Məhkəmə qərarları › İş №2(103)-6916/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6916/2023

30.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6916/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi (vəkili) X9 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonunun Soyuqbulaq kənd əsas məktəbində müəllim kimi işə başlamış, xx.xx.1988-ci il tarixdə hərbi xidmətə çağırıldığı üçün iş yeri saxlanılmaqla işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə hərbi xidməti başa çatdığından Kəlbəcər rayonunun Soyuqbulaq kənd əsas məktəbinə müəllim vəzifəsinə təyin olunmuş, Kəlbəcər rayonunun işğalı ilə əlaqədar iş yerini itirdiyi üçün xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon 114 saylı əsas məktəbinə müəllim, xx.xx.2007-ci il tarixdə isə həmin məktəbə direktor vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Təhsil Nazirinin “Yoxlamanın nəticələrinə dair” xx.xx.2021-ci i tarixli K-1400 nömrəli əmri ilə Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin direktoru X4 və Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbin direktoru İddiaçı Bayraməli oğlu ilə bağlanmış əmək müqavilələri müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 18 noyabr 2021-ci il tarixdən ləğv edilmişdir.

3. Həmin əmrin verilməsinə əsas kimi Nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli xidməti məlumatı, ATİAHİ Kəlbəcər Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 11 saylı və ATİAHİ Daşkəsən Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokollarından çıxarışlar, müvafiq izahatlar və digər sənədlər göstərilmişdir.

4. Əmrə əsas təşkil edən sənədlərdən biri olan və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin məsləhətçisi Rəşad Musayev, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin məsləhətçisi Elçin Kərimov, Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə elmi-tədqiqat laboratoriyasının mütəxəssisi Vüqar İsmayılov tərəfindən tərtib edilmiş arayışda göstərilmişdir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə vətəndaşlar X5, X1 və X6 məktəb rəhbərliyinin və rayon təhsil çöbəsinin vəzifəli şəxslərinin hüquqazidd əməllərə yol vermələri barədə şikayət müraciətlərində qaldırılan məsələlərin yerinə araşdırılması və Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində Kəlbəcər Rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi olan dövrdə fəaliyyəti üzrə Kəlbəcər rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş sualların araşdırılması ilə əlaqədar mütəxəssislərin ayrılması barədə Maliyyə Nazirliyindən Təhsil Nazirliyinə daxil olmuş müraciətlərə baxılmasını təmin etmək məqsədilə, Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli E-754 saylı əmrinə əsasən 12-17 iyul 2021-ci il tarixlərində Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində, Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbində və Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində, 23 sentyabr 2021-ci il tarixli E-1207 əmrinə əsasən isə 23-25 sentyabr 2021-ci il tarixlərində Göygöl rayonu Nadil kənd tam orta məktəbində araşdırma aparılmış, araşdırma zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. ... Kəlbəcər rayonu üzrə: Kəlbəcər rayonu, 120, 117, 114 və 14 nömrəli tam orta məktəblərin direktorları müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsində iştirak etmədikləri halda mövcud qaydaların tələblərinə zidd olaraq 6 saatdan yuxarı həftəlik dərs yükü olmuşdur. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydaları”na əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyi halda Kəlbəcər rayonu 37, 49, 54, 17, 63, 100, 101, 109, 113 və 114 nömrəli tam orta məktəblərdə bəzi müəllimlər diaqnostik qiymətləndirmədə iştirak etmədikləri halda 19-36 saat arası dərs yükü ilə təmin edilmişdir. Müəllimlərin dərs bölgüsü zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017ci il tarixli, xx-xx-2589/15 təlimatı məktubunun tələbləri pozularaq, Kəlbəcər rayonu 81, 114, 123, 39, 22, 83, 128, 25, 47, 109, 93, 102, 120, 38, və 30 nömrəli tam orta məktəblərdə ixtisas balları 10-16 bal arasında olan 17 müəllimə 30-36 saat arası dərs yükü verilmişdir. X10 (ixtisası fiziki tərbiyə və hərbi hazırlıq müəllimi) əsas iş yeri olaraq Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə GÇQH rəhbəri işlədiyi halda, ona əlavə iş yeri olaraq Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbində 33,5 saat (azərbaycan dili, fiziki tərbiyə, həyat bilgisi, musiqi, riyaziyyat, informatika, texnologiya, təsviri incəsənət, ingilis dili fənləri üçün) dərs yükü verilmişdir.

5. İddiaçı həmin yoxlama üzrə xx.xx.2021-ci il tarixdə yazdığı izahatında aşağıdakıları göstərmişdir: “2007-ci ildən Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. İxtisası tarix müəllimidir. Həftəlik dərs yükü 12 saatdır. Müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməmişdir. Diaqnostikada iştirak edən sinif müəllimi Cəmilə Həsənovaya 34 saat dərs vermişdir. Diaqnostikada aşağı nəticə göstərmiş ibtidai sinif müəllimi İlqar Məmmədova həftəlik 36 saat dərs vermişdir. Hüseynov Ramiz 6-7 ildir ki, Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbində müəllim işləyir, ikinci iş yeri kimi həftəlik dərs yükü 33,5 saatdır. İddiaçı ona fiziki tərbiyə Vİİ-İX siniflərdə 8,5 saat evdə təhsil, İ-V siniflərdə fiziki tərbiyə saatı vermişdir. Hüseynov Ramizin əsas iş yeri Mingəçeviş şəhər 8 saylı tam orta məktəbi olmuşdur. Həftəlik dərs yükü 8 saatdır. Keçən tədris ilində ibtidai siniflər üzrə 33 şagird 4 sinif kompleksi olmuşdur. Qeyd edilən nöqsanların baş verməsinə səbəb müəllimlərin şikayət etməmələri olmuşdur. İzahatı heç bir təzyiq olmadan özü yazmışdır”.

6. Kəlbəcər Rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsinin xx.xx.2021-ci il tarixli 11 saylı protokolunda göstərilmişdir ki, Təhsil Nazirliyinin xx.xx.2021ci il tarixli xx-xx-1508/10 nömrəli təqdimatının müzakirəsi alınsın, Kəlbəcər rayon 114 nömrəli tam orta məktəbin direktoru İddiaçı Bayraməli oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilsin.

7. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 70-ci maddəsinin “ç” bəndi əsasında K-1400 saylı xx.xx.2021-ci il tarixli əmrlə xitam verilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir.

8. İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi mediasiya sessiyasında iştirak etməmiş, xx.xx.2022-ci il tarixdə İddiaçı “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayış verilmişdir.

9. İddiaçı Cavabdeh2nə qarşı “xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi işburaxma ilə əlaqədar əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Cavabdeh2 hüquqi ünvanının Sumqayıt şəhərində yerləşdiyini əsas göstərməklə geri qaytarmış, onun Sumqayıt Şəhər Məhkəməsinə verdiyi eyni iddia ərizəsi də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 hüquqi ünvanının Bakı şəhərinin Nərimanov rayonunda yerləşdiyi əsas göstərilməklə geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı (iddiaçı) Cavabdeh2nə (cavabdeh) qarşı iddia ərizəsi ilə 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.1988-ci il tarixdə müəllim kimi əmək fəaliyyətinə başlamış, xx.xx.2007-ci il tarixdə Kəlbəcər Rayon 114 saylı ümumi orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Həmin məktəb Mingəçevir şəhərində yerləşir. İşdən çıxarılanda Kəlbəcər Rayon Təhsil Şöbəsini məhkəməyə vermiş, bir neçə ay məhkəmə araşdırılması aparıldıqdan sonra ona bildirilmişdir ki, mediasiyadan keçməlidir. Bir-neçə ay da mediasiyada vaxt itirmiş, mediasiyadan sənəd alıb məhkəməyə verəndə bildirmişlər ki, Kəlbəcər Təhsil Şöbəsini deyil, Cavabdeh2 məhkəməyə verməlidir. 109 məlumat xidmətindən Cavabdeh2in hüquqi ünvanının ünvan 3 məlumat əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış, xx.xx.2022-ci il tarixli qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh2 hüquqi ünvanının Sumqayıt şəhərində yerləşdiyi əsas göstərilməklə geri qaytarılmışdır. Buna görə də Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmış, lakin bu iddia ərizəsi də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 hüquqi ünvanının Bakı şəhərinin Nərimanov rayonunda yerləşdiyi əsas göstərilməklə geri qaytarılmışdır. Biçarə vəziyyətdə qalmışdır, məhkəmə müdafiəsi hüququnu həyata keçirə bilmir. İşdən çıxarılmasının əsassız olmasını sübut etmək əvəzinə, işini məhkəmə icraatına qəbul etdirə bilmir. İşdən çıxarılması qanunsuz və əsassızdır.

12. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) cavabdehin əsil cavabdehlə əvəz edilməsinə dair vəsatət vermiş, Cavabdeh2 əsl cavabdeh qismində Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir.

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə Cavabdeh1 əsl cavabdeh qismində Cavabdeh2 ilə əvəz olunmuşdur.

14. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin (Cavabdeh1) nümayəndəsi bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin oluna bilməz.

15. Cavabdehin nümayəndəsi eyni mövqeni elektron sistem vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində də əks etdirmiş, ərizədə qeyd etmişdir ki, “iddiaçı, Kəlbəcər rayon 114 saylı məktəbin direktoru vəzifəsində işləmiş, məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq onunla bağlanmış əmək müqaviləsi Təhsil nazirinin xx.xx.2021-ci il tarixli K-1400 saylı əmri ilə ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə, yəni, əmək müqaviləsinə xitam verildiyi müddətdən 1 il sonra müraciət etmişdir. Eyni zamanda məhkəmə qərardadlarından da görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən təmin edilə bilməz”.

16. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin № K-1400 nömrəli xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmri”nin ləğv olunması, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2007ci il tarixdə Kəlbəcər Rayon 114 saylı ümumi orta məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 saylı xx.xx.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən ona müvafiq "işdən azad olunması barədə əmrin” surəti təqdim olunmamışdır. Bu hal isə məhkəməyə müraciət etməsində yubanma yaratmışdır. Belə ki, o, əvvəl Kəlbəcər Rayon Təhsil Şöbəsini cavabdeh olaraq qoymuş, lakin məhkəmə araşdırması gedişatında işin "mediasiya prosesindən” keçmədiyi müəyyən olunmuşdur. Daha sonra mediasiya prosesi müəyyən müddət uzanmışdır. Mediasiya arayışını məhkəməyə təqdim etdikdə məhkəmə mübahisənin digər tərəfi kimi cavabdehin Kəlbəcər Rayon Təhsil idarəsi deyil, Cavabdeh2 olduğunu bildirmişdir. Cavabdeh2 hüquqi ünvanının ünvan 6nov Rayon Məhkəməsində iddia qaldırılmış, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4819/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Əsas kimi Cavabdeh2 hüquqi ünvanının yanlış göstərildiyi bildirilmişdir. Nərimanov Rayon Məhkəməsi cavabdehin hüquqi ünvanının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev 37 olduğunu bildirmişdir. Nərimanov Rayon Məhkəməsinin qərardadında göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardadda göstərilən əsaslara əsasən, cavabdehin hüquqi ünvanı ünvan 9 də aydındır ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli xx.xx.2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair əmr”in surəti təqdim olunmamış, iddiaçı ümumi əsaslarla onu məhkəmədə mübahisələndirmiş, buna baxmayaraq prosessual qaydalarda səlahiyyətli orqanların səriştəsizliyi səbəbindən yubanma yaranmışdır. Qeyd edilən əmrin alınması üçün, cavabdehə ünvanlanmış 030 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab verilməmiş və bu məsələ ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş və yalnız bundan sonra qeyd edilən əmr əldə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən əmək fəaliyyəti ilə məşğul olmur. İddiaçı öz vəzifələrini həyata keçirərkən heç vaxt sui-istifadə hallarına yol verməmiş, məktəbdə keçirilən bütün monitorinqlərin nəticəsi ürəkaçan olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, ixtisası tarix müəllimliyi olmaqla, həftəlik dərs yükü 12 saatdır. Müvafiq olaraq məktəbin fizika müəllimi Cəmilə Həsənovanın dərs yükü 34 saatdır, ibtidai sinif müəllimi İlqar Məmmədovun dərs yükü həftəlik 36 saat, fiziki tərbiyə müəllimi Ramiz Hüseynovun dərs yükü 33.5 saatdır. Eyni zamanda X7 şəhər 8 saylı tam orta məktəbində müəllim kimi fəaliyyət göstərdiyindən xəbəri olmadığını vurğulamışdır. Belə ki, Kəlbəcər rayon 114 saylı ümumi orta məktəbində adı çəkilən fənlər üzrə müəllimə təlabat olduğundan, məktəbdə müəllim çatışmazlığı mövcud olduğundan qeyd edilən müəllimlərə artıq dərs yükü vermişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli xx.xx.2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair əmr”ində əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilməsinin əsasları göstərilməmiş, ümumi cümlələrdən istifadə olunmuşdur. Belə ki, iddiaçının müəllimlərə əlavə dərs saatı yazmasına səbəb məktəbdə müəllim çatışmazlığının yaşanması və müvafiq olaraq tarix müəlliminə, fiziki tərbiyə müəlliminə, ibtidai sinif müəlliminə, fizika müəlliminə ehtiyacın olması olmuşdur. İddiaçı bu əməlində hər hansı qəsddən söhbət gedə bilməz.

18. İddiaçının nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsinin ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş, ərizədə aşağıdakıları göstərmişdir: “...İddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli xx.xx.2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair əmr”in surəti təqdim olunmamış, iddiaçı ümumi əsaslarla onu məhkəmədə mübahisələndirmiş, buna baxmayaraq məhkəmə aidiyyatı səbəbindən yubanma yaranmışdır. Hətta qeyd edilən əmrin alınması üçün cavabdehə ünvanlanmış 030 sayİı xx.xx.2023-cü il tarixli sorğuya cavab verilməmiş və bu məsələ ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş, yalnız bundan sonra əmr məhkəmənin sorğusu nəticəsində əldə edilmişdir. İddiaçı işdən azad olunarkən ona işdən çıxarılması barədə əmr təqdim olunmamışdır. Əmri əldə etmədiyindən birbaşa məhkəməyə müraciət etmişdir. Cavabdeh qismimdə çıxış edən Cavabdeh2 hüquqi ünvanının müəyyənləşdirilməsi iddia ərizəsinin icraata daxil olması prosesinə maneə yaratmışdır. Bu hal isə iddia müddətinin iddiaçının hərəkət və ya hərəkətsizliyindən ötmədiyinin bariz göstəricisidir. İddiaçı qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Ona, işdən çıxarılmasına dair əmr təqdim edilməmiş, bu yalnız məhkəmənin sorğusu nəticəsində iddiaçıya verilmişdir. İşin hallarından da göründüyü üzrə cavabdeh iddiaçını işdən çıxaran zaman ona bu barədə əmri, əmək kitabçasını və ya sair sənədləri təqdim etməmiş, bu sənədlər yalnız məhkəmə sorğusu ilə əldə edilmişdir. Eyni zamanda iddiaçı zamanında mediasiya prosessinə başlamış və məhkəməyə müraciət etmiş, lakin idarələrin süründürməçiliyinə görə işin məhkəmə icraatına daxilolması süni uzadılmışdır. Cavabdehin ərizəsi əsassızdır və işəgötürənin işçi üzərindəki hüquqpozma hallarının davamı kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər”.

19. Birinci instansiya məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-1400 saylı əmrinin ləğv olunması və İddiaçı əvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçı X3 (?) məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

20.1. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. 20.2. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Əksinə iddiaçı, müəllimlərə əlavə dərs saatının yazılmasını məktəbdə müəllim çatışmazlığı ilə əlaqələndirmiş, cavabdeh isə bunun əksini sübut edən, yəni müvafiq fənn üzrə ixtisaslı müəllimlərin olmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd olan pozuntulara qərəzli olaraq yol verildiyi barədə heç bir dəlil təqdim etməmişdir. Nəticə etibarilə, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2021-ci il tarixli E-754 saylı əmrinə əsasən 12-17 iyul 2021-ci il tarixlərində Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində aparılmış araşdırmanın nəticələri barədə arayışa istinad edərək, həmin yoxlamalar zamanı müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etmədikləri halda 19-36 saat arası dərs yükü və s. ilə təmin edilməsi ilə bağlı iddiaçı tərəfindən ciddi nöqsanlara yol verildiyini bildirir. Lakin qeyd olunduğu kimi, cavabdeh məktəbdə müvafiq ixtisasa malik müəllimlərin olmasına istinad etməyərək, iddiaçının həmin dəlilini təkzib edəcək hər hansı sübut təqdim etmir, bu da öz növbəsində cavabdehin qanuni mənafeyinə ciddi xələlin dəyməsini təsdiq etmir. Belə olanda şagirdlərin icbari təhsil almaq hüquqlarının üstün təmin edilməli olması zərurətindən, cavabdehin maddi vəsaitinin lüzumsuz dərəcədə sərf edilməsi, o cümlədən hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gətirilməsi faktı görünmür. 20.3. Əmr “təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində aparılmış monitorinqlərin nəticələri barədə məlumatlar öz əksini tapsa da, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" dedikdə, konkret hansı sui-istifadədən söhbət getdiyi müəyyən edilmir. 20.4. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. 20.5. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə 1988-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. 20.6. Bundan başqa məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayon 114 saylı tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2021 -ci il tarixli K-1400 nömrəli əmri ilə xitam verilərkən əmək qanunverciliyinin tələblərinə uyğun olaraq, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınıb-alınmamasına dair sübut təqdim edilməmişdir. Halbuki, keçirilmiş məhkəmə hazırlıq iclaslarında cavabdehə müvafiq sənədləşmələrin təqdim edilməsi təklif olunmuşdur. Lakin təqdim olunmuş sübutların içində həmkarlar ittifaqı təşkilatının protokolundan çıxarışa rast gəlinməmişdir. 20.7. Məhkəmə mübahisələndirilən əmrlə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 4 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. 20.8. İddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. Belə ki, əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsini məhkəmə araşdırması zamanı aşkar etmişdir. İddiaçı tərəfindən bir neçə dəfə iddia irəli sürülmüş, lakin cavabdeh tərəfindən müvafiq əmrin və digər sənədlərin "sonuncu iş günü” iddiaçıya təqdim edilməsini təsdiqləyən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla belə, işçinin işdən çıxarılmasına əsas olan müvafiq sənədlər məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən EMİS-də yerləşdirilmişdir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Əmək Məcəlləsinin 10-cu, 70-ci, 71-ci, 72-ci, 76-cı, 80-ci, 83-cü, 186-cı, 187-ci, 189-cu, 300-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad etmişdir.

22. Qətnamədən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığı, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyi, qanunsuz qərar çıxardığı, iddiaçının mübahisələndirdiyi əmrin sadəcə ona aid olmamasına baxmayaraq, əmri tam ləğv etdiyi arqumentləri ilə əsaslandırmışdır.

23. Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə qətnaməyə izah verilməsinə dair iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi təmin olunmuş, qətnamənin nəticə hissəsinə “Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli K-1400 saylı əmri İddiaçı münasibətdə ləğv edilsin” məzmununda izah verilmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

25. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu, əmrin, əmək kitabçasının və son haqq-hesabın iddiaçıya verildiyi sübuta yetirilmədiyindən onun iddia müddətini ötürmədiyini bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

31. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

32. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

34. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

37. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

38. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

39. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

40. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

42. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı

43. ...Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

52. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsinə verdiyi hüquqi qiymət düzgün olmamışdır.

53. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmiş, bundan əvvəl – xx.xx.2021-ci il tarixdə - o, müvafiq araşdırma ilə bağlı izahat vermiş, əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş xx.xx.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmişdir.

54. İddia ərizəsində iddiaçının özünün də qeyd etdiyi kimi o, xx.xx.2021-ci il tarixdən sonra işə çıxmamış, cavabdehlə arasında yaranmış mübahisənin məhkəmədənkənar həlli üçün isə xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir.

55. Göründüyü kimi iddiaçı artıq xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, ilk dəfə 2022-ci ilin noyabr ayında (işdən çıxarılmasından 1 il sonra) məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

56. Qeyd olunmalıdır ki, qanunverici “hüququnun pozulmasını aşkar etdiyi günü” işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün olaraq təsbit etsə də (§ 40), həmin normaya formal yanaşılmamalı, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat (əmrin əsası, qısa məzmunu, tarixi və nömrəsi) yerləşdirilmiş, artıq işə getmədiyi üçün işdən çıxarıldığını bildiyi mübahisəsiz olan işçinin, sözügedən sənədləri əldə etmək üçün ağlabatan müddət ərzində təşəbbüs göstərməməsi “hüququnun pozulmasını aşkar etdiyi gün”ün müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb etməlidir.

57. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

58. 30 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

59. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

60. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1126/2023 saylı iş üzrə 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi təmin edilməsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar