Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-690/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh (MMC) arasında 10 noyabr 2020-ci il tarixdə 6871 saylı əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC-nə satıcı vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsinin müddəti 6 ay (10 may 2021-ci il tarixinədək), iş yeri MMC-nin ünvan 1 ünvanında yerləşən 639 nömrəli apteki olaraq müəyyənləşdirilmişdir.
2. Əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə X3 qeydiyyata alınmış, bildirişdə İddiaçı iş yeri aptek, vəzifəsinin adı məşğulluq təsnifatı üzrə “Satış üzrə nümayəndə”, əmək müqaviləsi üzrə “satıcı” olaraq göstərilmişdir.
3. İddiaçı 2021-ci ilin yanvar ayının sonlarından (fevral ayından) etibarən iş yerinə getməmişdir.
4. Cavabdeh MMC-nin 10 mart 2021-ci il tarixli 0329/21 saylı əmri ilə üzrsüz səbəbdən işə gəlmədiyi əsas göstərilməklə İddiaçı əmək müqaviləsinə 11 mart 2021-ci il tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
5. Cavabdeh MMC Azərbaycan Həmkarlar İttifaqının xidmət sahəsində qeydə alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, işdən azad edilməsi ilə bağlı MMC-nin xx.xx.2021-ci il tarixli 0329 saylı əmrinin ləğv olunması və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 10 noyabr 2020-ci il tarixdə cavabdeh tərəfindən beş aylıq əmək müqaviləsi ilə aptekdə satıcı kimi işə qəbul edilmiş, ayda 300 manat əmək haqqı almış, əmək müqaviləsi üzrə müddət bitməmiş işəgötürən 10 mart 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə çox ağır əsaslandırma ilə xitam vermişdir. Belə ki, işəgötürən əmək kitabçasında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini yazıb, əmək müqaviləsi bildirişləri üzrə X3 isə yazılıb ki, o, Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilib. Çoxsaylı müraciətlərindən sonra "xxxx" MMC-nin rəhbərliyi 2022-ci ilin iyun ayında əmək kitabçasını vermiş, bundan sonra əvvəlcə Mediasiya Şuıasına, 2022-ci ilin iyul ayında isə məhkəməyə müraciət etmişdir. Əsassız olaraq elə maddə ilə işdən azad edilmişdir ki, bundan sonra başqa yerlərdə də işə qəbul ediləcəyi şübhə altındadır. Əmək müqaviləsinin qüvvədə olduğu müddətdə koronavirus pandemiyasına yoluxduğuna görə iki həftə üzürlü səbəbdən işə çıxa bilməmiş və bu barədə vaxtında iş yerinə bildirməklə xəstəlik bülletenini onlara təqdim etmişdir. Əmək müqaviləsi üzrə işini bilmiş, heç bir proqula, intizamsızlığa yol verməmişdi. Bu səbəblə işəgötürənin ona qarşı belə hərəkəti çox qərəzli olmuşdur. Əgər doğrudan da əmək müqaviləsi üzrə tələbləri pozmuş olsaydı, ona xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əməkhaqqının azaldılması üzrə hansısa bir cəza tədbiri verilərdi. Ən azından özünə öz ərizəsi ilə işdən azad edilmək barədə ərizə yazmaq təklif oluna bilərdi. Digər tərəfdən isə 2021-ci ilin aprel ayında onsuz da əmək müqaviləsinin müddəti bitdiyinə görə işəgötürən bunu gözləyib həmin vaxtdan sonra əmək müqaviləsinin müddətini uzatmaya bilərdi. Bundan əlavə, sonradan bilmişdir ki, işəgötürən "xxxx" MMC-nin Baş Ofisində onun adına başqa bir iş yazıblar. Yəni, o, həm də Baş Ofisdə “satış üzrə tibbi nümayəndə” işində çalışmışdır.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verildiyinə dair sübutları təqdim etməmiş, izahatında, koronavirus pandemiyasına yoluxduğuna görə iki həftə üzürlü səbəbdən işə çıxa bilmədiyini və bu barədə vaxtında iş yerinə bildirməklə xəstəlik bülletenini onlara təqdim etdiyini qeyd etsə də, iki həftə müddətində xəstə olmasını təsdiq edən xəstəlik bülleteninin surətini məhkəməyə təqdim etməmişdir.
10. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 14-cü, 77.1-ci, 88-ci və 106.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ona istinad olunan pozuntuların mövcudluğuna dair sübutların, eləcə də işdən çıxarılmasına həmkarlar təşkilatının razılığının olmadığını nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, həqiqətən də 2021-ci ilin fevral ayından etibarən işə getməmiş, bunun səbəbi isə “Satış üzrə nümayəndə” kimi işə götürülməsinə baxmayaraq satıcı qismində çalışdırılması olmuşdur. Dəfələrlə rəhbərliyə bu barədə bildirsə də müraciətlərinə əhəmiyyət verilməmiş, buna etiraz olaraq işə çıxmamışdır.
13. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 şikayətin əsassız olduğunu, iddiaçının üzrsüz səbəbdən işə gəlməməsi səbəbilə işdən azad edildiyini, onun özünün də bu halı etiraf etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
15. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
17. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
18. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
19. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
20. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.
21. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
22. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Kollegiyanın qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməlində mövcud olmaması barədə iddiaçının arqumentlərini əsaslı hesab etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur; belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi o, işəgötürənin icazəsi olmadan 1 aydan artıq müddətdə işə gəlməmiş, buna səbəb kimi göstərdiyi hal isə qanunvericiliyin istisna kimi müəyyənləşdirdiyi hal olmamışdır.
32. İddiaçının özünün bildirməsinə görə, o, 2020-ci ilin noyabr ayında xəstəliyi ilə bağlı əmək qabiliyyətsiz olmuş və 2 həftə işə çıxmamışdır – onun əmək müqaviləsinə xitam verilməsinə səbəb isə 2021-ci ilin fevral ayında işə getməməsi olmuşdur.
33. Əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılığının alınmadığı ilə bağlı iddiaçının irəli sürdüyü arqumentə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh MMC-də belə təşkilatın olmadığı və iddiaçının maaşından həmkarlar ittifaqına tutulmaların aparılmadığı MMC-nin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məhkəmənin sorğularına verdiyi cavablarla müəyyən olunmuşdur.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2519/2022 saylı iş üzrə 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə