Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6900/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katlbliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Əbülfət Tağyevin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestr çıxarışlarının ləğvi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdehlər Cavabdeh2 İddiaçı MMC-nin təsisçilərindən biridir. İddiaçı MMC başqa mülki işdə iddia qaldıraraq Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və ondan MMC-nin xeyrinə pul tutulmasını tələb edib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 keçmiş ər-arvaddır. Onların nikahının pozulması xx.xx.2019-cu ildə qeydə alınıb. Cavabdeh3 ilə işdə iştirak edən digər şəxslərin arasında qohumluq və digər münasibətlərin olması müəyyən olunmur. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, aşağıda göstərilən 5 müqavilə etibarsız hesab edilsin, həmin müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin və əmlaklar əvvəlki vəziyyətə - Cavabdeh2 adına qaytarılsın: 1) Nəsimi rayonu, Neftçilər prospekti, ev № 145-də yerləşən 103 №-li mənzil dair cavabdeh Füzulu Adıgözəlov (satıcı) ilə cavabdeh Əbülfət Tağyevin (alıcının) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi; 2) Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev № 111-də yerləşən 16 №-li mənzilə dair cavabdeh Füzulu Adıgözəlov (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev № 113-də yerləşən qeyriyaşayış sahəsinin 38,1 kv.m hissəsinə dair cavabdeh Füzulu Adıgözəlov (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair cavabdeh Füzulu Adıgözəlov (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 5) Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində yerləşən 2074 №li bağ evinə dair cavabdeh Füzulu Adıgözəlov (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi. İddia onunla əsaslandırılıb ki, Cavabdeh2 İddiaçı MMC-nin təsisçilərindən biri olub, MMC təsis edildiyi gündən 2017-ci ilin sonunadək Cavabdeh2 tam idarəçiliyində olub, MMC-nin digər təsisçiləri Cavabdeh2 inanaraq MMC-nin mənfəəti barədə onun verdiyi məlumatları qəbul ediblər. Sonradan aparılan audit yoxlaması nətcəsində müəyyən edilib ki, Cavabdeh2 MMC-yə zərər vurub. Buna görə də MMC məhkəmədə iddia qaldırıb, Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və ondan 6.184.633,23 manat pulun MMCnin xeyrinə tutulmasını tələb edib. Nərimanov RM-nin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və ondan 6.184.633,23 manat pulun MMC-nin xeyrinə tutulması qət edilib. Daha sonra həmin iş üzrə yuxarı instansiya məhkəmələrinə şikayətlər verilib. Cavabdeh2 yuxarıda göstərilən əmlakları MMC-dən mənimsədiyi pul hesabına əldə edib, əmlaklara tutma yənəldilməsinin qarşısını almaq məqsədilə görünüş üçün əqdlər bağlayaraq əmlakları öz adından çıxarıb. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, həmin müqavilələr etibarsız hesab edilsin, müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin və əmlaklar əvvəlki vəziyyətinə (Füzulu Adıgözəlovun adına) geri qaytarılsın. Birinci instansiya məhkəməsi həmin müqavilələri ona görə etibarsız sayıb ki, onlar uydurma əqddir, yəni görünüş üçün bağlanıb, Cavabdeh2 həmin əmlaklara tələb yənəldilməsinin qarşısını almaq məqsədilə onları öz adından çıxarıb. Şikayət və izahatlar: Qətnamədən iki apellyasiya şikayəti verilib. 1-ci apellyasiya şikayətində, yəni Cavabdeh2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 2-ci apellyasiya şikayətində, yəni Cavabdeh3 apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən - Nəsimi rayonu, Neftçilər prospekti, ev № 145-də yerləşən 103 №-li mənzil dair Füzulu Adıgözəlov (satıcı) ilə Əbülfət Tağyevin (alıcının) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə aid hissədə ləğv edilsin və həmin hissədə tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən vəkil (nümayəndə) Vəkil2 təmsil etdiyi şəxsin - Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, vəkil (nümayəndə) Vəkil3 təmsil etdiyi şəxsin - Əbülfət Tağyevin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə isə hər iki apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Hazırkı işdə 5 müqavilənin etibarsız sayılması tələb olunub. Onlardan 4-ü bağışlama, 1-i isə alqı-satqı müqaviləsidir. Məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Bağışlama barədə: Aşağıda göstərilən 3 hal bağışlama müqavilələrinin uydurma olduğunu təsdiq edir. Birinci, bağışlama müqavilələri İddiaçı MMC ilə Cavabdeh2 arasında maliyyə ixtilafının yaranmasından və MMC-nin Cavabdeh2 tam idarəçiliyindən alınmasından qısa müddət sonra bağlanıb. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bunula da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Belə ki, MMC bildirir ki, MMC 2017-ci ilin sonunadək Cavabdeh2 tam idarəçiliyində olub, Cavabdeh2 MMC-nin maliyyə vəsaitini mənimsəyib, əldə etdiyi pulun hesabına göstərilən əmlakları əldə edib, bu aşkar olunduqdan sonra isə əmlaklara tələb yönəldilməsinə mane olmaq üçün onları formal olaraq öz adından çıxarıb. Göründüyü kimi, 2018-ci ildə, yəni yaranmış maliyyə ixtilafına görə MMC Cavabdeh2 tam idarəçiliyindən alındıqdan sonra Füzulu Adıgözəlov (hədiyyə verən) Cavabdeh1 (hədiyyə alan) ilə bağışlama müqavilələri bağlayıb. MMC pul tələbi ilə başqa mülki işdə məhkəməyə müraciət edib, bu mübahisədə hansı tərəfin haqlı olmasının və mübahisə üzrə qətnamənin qanuni qüvvəyə minibminmədiyinin əhəmiyyəti yoxdur. Çünki əqdin uydurma olub-olmadığını təyin edən əsas əlamət niyyətdir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Əgər müqavilə tərəflərinin – hədiyyə verən və hədiyyə alanın niyyəti həqiqi olsayıdı, onlar həmin müqavilələri maliyyə ixtilafının yaranmasına və MMC-nin Cavabdeh2 tam idarəçiliyindən alınmasına qədər bağlayardılar. İkinci, bağışlama müqavilələri ər-arvad arasında bağlanıb, onların nikahı isə həmin müqavilələrin bağlanmasından qısa müddət sonra - xx.xx.2019-cu ildə pozulub. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bununla da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Yəni bağışlamadan sonra nikahın pozulması ilə tərəflər onu bəyan etmək istəyiblər ki, onlar artıq yad insanlardır, Cavabdeh2 MMC-nin qarşısında olan öhdəliklərinə görə Cavabdeh1 mülkiyyətində olan əmlaka tələb yönəldilə bilməz. Nəzərə alınmalıdır ki, əvəzsiz əqdlər (bağışlama və s.) mənəvi dəyərlərə əsaslanır. Mülkiyyətçi öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Boşanma isə ər-arvad arasında ailə ixtilafının olduğunu təsdiq edir. Əgər ailə ixtilafı olsayıdı, həmin ərəfədə ixtilafın tərəfləri arasında mənəvi dəyərlərə əsaslanan müqavilə bağlana bilməzdi. Bu isə onu təsdiq edir ki, bağışlama müqavilələrinin bağlanması, onun ardınca isə nikahın pozulması vahid niyyətlə edilib. Bundan başqa, müəyyən olunur ki, nikahın pozulmasından 15 gün əvvəl xx.xx.2019-cu ildə Cavabdeh2 Gəncə şəhərində öz adına olan daha bir daşınmaz əşyaya dair Səfurə Adıgözəlova ilə bağışlama müqaviləsi bağlayıb. Həmin müqavilə də İddiaçı MMC-nin iddiası üzrə etibarsız hesab edilib. Üçüncü, bağışlama müqavilələri eyni təqvim ilində (2018-ci ildə) qısa zaman fasilələri ilə bağlanıb: biri xx.xx.2018-ci ildə, ikisi xx.xx.2018-ci ildə, biri xx.xx.2018-ci ildə. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bununla da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Belə ki, məhz 2018-ci ildə Nərimanov RM-nin qəbul etdiyi qətnamə ilə Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və ondan 6.184.633,23 manat pulun MMC-nin xeyrinə tutulması qət edilib. Əgər müqavilə tərəflərinin – hədiyyə verən və hədiyyə alanın niyyəti həqiqi olsayıdı, onlar eyni təqvim ilində belə ardıcıllıqla bağışlama müqavilələri bağlamazdı. Həmçinin müəyyən olunur ki, Cavabdeh2 İddiaçı MMC-yə qarşı külli miqdarda mənimsəmə cinayəti törətdiyi üçün Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hal isə digər sübutlarla birlikdə onu təsdiq edir ki, bağışlama müqavilələri görünüş üçün bağlanmışdır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi bağışlama müqavilələrini uydurma əqd kimi etibarsız sayılmasını qət etməklə düzgün nəticəyə gəlib, ona görə də qətnamə bağışlama müqavilələrinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Alqı-satqı barədə: Alqı-satqı müqaviləsi uydurma əqd deyil. Həmin müqavilə iki tərəfli əqd olduğuna görə bir tərəfin iradəsi ilə ona “görünüş” xüsusiyyəti vermək mümkün deyil. İki tərəfli əqdin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruri olduğuna görə (Mülki Məcəllə, maddə 324.4), ona “görünüş” xüsusiyyətinin verilməsi üçün də iki tərəfin razılaşdırılmış iradə ifadəsi olmalıdır, çünki “görünüş” də razılaşdırma tələb edir. X2 görünüş üçün əqd bağlamaq niyyəti müəyyən olunmur, o, müqavilədə müəyyən edilmiş qiyməti ödəməklə əmlakı əldə edib. Həmin qiymətin əmlakın dəyərindən az olması öz-özlüyündə alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını təsdiq etmir, çünki müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) tərəflərə imkan verir ki, qiymətə dair şərti azad surətdə müəyyənləşdirsinlər. X1 əmlakı dəyərindən ucuz özgəninkiləşdirməkdə niyyətinin əmlakı təcili olaraq öz adında çıxarmaq, bununla da əmlaka tələb yönəldilməsinin qarşısını almaq ola bilər. Lakin belə niyyət alqı-satqı müqaviləsinə “görünüş” xüsusiyyəti vermir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, alqı-satqı müqaviləsinə aid hissədə qətnamə ləğv edilməli və həmin hissədə tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh3 apellyasiya şikayəti tam təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – Nəsimi rayonu, Neftçilər prospekti, ev № 145-də yerləşən 103 №-li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsinə aid hissədə ləğv edilsin və həmin müqavilənin etibarsız hesab edilməsi barədə tələb rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6900/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6900/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver