Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6906/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş (Açar sözlər: «hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, reyestrdə aparılmış dövlət qeydiyyatının ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2321/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131.28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559,11 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi uçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin qeyd edilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6138/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2197/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişində göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 95000 manat müəyyən edilmişdir. Həmin bildiriş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir.
4. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişində göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 80750 manat müəyyən edilmişdir. Həmin bildiriş isə xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir.
5. “Birja yenilikləri” qəzetin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli və xx.xx.2022-ci il tarixli, 303 (303) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilə dair açıq hərracın keçirilməsi elan edilmişdir. Həmin qəzetin xx.xx.2022-ci il tarixli, 307 (307) nömrəli tirajının surətindən görünür ki, sözügedən mənzilə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir.
6. "xxxx" MMC tərəfindən İddiaçı, İsmayılova Güldərən və LPO Cavabdeh2 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 60562,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli təklif məktubunun surəti xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir.
7. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 51/04 nömrəli protokolun və xx.xx.2022-ci il tarixli müqavilənin surətlərindən görünür ki, sözügedən hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh2 ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili 60562,5 manata əldə etmişdir. Sözügedən mənzil alqı-satqı müqaviləsinə əsasən, LPO Cavabdeh2 ASC-nin adına özgəninkiləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC, Nizami rayon İcra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticəsinin, əqdin və protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tutma yönəldilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili üzrə "xxxx" MMC tərəfindən həyata keçirilən hərracın nəticəsinin, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barəsində protokolunun, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində LPO Cavabdeh2 ASC-nin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Tələbdə göstərilir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ona “açıq hərracın keçirilməsinə dair” 01 nömrəli bildiriş ünvanlanaraq Nizami Rayon Məhkəməsinin 2(007)-80/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilnə tutma yönəldildiyi bildirilmiş və hərracın keçirilmə yeri və vaxtı xx.xx.2022-ci il, saat 11:00-17:00dək olaraq qeyd edilmişdir. Lakin hərrac baş tutmamış, bu səbəblə xx.xx.2022-ci il tarixdə ona “açıq hərracın keçirilməsinə dair” 02 nömrəli bildiriş ünvanlanaraq hərracın keçirilmə yeri və vaxtı - xx.xx.2022-ci il saat 11:00-17:00-dək olaraq qeyd edilmişdir. Təkrar keçirilən hərrac da baş tutmamışdır. Ona ünvanlanan xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, Əmlak Xidmətləri Məkanına sorğu ünvanlanmış və mənzilə mülkiyyət hüququnun kimə məxsus olması barədə və əgər mənzilə mülkiyyət hüququ ondan digər hüquqi və ya fiziki şəxsə keçibsə buna əsas olan sənədlər barədə rəsmi qaydada məlumat verilməsi xahiş edilmişdir. Verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən mənzil xx.xx.2012-ci il tarixdə onun adına qeydiyyatdan keçmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-80/2019 saylı icra vərəqəsinə, Hərrac Təşkilatının 51/04 nömrəli, xx.xx.2022-ci il tarixli hərracın yekunları barəsində protokoluna, xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən LPO Cavabdeh2 ASC-nin adına özgəninkiləşdirilmişdir. Təkrar hərracın keçirilmə yeri və vaxtı xx.xx.2022-ci il, saat 11:00-17:00-dək olaraq müəyyən edilmiş və baş tutmamışdır. Lakin bu tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. İpoteka yüklü mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yəni, təkrar hərracın keçirilməsinin təyin olunduğu gündən 20 gün sonra elan dərc edilmişdir. Yəni, “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinin tələblər pozulmuşdur. İcra sənədinə əsasən tutma yönəldilən mənzillə bağlı "xxxx" MMC tərəfindən hərrac qanunun tələbləri pozulmaqla həyata keçirildiyi üçün hərracın nəticəsi etibarsız hesab edilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2321/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Nizami rayon İcra şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili ipoteka saxlayan Cavabdeh2 ASC əldə etmişdir. Hazırda iddiaçı qeyd edilən hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, təkrar hərrac xx.xx.2022-ci il tarixdə keçirilsə də, hərrac baş tutmamış və həmin tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. Bununla əlaqədar, təkrar hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, təkrar hərrac baş tutmadığı halda birinci hərracın baş tutmamasından fərqli olaraq, qanunvericilikdə 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elan dərc edilməsi imperativ norma olaraq göstərilməmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, təkrar hərracdan sonra 3 təqvim günü ərzində deyil, daha gec verilməsi iddiaçının hər hansı bir hüququnu pozmur. Belə ki, təkrar hərrac baş tutmadığından sonra ipoteka ilə yüklü edilmiş əmlakın hərrac mərkəzinin təklifi əsasında təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmək hüququ yalnız ipoteka saxlayana məxsusdur. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzili xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 298 (298) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli, 303 (303) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra, Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri əsassız olduğundan, iddia təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və şikayətində göstərib ki, təkrar hərracın keçirilmə yeri və vaxtı- xx.xx.2022-ci il, saat 11:00-17:00-dək olaraq müəyyən edilmiş və baş tutmamışdır. Lakin bu tarixdən 3 təqvim günü ərzində hərracın baş tutmaması barədə elan dərc edilməmişdir. Belə ki, ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 81 saylı evin 84 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Yəni, təkrar hərracın keçirilməsinin təyin olunduğu gündən 20 gün sonra elan dərc edilmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən, 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Göründüyü kimi, 43.2-ci maddənin tələbləri pozulmuşdur. Məhkəmənin birinci hərracdan fərqli olaraq təkrar hərracın baş tutmaması zamanı 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elanın dərc edilməsinin imperativ norma olmadığını qeyd etməsinin heç bir hüquqi əsası yoxdur, tamamilə mülahizədir. Belə ki, məhkəmə bu mülahizəsini qeyd edərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə istinad edərək bildirmişdir ki, maddənin məzmunu ilə təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuş, lakin burada 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elan dərc edilməsi imperativ norma olaraq göstərilməmişdir. 43.7-1-ci maddə ilə təkrar hərrac baş tutmadığı halda banka ipoteka predmetini əldə etmə hüququ tanınmışdır. Lakin maddənin məzmununda hərrac təşkilatının təkrar hərrac baş tutmadığı halda 3 təqvim günü ərzində hərracın baş tutumaması barədə elan dərc etməli olmasının qeyd edilməməsi hərrac təşkilatını bu öhdəliyinin olmaması anlamına gəlmir. Belə ki, hərrac təşkilatının bu öhdəliyi “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsi ilə müəyyən edilib və təkrar olaraq 43.7-1-ci maddədə qeyd edilməsi zəruri deyildir. 43.2-ci maddəyə əsasən, 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Təkrar hərrac alıcı olmadığına görə baş tutmamışdır. Bu da 43.1.2-cü maddəyə (hərracın iştirakçısı olmadıqda) uyğun gəlir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işinin baxılmasında iştirak etmək üçün Gəncə şəhərinə getdiyi üçün hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin üzrlü səbəbini təsdiq edən sübut əlavə etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər "xxxx" MMC-nin, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının vədigər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
16. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 41.2, 41.3 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
17. “İcra haqqında” Qanun: Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
18. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
27. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
29. İpoteka qoyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Buna baxmayaraq iddiaçının şikayətinin dəlilləri bildirişin ona çatmaması ilə bağlı deyil, konkret olaraq təkrar hərracın baş tutmaması ilə bağlı 3 gün ərzində elanın dərc edilməməsi, yəni elanın gec dərc edilməsi ilə bağlıdır. Bununla əlaqədar, iddiaçı “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə istinad edir. Birinci instansiya məhkəməsi də iddia tələbinin bu dəlili üzrə hüquqi dəyərləndirmə aparmışdır. Belə ki, məhkəmənin təkrar hərracın keçirilməsi qaydalarınin “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində göstərildyini və təkrar hərrac baş tutmadığı halda birinci hərracın baş tutmamasından fərqli olaraq, qanunvericilikdə 3 təqvim günü ərzində hərracın baş tutulmaması barədə elan dərc edilməsinin imperativ norma olaraq göstərilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi də “İpoteka haqqında” Qanunun 43-cü maddəsini bütövlükdə və ayrılıqda sistematik təhlil edib nəzərdən keçirməklə belə qənaətə gəlir ki, rayon məhkəməsinin qeyd olunan normanı bəyan etdiyi şəkildə təfsir etməsi yanlış olmamışdır. Çünki, Qanunun 42.3-cü maddəsində nəzərdə tutulan 3 gün müddətin təkrar hərracın baş tutmamasına da bilavasitə aid olması açıq-aşkar sezilmr. Başqa sözlə, “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsində nəzərdə tutulan 3 gün müddətinin yalnız ilkin hərracın baş tutmamasına aid olmasını apellyasiya instansiyası məhkəməsi də qəbul edir.
30. Bununla yanaşı, təkrar hərracın baş tutmamasının elanının 3 təqvim günü ərzində deyil, daha gec verilməsi də şikayətin əsaslı və mütləq təmin edilməli olduğuna dəlalət etmir. Çünki, iddiaçı bununla hansı hüququnun pozulduğunu yaxud 3 təqvim günü ərzində elan dərc edilsəydi bunun ona hansı müsbət təsiri ola biləcəyini də açıqlamır. Onsuzda, təkrar hərrac baş tutmamasından sonra ipoteka ilə yüklü edilmiş əmlakın hərrac mərkəzinin təklifi əsasında təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etmək hüququ yalnız ipoteka saxlayana məxsusdur.
31. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki, hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də “Birja yenilikləri” qəzetində hər iki hərracın yeri və vaxtı, həmçinin hərracın baş tutmaması barədə elan yerləşdirməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2321/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2321/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.