Məhkəmə qərarları › İş №2(103)-69/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-69/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-69/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Əhmədova (Əzizova) İlahə Zəfər qızının iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(004)-3095/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova (Əzizova) İlahə Zəfər qızı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 12030 (on iki min otuz) manat məbləğində pul vəsaitinin alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, aralarındakı razılaşmaya əsasən Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc pul vermişdir. O, ona 12.000 manat məbləğində borclu olmasını 01.02.2019-cu il tarixdə borc kağızına imza etməklə təsdiq etmişdir. Cavabdeh ona olan borcunu qısa müddətdə hissə-hissə qaytaracağına söz versə də, bu günədək ona olan bocundan bir manat belə qaytarmamışdır. O, ondan borcun tam olaraq qaytarılmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(004)-3095/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı Əhmədova (Əzizova) İlahə Zəfər qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(004)-3095/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun Əhmədova (Əzizova) İlahə Zəfər qızına hər hansı borcu yoxdur. İddiaçıdan heç vaxt nə borc, nə də ki başqa məqsədlə pul almamış, eləcə də iddiaçı nə 01.02.2019-cu il tarixdə, nə də ki, həmin tarixdən əvvəl ona pul verməmişdir. İş materiallarına əlavə edilmiş 01.02.2019-cu il tarixli borc sənədindəki yazılar və imza da ona aid deyil. O, belə bir sənəd yazmamış və ona imza etməmişdir. Borc sənədi kimi məhkəməyə təqdim olunmuş həmin vərəqədə yazılmış mətn, “imza” yazısı, icra edilmiş “imza”, “CavabdehM” və “01.02.19.” yazıları tərəfindən yazılmamış və imzalanmamışdır. Başqa şəxs bu sənəddə onun yazını və imzanı təqlid etməyə çalışmış, lakin onun bu hərəkəti uğursuz olmuşdur. Həmçinin vərəqdən görünür ki, mətndə olduqca çox orfoqrafıya səhvlərinə yol verilmiş, sözlərin çoxu (hisəhisə, müdətə, “Hacıyev” və digər) düzgün yazılmamışdır. Halbuki o, ali təhsilli şəxsdir, Azərbaycan dilinin orfoqrafıya qaydalarını çox yaxşı bilir və sözləri həmin qaydalara uyğun şəkildə yazır. Sözlərin yazılışında 01.02.2019-cu il tarixli borc vərəqindəki kimi orfoqrafik səhvlərə qəti şəkildə yol vermir. Odur ki, 01.02.2019-cu il tarixli borc sənədindəki yazı və imzanın ona aid olmadığını həm “qiyabi qətnamənin ləğv edilməsinə dair” ərizəsində, həm də, 20.09.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında israrlı şəkildə məhkəmənin nəzərinə çatdırmış və hətta bununla əlaqədar olaraq məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair məhkəməyə şifahi vəsatət də vermişdir. Lakin məhkəmə, nədənsə, etirazında göstərdiyi bu halları nəzərə almamış, bununla bağlı heç bir araşdırma etməmiş və həqiqətən də 01.02.2019-cu il tarixli borc kağızındakı yazıların və imzanın ona aid olub-olmamasını mülki iş üzrə məhkəməxətşünaslıq ekseprtizası keçirərək dəqiqləşdirməmişdir. Odur ki, 01.02.2019-cu il tarixli borc sənədinin mötəbərliyi şübhə doğurmasına baxmayaraq, həmin şübhəli hallar məhkəməxətşünaslıq ekspertizası keçiriməklə aradan qaldırılmadan belə bir sənədə istinad edilməsi və iddia tələbinin təmin edilməsi qanunsuz olmuşdur. Digər tərəfdən sənədin məzmunundan göründüyü kimi borcalan guya borcu tez bir zamanda və hissə-hissə olmaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bu kağızın imzalanmasından çox vaxt keçmədən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu hal bir daha təsdiq edir ki, həqiqətən də sözügedən sənəd başqa şəxs tərəfindən sırf sübut qismində məhkəməyə təqdim olunması məqsədi ilə hazırlanmışdır. Beləliklə, 01.02.2019-cu il tarixli borc sənədi mötəbər dəlil olmadığından, iddiaçı tərəfindən cavabdehə həqiqətən də 12.000 manat pulun borc verilməsi iş materiallarında olan digər hər hansı dəlillə sübuta yetirilmədiyindən iddia tələbi təmin oluna bilməz. Bununla yanaşı qiyabi qətnamənin ləğv edilməsindən və işə mahiyyəti üzrə baxılması təzələndikdən sonra da məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, işə baxılması vaxtı barəsində ona qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri çatdırılmamışdır. Hesab edir ki, bu hal apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əhmədova (Əzizova) İlahə Zəfər qızı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, cavabdehin bacısını tanımışdır. Cavabdeh 2015-ci ildə ondan 18000 manat borc pul almış, o, cavabdehin bacısı ilə olan münasibətinə görə həmin məbləği vermişdir. Cavabdeh həmin məbləğdən 6000 manatı qaytarmış, 12000 manatı isə qaytarmamışdır. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə taparaq, pulunu qaytarmamışdır. 01 fevral 2019-cu ildə cavabdeh ona qəbz yazaraq, borcunu etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində həmin qəbzi yazmadığını bildirmişdir. Buna görə də, apellyasiya mərhələsində cavabdehin bu dəlili yoxlanılaraq, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert də rəy verdi ki, həmin xətt və imza cavabdehə məxsusdur. Bundan sonra cavabdeh işi uzatmaq üçün 01.02.2019-cu ildə yazdığı qəbzi başqa məhkəmədə mübahisələndirmiş, hazırkı icraat həmin işə görə dayandırılmışdır. Nərimanov rayon Məhkəməsi cavabdehin iddiasını rədd etmiş, Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, Azəbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermiş, həmçinin qeyd etmişdir ki, həmin qəbz müqavilə deyil, sübut olmaqla, hazırkı işdə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarından 01.02.2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış qəbzə əsasən, sonuncu İddiaçı 12000 manat borclu olduğunu, həmin məbləği ona qısa zaman müddətində hissə-hissə qaytarmağına söz vermişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında 2015-ci ildə şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, həmin öhdəlik münasibətlərindən irəli gələrək, cavabdehin iddiaçıya ödənilməmiş 12000 manat borcu qalmışdır. Cavabdeh 01.02.2019-cu ildə yazdığı qəbzdə iddiaçıya 12000 manat borcunun olduğunu, həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Kollegiya qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan qanunvericilikdə borc müqaviləsinin şifahi formada bağlanması nəzərdə tutulduğundan, tərəflər arasında şifahi formada müqavilə bağlanmışdır. Göründüyü kimi, iddiaçının şifahi formada bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditin 12000 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Cavabdeh apellyasiya şikayətində qəbzdə olan yazı və imzanın ona aid olmadığını qeyd etmişdir. Apellyatorun bu dəlilinə münasibətdə, məhkəmə kollegiyası tərəfindən 04 mart 2020-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 04 may 2020-ci il tarixli, 4/198 saylı rəyinə əsasən, Cavabdeh adından olan 01 fevral 2019-cu il tarixli borc qəbzinin əlyazma mətni və imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən yazılmış 01 fevral 2019-cu il tarixli qəbzin mötəbər sübut kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Buna görə də, kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 127 manat cavabdehdən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(004)-3095/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 12.000 (on iki min) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 12.030 (on iki min otuz) manat iddiaçı Əhmədova (Əzizova) İlahə Zəfər qızının xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat Cavabdeh alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar