Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6899/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi X5, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi atası tərəfindən imtina olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(009)-780/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, atası Maraqlı şəxs2 tərəfindən ondan imtina olunması, yəni onun tərbiyə edilməsindən və hüquq və mənafelərinin müdafiəsindən imtina edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Maraqlı şəxs1 tələbəsidir, orada ödənişli əsaslarla təhsil alır. Atası Maraqlı şəxs2 və X6 2003-cü ildə onun 2 yaşı olarkən boşanıblar. Həmin vaxtdan atasına onun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. Lakin o, atasını heç vaxt görməmiş, bu günə qədər də atası ona aliment ödəməmişdir. Atası faktiki olaraq onu atıb gedib, heç vaxt onun qayğısına qalmayıb. Anası isə 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Hazırda o, nənəsinin himayəsində qalır. Nənəsi yaşlıdır, pensiyası yemək-içməyə güclə çatır. Hazırda universitetin təhsil haqqını ödəyə bilmirlər. Özü isə oxuduğu üçün işləyə bilmir. Dəfələrlə universitetdə məsul şəxslərə təhsil haqqından azad olunması üçün müraciət etmişdir. Sonuncu dəfə ona bildiriblər ki, ancaq ata və ana himayəsindən kənar yaşamağı məhkəmə qaydasında təsdiq edildikdən sonra təhsil ödənişindən azad oluna bilər. Anası vəfat edib, atası isə ondan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə hər iki valideynlərinin himayəsindən məhrum olması və atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi üçün müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(009)-780/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs2 Murad oğlunun atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmiş, həmin tarixli qərardadla ərizənin valideyn himayəsindən məhrum olma faktının müəyyən edilməsi barədə hissəsində işin icraatına xitam verilmişdir. Həmin qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ərizəçi atası tərəfindən faktiki olaraq imtina olunduğu halda, məhkəmə ərizəni təmin etməmişdir. Ərizəçi bu faktı başqa yolla müəyyən edə bilmir. Həmin faktın müəyyən olunması isə ona dövlət ali təhsil müəssisəsində dövlət hesabına təhsil almaq üçün lazımdır. Məhkəmə kollegiyasının iclasında Ərizəçi izahatında göstərdi ki, hələ 2 yaşında olarkən atası onları atıb getmiş, onun maddi və mənəvi ehtiyacları ilə maraqlanmamışdır. Hal-hazırda Maraqlı şəxs1ndə ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqı 1800 manat təşkil edir. Hazırda nənəsinin himayəsində yaşayır, təhsil aldığına görə heç yerdə işləmir, təhsil haqqı nənəsi və dayısı tərəfindən ödənilir. Maddi vəziyyətləri ağır olduğuna görə təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Atası Maraqlı şəxs2 birinci instansiya məhkəməsində yalan izahat verərək ondan guya imtina etmədiyini, onun bütün maddi və mənəvi ehtiyaclarını qarşılamağa hazır olduğunu göstərmişdir. Halbuki, o nə məhkəmədən əvvəl, nə də məhkəmədən sonrakı dövrdə onunla əlaqə saxlamamış və qayğıları ilə maraqlanmamışdır. Atası tərəfindən imtina olunması faktının müəyyən olunması növbəti iki ildə onun təhsil haqqından azad olunması, təhsil haqqının dövlət hesabına ödənilməsi üçün zəruridir. Bu faktın müəyyən olunması başqa yolla mümkün deyil. Yəni o oxuduğu universitetə məhkəmə qətnaməsindən başqa bir sənəd təqdim edə bilməz ki, atası tərəfindən imtina olunması faktını sübuta yetirə bilsin. Buna görə də məhkəmədən xahiş edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunsun və onun ərizəsi təmin olunsun. Maraqlı şəxs1 nümayəndəsi X10 izahatında göstərdi ki, apellyasiya şikayətinin və ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə ərizənin təmin olunması barədə qərar çıxararsa, qətnaməni icra etməyə hazırdırlar. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 izahatında göstərdi ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyət daşımır. Buna görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Maraqlı şəxs2 və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin və maraqlı şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2021ci il tarixli, 2(009)-780/2021 saylı qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nənəsi X1 və dayısı X7 birinci instansiya məhkəməsində işə baxılarkən verdikləri ifadələrində Ərizəçi 11 aylığında atası Maraqlı şəxs2 onu atıb gedərək qayğıları ilə maraqlanmadığını göstərmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Maraqlı şəxs2, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan 03.02.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Maraqlı şəxs2 ilə X6 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16.04.2018-ci ildə ölmüşdür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 1.6-cı bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, məhkəmədən hər iki valideynin himayəsindən məhrum olması və atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Həmin faktların müəyyən edilməsi ərizəçiyə əyani şəkildə ödənişli əsaslarla təhsil aldığı ali təhsil müəssisəsində təhsil haqqı ödəməkdən azad edilməsi üçün lazımdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə ərizəçinin hər iki valideynin himayəsindən məhrum olması faktının müəyyən edilməsi hissəsində ərizəsi üzrə işin icraatına həmin tələbə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə ərizəçinin digər tələbinə, yəni atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsi barədə tələbi üzrə qeyd edir ki, həmin hissədə ərizəyə məhkəmə qaydasında baxılmasına yol verilir. “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən 23 yaşınadək olan və ali təhsil müəssisələrində təhsil alan şəxslər də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasına aiddir və həmin şəxslərin Qanunun yuxarıda göstərilən tələbinə əsasən dövlət hesabına təhsil almaq hüquqları var. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şəxsin atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi ərizəçiyə sonradan hər iki valideynin himayəsindən məhrum olan şəxs hesab edilməsi müəyyən edilərkən lazım olduğundan, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, həmin faktın başqa yolla əldə edilməsi və ya müəyyən edilməsi mümkün olmadığından, ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ərizəçi atası tərəfindən imtina olunması faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır və bu faktın məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyil. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız ərizəçinin atası Maraqlı şəxs2 izahatına əsaslanaraq onun öz övladı Ərizəçi imtina etməməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Maraqlı şəxs2 birinci instansiya məhkəməsində verdiyi izahatında oğlu Murada faktiki olaraq ata qayğısı göstərmədiyini, uşağa köməklik göstərmədiyini etiraf etmiş, lakin onun təhsil almasına yardımçı olmağa hazır olduğunu bildirmişdir. Maraqlı şəxs2 izahat vermək üçün apellyasiya instansiyası məhkəməsində keçirilən iclaslara dəvət olunsa da və məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclaslarına gəlməmişdir. İşin faktiki hallarından görünür ki, Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina olunmuşdur. Maraqlı şəxs2 övladı Ərizəçi imtina etmədiyini bildirsə də, faktiki olaraq öz hərəkətləri ilə ondan imtina etdiyini nümayiş etdirmişdir. Beləliklə, məhkəmə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(009)-780/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Ərizəçi atası Maraqlı şəxs2 tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina) barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6899/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6899/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver