Məhkəmə qərarları › İş №2(103)-6904/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6904/2025

24.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6904/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: “işçilərin attestasiyası, onun keçirilməsi qaydaları”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbinin direktrou X3 iştirakları ilə, İddia İşin halları

1. S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 122 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi və s. barədə əmr edilmişdir.

2. S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə ona xx.xx.2024-cü il tarixində xəbərdarlıq edilmişdir. Həmçinin proqram təqdim edilmişdir.

3. xx.xx.2025-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar – 1) Əsərin ifası və təhlili. V.Molsart Sonata F Dur. Əsər təhlil olunmadı. İfa çox tələsik idi, ritmik problemlər var idi, not mətni düzgün ifa olunmur. Kobud səslənmə var idi. 2) Qammanın ifası. E Dur. Cox zəif ifa idi. Əksildilmiş interval qura bilmədi. 3) Üzdən oxuma T.Quliyev Mars "Cəmilənin albomundan". Zəif idi. Ritm və sayda problemlər var idi. 1 sətir belə ifa edə bilmədi. 4) 5 bemollu qamma hansıdır? Des Dur, b moll. Düzgün cavab verdi. 5) 5 diyezli qamma hansıdır? H Dur, gis moll. Düzgün cavab verdi. 6) P.Çaykovskinin uşaqlar üçün olan hansı əsərlərini tanıyırşız? "Uşaq albomu". Suala cavab verə bilmədi. 7) Kanon nədir? Kanon və Qanonun fərqini bilmir. 8) V.Adıgözəlovun hansı fortepiano əsərlərini tanıyırsız? Heç birini tanımadı. Keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmişdir.

4. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 8 nömrəli qərarından görünür ki, Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

5. Əmək müqaviləsinə xitam verilməsi haqqında 01 aprel 2025-ci il tarixli, 21 nömrəli əmrdən görünür ki, Bakı şəhər Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 01 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

6. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Milli Konservatoriyasının “Fortepiano” kafedrasının müdiri sən üzrə f/d, dosent, əməkdar müəllim Naibə Şahməmmədova tərəfindən verilmiş rəydən görünür ki, iddiaçının təqdim etdiyi əsər: V.A.Motsart – Sonata F dur İ hissə- Ritmik cəhətdən düz ifa etmirdi. İstədiyi anda dayanır, istədiyi anda davam edir, say düzgün deyildi, ştrixlər, dinamik işarələr yerində deyildi. Qamma. E dur cis moll çox zəif ifa idi, vurğular düz deyildi. Əskidilmiş interval qura bilmədi. Cis moll qrammasının harmonik halındakı dəyişikliyi təyin edə bilmədi (si #). Növbəti üzdən oxu əsəri qoyuldu. Əsər T.Quliyev “Cəmilənin albomu” məcmuəsindən “Marş” idi. Üzdən oxu şox zəif idi. Ritm, sayda problem vardı. 5 bemollu qramma hansıdır? Düzgün cavab verə bildi. Des dur və b moll. 5 diyezli qamma hansıdır? H dur, cis moll. Düzgün cavab verə bildi. P.İ.Çaykovskinin uşaqlar üçün hansı fortepiano əsərlərini tanıyırsınız? Cavab verə bilmədi. Kanon və qanunun fərqi nədir? Cavab verə bilmədi V.Adıgözəlovun hansı fortepiano əsərlərini tanıyırsınız? Cavab verə bilmədi. Verilən 8 sualdan yalnız 2 suala düz, qalanlara cavab verə bilmədi.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbinə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxscəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri S.Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 3 mart 2025-ci il tarixli qərarı (həmin qərarı əks etdirən attestasiya vərəqəsi və protokol) ilə bağlı nəticələrin ona münasibətdə ləğv edilməsi, həmin qərar əsasında tərtib edilmiş 1 aprel 2025-ci il tarixli, 21 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, onun S.Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 8 sentyabr 2001-ci il tarixli, 43 nömrəli əmrlə S.Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Bakı şəhər Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarını və keçirilmiş attestasiyanın nəticələrini əsas götürərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən) səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin 01 aprel 2025-ci il tarixli, №21 saylı əmri ilə xitam verilmiş və o, vəzifədən azad edilmişdir. Əmək müqaviləsinin ləğvi əsassız və qanunsuz olduğundan xx.xx.2025-ci il tarixində cavabdehlərə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş lakin, cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdirlər. Bununla bağlı da müvafiq mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Qeyd edir ki, işəgötürən tərəfindən attestasiya keçirilmiş və onun əleyhinə haqsız qərar verilərək işdən azad olunmuşdur. Belə ki, attestasiya zamanı çıxış edərkən ona tutduğu həm vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış həm də suallara verdiyi cavablar qərəzli və obyektivlik olmadan dəyərləndirilmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23 may 2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən, Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, (əyəşep) əmək funksiyasına, ixtisasına (ənisəşep) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (əyəşep) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Qeyd etmək istərdi ki, 25 ilə yaxın həmin məktəbdə fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmış və bu müddət ərzində bir çox yerli və beynəlxalq miqyaslı dövlət tədbirlərində həm özü, həm də tələbələri fəal iştirak etmiş və sertifikatlar almışdır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2014-cü il tarixli sınaq qiymətləndirilməsində Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş və sertifikat almışdır. Həmçinin, 2021-ci ildə musiqinin tədrisi sahəsindəki fəaliyyəti və tələbələrə dünya səviyyəli çıxış imkanlarının yaradılması istiqamətində göstərdiyi xüsusi fədakarlığa görə ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Carnegie Hall” səhnəsində çıxışın təmin edilməsinə töhfə verdiyi üçün ona “Certificate of Recognition” təqdim olunmuşdur. Həmin ildə, həmçinin İtaliyanın Palermo şəhərində keçirilən incəsənət festivalında uşaqların və gənclərin mədəni maarifləndirilməsi, onların estetik zövqünün formalaşdırılması, eləcə də tələbələrin hazırlığında nümayiş etdirdiyi yüksək pedaqoji və ifaçılıq bacarıqlarına görə “Diplom”la təltif edilmişdir. Tələbələri də müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edərək, aşağıdakı mükafatlara layiq görülüblər: 2020-ci ildə “Ümid” Beynəlxalq İncəsənət Festival Müsabiqəsində “Diplom”; 2020-ci ildə X1 və İncəsənət Müsabiqəsinin “Diplomu”; 2020-ci ildə İspaniyada keçirilən “Avropanın İstedadları” adlı müsabiqədə “Diplom”; 2020-ci ildə Türkiyədə təşkil olunan X5 Festivalında “Sertifikat”; 2021-ci ildə ABŞ-da “American Protege” müsabiqəsində qızıl medal; 2021-ci ildə Moskva şəhərində (Rusiya Federasiyası) keçirilən tədbirdə Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin təqdimatı ilə “Грамота” və digər nüfuzlu mükafatlar. Əgər o, bu vəzifəyə uyğun biri olmasaydı, bu illər ərzində nə özü, nə də tələbələri dəfələrlə irimiqyaslı tədbirlərdə iştirak edə bilməzdilər. Çıxışlarının çoxsaylı tamaşaçılar tərəfindən bəyənilməsi və alqışlanması isə, əminliklə deyə bilər ki, peşəkar fəaliyyətinin, bilik və bacarığının nəticəsidir. Bu kimi uğurlar təsadüfi deyil – onlar illərlə davam edən zəhmətin, sadiqliyin və işinə olan sevginin göstəricisidir. Lakin Attestasiya komissiyasının tərtib etdiyi Attestasiya Vərəqəsində “Əsər təhlil olunmadı” qeydi yer alıb. Halbuki, o, attestasiya zamanı əsəri təhlil etməyə hazır olduğunu bildirmişdi, lakin komissiya üzvləri tərəfindən “lazım deyil” cavabı verilərək buna icazə verilmədi. Ona bu imkanı vermədikləri halda, daha sonra bu əsasla mənfi rəy formalaşdırmaları obyektivlik prinsipinə ziddir. Eyni zamanda çıxışıyla bağlı “kobud səslənmə” kimi subyektiv yanaşmalar qeyd olunmuşdur. Bu hal isə istifadə etdiyi musiqi alətinin – fortepianonun – texniki cəhətdən yararsız vəziyyətdə olması ilə əlaqədar idi. Bu, onun deyil, təhsil müəssisəsinin məsuliyyətində olan texniki problem idi. Ritm barəsində isə söhbət getməyib. Non legato ifa ilə bağlı ona irad bildirildi, amma bu yanaşma düzgün deyil. Belə ki, onun ifa etdiyi əsər müvafiq şəkildə təqdim edilmişdi və onun ifa üslubunda məqsədəuyğun idi. Komissiya üzvlərinin bu məsələyə yanaşması düzgün deyil, çünki əsərin tələblərinə uyğun olaraq ifanın texniki və estetik cəhətləri nəzərə alınmalıdır. Həmçinin qeyd etmək istəyir ki, bu məsələyə dair kameraların çəkilişi mövcuddur və həmin görüntülərdən açıq şəkildə görünür ki, onun ifası bu mövzuya uyğun şəkildə icra edilib. Beləliklə, bu barədə verilən qeydlər doğru və obyektiv deyildir (1-ci sual). Eyni zamanda bildirir ki, attestasiya zamanı onun ifa etdiyi Mi major qamması çox səlis və düzgün idi. Qamma çalınarkən ən vacib məqamlardan biri olan barmaq texnikası yerində idi və texniki baxımdan heç bir problem olmayıb. Lakin ifa zamanı komissiya üzvləri qammanı yarımçıq dayandırdılar, ona tam ifa etməyə imkan verilmədi. Bu, onun texniki səviyyəsini tam şəkildə nümayiş etdirməyə mane oldu. Qeyd etmək istəyir ki, interval haqqında heç bir sual ünvanlanmadı, lakin attestasiya vərəqəsində əsassız olaraq "interval sualı cavablandırılmadı" qeydi yazılıb. Bu isə reallığı əks etdirməyən və faktlara zidd olan yalandır. Bundan əlavə, attestasiya zamanı ona Əsl 7- lik (dominant septakord) qurmaq tapşırıldı və o, onu düzgün şəkildə qurub səsləndirdi. Lakin bu sual da onun ixtisas sahəsinə uyğun deyildi. O, nəzəriyyə müəllimi deyil, onun fəaliyyət sahəsi ifaçılıq və pedaqoji fəaliyyətdir. Attestasiya zamanı isə yalnız əmək funksiyasına uyğun olan suallar verilməli idi (2-ci sual). Attestasiya zamanı onun ifası haqqında “üzdən oxuma” qeydi yazılıb. Lakin bu da doğru deyil. O, ifaya başlamazdan əvvəl əsərə baxaraq onunla tanış olmuş, sonra ifaya keçmişdir. Bu, normal musiqi pedaqoji praktikasına tam uyğundur. Buna baxmayaraq, komissiya tərəfindən ifası tez bir zamanda dayandırılmış, onun əsəri tam şəkildə təqdim etməyinə imkan verilməmişdir. Bundan başqa, əsərin müəllifi barədə verilən suala düzgün cavab verdi – Tofiq Quliyev olduğunu dedi, əsərin tonallığını da düzgün qeyd etdi. Lakin attestasiya vərəqəsində bu cavabların düzgün yazılmadığını gördü. O, bu qərarla qətiyyən razı deyil, çünki bu qiymətləndirmələr həm subyektiv, həm də faktlara zidd olub (3-cü sual). Attestasiya zamanı ondan Çaykovskinin uşaqlar üçün olan hansı əsərləri olduğu soruşuldu. O, "Uşaq albomu" dedi, bu da düzgün cavabdır. Buna baxmayaraq, attestasiya vərəqəsində bu suala cavab verə bilmədiyi qeyd olunub ki, bu, həqiqətə uyğun deyil (6-cı sual). Attestasiya vərəqəsində 7-ci sual ilə bağlı səhv qeyd edilib. Vərəqədə "Kanon" və "Qanon" arasındakı fərqi bilmədiyi yazılıb, lakin bu tamamilə yanlış bir qeyddir. Öncəliklə ona görə ki, onların proqramında "Qanon" adlı bir əsər və ya musiqi aləti mövcud deyil, buna görə də bu sualın ona verilməsi ümumiyyətlə düzgün deyildir (bu arada vərəqədə qeyd edilməli olan alətin adı "Qanun"dur, “Qanon” yox). O, bu alət barədə tam məlumatlıdır. Məsələ tamam başqa olub. Burada onlar onun dedikləri əsasında sual götürdülər və proqramdan qırağa çıxdılar. Verilən sualın məzmunu, sanki onun dediklərindən bəhanə yaradıb, onu ona qarşı istifadə etmək məqsədini güdürdü. Belə ki, o, özündən danışaraq, qeyd edirdi ki, dərslərində autizmli şagirdiylə işləyir. Onun əllərinin barmaqları üzərindəki çalışmalarda Nom istifadə edərək, yüngül dəyişikliklər edərək, uşağın təməl musiqi bacarıqlarını inkişaf etdirir. O, izah edirdi ki, həmin şagirdiylə fərdi yanaşma tətbiq edərək, musiqi dərslərində "Qanun" alətindən istifadə etmişlər. Bu üsulun əsas məqsədi şagirdin barmaq motorikasını inkişaf etdirmək, barmaqların açılmasını və koordinasiyasını stimullaşdırmaq idi. Yəni ki, orada o, öz metodikasından və dərsdə tətbiq etdiyi toxunuşlardan danışmışdır. Ona onların fərqi barədə heç sual verilməyib. Necə ola bilər ki, o, bu alət barədə məlumatlı olmasın? Bu da ona qarşı qərəzli və düzgün olmayan bir qeyddir (7-ci sual). Attestasiya prosesində 8-ci sual zamanı ondan bəstəkar Vasif Adıgözəlovun əsərləri soruşuldu. Cavabında bildirdi ki, öz pedaqoji fəaliyyətində onun repertuarına birbaşa müraciət etməmişdir. Bununla belə, Azərbaycan musiqisinin klassik irsinə əsaslanaraq Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Üzeyir Hacıbəyov və Tofiq Quliyev kimi tanınmış bəstəkarların əsərlərindən istifadə etmişdir. Bu, heç bir halda Vasif Adıgözəlovun yaradıcılığı ilə tanış olmadığı və ya bu barədə məlumatının olmadığı anlamına gəlmir. Əksinə, onun musiqi irsi barədə kifayət qədər məlumatı var, lakin dərs prosesində seçdiyi materiallar şagirdlərin səviyyəsinə və mövzunun məqsədinə uyğun şəkildə digər bəstəkarların əsərləri əsasında formalaşdırılmışdır. Lakin attestasiya vərəqəsində “heç birini tanımadı” kimi qeydin aparılması onun verdiyi cavabların təhrif olunması və düzgün sənədləşdirilməməsi deməkdir (8-ci sual). Göstərilən hallar nəticəsində attestasiya komissiyası onun peşəkarlıq səviyyəsinin və ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması qənaətinə gələrək, tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul etmişdir. Lakin bu qərar obyektiv meyarlara deyil, subyektiv və qərəzli yanaşmaya əsaslandığı üçün ədalətsiz və əsassız hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Bütün sadalanan hallar bir daha onu göstərir ki, attestasiya komissiyasının məqsədi onun peşəkar fəaliyyətinə obyektiv qiymət vermək, tutduğu vəzifəyə uyğunluğunu ədalətli şəkildə yoxlamaq deyil, məhz bəhanə və subyektiv iradlar əsasında qərəzli şəkildə onun işdən azad olunmağını təmin etmək olmuşdur. Əldə etdiyi çoxsaylı uğurlar, beynəlxalq səviyyədə tanınmağı və tələbələrinin davamlı nailiyyətləri nəzərə alınmadan mənfi rəy verilməsi, üstəlik cavablandırdığı sualların yanlış və ya təhrif olunmuş şəkildə sənədləşdirilməsi bu niyyəti açıq şəkildə üzə çıxarır. Attestasiya vərəqəsindəki qeydlər isə sübut edir ki, ona ya əmək funksiyasına uyğun olmayan suallar verilib, ya da cavab verməyinə imkan yaradılmayıb. Bütün bunlar obyektivlik və ədalət prinsiplərinin ciddi şəkildə pozulduğunun göstəricisidir. Qeyd etmək istəyir ki, hazırda onun bank qarşısında 20.000 (iyirmi min) manat məbləğində öhdəliyi mövcuddur. Bu səbəbdən, belə bir vəziyyətdə iş yerini itirmək təkcə onun şəxsi rifahı üçün deyil, ailəsinin maddi durumu üçün də son dərəcə ağır zərbə olmuşdur. Hal-hazırda fəal şəkildə yeni iş axtarışındadır ki, bu borcu ödəyə və ailəsinin gündəlik ehtiyaclarını qarşılaya bilsin. Artıq 50-dən yuxarı yaşı var bu yaşda insanların iş tapması demək olar ki, qeyri-mümkündür. Lakin onun fəaliyyətinə və peşəkar nüfuzuna xələl gətirən bu cür əsassız və ədalətsiz qərarın varlığı iş tapmağında da ciddi maneələr yaradır.

9. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Direktoru tərəfindən verilən məktəbdə attestasiyanın keçirilməsi barədə qanunsuz və əsassız 122 nömrəli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrin əsasında yaradılmış, təsdiq və səlahiyyət verilmiş “S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin” etibarsız hesab edilərək ləğv edilməsi, səlahiyyəti və hüququ olmayan “Bakı şəhəri S.Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası”nın 03 mart 2025-ci il tarixli qərarı (həmin qərarı əks etdirən attestasiya vərəqəsi və protokol) ilə bağlı nəticələrin iddiaçıya münasibətdə ləğv edilməsi, həmin qərar əsasında tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, 21 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının S.Rüstəmov adına 13 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər iddia hazırlanarkən onlarda olmadığından həmin sənədlərlə tanış olmaq imkanları olmamışdır. Sözügedən sənədlərlə tanış olduqları zaman həmin sənədlərin (Əmr, əsasnamə və d.) qanunsuz və əsassız olduğu, onun hüquqlarını kobud surətdə pozulması faktı ortaya çıxmışdır. Belə ki, cavabdehlərin təqdim etdiyi sənədlərə tərəflərindən baxış keçirilən zaman həmin sənədlərin tərtib edilməsi zamanı kobud pozuntulara yol verildiyi, qanunvericilik və hüquqi-normativ aktların tələblərinin pozulması aşkar edilmişdir. İlk öncə onun hüquqlarının pozulmasına və əmək müqaviləsinə xitam verilməsinə əsas attestasiya komissiyasının fəaliyyəti ilə bağlı olan S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin 122 nömrəli əmrin özünün hüquqi əsası və qanuniliyi sual altındadır. Sözügedən əmrin verilməsində 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktorunun səlahiyyətinin olub-olmaması araşdırılmalıdır. Belə ki, həm S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin həm də onun struktur olaraq nəzarətçisi olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyəti mərkəzi icra hakimiyyət orqanı olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnamələr ilə tənzimlənir. Həmin əsasnamələrdə onların fəaliyyəti, vəzifələri və hüquqları qeyd edilib, təsdiq edilmişdir. Məktəbin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş nümunəvi əsasnaməsi vardır. Həmin əsasnamənin Ümumi müddəalar hissəsinin: 1.1-ci bəndində qeyd edilmişdir ki, Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir. 1.2-ci bəndində qeyd edilmişdir ki, Məktəb Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir və Məktəbin fəaliyyətinə birbaşa nəzarət aidiyyəti üzrə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilir. 1.4-cü bəndində qeyd edilir ki, Məktəb öz fəaliyyətində Azərbaycan Respbublikasının Qanunlarının, Azərbaycan Respublikasını Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin əmr və qərarlarını, kollegiya qərarlarını, İdarənin əmr və sərəncamlarını digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur. 1.5-ci bəndində qeyd edilir ki, bu Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən edilir. 4.6-cı bəndində qeyd edilir ki, Məktəbdə tədris Nazirlik tərəfindən təsdiq olunmuş tədriş planları və proqramları əsasında aparılır. Tədris planlarında əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən, tədris proqramlarında əlavə və dəyişikliklər isə Nazirliyin razılığı ilə edilir. 6.5-ci bəndində qeyd edilir ki, Müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər. Həmin əsasnamənin 7-ci maddəsində Direktorun hansı vəzifələri icra etdiyi yazır. Həmin vəzifələrdə qeyd edilir ki, müəllimləri Nazirliyin pedaqoji kadrların məzrkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul edir və qanuna müvafiq qaydada müəllimləri işdən azad edir. Belə olduğu halda, məktəbin əsasnaməsinə görə ona birbaşa nəzarət aidiyyəti üzrə iş üzrə digər cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsindədir. Həmin idarənin də əsasnaməsi vardır və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin əsasnaməyə əsasən idarə Bakı şəhərində mədəniyyət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edən Nazirliyin struktur qurumudur. Əsasnamənin 3-cü maddəsində İdarənin vəzifələri qeyd olunmuşdur. Həmin maddənin 3.1.15-ci bəndində qeyd edilmişdir ki: idarə öz səlahiyyətləri daxilində müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək və qanunvericiliyə uyğun olaraq Nazirliklə razılaşdırmaqla attestasiyanı keçirmək. Yəni, yuxarıda qeyd edilənlərə görə, Məktəb yuxarı icra hakimiyyəti orqanı və idarənin tabeliyindədir və məktəb direktorunun hər hansı əsasnamə qəbul etməsinə, həmin əsasnaməni təsdiq etməsinə səlahiyyəti yoxdur. Həmçinin yuxarıda qeyd olunan əsasnamələrin heç birində Məktəb direktoruna belə bir səlahiyyət verilməmişdir! Həmçinin, məktəb direktorunun səlahiyyəti olmamasına baxmayaraq onun tərəfindən müəllimlərin attestasiyadan keçirilməsi barədə əmr verməsi və bu qanunsuz və əsassız əmrlə müəllimlərin attestasiyadan keçirilməsi, əsası və qanuniliyi olmayan əmr və qərarla müəllimlərin attestasiyadan keçməyərək əmək müqavilələrinə xitam verilməsi baş vermişdir. Bütün bunlar nəzərə alındıqda, ümumiyyətlə sözügedən attestasiya komissiyasının yaradılması haqqında əmrin, əmr əsasında yaradılmış attestasiya komissiyasının və onun əsasnaməsinin heç bir hüquqi əsası yoxdur. Belə olduğu təqdirdə də, səlahiyyəti və hüququ olmayan bir Attestasiya Komissiyasının qərarlarının da hüquqi əsası yoxdur və həmin sənədlər etibarsız olduğundan ləğv edilməlidir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1481/2025 saylı, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 23 ildən artıq musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi Attestasiya prosesinin keçirilməsi barədə artıq xx.xx.2024-cü il tarixindən rəsmi olaraq məlumatlı olmaqla, komissiyadan keçmək üçün ona attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblərlə tanış olmaqla bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxt olmuşdur.

13. Məhkəmə tərəfindən keçirilmiş attestasiyanın video yazısına baxış keçirilərək əsasən onun məzmununun iddiaçıya münasibətdə cavabdeh tərəfin iddiaya etirazının dəlilləri və Attestasiya Vərəqəsinin məzmunu ilə uzlaşması müəyyən edilir. Məhkəmə də hesab etmişdir ki, iddiaçıya attestasiya imtahanında verilən suallar, proqram, materiallar təqdim edilmiş və azı 2 ay vaxt ərzində hazırlaşması mümkün olsa da, ona peşəsindən kənar hər hansı bir sual deyil, məhz onun 23 ildən çox işlədiyi ixtisası üzrə, peşə fəaliyyəti ilə bağlı verilən suallara göstərilən qaydada cavab verməsi onun tutduğu vəzifəyə uyğun olmamasına dair cavabdeh tərəfin mövqeyinin əsaslı olmasına dəlalət edir.

14. Bundan başqa, məhkəmə, iddiaçının direktorunun işdən azad etmək səlahiyyətinin olub-olmaması araşdırılmalı olması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənəd və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olunması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndinə əsasən direktorun belə bir səlahiyətinin olması nəzərdə tutulmuşdur.

15. Ümumilikdə məhkəmə hesab etmişdir ki, iddiaçının tələblərinin əsaslılığını sübut etmək üçün irəli sürdüyü dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 65, 66, 76.1 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1481/2025 saylı, 6 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə bu normanın mahiyyətinə və tələblərinə əməl edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas arqument kimi qeyd etmişdir ki, guya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin “Məktəbin idarə olunması” bölməsinin 7.2-ci bəndinə əsasən, məktəb direktorunun attestasiya komissiyasının yaradılması barədə əmr vermək səlahiyyəti mövcuddur. Halbuki bu nəticə maddi hüquq normasının mahiyyətinə zidd olaraq, səhv hüquqi qiymətləndirmə nəticəsində formalaşmışdır. Həmin Əsasnamənin 7.2-ci bəndində direktorun icra etdiyi vəzifələr sırasında attestasiya komissiyası yaratmaq və ya attestasiya keçirmək səlahiyyəti göstərilməmişdir. Bu bənddə sadəcə direktorun məktəbin idarə olunması ilə bağlı ümumi vəzifələri, tədris prosesinə rəhbərlik, kadr məsələlərinin mövcud qanunvericilik çərçivəsində həlli və məktəbin fəaliyyətinə nəzarət funksiyaları əks olunmuşdur. Yəni, direktorun səlahiyyətləri yalnız qanunvericilikdə və əsasnamələrdə ona açıq şəkildə verilmiş hallarla məhdudlaşır və bu səlahiyyətlər arasında attestasiya komissiyası yaratmaq və ya onun əsasnaməsini təsdiqləmək hüququ yoxdur. Bundan əlavə, həmin nümunəvi Əsasnamənin digər bəndlərinə, o cümlədən 1.2-ci bəndinə əsasən, məktəb Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindədir və onun fəaliyyətinə birbaşa nəzarəti Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Regional Mədəniyyət İdarəsi (bundan sonra-İdarə) həyata keçirir. Eyni zamanda, həmin İdarənin də öz Əsasnaməsinin 3.1.15-ci bəndində açıq şəkildə göstərilmişdir ki, attestasiya yalnız Nazirliklə razılaşdırılmaqla və qanunvericiliyə uyğun qaydada İdarə tərəfindən həyata keçirilə bilər. Bu, o deməkdir ki, attestasiya prosesi struktur baxımından məktəbin səlahiyyətinə deyil, yuxarı icra hakimiyyəti orqanı olan Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Baş İdarənin səlahiyyətinə aiddir. Məhz buna görə də məktəb direktorunun öz təşəbbüsü ilə belə bir komissiya yaratması və əsasnamə təsdiq etməsi qanunla nəzərdə tutulmayan səlahiyyətin mənimsənilməsi hesab olunur. Birinci instansiya məhkəməsi bu hüquqi ardıcıllığı və normativ əlaqəni nəzərə almadan, Əsasnamənin kontekstindən kənara çıxaraq, maddi hüquq normasını yanlış tətbiq etmişdir. Məhkəmə həmin normanı geniş və qanunun məqsədinə zidd şəkildə şərh etmiş, halbuki bu norma direktorun attestasiya səlahiyyətini təsdiqləmir, əksinə belə səlahiyyətin yalnız yuxarı orqanla razılaşdırılmaqla həyata keçirilə biləcəyini nəzərdə tutur. Bu baxımdan, Səbail Rayon Məhkəməsinin istinad etdiyi əsasnamə bəndinin yanlış təfsiri nəticəsində attestasiya komissiyasının yaradılmasının guya qanuni olması barədə nəticə əsassızdır. Beləliklə, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, normanın məzmununu və məqsədini təhrif etmiş, nəticədə səlahiyyətli orqan tərəfindən həyata keçirilməli olan attestasiya prosedurunu məktəb səviyyəsində həyata keçirilməsini qanuni hesab etməklə, həm qanunvericiliyə, həm də Əsasnamənin məntiqinə zidd qətnamə qəbul etmişdir. Göstərilən səbəblərə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasında qəbul edilmiş və ləğv edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi dəlilləri və hüquqi əsasları obyektiv şəkildə araşdırmamış, cavabdeh tərəfin təqdim etdiyi sənədləri əsas tutaraq birtərəfli mövqe sərgiləmişdir. Attestasiya komissiyasının qanunsuz yaradılması, direktorun bu istiqamətdə səlahiyyətinin olmaması, attestasiya prosesinin subyektiv və qərəzli aparılması, eləcə də komissiyanın qərarının hüquqi qüvvəsinin olmaması kimi məsələlər məhkəmə tərəfindən təhlil edilməmişdir. Hakim, faktlara və sübutlara bərabər yanaşmaq əvəzinə, cavabdeh orqanın təqdim etdiyi sənədləri avtomatik şəkildə etibarlı saymış, bununla da tərəflərin hüquq bərabərliyini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məktəbin direktorunun attestasiya keçirmək səlahiyyəti yoxdur. Baş İdarənin özü işçilərin attestasiyasını həyata keçirə bilər. Məktəb direktoru işəgötürən deyildir. Bu işdə birbaşa məktəbin direktoru attestasiya komissiyasının əsasnaməsini təsdiq edir. Attestasiya komissiyasının üzvlərini isə Baş İdarədən göndərilməsini xahiş edir. Attestasiya komissiyasının rəyi subyektiv mülahizələr əsasında verilmişdir. İddiaçının 20 ilə yaxındır ki, təcrübəsi vardır. Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbinin direktrou X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, direktor işəgötürəndir. Attestasiya keçirməyə slahiyyətlidir. Əsasnaməni təsdiq edən zaman səlahiyyətli olmuşdur. Musiqi təhsilində attestasiyanın keçirilməsi 7-8 ildir ki, müzakirə olunur. İlk dəfə pandemiya oldu deyə dayandırıldı. Attestasiya zamanı qoyulan suallar musiqi məktəbində keçirilən prorqam əsasında olmuşdur.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

27. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

28. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

29. 65-ci maddəsinin 1-5-ci hissələrinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

30. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

31. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

32. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

34. 70-ci maddəsinin «c» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir.

35. 70-ci maddəsinə edilmiş qeydə görə, maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

36. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

37. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən şəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

38. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

39. 288-ci maddəsinin x) bəndinə əsasən, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsinə dair məsələnin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

40. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

41. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

42. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

43. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, iddiaçı işdən azad edilməsi barədə 1 aprel 2025-ci il tarixli 21 nömrəli əmrin ləğv edilməsinin qanunsuz olmasını bir sıra pozuntularla əsaslandırır. O, attestasiyasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara zidd şəkildə keçirildiyini bildirir. Qeyd edir ki, attestasiya qərəzli şəraitdə aparılmış, əsəri tam ifa etməsinə, verilmiş sualları isə tam cavablandırmasına lazımi şərait yaradılmamış, beynəlxalq səviyyədə keçirilmiş müsabiqələrdə şagirdlərinin əldə etdiyi naliyyətlər nəzərə alınmamışdır.

47. Bundan əlavə, iddiaçı göstərir ki, attestasiya komissiyası qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılmamışdır. Məktəb direktoru qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl etmədən və belə komissiyanın yaradılması üçün səlahiyyəti olmadığı halda attestasiya komissiyası yaratmışdır. Bu səbəbdən hesab edir ki, yaradılmış attestasiya komissiyasının və əsasında fəaliyyət göstərdiyi əsasnamənin heç bir hüquqi əsası yoxdur.

48. Birinci instansiya məhkəməsi, iddiaçının tələblərinin əsasını təşkil edən halların sübuta yetirilmədiyini, həmçinin tələbin təmin edilməsi üçün hüquqi əsasların müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

49. Belə ki, iddiaçının istinad etdiyi dəlillər attestasiya prosesinin əmək qanunvericiliyinin tələbləri pozulmaqla keçirildiyini təsdiq etmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş xüsusi sosial kateqoriyaya aid işcilərdən biri deyil. 3 mart 2025-ci il tarixdə keçirilmiş attestasiyanın videogörüntüləri tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq məqsədini daşımış və bu suallar Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd olmamış, əksinə, ixtisasına və attestasiya proqramında göstərilən mövzulara uyğun olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, attestasiya komissiyası fəaliyyətini aşkarlıq şəraitində, obyektiv və qərəzsiz şəkildə, qanunvericiliyin tələblərinə əməl etməklə həyata keçirmişdir.

50. Məhkəmə kollegiyası tərəfindən, işin hallarının hərtərəfli və obyektiv araşdırılması məqsədilə mütəxəssis rəyi alınması üçün Azərbaycan Milli Konservatoriyasına müraciət edilmişdir. Təqdim edilmiş rəy əsasında müəyyən edilmişdir ki, attestasiyanın keçirilməsi zamanı prosedur qaydaları pozulamış, onun qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün lazımi (aşkar, obyektiv, qərəzsiz) şərait təmin edilmişdir.

51. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən, attestasiya komissiyasının rəyi ilə tutduğu vəzifəyə uyğun olmayan hesab edilən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur (mümkün davranış qaydasıdır). Bu da əmək münasibətlərinin hüquqi təbiətindən irəli gəlir. Belə ki, işəgötürən işçilərin seçilməsi, yerləşdirilməsi və işdən azad olunması ilə bağlı müvafiq kadr qərarlarının qəbul edilməsində, habelə əməyin müvafiq sahədə səmərəli təşkilininin təmin edilməsində müstəqil səlahiyyətlərə malikdir. Bu baxımdan, attestasiya komissiyasının qərarı əsasında iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edildikdən sonra işəgötürənin təşəbbüsü əmək müqaviləsində xitam verilməsi əmək qanunvericiliyinə zidd hesab edilə bilməz.

52. Apellyasiya şikayətinin digər dəlilləri ilə əlaqədar isə qeyd edilməlidir ki, işçilərin attestasiyasının keçirilməsi üçün attestasiya komissiyasının yaradılması işəgötürənin səlahiyyətlərinə aiddir. İşçilərin attestasiyasının keçirilməsi məqsədilə təcrübəsi, yüksək peşəkarlıq qabiliyyəti, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) ilə yaradılır. İşəgötürən, attestasiya komissiyasının fəaliyyətinin aşkarlıq şəraitində, obyektivlik və qərəzsizlik prinsiplərinə riayət olunmaqla, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin edir (§22).

53. Bu baxımdan, apellyasiya şikayətində attestasiya komissiyasının yaradılmasının qanunsuz olması və bu komissiyanın səlahiyyətsiz şəxs tərəfindən formalaşdırılması barədə irəli sürülmüş dəlillər məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, iş materiallarından görünür ki, attestasiya komissiyası işəgötürənin müvafiq qərarı ilə yaradılmış və onun tərkibi attestasiya prosesinin obyektiv və qərəzsiz keçirilməsini təmin edə biləcək şəxslərdən formalaşdırılmışdır. Qanunvericilikdə attestasiya komissiyasının işəgötürən tərəfindən yaradılmasının tələb olunmasını, məktəbin direktorunun da işəgötürən şəxs qismində çıxış etməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, komissiyanın yaradılması qaydasının əmək qanunvericiliyinin tələblərinə zidd olduğu barədə apellyasiya şikayətində göstərilən arqumentlər öz təsdiqini tapmır.

54. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

56. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1481/2025 saylı, 6 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar