Məhkəmə qərarları › İş №2(103)-6902/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6902/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6902/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qızına qarşı “mənzildən çıxarılma və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının özünün və onun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrlə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin ona məxsus 1/2 hissəsinin “Q” literli tikilinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və onun azyaşlı övladı Cavabdeh5, “Q” literli tikilinin 2, 3 saylı yaşayış otaqlarından və 11, 12 saylı kapital verandalardan cavabdehlər Cavabdeh6, Cavabdeh2, N.Abasəliyeva, Cavabdeh4 və R.Abasəliyevin, evin ona Məxsus “V” literli tikilinin 4 saylı yaşayış otağından isə Cavabdeh4 otağından çıxarılması, həmin sahələrin boşaldılması və ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, yuxarıda qeyd edilən fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisidir. Cavabdehlər həmin ünvana qanunsuz olaraq qeydiyyata alınaraq, iddiaçının mülkiyyətində olan 1/2 hissəsində bir neçə otağı və verandaları zəbt edərək iddiaçının mülkiyyətində olan bu otaq və verandalardan istifadə etməsinə maneələr yaradırlar. Cavabdehlərin onunla heç bir qohumluq münasibətləri yoxdur, göstərilən ünvana hansı yollarla qeydiyyata alınmaları da ona məlum deyil. Nəticə etibarilə, cavabdehlərin ona məxsus evin otaqlarını qarşısındakı verandaları ilə birlikdə zəbt etmələri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətçini özünə məxsus əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum edir.

b) cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iddia tələbinə qarşı etirazları barədə məlumat

3. İddia tələbinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlər həmin ünvanında doğulmuş və hal-hazırda da həmin ünvanda yaşayırlar. Həmin ev Məşədi Seyfulla adlı qohumlarına məxsus olmuş və sonuncu, Mübariz və Cavabdeh6lərin anası Cavabdeh4 həmin evə köçürmüşdür. İddia ərizəsində cavabdeh qismində qoyulmuş digər şəxslər Püstəxanımın övladları və nəvələridir. X16 İddiaçı qaynanası Qızyetər Yusif qızından boşanarkən evin bir hissəsini ona vermiş və onun ailə üzvləri onlarla bir həyətdə, amma ayrı evdə yaşamışlar. Hal-hazırda da evləri ayrıdır. Yaşadığı müddət ərzində dəfələrlə evdə təmir-tikinti işləri aparmışdır. Mübahisə obyekti olan əmlaka artıq üçüncü nəsildir ki, qanun əsasında sahiblik və istifadə edirlər. Yaşadıqları fərdi yaşayış evi formal olaraq iddiaçının mülkiyyətində olmuş olsa da, onların evinə heç bir aidiyyatı yoxdur. Yaşadıqları evlər mülkiyyətçinin əmlakı olsa da, orada istədikləri kimi söküntü, təmir-tikinti işləri apararkən maneçilik törətməmiş və qarşısını almamışdır. Buna səbəb mübahisə obyekti olan ünvanın iddiaçıya aid olmamasıdır. Yalnız dövlət tərəfındən aparılan abadlaşdırma işləri ilə bağlı evlərin dövlət tərəfindən satın alınması ilə əlaqədar iddiaçı əlavə sahə əldə edərək evi satmaq və varlanmaq niyyəti güdərək qanunsuz olaraq onlara qarşı iddia qaldırmışdır.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 mübahisəli evin iddiaçıya məxsus “Q” literli tikilinin 1 saylı yaşayış otağından və həmin otağın qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X7, X12, X13 və X10 həmin fərdi yaşayış evinin iddiaçıya məxsus “Q” literli tikilinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 iddiaçıya məxsus fərdi yaşayış evinin “V” literli tikilinin 4 saylı yaşayış otağından çıxarılması, həmin sahələrin boşaldılaraq iddiaçıya qaytarılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

d) apellyasiya şikayətləri barədə məlumat

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-773/2022) ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh5 azyaşlı övladı Ayan Mehdiyeva ilə birlikdə evin iddiaçıya məxsus “Q” literli tikilinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılmalarını, cavabdehlər Mübariz və Cavabdeh6lərin apellyasiya şikayətlərinin isə təmin edilməməsini qət etmişdir.

f) kassasiya instansiyasında icraat barədə məlumat

8. Cavabdehlər Mübariz və Cavabdeh6lərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-2922/2022) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni cavabdehlər Mübariz və Cavabdeh6lərə aid hissədə ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

g) hazırki apellyasiya baxışının həddi barədə məlumat

9. Göstərilən səbəbdən cavabdehlər Mübariz və Cavabdeh6lərin apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən Mübariz və Cavabdeh6lərə aid hissəsinə yenidən baxılır. Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmetini təşkil etmir.

10. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Mübariz və Cavabdeh6lərin iddiaçının mülkiyyətində olan əmlaka istifadə hüququnun yaranmasına dair hər hansı bir hal müəyyən edilmədiyindən, cavabdehlər tərəfindən buna dair hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən onlara aid hissədə iddia əsaslı hesab edilməli, Cavabdeh1 mübahisəli evin iddiaçıya məxsus “Q” literli tikilinin 1 saylı yaşayış otağından və həmin otağın qarşısındakı 10 saylı kapital verandadan, Cavabdeh6 isə həmin fərdi yaşayış evinin iddiaçıya məxsus “Q” literli tikilinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan çıxarılmalı, həmin sahələr boşaldılaraq iddiaçıya qaytarılmalıdır.

11. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi texniki pasportda mövcud olmayan “Q” literinin qarşısındakı tikililərin iddiaçıya məxsus olmamasını, həmin tikililərin iddiaçıya məxsus 243,4 kv.metrdən artıq hissədə yerləşməsini, qeyd olunan tikililərin Cavabdeh1 tərəfindən inşa olunmasını, həmin sahələrin onun və ailəsinin faktiki sahibliyində olmasını nəzərə almamışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməmişdir.

12. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o doğulduğu 1965ci ildən hal-hazırkı dövrə qədər həmin ünvanda yerləşən mübahisəli yaşayış sahəsində qeydiyyatda olmaqla yaşayır. O həmin evdə yaşamaqla bərabər orada əlavə otaq və mətbəx tikmişdir. Rayon Məhkəməsi qeyd olunan halları nəzərə almamış, qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur.

h) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

13. Cavabdeh6 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi və bu şikayətin, habelə iddia ərizəsinə qarşı verdiyi etirazın məzmununa və əsaslarına uyğun izahat vermişdir.

14. Cavabdeh6 apellyasiya baxışının növbəti iclasına, apellyasiya şikayəti vermiş digər Cavabdeh1 isə ümumiyyətlə apellyasiya baxışı iclasına gəlməmilər, baxmayaraq ki, Məhkəmə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə onlara məlumat vermişdir. Bu səbəbdən də MPM-nin 376.2-ci maddəsinin tələblərindən çıxış edən Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

15. İddiaçı və onun vəkili (nümayəndəsi) Elamar Kərimov apellyasiya baxışı iclasında iştirak edərək cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, cavabdehlər Cavabdeh6 və Cavabdeh1 mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının olmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktları var. Buna görə də xahiş edir ki, iş üzrə qətnamə qəbul edilərkən Məhkəmə bu halı nəzərə alsın.

i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin apellyasiya baxışının predmeti olan hissəsi təmin edilməli, cavabdehlər Cavabdeh6 və Cavabdeh1 iddia ərizəsində qeyd edilən evin iddiaçıya məxsus mübahisəli hissələrindən çıxarılmalıdırlar. Belə ki:

17. ünvan 1 ünvanında yerləşən evə dair xx.xx.1984-cü il tarixdə verilmiş “Qeydiyyat vəsiqəsindən”, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 097192 saylı “Reyestrdən çıxarışdan” və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********87 saylı məktubundan görünür ki, 81 saylı fərdi yaşayış evinin 1/8 hissəsi (hazırki iş üzrə tərəf olmayan) X6, 1/8 hissəsi (hazırki iş üzrə tərəf olmayan) X1, 1/8 hissəsi (hazırki iş üzrə tərəf olmayan) X3, 1/8 hissəsi (hazırki iş üzrə tərəf olmayan) X5, 4/8 (1/2) hissəsi isə (hazırki iş üzrə iddiaçı olan) İddiaçı mülkiyyətindədir. Sözügedən ünvanın payçılarına dair natura bölgüsünə dair müvafiq sənəd arxiv qovluğunda aşkar edilməmişdir.

18. Mübahisəli evin yerləşdiyi əraziyə xidmət göstərən 64 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin arayışlarından görünür ki, iddiaçı və apellyator olan cavabdehlər Mübariz və Cavabdeh6lər yuxarıda qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.

19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli (İş № 2(004)- 156/2011) qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdeh (hazırki iş üzrə tərəf olmayan) X8 qarşı irəli sürdüyü iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsində yerləşən 81 saylı evin 1/8, 1/8, 1/8, 1/8 və 4/8 paylara uyğun real bölgüsü aparılaraq, İddiaçı 4/8 payına düşən 243,4 kv.m, digər 4/8 paya (1/8, 1/8, 1/8, 1/8) düşən 290,7 kv.m müəyyən edilmiş və ekspert rəyinə əlavə olunmuş evin plan sxemində göstərilən “D”, “E”, “V” literli yaşayış evləri ümumi sahəsi 243,4 kv.m olmaqla İddiaçı payına uyğun naturada bölünərək İddiaçı ayrılması, İddiaçı mülkdə onun payına düşən hissəyə köçürülməsi qət edilmişdir.

20. İşdə olan məhkəmə aktlarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi (İş № 2(103)-857/2013) ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı (İş № 2(102)-3774/2013) ilə dəyişdirilmədən saxlanılmışdır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 26858 nömrəli rəydən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-156/2011 saylı qətnaməsi ilə İddiaçı naturada ayrılmış 243,4 kv.m olan “D”, “E” və “V” literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən “Q” literli tikilinin 1, 2, 3, 10, 11, 12 və 13 saylı tikililəri, “V” literli və İ, İİ kimi göstərilən tikililərlə üst-üstə düşdüyü və “Q” literli tikilinin 1, 2, 3, 10, 11, 12 və “V” literli tikilidən cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

22. İşə baxmış Rayon Məhkəməsi mübahisəli ünvana xx.xx.2019-cu il tarixdə yerli baxış keçirərək müəyyən etmişdir ki, evin mübahisəli hissəsində “D”, “E”, “V” və “Q” tikilisinin bir hissəsi mövcuddur. “V” tikilisi 2 hissədən ibarət olmaqla, 1 hissəsində və “Q” tikilisi hissəsində İddiaçı ailə üzvləri ilə birlikdə, “V” tikilisinin (yeni “Texniki pasporta” əsasən “V” tikilisinin 4 saylı yaşayış otağında) digər hissəsində isə iş üzrə cavabdeh Mübariz və Cavabdeh6lərin anası, iş üzrə Cavabdeh4 yaşayır. “D” tikilisində (yeni “Texniki pasporta” əsasən “Q” literinin 1 saylı yaşayış otağı və qarşısındakı 10 saylı kapital verandada) faktiki olaraq Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabdehlər arvadı Mehbarə Abasəliyeva və övladı Cavabdeh3 yaşayırlar. “E” tikilisində (yeni “Texniki pasporta” əsasən “Q” literinin 2-3 saylı yaşayış otaqları və 11-12 saylı kapital verandada) Cavabdeh6 və onun arvadı – iş üzrə digər cavabdeh Mədinə Abasəliyeva yaşayır. Cavabdeh6 övladı Ramil Abasəliyev mübahisəli ünvanda qeydiyyatda olsa da, hal-hazırda evdə yaşamır, o, hərbi xidmətdədir. Cavabdeh1 övladı Cavabdeh5 və sonuncunun yetkinlik yaşına çatmayan qızı Ayan Mehdiyeva mübahisəli ünvanda ümumiyyətlə yaşamırlar.

23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən (İş № 2(004)-2094/2016) görünür ki, iddiaçılar (hazırki iş üzrə cavabdehlər) Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürdükləri “ünvan 4 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə” iddiaları əsassız olması səbəbindən təmin edilməmişdir.

24. İşdə olan məhkəmə aktlarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-9796/2018) ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-3452/2019) ilə dəyişdirilmədən saxlanılmışdır.

23. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, cavabdehlər Mübariz və Cavabdeh6lərin mübahisəli evə pasport qeydiyyatına alınmaları 1986 və 1988-ci illərdə baş verdiyindən onların irəli sürdüyü dəlillərə tam və obyektiv qiymət verilməsi üçün həmin dəlillər xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələbləri nəzərə alınmaqla araşdırılmalı və müəyyən edilmiş hallara iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe əsas tutulmaqla qiymət verilməlidir. Hazırkı iş üzrə əhəmiyyətli hal bundan ibarətdir ki, əgər kassatorların evdən istifadə hüququ yaranmışsa, onların mənzildən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Məhkəmə qeyd edir ki, MPM-nin 420-ci maddəsinin tələbinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. Həmin normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 123.). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (maddə 53.).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsi iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən evdən istifadə hüquqlarının olmadığını hesab etmişdir.

27. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsində deyilir ki, məhkəmə qərarının icra olunmaması müəyyən edilmiş məsuliyyətə səbəb olur.

28. MPM-nin tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir (maddə 15.4.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.).

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. MPM-nin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

30. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Qanunvericiliyin tələbinə görə yuxarıda göstərilən faktlar cavabdehlər Cavabdeh1 və Cavabdeh6 üçün məcburidir və onlar həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyillər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iddiaçıya məxsus sahələrdən istifadə etmək və orada yaşamaq hüquqları yoxdur. Belə olan halda müəyyən edilir ki, iddiaçı, həmin cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxarılmaları üçün onlara kompensasiya ödəməli deyil.

31. Rayon Məhkəməsi işin qeyd edilən hallarını müəyyən etsə də, bu halların həlli zamanı iş üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı və xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından deyil, xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin tələbləri baxımından həll etməmişdir ki, bununla da Rayon Məhkəməsi MPM-nin 217.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu kimi hal isə MPM-nin 385.1.1 və 386-cı maddələrinin tələblərinə görə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

j) apellyasiya baxışının nəticəsi

32. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Həmin hissədə iddia əsaslıdır. Apellyasiya şikayətində həmin iddia tələbinə qarşı ifadə olunmuş etiraz əsassızdır.

33. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh6 qarşı irəli sürdüyü “mənzildən çıxarılma və sair tələbləri barədə” iddiası təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evin İddiaçı məxsus 1/2 hissəsinin “Q” literli tikilinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan, Cavabdeh6 isə həmin evin “Q” literli tikilinin 2, 3 saylı yaşayış otaqlarından və 11, 12 saylı kapital verandalardan çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar