Məhkəmə qərarları › İş №2(103)-6907/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6907/2021

02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6907/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Aida Hüseyn və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “tikilinin qanunsuz hesab edilməsi, qanunsuz müdaxilənin və digər qanunsuz hərəkətlərin qadağan edilməsi, əmlakın əvvəlki vəziyyətə gətirilməsi və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizə qismən təmin edilsin, iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən 49 kv.metrlik fərdi yaşayış evinə dair söküntü işlərinin aparılması cavabdehə qadağan edilsin, ərizənin qalan hissəsi təmin edilməsin. İddiaçının şikayətdə tələb olunub ki, qərardad ərizənin təmin edilməyən hissəsində ləğv edilsin və ərizə tam təmin olunsun. Cavabdehin şikayətində tələb olunub ki, qərardad ləğv edilsin, ərizə rədd olunsun. Qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddia ərizəsində iddiaçı cavabadehin evə münasibətdə etdiyi hərəkətləri mübahisələndirib. Bu mübahisə həll edilənə qədər cavabdeh tərəfindən evdə söküntü işlərinin aparılması imkanı var, həmin imkanın qarşısı alınmayacağı təqdirdə mübahisə daha da mürəkkəbləşəcək, əlavə mübahisələr yaranacaq, nəticədə isə qətnamənin icrası çətinləşəcək. Belə vəziyyətdə evə dair söküntü işlərinin aparılmasının cavabdehə qadağan edilməsi Mülki-Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin göstərişlərinə uyğundur. Ərizənin təmin edilməyən hissəsində iddiaçı tələb etmişdir ki, torpaq sahəsinə daxil olma və əraziyə tullantıların atılması cavabdehə qadağan edilsin. Məhkəmə düzgün olaraq bu müraciəti təmin etməyib, çünki həmin hissədə ərizə iddianı təmin etmə tədbirinin məqsədinə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar