Məhkəmə qərarları › İş №2(103)-691/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-691/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-691/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Toğrul Babayevin, üçüncü şəxs Cavabdeh3ı nümayəndəsi və vəkili Ramin Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər Cavabdeh2 qızı və Cavabdeh3) «mənzildən çıxarılma» tələbinə dair 2(009)-974/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonu, Tircan kəndində pasport qeydiyyatəndadır. O, 10 aprel 2019-cu il tarixdə Cavabdeh2 ilə daşınmaz əmlak üzrə fərdi müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən mənzili 27500 manat ödəməklə satın almışdır. Həmçinin, mənzili alarkən Cavabdeh2 daşınmaz əmlak üzrə fərdi müqaviləsində razılıq qeydi yazaraq göstərmişdir ki, o özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 19 saylı evi 27500 manata ona satmış, 20000 manatı nağd almış, qalan 7500 manat məbləğində pulu isə 2 (iki) ay ərzində ödəməyi barədə razılaşmışlar. Habelə, Cavabdeh2 müqavilədə qeyd etmişdir ki, evi satması barədə ailə üzvlərinin xəbəri var, evin satılması ilə əlaqədar hüquqi mübahisə olarsa cavab verməyə hazırdır və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. İddiaçı mənzili alandan sonra qaz paylayıcısı olan “Azəriqaz” İB ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-alqı satqısı barədə müqavilə bağlamışdır. Həmçinin eyni qaydada “xxxx” ASC və “xxxx” ASC ilə də müvafiq müqavilələr bağlamışdır. Lakin evi aldıqdan bir müddət sonra Cavabdeh2 qohumu, yəni keçmiş ərinin bacısı Cavabdeh3 qanunsuz olaraq onun evinə soxulmuş və Cavabdeh2 ona borcu olduğunu bildirərək həmin evdən pulu ödənilənə kimi çıxmayacağını bildirmişdir. Belə ki, 1993-cü ildə Məmmədova X2 Elşad Firuddin oğlu ilə rəsmi qaydada nikaha daxil olub Gəncə şəhərinə yaşamağa köçmüşdür. 1998-ci ildə Elşad Süleymanovla birlikdə Gəncə şəhərindən Bakı şəhərinə köçüb, Səbail rayonu, Bayıl qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşamağa başlamışdır. Bir neçə il ərzində Cavabdeh2 E.Süleymanovla birlikdə müxtəlif ünvanlarda yaşadıqdan sonra sonuncu 19.09.2004-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə çıxıb getmişdir. Cavabdeh2 E.Süleymanovla birlikdə yaşadığı dövr ərzində sonuncu müxtəlif şəxslərdən ümumilikdə 17000 manat məbəlğində borc pul almışdır. Lakin E.Süleymanov borcunu qaytarmadan Azərbaycan Respublikasının hüdudlarından kanara çıxıb getmişdir. Həmin şəxslər Cavabdeh2 tanıdıqları üçün Elşad Süleymanovun borcunu bir həyat yoldaşı kimi ondan tələb etmişlər. Cavabdeh2 keçmiş həyat yoldaşı E.Süleymanov Rusiya Federasiyasından ona hissə-hissə ümumilikdə 8000 ABŞ dolları məbləğini göndərmiş və o, həmin məbləği sonuncunun borclarına qaytarmışdır. Bundan başqa Cavabdeh2 müxtəlif yerlərdə çalışaraq E.Süleymanovun qalan borcunu həmin şəxslərə qaytarmışdır. E.Süleymanov Rusiya Federasiyasına 2004-cü ildə köçdükdən sonra Cavabdeh2 2005-ci ilin noyabr avında özünə məxsus olan 4000 ABŞ dolları müqabilində ünvan 3 ünvanda yerləşən torpaq sahəsini almışdır. Bundan sonra, orada öz vəsaiti və qohumlarının köməyi ilə bir otaqlı kürsülü ev inşa etdirmişdir. Cavabdeh2 istintaqa verdiyi ifadəsində də bildirmişdir ki, yuxarıda qeyd olunan Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən torpaq sahəsinin alınmasında və bir otaqlı evin tikilməsində keçmiş həyat yoldaşı E.Süleymanovun heç bir aidiyyatı olmamışdır. E.Süleymanovla ayn-ayrı ünvanlarda yaşamaqlarına baxmayaraq, sonuncu telefon zəngləri vasitəsi ilə və ara bir Bakı şəhərinə gəldikdə Cavabdeh2 narahat etdiyi üçün o, Səbail Rayon Məhkəməsinə rəsmi nikahlarının pozulması barədə müraciət etmişdir. 28.10.2010-cu il tarixli Səbail Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh2 həyat yoldaşı E.Süleymanovdan rəsmi qaydada boşanmışdır. Bir müddət keçdikdən sonra 2019-cu ilin iyul ayında Cavabdeh2 keçmiş həyat yoldaşı E.Süleymanovun bacısı Cavabdeh3 və oğlu X9 Məmmədovaın İddiaçı satdığı Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən evin qıfıllarını sındıraraq oraya daxil olmuşlar. Mətanət bunu onunla izah etmişdir ki, qardaşı E.Süleymanov ona notarial qaydada etibarnamə vermiş və həmin etibarnaməyə əsasən o, qardaşı Elşada məxsus evə daxil olmuşdur. Bundan başqa, Cavabdeh3 İddiaçı bildirmişdir ki, Cavabdeh2 həmin ünvanda yerləşən torpaq sahəsini onun qardaşı E.Süleymanovla bir nikahda olan zaman almış və həmin ev Elşadın pulu ilə tikilmişdir. Bu səbəbdən də, həmin evin satışından əldə etdiyi pulun yarısını Mətanət Cavabdeh2 tələb etməyə başlamışdır. Bundan başqa Mətanət ona bildirmişdir ki, həmin evin satışından əldə olunan pulun yarısını ona verdikdən sonra Gülbala Əliyev küçəsi 19 saylı ünvanda yerləşən evdən çıxıb gedəcəkdir. Hazırki iddia ərizəsi üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh3, onun mülkiyyətində olan, Cavabdeh2 ona satmış olduğu ünvan 4 ünvanında yerləşən mənzili qanunsuz olaraq hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh1 satmışdır. Cavabdeh1 isə iddiaçıya məxsus olan mənzildə qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə tərəfindən cavabdehə evdən çıxmasını bildirməyinə baxmayaraq, o, evdən çıxmamaqda israrlı olmuşdur və hazıradək həmin mənzildə qanunsuz olaraq yaşayır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh və təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Cavabdeh3 təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh2 tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 **********000 saylı su abonent kodunun İddiaçı adına sənədləşməsinə etiraz etmir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslə bağlanan 23.04.2016-cı il tarixli, 29919731 nömrəli müqavilədən görünür ki, G.Əliyev küçəsi, dalan 4, ev 19/F ünvanda yerləşən mənzillə bağlı su təchizatı ilə əlaqədar müqavilə bağlanır. 08.05.2017-ci il tarixli su sayğacının quraşdırılması barədə aktın surətindən görünür ki, abonent Cavabdeh2 G.Əliyev küçəsi, ev 19 ünvanına CS920 markalı su sayğacı quraşdırılmışdır. 03.04.2019-cu il tarixli, AKX-0081076/04-2019 nömrəli qazın alqı-satqısı müqavilədən görünür ki, İddiaçı G.Əliyev küçəsi, ev 19 ünvanına qaz sayğacı quraşdırılmışdır. Tədqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə 05.08.2019-cu il tarixli qərardan görünür ki, 20.07.2019-cu il tarixdə ünvan 5 ünvanında yaşayan vətəndaş Cavabdeh2 DiN-in 102 xismətinə zəng edərək, yaşadığı ünvanın qarşısında döyülməsi barədə məlumata əsasən toplanmış material istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədi ilə Səbail RPİ-nin İŞ-nə təqdim edilmişdir. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 10.04.2019-cu il tarixli daşınmaz əmlak üzrə fərdi müqavilənin kserosurətindən görünür ki, Cavabdeh2 özünə məxsus G.Əliyev küçəsi, ev 19 ünvanında yerləşən ev 27500 manata İddiaçı satmış, 20000 manat verilmiş, tərəflər yerdə qalan 7500 manatın 2 ay müddətində verilməsi barədə razılaşmışlar. Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Hüseynovun 12.11.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh2, X3, Cavabdeh3 Firudin qızının ərizələri əsasında toplanmış material üzrə Cavabdeh2, X3, Cavabdeh3 Firudin qızının, X5, X1 əməllərində Cinayət Məcəlləsinin 221ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(009)- 3019/2019 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh3 qarşı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən ö/t 19/F saylı evdən cavabdehlərin çıxarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, hazırkı mülki işdə isə iddiaçı mübahisəli evin mülkiyyət hüququ ilə ona məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçı özbaşına tikili statusuna malik olan həmin fərdi yaşayış evini yazılı əqd əsasında əldə etsə də, həmin ev üzərində hər hansı hüquq əldə etmədiyindən, onun cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ da olmamışdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(009)- 974/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar