Məhkəmə qərarları › İş №2(103)-6896/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6896/2025

29.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6896/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı Cavabdeh MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunmuşdur. Daha sonra müqavilənin müddəti uzadılmışdır. 2.xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. 3.İddiaçı xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMCnin Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin 3-177(3-4-2633)25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə məbləğin hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 3-177(3- 4-2633)25 nömrəli əmri ilə vətəndaş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İşəgötürən əmək müqaviləsinin xx.xx.2024-cü ildə bağlandığını əsas gətirərək həmin müqavilənin müddətinin bitdiyi üçün xitam əmrinin qanunvericiliyin tələblərinə uyğun olduğunu əsaslandırmağa çalışsa da, etdiyi qanunsuz əməllər göz önündədir və kobud qanun pozuntusudur. Belə ki, iddiaçı ilə ilkin olaraq xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən o, Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsi əsasında iddiaçı xx.xx.2024-cü il tarixədək, yəni əmək müqaviləsinin müddətsiz olmasına təxminən 20 gün qalmışadək həmin vəzifədə fasiləsiz olaraq işləmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi, yəni müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmişdir. Lakin həmin günün səhəri, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh MMC tərəfindən eyni vəzifəyə, yəni Qaradağ rayonu ərzisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmiş və yenidən onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Artıq elə burdan məlumdur ki, xx.xx.2024-cü il tarixli əmr əvvəlki əmək müqaviləsinin müddətsiz olmasının qarşını alımaq üçün atılan qanunsuz əməlləri pərdələmək məqsədi daşımışdır. Çünki, cəmi bir gün sonra eyni vəzifəyə qəbul ediləcəyi halda, 4 il 11 ay 10 gün fasiləsiz davam edən əmək müqaviləsinə xitam verilməsində başqa bir məqsəd ola bilməzdi. Eyni müəssisədə eyni vəzifədən bir günlük fərqlə azad olunma və yenidən işə qəbulolunma isə məqsədli şəkildə həyata keçirildiyi üçün fasiləsiz müddətin dayanması hesab oluna bilməz. Belə ki, bir gün sonra eyni vəzifəyə yenidən təyin olunacağı halda müddətli əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Çünki, onsuz da Cavabdeh MMC əməkdaşlarla əmək müqaviləsini 1 ay müddətinə bağlayır. 4 il 11 ay 10 gün ərzində tərəflər arasında bağlanmış müqavilənin uzadılması üçün heç vaxt müqaviləyə xitam verilməsi və yenidən bağlanması halı olmamışdır. Yalnız 5 ilin tamam olmasına 20 gün qalmış bu addımın atılması işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi ilə verilmiş hüquqların kobud şəkildə pozuntusudur. Əmək Məcəlləsinin tələbindən də göründüyü kimi, bir gün sonra eyni vəzifəyə işə götürüləcəyi halda müqaviləyə xitam verilməsinə heç bir zərurət olmamışdır və müqaviləyə xitam verilməyəcəyi təqdirdə əmək müqaviləsi daha 1 ay müddətinə uzadılmış hesab olunacaqdır ki, bununla da 5 il fasiləsiz müddət tamamlanaraq əmək müqaviləsi müddətsiz olacaqdır. Lakin işəgötürən qanunvericiliyin ona verdiyi “hüquq”dan sui-istifadə edərək işçinin qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 3-177(3-4-2633)25 nömrəli əmri ləğv edilməli, iddiaçı öz əvvəlki işinə bərpa edilməli, məcburi işburaxmaya görə məbləğ hesablanaraq iddiaçıya ödənilməlidir.

6. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-7/3-4- 2633/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı öz işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının cavabdeh "DOST İş Mərkəzi” MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Həmçinin İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

8. Həmçinin Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edərək İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “DOST İş Mərkəzi" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əməkhaqqı” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-7/3-4-2633/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı öz işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqının cavabdeh “DOST iş Mərkəzi" MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanılaraq Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. İddiaçı mediasiya tətbiqi barədə təklifi Cavabdeh MMC-nə göndərdiyi tarixdə qüvvədə olan “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Hesab edirlər ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixində cavablandırılmış, o isə xx.xx.2025-ci il tarixində Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixində “DOST iş Mərkəzi" MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra İddiaçı isə iddia müddətini gözləmədən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirirlər ki, mübahisənin mürəkkəbliyi və ya digər səbəblərlə mediasiya prosesinin müddəti uzadılmamışdır. Göründüyü kimi İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi fərdi əmək mübahisəsinin həlli ilə bağlı olduğu üçün qeyd edilən tələbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Bununla yanaşı, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsi ilə yanaşı, Mülki Məcələsinin müddəaları da nəzərə alınmalıdır. Hesab edirlər ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən ilkin əmək müqaviləsi üzrə iddia tələbləri iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin -2(004)-4534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim-A.Oruclu) iddia tələbi təmin edilərək, Cavabdeh 29 aprel 2025-ci il tarixli, 3-17- 7/3-4-2633/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Qaradağ rayonu ərizəsində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. 11.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı Cavabdeh MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunmuşdur. Müqavilə 30 dekabr 2019-cu il tarixinədək bağlanmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə 01 ay müddətinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 12.Məhəmənin mövqeyinə görə iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü iş müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı hallar müəyyən edilməmişdir. İddiaçı xx.xx.2019-cu tarixdən müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş, 5 ili tamam olacağından və qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab ediləcəyindən (AR ƏM 45-ci maddəsinin 5-ci hissəsi) işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş və növbəti iş günü xx.xx.2024-cü il tarixdə onunla yenidən müddətli əmək müqaviləsi bağlanmış və xx.xx.2025-ci il tarixədək dəfələrlə əmək müqaviləsinin müddəti hər dəfə 1 ay olmaqla uzadılmışdır. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab ediləcəyindən işəgötürənin işçinin əmək müqaviləsinə xitam verib, növbəti iş günü yenidən işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə hər dəfə 1 ay müddətinə uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediasiya prosesinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi, 45-ci maddəsinin 1, 4 və 5-ci hissəsi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi, 69-cu maddəsinin 7-ci hissəsi, 73-cü maddəsinin 1-ci hissəsi, 83-cü, 292-ci maddəsinin 1-ci hissəsi, 296-cı maddəsinin 1-3cü hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci; "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun 21.5, 32.4.2, 35.1-ci; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci; Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılığı əsasında bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları” nın 1.2 bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Qeyd edilən planda işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması tədbirlərinin icra göstəricilərində - mexanizmlərdə dəyişiklik, yaradılmış DOST İş mərkəzləri vasitəsilə hər il orta hesabla 30000 nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması qeyd edilmişdir. Həmçinin tədbirin icra müddəti 2021-2025ci illərini əhatə edildiyi göstərilmişdir. Sərəncamdan da göründüyü kimi Cavabdeh MMC sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Məlumat üçün bildirir ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsi xx.xx.2025-ci il tarixində ləğv edilməyinə baxmayaraq iddiaçı birbaşa Mediasiya Təşikalatına uzun müddət sonra müraciət etmişdir. İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixində cavablandırılmış, o isə xx.xx.2025-ci il tarixində Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra İddiaçı isə iddia müddətini gözləmədən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Yuxarıda qeyd edilən maddə xx.xx.2025-ci il tarixində ləğv edilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqavilələri bağlanılaraq Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Göründüyü kimi iddiaçının əmək funksiyaları daimi deyil də, müvəqqəti xarakter daşıyır və həmin müqavilələr müddətli ola bilər. Məhkəmə isə Cavabdeh MMC-nin fəaliyyətinin müvəqqəti xarakter daşıdığını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, qətnamədə iddiaçının gördüyü işlərin daimi xarakter daşıması qeyd edilmişdir. O, sosial işçi olub, təmizlik fəaliyyəti ilə məşğul olub. Bu fəaliyyət “Haqqı ödənilən ictimai işlərin təşkili” Qaydalarına əsasən haqqı ödənilən ictimai iş kimi qəbul edilir. Əmək Məcəlləsinə əsasən həmin işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Onun əmək fəaliyyəti müvəqqəti xarakter daşıyır. Cavabdeh idarəetməsi dövlətə məxsusdur, dövlət tərəfindən maliyyələşdirilirlər. Sosial layihə, məşğulluq strategiyası əsasında fəaliyyət göstərir. Bir sosial layihə olaraq bütün işçiləri ilə müddətsiz əmək müqaviləsi bağlaya bilməzdilər. Layihə 2030-cu ilədək davam edəcək. İddia müddəti ilə bağlı demək istəyir ki, iddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixdə təkliflə müraciət etmişdir. İddiaçı onların cavab verməyi üçün 10 gün müddəti gözləməli idi. xx.xx.2025-ci il tarixində Qanunda dəyişiklik olub. Həmin dəyişiklikdən sonra mediasiyaya müraciət edə bilərdi. Qətnamə əsassızdır, çünkü cavabdehin fəaliyyəti nəzərə alınmamışdır. 19.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, ilk öncə bildirmək istəyir ki, əmr xx.xx.2025-ci ildə verilib, təklif xx.xx.2025-ci ildə göndərilib. Onların mediasiya təklifinə cavab xx.xx.2025-ci il tarixdə verilib. Qanunda dəyişiklik onlar təklifi göndərdikdən sonra edilib. Onlar (cavabdeh) iddiaçının mediasiya təklifinə cavab verdiyi üçün burada müddət ötə bilməz. xx.xx.2025-ci il tarixdə cavab verilib, xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişlər. xx.xx.2025-ci ildə mediasiya sessiyası keçirilib, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişlər. Təxminən 27 gün ərizdə onlar iddiasını vermişdir, ona görə də iddia müddətinin ötməsi ilə bağlı mülahizələr tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi də həmin məsələ ilə bağlı düzgün nəticəyə gəlib. Digər bir məsələ isə müqavilə ilə əlaqəlidir. İddiaçının əmək müqaviləsinə 5 ilin tamam olmasına 20 gün qalmış xitam verilib. Səhəri gün 1 il 6 ay müddətinə yenidən onunla müqavilə bağlanılıb. Göründüyü kimi bu iş daimi xarakter daşıyıb. Layihənin bitməsi qeyd edilir, belə olan halda şəxsi işdən ixtisarla çıxara, bunun üçün kompensasiya ödəyə bilərdilər, bunu etməyiblər. Eyni zamanda layihənin dayandırılması ilə bağlı sənədləri də məhkəməyə təqdim edə bilməyiblər. Qətnamənin qəbul edilməsinə əsas olmuş hallardan biri də məhz o idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə bu layihə 2030-cu ilədək davam edəcək, bu da bir daha onu göstərir ki, əmək müqaviləsinə əsassız, ədalətsiz və qanunsuz olaraq xitam verilmişdir.

Tətbiq edilən hüquq 20.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

22."Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

23.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin halları odur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı Cavabdeh MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunmuşdur. Daha sonra müqavilənin müddəti uzadılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. 28.Birinci instansiya məhkəməsinin qənaətinə görə hazırki iş üzrə iddia müddəti ötürülməmişdir və iddia tələbi əsaslı olmuşdur.

29. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, əmr xx.xx.2025-ci ildə verilib, mediasiya təklifi xx.xx.2025-ci ildə göndərilib. Mediasiya təklifinə cavab xx.xx.2025-ci il tarixdə verilib. xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət edilib. xx.xx.2025-ci il tarixdə tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediasiya prosesinə xitam verilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Qanunvericiliyin istinad olunan normalarına əsasən mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

31. Belə olan halda xx.xx.2025 – xx.xx.2025-ci il tarixədək 18 gün keçmiş, sonra xx.xx.2025ci il tarixdə mediasiya təklifi göndərilməklə müddət dayanmış, xx.xx.2025-ci il tarixdə mediasiya prosesinə xitam verildiyindən müddətin axımı bərpa olunmuş və 1 aylıq müddət ötürülmədən xx.xx.2025-ci il tarixədə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

32. “Mediasiya haqqında” Qanunun 21.7-ci maddəsinin xx.xx.2025-ci il tarixdə ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı mediasiya təklifini xx.xx.2025-ci il tarixdə, yəni qeyd olunan maddə ləğv edilməmişdən əvvəl göndərmişdir.

33. İddianın əsaslı olması ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

34. Kollegiya hesab edir ki, iddiaçının 2019-cu ildən əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz xx.xx.2024-cü il tarixdə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və növbəti iş günü, cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması, müddətin bir neçə dəfə uzadılması və sonuncu dəfə, yəni xx.xx.2025-ci il tarixdə isə müddətin qurtarması əsas götürülərək onunla əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə uyğunluq təşkil etmir.

35. Apellyasiya şikayətinin dəlili odur ki, iddiaçının gördüyü işin xarakteri müvəqqəti olmuşdur. 36.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 45.5.-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 37.Nəzərə alınmalıdır ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da iddiaçı 5 ildən artıq müddətə eyni vəzəfədə işləmişdir. O cümlədən, qeyd olunmalıdır ki, cavabdehin istinad etdiyi Məşğulluq Startegiyası 2019-2030-cu illər üçün nəzərdə tutulmuşdursa hələ həmin müddət də başa çatmamışdır.

38. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4534/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar