzildə yaşamadığı və qeydiyyatının formal olması arqumentləri ilə əsaslandırmışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır)53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi,14 a saylı evin 67 nömrəli mənzilindən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun həmin mənzilə istifadə hüququnun qalıb-qalmaması ilə bağlıdır; ilkin iddia üzrə iddiaçı, keçmiş həyat yoldaşının mənzilə istifadə hüququnun itirilmiş hesab olunduğunu, Cavabdeh isə 2020-ci ilin fevral ayına qədər mənzildə yaşadığını, bu tarixdən sonra Gülnarə Vahabovanın onu mənzilə buraxmadığını və mənzildə hazırda da əşyalarının olduğunu irəli sürmüşlər. Kollegiya, Bakı şəhərində işlədiyi və bu şəhərdə başqa yaşayış sahəsi olmadığı müəyyən edilən Cavabdeh 30 ildən artıq müddətdir yaşadığı, qeydiyyatda olduğu, cari təmirində və saxlanılmasında iştirak etdiyi mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu Cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarında olan “Cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan da Cavabdeh 2020-ci ilin yanvar ayının 25-nə qədər sözügedən mənzildə yaşadığı və bu tarixdə Gülnarə Vahabova ilə arasında yaranmış münaqişə səbəbilə evi tərk etdiyi aydın olur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni Cavabdeh köçmək istədiyi mənzildə yaşayıb və hazırda mənzilin mülkiyyətçisi olan keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları olduğundan o, bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb, məhkəmə də haqlı olaraq bu tələbi təmin etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-957/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar