Məhkəmə qərarları › İş №2(103)-6908/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6908/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6908/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh qərardaddan verdiyi şikayəti ilə bağlı icraat üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-5/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) boşaldılması və Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü il tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(102)- 1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qanunsuz qəbul olunmuş xx.xx.2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh "iddianın təmin tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3879/2019 saylı qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 "a” nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-282/2020 saylı qətnaməsi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə xx.xx.2013-cü il tarixli qərar etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (6 saylı qaraja) dair X1 mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Mübahisə predmeti barədə mövcud olan Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsindən Cavabdeh və Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsindən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2514/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-61/2022 saylı qərardadı ilə 2-ci iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının eyni tərkibi tərəfindən qəbul edilmiş eyni tarixli, eyni saylı qətnaməsi ilə 2(006)-5/2019 saylı qətnamə (Cavabdeh apellyasiya şikayəti təmin edilmədən) dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 2 (102)-6328/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 61/2022 saylı qətnaməsindən ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq 2(102)-1001/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3879/2019 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-5/2019 saylı qətnaməsi qanuni qüvvəyə minməklə, iş üzrə mülki mübahisə öz həllini tapmışdır. Odur ki, İddiaçı ərizəsi əsaslı olmaqla təmin edilməlidir. Cavabdeh "hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarından yeni açılmış hallar üzrə Plenuma şikayət verməsi işin hər hansı halı ilə öz təsdiqini tapmamışdır.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyindən, tərəflər arasında mübahisə həll olunduğundan, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3879/2019 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə qoyulmuş həbs götürülməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2(006)-5/2019 saylı qətnaməsinə əsasən, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 6 saylı qarajın boşaldılması tələb olunur. O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək müvəqqəti xarakterli müdafiə tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qutaranədək Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(006)- 3879/2019 saylı qərardad ilə Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nomrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) üzərinə həbs qoyulmuşdur. İddiaçı nümayəndəsi Vəkil Nəsimi Rayon Məhkəməsinə ərizə verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(006)-3879/2019 saylı qərardadı ilə Bak şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nomrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi diqqət yetirməmişdir ki, tərəflərin arasında uzun illərdir məhkəmə mübahisələri olmuş və Cavabdeh xeyrinə qərardadlar, qətnamə və qərarlar qəbul edilmiş, onları nəzərə alınmamış, qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Ona görə də Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nomrəli binanın zirzəmisindəki 18,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın üzərinə qoyulmuş həbsin götürülməməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı İddiaçı nümayəndəsi və vəkili X2 etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş şikayət tam əsassız və qanunsuzdur. Belə ki, on dörd ildən artıq Cavabdeh İddiaçı olan nə borcunu qaytarmış, nə də ki, borcun əvəzinə İddiaçı adına rəsmiləşdirilmiş və mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin (qarajın) istifadəsinə heç bir imkan yaratmamış, müxtəlif, demək olar ki, eyni əsaslarla, eyni tərəflərin arasında olan iddia tələbləri ilə məhkəmələrə müraciət etmiş, nəticədə süründürməçiliklə məşğul olmuş, qanuni qüvvəyə minmiş qətnamənin icrasına manəçilik törətmişdir. Cavabdeh hər cür maneələr törədərək, işin süründürməçiliyə yol verərək, məhkəməyə əsassız və qanunsuz şikayətlər ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan əmlakın sərbəst istifadəsinə imkan verməmiş və bununla onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29, 60-cı maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(006)-5/2019 saylı qərardadın, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 okytabr 2019-cu il tarixli, 2(006)- 3879/2019 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92A №-li binanın zirzəmisindəki 18,0 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə qoyulmuş həbsin götürülməsinin dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 164. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Mülki işdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3879/2019 saylı qərardadı ilə məhkəmənin icraatında olan 2(006)-3879/2019 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 6 saylı qarajın üzərinə həbs qoyulması qərara alınmışdır. Mülki işdən daha sonra müəyyən olunur ki, tərəflər arasında olan mübahisələrə baxılaraq qəbul edilmiş müxtəlif işlər üzrə yekun məhkəmə aktları qüvvəsini aldıqdan sonra İddiaçı nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə seçilən müvəqqəti təminat tədbirinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya cavabdehin şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin qəbul edilmiş məhkəmə aktları ilə razılaşmaması halı mülki iş üzrə seçilmiş müvəqqəti təminat tədbirinin qüvvədə saxlanması üçün əsas ola bilməz. Bunun əksi məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı qanundan irəli gələn öhdəliyin yaranması və maraqlı şəxslərin bu əsasla pozulmuş hüquqları nəticəsində dəymiş ziyanı tələb etmələri üçün əsas ola bilər. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar