Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6903/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1174/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 08 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğinin, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğinin Cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və "xxxx" ASC arasında plastik kartın əldə edilməsinə və istifadəsinə dair bağlanmış müqaviləyə əsasən o, Avroda olan bank hesabından istifadə etmək üçün cavabdehdən plastik kart əldə etmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, 29 avqust 2020-ci il tarixdən başlayaraq 10 oktyabr 2020-ci il tarixədək, yəni 43 gün ərzində oradan 116 dəfə “İTUNES.COM. APLLE.COM” (“Aplle” şirkətinin real vaxl rejimindəki dükanı) təyinatı ilə cəmi mübadilə (konvertasiya) edilərək 11408,77 (on bir min dörd yüz səkkiz tam yüzdə yetmiş yeddi) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Avroda konkret olaraq bu 9691,13 (doqquz min altı yüz doxsan bir tam yüzdə on üç) Avro təşkil etmişdir. Bu köçürmələrə görə Cavabdeh də 47,7 (qırx yeddi tam onda yeddi) Avro məbləğində xidmət haqqı tutmuşdur. Yəni cəmi iddiaçının hesabından 9738,83 (doqquz min yeddi yüz otuz səkkiz tam yüzdə səksən üç) Avro silinmişdir. Konkret olaraq göstərilən müddət ərzində “İTUNES.COM. APLLE.COM” təyinatatı ilə aşağıdakı sayda məbləğlər köçürülmüşdür: 106 dəfə 99,99 ABŞ dolları - cəmi 10598,94 ABŞ dolları; 3 dəfə 24,99 ABŞ dolları - cəmi 74,97 ABŞ dolları; 2 dəfə 109,98 ABŞ dolları - cəmi 219,96 ABŞ dolları; 1 dəfə 125,97 ABŞ dolları; 1 dəfə 124,98 ABŞ dolları; 1 dəfə 112,98 ABŞ dolları; 1 dəfə 100,98 ABŞ dolları; 1 dəfə 49,99 ABŞ dolları. 43 gün ərzində yalnız aşağıdakı 18 gündə köçürmə (silmə) olmamışdır: 1, 3, 9, 17, 18, 19, 21, 23, 24, 25, 26, 29 və 30 sentyabr, habe1ə 2, 3, 6, 7 və 9 oktyabr. Başqa sözlə, 116 köçürmə (silmə) faktiki olaraq 25 gün ərzində həyata keçirilmişdir. Yəni orta hesabla gündə 4,64 köçürmə. Reallıqda isə məsələn təkcə 2 sentyabrda 24 belə əməliyyat olmuşdur. Bütün bunlar barədə İddiaçının heç bir xəbəri olmayıb. Onun həyat yoldaşı X3 məxsus olan və İddiaçı tərəfindən istifadə edilən +********** telefon nömrəsinə hər bir pul silinməsi barədə SMS məlumat gəlməli olduğu halda, Avro hesabı üzrə heç bir məlumat gəlməyib. Halbuki, iddiaçının cavabdehdə olan manat hesabı üzrə kartından silinmələr barədə belə SMS məlumatlar həmişə iddiaçıya göndərilib. "xxxx" MMC iddiaçının həyat yoldaşı X3 göndərdiyi 05 noyabr 2020- ci il tarixli cavab məktubu ilə həmin telefon nömrəsinə 28 avqust 2020-ci il tarixindən 10 oktyabr 2020-ci il tarixinədək AZERİCARD istiqamətindən göndərilmiş və qəbul olunmuş SMS-lərin tarixləri barədə məlumatı təqdim etmişdir. Həmin məlumatda SMS-lərin məzumunu açıqlanmır. Şifahi şəkildə bildirilib ki, məzmunu məhkəmə sorğusu əsasında açıqlaya bilərlər. Hər bir halda sözügedən məlumat ilk baxışdan belə etimad doğurmur və əlavə yoxlanılmalıdır. Belə ki, müvafiq günlər üzrə hər iki kart üzrə köçürmələrin sayı ilə AZERİCARD istiqamətindən guya göndərilmiş və qəbul olunmuş SMS-lərin sayı arasında kəskin və çoxsaylı uyğunsuzluq var. Yalnız birinci tarixdə (29 avqust) saylar uyğundur. Qalanlarının hamısında saylar uyğun deyil. Avro hesabı üzrə İddiaçıya heç bir SMS daxil olmayıb və hesabından silinmələr haqda onun məlumatı olmayıb. Həmin dövrdə İddiaçı bir dəfə də olsun həmin hesabdan özü istifadə etməmişdir. İddiaçı bu qanunsuz pul silinmələri haqda xəbər tutan kimi 2 noyabr 2020-ci il tarixdə Cavabdehə müraciət edib və vəsaitin qaytarılmasını tələb edib. 28 dekabr 2020-ci il tarixli cavab məktubunda cavabdeh bildirmişdir ki, yalnız 25 köçürmə əməliyyatı üzrə cəmi 2584,68 (iki min beş yüz səksən dörd tam yüzdə altmış səkkiz) ABŞ dolları məbləğini geri qaytarmışdır. Bank hesabından çıxarışdan da görünür ki, 13 noyabr 2020-ci il tarixdə hesaba 1144,28 Avro, 16 noyabr 2020-ci il tarixdə isə 1040,14 Avro, beləliklə, cəmi 2184,42 (iki min yüz səksən dörd tam yüzdə qırx iki) Avro məbləği qaytarılmışdır. Bununla da faktiki olaraq Cavabdeh qalan 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləğini qaytarmaqdan (zərəri ödəməkdən) imtina etmişdir. Halbuki, müəyyən məbləğin qaytarılması qalan məbləğin də qanunsuz silinməsinin dolayısı təsdiqinə dəlalət edir. Hətta ehtimal edilsə ki, vəsaitlər üçüncü şəxslərin qanunsuz müdaxiləsi nəticəsində silinmişdir və Cavabdeh bu köçürmələrin İddiaçının sərəncamı ilə həyata keçirildiyini düşünmüşdür, Cavabdehin hərəkətsizliyi vicdanlılıq və ağlabatanlıq prinsiplərinə ziddir. Çünki söhbət bir və ya bir neçə köçürmədən getmir. Söhbət 25 gün ərzində həyata keçirilmiş 116 köçürmədən gedir. Nəinki peşəkar bank olan Cavabdeh, hətta adi insan belə artıq bir neçə gündən sonra bu əməliyyatların şübhəli olduğu qənaətinə gəlməli və tədbir görməli idi. Bu, həmçinin çirkli pullar irəli gəlir cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericilikdən irəli gələn tələbdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin 2019-cu il 11 dekabr tarixli, ******* nömrəli Əmri ilə təsdiq edilmiş “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlar)”-ın bir neçəsi açıq-aşkardır: Hesab üzrə fəallığın kəskin dəyişməsi (2.1.43-cü bənd); Müştərinin maliyyə profilinin, onun fəaliyyətinin və ya əməliyyatlarının xarakterinin gözlənilmədən dəyişməsi, onun maliyyə profilinə (bir qayda olaraq həyata keçirdiyi) uyğun olmayan məbləğlərdə və tezliklərdə əməliyyatlar həyata keçirməsi (2.1.46-cı bənd); Müştərinin həyata keçirdiyi əməliyyatların xarakterinin ümumi qəbul edilmiş bazar praktikasına aşkar şəkildə uyğun gəlməməsi (2.1.49-cu bənd); Müştərinin əməliyyat üzrə aktivliyinin (səviyyəsi və ya həcmi) onun aşkar maliyyə vəziyyəti, normal fəaliyyət strukturu və ya peşəsi (məsələn, tələbə, işsiz və s.) ilə uyğunsuzluq təşkil etməsi (2.1.52-ci bənd); Nisbətən kiçik zaman dövrü ərzində eyni və ya təqribən eyni məbləğlərdə vəsaitlərin əldə edilməsi və köçürülməsi (2.1.92-ci bənd); Plastik kartlardan istifadə etməklə internet şəbəkəsi vasitəsilə malların alışı və ya xidmətlərin göstərilməsi məqsədilə müştərinin pul vəsaitlərinin bir və ya bir neçə kontragentə müntəzəm olaraq köçürməsi (2.1.105-ci bənd). Nəhayət, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi və 25 iyul 2012-ci il tarixdən qüvvədə olan“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nı (X9 Reyestrinin qeydiyyat nömrəsi **********0163) da pozmuşdur. Belə ki, həmin Qaydaların 7.1-7.2-ci bəndlərində deyilir: “7.1. Emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. 7.2. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir.” Beləliklə, cavabdeh qanunvericiliyə müvafiq olaraq vəzifələrini icra etmədiyi, yəni ən azı hərəkətsizlik etdiyi üçün İddiaçının hesabından vəsait silinmişdir. Buna görə də cavabdeh həmin vəsaitin bir hissəsi qaytarıldıqdan sonra qalan 7554,41 (yeddi min beş yüz əlli dörd tam yüzdə qırx bir) Avro məbləği də cavabdeh tərəfindən iddiaçının bank hesabına qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1174/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Bankın təsdiq etdiyi “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 2.1.20-ci bəndində deyilir: “şəxsi eyniləşdirmə nömrəsi emitent tərəfindən kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zamanı kart istifadəçisinin tanınmasında istifadə olunan gizli şifrə”. 4 rəqəmli ŞEN-kod və ya PİN-kod kartın özünün də fiziki təması əsnasında istifadə edilir. Bunu hər bir kart istifadəçisi bilir. Elektron ödənişlər zamanı ondan istifadə edilmir. Buna görə həm cavabdehin, həm də məhkəmənin tərəflər arasında bağlanmış müqaviləyə bu istinadı tam yersizdir. İddiaçı İTUNES.COM.APPLE.COM xidmətindən istifadə etmək üçün kartın üz tərəfindəki 16 rəqəmdən başqa heç bir məlumatı həmin sistemə ötürməyib. Çünki buna ehtiyac da yoxdur. Lakin bu, o deməkdirmi ki, kimsə bu məlumatı əldə edərək iddiaçının sərəncamı olmadan onun bank hesabından vəsaitləri istifadə edə bilər. Əlbəttə ki, xeyr. Məhz buna görə də (təhlükəsizliyi təmin etmək üçün) onun telefon nömrəsinə ödənişləri təsdiq edən SMS məlumatlar gəlməli idi. Amma gəlməyib. Qətnamənin özündə də yazılıb ki, "xxxx" MMC-nin məhkəmənin 25.02.2021-ci il tarixli 2(005)-1174/2021 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, qeyd edilən ********* saylı nömrənin 28.08.2020-09.10.2020-ci il müddət ərzində 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair SMS bildirişləri mövcud deyildir.” Hətta ehtimal edilsə ki, vəsaitlər üçüncü şəxslərin qanunsuz müdaxiləsi nəticəsində silinmişdir və cavabdeh bu köçürmələrin iddiaçının sərəncamı ilə həyata keçirildiyini düşünmüşdür, cavabdehin hərəkətsizliyi vicdanlılıq və ağlabatanlıq prinsiplərinə ziddir. Çünki söhbət bir və ya bir neçə köçürmədən getmir. Söhbət 25 gün ərzində həyata keçirilmiş 116 köçürmədən gedir. Nəinki peşəkar bank olan cavabdeh, hətta adi insan belə artıq bir neçə gündən sonra bu əməliyyatların şübhəli olduğu qənaətinə gəlməli və tədbir görməli idi. Bundan başqa cavabdeh artıq istinad etdiyikləri ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nı da pozmuşdur. Belə ki, həmin Qaydaların 7.1-7.2-ci bəndlərində deyilir: “7.1. emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. 7.2. emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi tiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. Həmçinin cavabdehin Məhkəməyə ingilis dilində təqdim etdiyi “Visa Product və Service Rules” sənədindən isə görünür ki, cavabdeh 35 ədəd ödənişi qaytara bilərdi. Bəs niyə etməyib. Nə cavabdeh buna aydınlıq gətirmiş, nə də Məhkəmə bu akta qiymət verməmişdir. Ümumən müəyyən məbləğin “Chargeback” prosesi çərçivəsində qaytarılması qalan məbləğin də qanunsuz silinməsinin dolayısı təsdiqinə dəlalət edir. Bu proses məhz qanunsuz silinmələrin qaytarılması üçündür. Sadəcə “Visa” ödəniş sistemi ona görə say məhdudiyyəti müəyyən edib ki, emitent-bank (Cavabdeh) də prosesə nəzarət etsin və müştərilərini kibercinayətlərdən qorusun. Amma bu, o demək deyil ki, cavabdehin təqsiri olduğu halda iddaçı ondan qalan vəsaiti tələb edə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Azercell Telecom MMC-dən göndərilmiş sms mətnləri kodlaşdırıllmış məlumatlar olduğundan burdan nəyisə müəyyən etmək mümkün deyildir. Digər tərəfdən cavabdeh bank deyir ki, iddiaçıguya etiraf edib ki, qızına görə borc silinib. Lakin cavabdeh bank bu barədə hər hansı sübut təqdim edə bilmir. Bundan başqa bank şübhəli əməliyyatları müəyyən etdiyi an kartı bloklamalı idi. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, iddiaçının qızı İTUNES proqramı vasitəsi ilə müxtəlif oyunlara oynayıb, bu səbəbdən də kartdan pul çıxılıb. Bununla bağlı iddiaçının qızı həmin faktı etiraf da edib. Bundan başqa kartdan pulların çıxılması barədə müvafiq sms bildirişləri gedib, ola bilər ki, iddiaçı həmin smsləri görməsin deyə qızı həmin smsləri silmişdir. Bundan başqa iddiaçının qeyd etdiyi kimi hazırki iş üzrə kart üzrə aparılmış əməliyyatlar şübhəli əməliyyatlar hesab edilmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, kartdan çıxılmış vəsaitlər barədə iddiaçı tərəfə sms bildirişləri göndərilmiş və iddiaçının həmin əməliyyatlardan məlumatı olmuşdur. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 28 yanvar 2019-cu il tarixli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Təhvil-təslim aktından görünür ki, İddiaçı CoBrend Visa Gold növündə 4*********102898 nömrəli plastik kart verilmişdir. İş materiallarında olan Azercell Telecom MMC-nin məhkəmənin 25.02.2021-ci il tarixli 2(005)-1174/2021 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, qeyd edilən ********* saylı nömrənin 28.08.2020-09.10.2020-ci il müddət ərzində 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair SMS bildirişləri mövcud deyildir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış 28.12.2020-ci il tarixli məktubundan görünür ki, VİSA beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən bir kart üzrə maksimum 25 ədəd “Chargeback” prosesi həyata keçirilə bilər. Sizin 4***102898 nömrəli ödəniş kartı ilə 200 ədəddən çox əməliyyat həyata keçirilmiş və tərəfimizdən 25 ədəd “Chargeback” prosesi udularaq 2584,68 ABŞ dolları məbləğində vəsait kart hesabına geri qaytarılmışdır. Həmçinin bankın aidiyyatı struktur bölməsi tərəfindən “Azərikard'’ MMC-yə ünvanlanmış 11 noyabr 2020-ci il və 21 yanvar 2021-ci il tarixli məktublarına əsasən, iddiaçıya məxsus 4***102898 nömrəli plastik kart üzrə ümumilikdə 31 sayda “Chargeback” əməliyyatları üzrə vəsaitlər uğurla müştərinin hesabına geri qaytarılmışdır. İş materiallarında olan Azercell Telecom MMC-nin Rüfət İsgəndərova ünvanlanmış məktubundan görünür ki, 26.09.2011-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində X2 istifadəsinə verilmiş 050 214 14 16 nömrəyə 28.08.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək AZERİCARD istiqamətindən SMS-lər göndərilmiş və qəbul olunmuşdur. İş materiallarında olan “X11” ASC ilə İddiaçı arasında bağlanmış “X11” ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair 15 avqust 2018-ci il tarixli, 053916- 23909 №-li müqavilədən görünür ki, həmin müqavilənin 4.2.5-ci bəndinə əsasən plastik kart itirildikdə, oğurladıqda habelə, kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri- qanuni yolla əldə edilməsi barədə İstifadəçi Banka dərhal məlumat verməyi öz öhdəsinə götürmüş, Bank isə bu barədə müştəridən məlumat daxil olduqda kartın bağlanması üçün lazımi tədbirlər görür. 4.4.3-cü varımbəndinə əsasən, plastik kartın ŞEN-kodu barədə məlumatların üçüncü şəxslər tərəfindən qeyri-qanuni yolla əldə edilməsi, kartın itirilməsi, oğurlanması və ya üzərində təhriflər edilməsinə görə istifadəçi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən Azercell Telecom MMC-dən daxil olmuş 9979 saylı, 17 may 2021-ci il tarixli məktubdan görünür ki, Nərimanov rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli sorğusuna cavab verilərkən, qeyd edilən ********* saylı nömrənin 28.08.2020-09.10.2020ci il müddət ərzində 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair SMS bildirişlərin mətnlərinin götürülməsi texniki cəhətdən mümkün olmamışdır. Azercell Telekom MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. Müraciətə təkrar təkrar baxılaraq, texniki departament vasitəsi ilə Azerikard istiqamətindən daxil olan SMS mətnləri araşdırılmış və qeyd edilən ********* saylı nömrəyə sorğuda göstərilən müddət ərzində 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair SMS bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir. Həmin SMS bildirişlərinin mətnləri yalnız məhkəmə qərarı əsasında təqdim edilə bilər. Bununla bağlı işin obyektiv həllinə nail olmaq üçün ********* saylı nömrəyə iddiaçıya məxsus 4192 *** *** 2898 saylı kart hesabından 28.08.2020-09.10.2020-ci il müddət ərzində pul vəsaitlərinin silinməsinə dair SMS bildirişlərinin mətnləri barədə məlumatlar qərardad qəbul edilməklə Azercell Telecom MMC-dən tələb olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş 16395 saylı, 11 avqust 2021-ci il tarixli məktubdan görünür ki, ********* saylı nömrəyə qərarda göstərilən müddət ərzində Azericardistiqamətində daxil olan SMS bildirişlərinin mətnlərinə dair məlumat təqdim edilmişdir. Həmin məlumatlara əsasən müəyyən edilir ki, 28.08.2020-09.10.2020-ci il müddət ərzində iddiaçıya məxsus 4192 *** *** 2898 saylı kart hesabından pul vəsaitlərinin silinməsinə dair sms bildirişlər göndərilmiş və həmin smslərin mətnlərindən müəyyən edilir ki, həmin pul vəsaitləri APPLE.COM/BİLL İTUNES.COM üzərindən müvafiq olaraq məbləğlər silinmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçıya məxsus kart hesabından pul vəsaitlərinin silinməsi barədə istiqamət göstərilməklə iddiaçıya sms bilidirişlər göndərilmişdir. Göründüyü kimi iddiaçının telefon nömrəsinə ödənişləri təsdiq edən SMS məlumatlarnın gəlməməsi barədə dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Digər tərəfdən İddiaçı Banka yaxınlaşaraq mobil telefonunu təqdim edərkən, “İ- Cloud” elektron xidmətinə qoşulduğu və kart məlumatlarının həmin xidmətə qoşduğu aşkarlanmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən də açıq-aşkar görünür ki, müştəri ayrıayrı vaxtlarda bu xidmətdən istifadə etmiş və İ TUNES.COM.APPLE.COM üzərindən müvafiq olaraq məbləğlər silinmişdir. Göründüyü kimi istifadəçiyə məxsus plastik kartın ŞEN-kodu onun özünü, yəni İddiaçı təqsirinə əsasən üçüncü şəxslərə ötürülmüşdür. Bu səbəbdən də “X11” ASC ilə İddiaçı arasında bağlanmış “X11” ASC-nin plastik kartlarının əldə edilməsi və istifadəsinə dair 15 avqust 2018-ci il tarixli, 053916-23909 №-li müqaviləyə əsasən istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləğlərə görə bank məsuliyyət daşımır. Bununla yanaşı apelyasiya şikayətinin “bank tərəfindən şübhəli əməliyytlar aşkar etdiyi halda dərhal kartdan istifadənin dayandırılmalı olması” barədə dəlilinə qiymət verərək hesab edir ki, bank tərəfindən həmin əməliyytaların şübhəli əməliyyatlar kimi qəbul olunmasına dair əsasın mövcud olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, beləliklə, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfin qanunvericiliyə müvafiq olaraq vəzifələrini icra etməməsi, eləcə də hərəkətsizlik nəticəsində iddiaçının hesabından vəsaitin silinməsi halı müəyyən edilməmişdir. Mülki Məcəllənin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 967.1-ci madəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının dəlilləri yoxlanılmış lakin həmin dəlillər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1174/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6903/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6903/2021
15.09.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver