Məhkəmə qərarları › İş №2(103)-6917/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6917/2020

26.10.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6917/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və üçüncü şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı “icra məmurunun hərəkətsizliyi və vəzifələrinin layiqincə icra etməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və üçüncü şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi nəticəsində tərəfindən tələb edilən 50000 manat mənəvi ziyanın, 2498.18 manat icranın gecikdirilməsinə görə hesablanmış faizin və 30 manat məhkəmə rüsumunun, cəmi 52528.18 manatı Cavabdeh2ndən alınaraq ona ödəmək öhdəliyi qoyulması, Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi istiqamətində icra məmurunun hərəkətsizliyi qanunsuz sayılması və icra vərəqi üzrə borclu X6 5034 manat əmlaka dəymiş zərərin əvəzi (əsas borc) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 5054 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması, Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi istiqamətində icra məmurunun hərəkətsizliyi, icra vərəqində qeyd edilmiş “Saipa-132” markalı, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobilin sənədləri ilə birlikdə ona qaytarılmaması nəticəsində avtomobilin məhv olmasından əmələ gəlmiş ziyan: məhv olmuş avtomobilin dəyəri 6000 manat, avtomobilin məhv olması nəticəsində itirilmiş qazanc 7500 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat kompensasiya, cəmi 23500 manat Cavabdeh2 icra məmuru Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması, icra məmuru Cavabdeh1 əməllərində AR CM 308.1, 313 və 314.1-ci maddələrinə müvafiq cinayət tərkibi olduğundan prokurorluğa məlumat verilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı iş üzrə verdiyi icra vərəqəsi xx.xx.2013-cü il tarixdə Yasamal rayon icra şöbəsinə daxil olmuşdur. İcra vərəqəsinə əsasən ”Saipa-132” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi barədə onunla X14 arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsinin obyekti olan ”Saipa-132” markalı 01-BK- 226 dövlət qeydiyyat nişanlı avtomobil sənədləri ilə birlikdə ona qaytarılması, cavabdeh X5 5034 manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5054 manat məbləğində pul alınaraq ona ödənilməsi qərara alınmışdır. Yasamal rayon icra şöbəsinin icra məmuru Cavabdeh1 xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsini qəbul etmiş və bununla da, vəzifəsini bitmiş hesab etmişdir. Halbuki o, öz üzərinə düşən vəzifələri yerinə yetirməmişdir, o cümlədən, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülərək ona verilməsini təmin etməmiş, icra sənədinin icrası ilə əlaqədar yerinə yetirdiyi icra hərəkətləri haqqında tələbkara (ona) heç bir məlumat verməmiş, icra müddəti iki ay olmasına baxmayaraq, 78 ay ərzində məhkəmə qətnaməsinin icrası başaçatdırmamış, vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq, icra şöbəsinə etdiyi 9 (doqquz) müraciəti cavabsız qalmış, icra məmuru Cavabdeh1 səhlənkarlığı, məsuliyyətsizliyi və təqsiri üzündən (hərəkətsizliyi nəticəsində) icra sənədində göstərilən avtomobil borcludan alınmamış və heç kimə saxlanca verməmişdir. Nəticədə avtomobil məhv olmuşdur. İş üzrə məcburi icra tədbirləri yerinə yetirilməmiş, icra hərəkətlərinin həyata keçirilməsində onun iştirakı təmin edilməmişdir. xx.xx.2017-ci il tarixdə, nəhayət ki, Yasamal rayon icra şöbəsindəni ona yeganə cavab məktubu gəlmişdir. Bu məktuba əlavə olunmuş sənədlərin surətlərinin əksəriyyətinin həqiqiliyi şübhə doğurur və onun tələb etdiyi əsas sənədlərin surətləri ona təqdim edilməmişdir. Bu məsələ ilə əlaqədar 2017-ci ilin mart-aprelmay aylarında 3 dəfə Yasamal rayon icra şöbəsində olmuş, lakin ona nə avtomobili, nə də tələb etdiyi sənədlərin surətlərini ona təqdim edə bilməmişlər. Sənədlərin surətlərinin verilməməsinə səbəb onların mövcud olmaması olmuşdur. Yasamal rayon icra şöbəsinin icra məmuru Cavabdeh1, israrla, avtomobilin əvəzində ona tamamilə sökülmüş vəziyyətdə olan bir avtomobil skeleti (üzərində heç nə olmayan çılpaq ban) təqdim etmək istəmişdir. İcra məmurunun səhlənkarlığı ucbatından o əmlakından (avtomobildən) məhrum edilmişdir. İcra məmuru Cavabdeh1 hərəkətsizliyi, vəzifə borcunu layiqincə yerinə yetirməməsi və səhlənkarlığı nəticəsində 4 il ərzində icra edilməmiş icra sənədi üzrə ona qaytarılmamış avtomobilin dəyəri olaraq 6000 manat ziyan dəymişdir. Eyni zamanda bu günə qədər icra vərəqində qeyd edilmiş 5054 manatın da ona verilməsi icra məmuru tərəfindən təmin edilmədiyindən həmin məbləği də icra məmuru tərəfindən ona vurulmuş ziyan hesab edir. Cavabdeh1la sonuncu görüşü 2017-ci ilin may ayının sonlarında Yasamal rayon icra şöbəsində olmuş və onun tələblərinə qarşı icra məmurunun cavabı “gedin hara istəyirsiniz şikayət edin” olmuşdur. xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsinin icrasının tələbi ilə əlaqədar Yasamal icra və probasiya şöbəsinə -9, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə -2, Ədliyyə Nazirliyinə (cənab Nazirə) -3, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət şöbəsinə -1, Azərbaycan Respublikası Baş Prokurorluğuna - 2, Azərbaycan Respublikasının Baş Nazirinə-1, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə -1, Mətbuat orqanı vasitəsi ilə -2 dəfə yazılı müracət etmişdir. Son yeddi ünvana göndərdiyi 12 (on iki) müraciətləri də, sonda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi vasitəsilə Cavabdeh2nə göndərildiyini nəzərə alsaq 6 (altı) il ərzində bu şöbənin heç bir yuxarı orqanın göstərişinə, məhkəmənin qətnaməsinə, vətəndaşın müraciətinə əməl etmək niyyəti olmamış və nəticədə ona həm maddi və eyni zamanda mənəvi ziyan dəymişdir. xx.xx.2017-ci il tarixdə Yasamal rayon icra şöbəsinə göndərdiyi “Dəymiş ziyanın ödənilməsinə dair ərizə” də bu günə qədər cavabsız qalmışdır. xx.xx.2016-cı il tarixdə İcra Baş İdarəsinə etdiyi müraciətinə xx.xx.2017-ci il tarixdə cavab almışdır. Bu cavab məktubunda göstərilənlər bəsit məlumatlar əsasında, ərizəçiyə cavab vermək xatirinə yazılmış, qeyd olunmuş faktların mövcudluğu yoxlanılmadan tərtib olunmuş cavab idi. Ona ən cox təsir edən və ən acınacaqlısı isə odur ki, xx.xx.2016-cı il tarixdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə etdiyi müraciətinə verilən cavabda göstərilib ki, ...Bununla əlaqədar xx.xx.2013-cü il tarixdə Yasamal rayon İcra şöbəsində başlanmış icraat zamanı borclu T.Hümbətov icra şöbəsinə gələrək sənədləri təqdim etmiş, sözügedən avtomobilin isə yol qəzası nəticəsində yararsız vəziyyətə düşdüyünü və Z.Xəlilov küçəsində yerləşən dayanacaqda saxlandığını bildirmişdir. Qeyd olunan avtomobil sənədləri ilə birlikdə ona təklif olunsa da, buna münasibət bildirməmişdir. Sonuncu cümlənin səhv məlumat olduğunu bildirməklə təklifin ona çatdırılmasının təsdiqini icra Baş idarəsindən xx.xx.2017-ci il tarixli məktubla tələb etsə də, qarşı tərəfdən müraciətinə heç bir reaksiya verilmədi və münasibət bildirilmədi. Bundan sonra bir neçədəfə Yasamal rayon icra şöbəsində olmuş və yuxarıda qeyd etdiyi sənədləri tələb etsə də, həmin sənədləri ona təqdim edən olmamışdır. 2017-ci ilin aprel ayının sonlarında icra şöbəsində icraatla bağlı sənədlərə baxmaq istədiyini bildirmiş və həmin vaxt icra işinin qovluğundakı sənədlərin içərisində də tələb etdiyi sənədlər olmamışdır. O zaman icra məmuru Cavabdeh1 bildirmişdir ki, olan sənədlərin hamısı buradadır, başqa sənəd voxdur. Lakin xx.xx.2017-ci il tarixdə Yasamal rayon icra şöbəsindən ona gələn məktuba əlavə olunmuş sənəd surətlərinin əksəriyyətini icra şöbəsində ona təqdim olunan sənədlərdən fərqli olduğundan, onların həqiqiliyi şübhə doğurdu və mən həmin sənədləri özündə olan qeydlərlə müqayisə etmişdir. Bu sənədlərin içərisində də tələb etdiyi əsas sənədlərin surətləri ona göndərilməmişdir. İcra şöbəsindən aldığı sənədləri araşdırdıqdan sonra belə qənaətə gəlmişdir ki, icra məmuru bu cür saxtakarlığı və hərəkətsizliyi ilə özü borclunu məhkəmə qətnaməsinin icrasından yayınmasına (məsuliyyətdən qaçmasına) münbit şərait yaratmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli aktın 1-ci səhifəsinin sonuncu cümləsindən başlayaraq yazılmışdır ki, icra sənədinin icrası ilə əlaqədar X3 şöbəyə gələrək icra sənədində qeyd olunmuş “Saipa-132” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş və hazırda Zahid Xəlilov küçəsində saxlanılır. Tərəfindən həmin ünvana getdik və müəyyən olunmuşdur ki, sözügedən avtomaşın həmin ünvanda yararsız vəziyyətdə daşların üstündə saxlanılır. Həmin avtomaşının foto şəkilləri tərəfindən çəkilmişdir. X3 həmin sözügedən avtomaşının texniki pasportunu onlara təqdim etmişdir. Aktda qeyd olunmuş tarixdə çəkilmiş fotoşəkillər faktiki olaraq mövcud olmadığından ona təqdim edilməmişdir.Bu akt saxtadır (tərtib olunma vaxtına görə) və orada qeyd olunanların heç biri həqiqətə uyğun deyil, o cümlədən, xx.xx.2013-cü il tarixli aktın tərtib edilmə və ona əlavə edilmiş fotoların çəkilməsi dövrü 2017-ci ilin aprel-may aylarıdır. X18 şöbəyə gəlmişsə və avtomobil saxlanılan ünvanı göstərərək avtomobilin texniki pasportunu icraçıya şəxsən təqdim etmişsə, bəs nə üçün heç bir sənəddə (aktda) onun imzası yoxdur , avtomaşına baxış zamanı onun iştirakı olmayıb, ondan heç bir izahat alınmamışdır? Aktda imzası olan X12 (borclunun atası) hansı səlahiyyətin sahibidir ki, icra tədbirində iştirak edir və tərtib edilən aktı imzalayır? Akta əlavə edilmiş fotoşəkillərdə əks olunmuş avtomobil borclunun yaşadığı ünvanda saxlandığını təsdiqləyir. Bu yerin Zahid Xəlilov küçəsi ilə heç bir əlaqəsi yoxdur, fotolardakı görüntülər Lətif İmanov küçəsi, ev 4 ünvanında çəkilmişdir. Bu fotoşəkillər faktiki olaraq 2017-ci ilin aprel-may aylarında çəkilmişdir. Qeyd etmək istəyir ki, yol nəqliyyat hadisəsindən sonra, əzilmiş avtomobil borclu tərəfindən şəxsən Yasamal rayonu, M.H.Şəhriyar küçəsində, “AZFAR” stadionunun qarşısında olan dayanacağa qoyulmuş və 2015-ci ilin may ayının sonuna qədər orada saxlanılmışdır. Qəzadan sonra avtomobilin qeyd etdiyi ünvanda saxlandığını və əzik vəziyyətdə olduğunu təsdiq edən fotoları əlavə etrmişdir. Bu fotolar xx.xx.2013-cü il tarixdə çəkilmişdir. İnternetdən “ GoMap” saytından çıxarılmış xəritədə hər iki ünvan geyd edilməklə, avtomobilin faktiki saxlanma yeri ilə aktda qeyd olunan yerin bir biri ilə heç bir əlaqəsi olmadığı aydın görünür. Xəritədə qeyd olunmuş yerlər - sarı rənglə işarələnmiş 1 rəqəmi: “Azfar” stadionunun qarşısında avtomobilin saxlandığı yer (2015ci ilin may ayına qədər), qırmızı rənglə işarələnmiş 2 rəqəmi: İcra şöbəsi tərəfindən təqdim edilmiş fotolarda avtomobilin hal-hazırda olduğu yer, Ötən dövr ərzində borclunun icra şöbəsinə gəlməsini təsdiq edən heç bir sənəd yoxdur. Bu akt hal şahidləri X7və X2 iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. xx.xx.2013-cü tarixli aktda göstərilir ki, icra məmuru halşahidlərinin iştirakı ilə qərarın icrası ilə əlaqədar borclunun ünvanına gəlmiş və tərəflərindən müəyyən olunmuşdur ki, borclu həmin ünvanda yaşamır və ona məxsus tələbin yönəldilməsi üçün borcluya məxsus heç bir qiymətli əmlak yoxdur. Aktda qeyd etdiklərini, həmin ünvanda yaşamamasını necə müəyyən ediblər? Əvvəlki, xx.xx.2013-cü il tarixli aktda qeyd olunub ki, borclu şöbəyə gələrək avtomaşının texniki pasportunu təqdim etmiş və avtomaşının saxlandığı yeri icraçılara və hal şahidlərinə bildirmişdir. Bələ olduğu halda, cəmi 7 gün sonra icraçını halşahidləri ilə birlikdə borclunun ünvanına getməyə və əmlak axtarmağa nə vadar edib? Qanunla icranın könüllü təmin edilməsi üçün 10 gün verilməlidir. Aktın arxasında borclunun atası Hümbətov İlham yazıb ki, oğlu Taleh bu ünvanda yaşamır və bunun heç bir əmlakı yoxdur. Bəs harada yaşayır ? Nə üçün icra məmuru bu barədə borclunun atasından xəbər almayıb və bunu aktda qeyd etməyib? İlham Hümbətov yazısında : bunun heç bir əmlakı yoxdur yazmaqla nəyi nəzərdə tutur ? Belə mücərrəd bir cümlə yazmaqla borclunun gizlədilməsinə icra məmuru niyə göz yumub? Bu akt hal şahidləri X8 və X19, ünvanı iştirakı ilə tərtib edilib və imzalahıb. xx.xx.2015-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə axtarış qərarı göndərilmişdir. xx.xx.2015-ci il tarixli “Borclunun axtarılması haqqında” Qərarda göstərilir ki, X3 şöbəyə gəlməmişdir. Nə üçün qanunla icra müddəti 2 ay olduğu halda, borclu axtarışa 17 aydan sonra verilib? Nə üçün “İcra haqqında” qanunun 27.3-cü maddəsinin tələbləri tam yerinə yetirilməyib və axtarış yalnız Abşeron rayonu üzrə (tələbkarın yaşayış yeri) verilib, Yasamal rayonu üzrə isə axtarış verilməyib? Əgər borclu Yasamal rayonunda axtarışa verilsəydi, bu halda onun şəxsiyyət vəsiqəsini dəyişdiyi zaman o polis tərəfindən saxlanılardı. Nə üçün borclunun yeri atasından və borclunun qeydiyyatda olduğu ünvanda yaşayan həyat yoldaşından soruşulmayıb? Nə üşün məcburi gətirilmə tətbiq edilməyib? Nə üçün icra məmurunda polis idarələrindən axtarış elan edilməsi haqqında heç bir məlumat yoxdur. Nə üçün borclunun qazancının olub-olmaması, nikahda olub- olmaması, nikah dövründə əldə etdiyi əmlakın olub-olmaması icra məmuru tərəfindən araşdırılmamış, borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmamış, onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilməmişdir? İcra məmuru borclunun uşaqlarını axtarışa verməmişdir. Əgər borclunun uşağının axtarışı üçün müraciət edilsəydi, o zaman Bakı şəhərində yaşayan övladlarının yeri müəyyən edilərdi və borclunun tapılması asanlaşardı. Bu məlumatları əldə etmək üçün sadəcə icra şöbələrinə məlum saytlara daxil olmaq lazım idi, icra məmuru isə bunun üçün özünə əziyyət verməmişdir. Bütün bunlar ona dəlalət edir ki, icra məmuru və eləcə də icra şöbəsinin rəhbərliyi borclunu üzə çıxarmaqda (tapmaqda) maraqlı olmayıblar və bunun səbəbi yalnız onların özünə məlumdur. İcra şöbəsinin əməkdaşlarının, konkret olaraq Cavabdeh1 səhlənkarlığı ucbatından o pulundan (əmlakından) məhrum olmuşdur. İcra şöbəsinin əməkdaşlarının və Cavabdeh1 hərəkətsizliyi və səhlənkarlığı nəticəsində 78 ay ərzində icra edilməmiş icra sənədi üzrə "Saipa-132” markalı, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil sənədləri ilə birlikdə ona qaytarılması, 5034 manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu, cəmi 5054 manat bu günə qədər borcludan alınıb ona verilməsi icra şöbəsinin əməkdaşları tərəfindən təmin edilmədiyindən onların, Cavabdeh2 tərəfindən ona aşağıdakı məbləğdə maddi və mənəvi ziyan vurulduğunu hesab edir, o cümlədən, icra vərəqində qeyd edilmiş “Saipa-132” markalı, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobilin sənədləri ilə birlikdə ona qaytarılmasının və 5054 manatın ötən dövr, 78 ay ərzində ona verilməsi təmin edilməməsi səbəbli keçirdiyi həyacan, sarsıntı və əsəb gərginliyi nəticəsində məruz qaldığı mənəvi ziyan tərəfindən 50000 manat məbləğində dəyərləndirilir, icranın gecikdirilməsinə görə hesablanmış faiz 2498.18 manat və məhkəmə rüsumu 30 manat, cəmi 52528.18 manat. “Saipa-132” markalı, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobilin məhv olmasının əsl səbəbkarı icra məmuru Cavabdeh1dur. Şəxsi səhlənkarlığı ucbatından, Cavabdeh1 icra vərəqində göstərilənlərə barmaqarası baxmış, vəzifə borcunu yerinə yetirməmiş, vaxtında avtomobili borcludan almamışdır, ona qaytarmamışdır və digər heç kimə saxlanca verməmişdir. Cavabdeh1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi nəticəsində onun qanuni mənafeyinə zərər vurmuşdur, Cavabdeh1 əməllərinin ucbatından onun əmlakı məhv edilmişdir. Eyni zamanda icra məmuru Cavabdeh1 vəzifə saxtakarlığına yol vermişdir, belə ki, bu qətnamənin icrası ilə əlaqədar öz hərəkətsizliyini ört-basdır etmək məqsədi ilə bir qovluq saxta sənəd hazırlayaraq işə tikmişdir. Həmin sənədlərin həqiqi olmasının təsdiqini isə təqdim edə bilmir. Təbii ki, olmayan sübutun nəyini təqdim edə bilər ki? Eyni zamanda Cavabdeh1 mübahisə predmeti olan icra işlərinin yerinə yetirilməsinə laqeyd münasibəti, vəzifə borcunun lazımı qaydada yerinə yetirməməsi və şəxsi səhlənkarlığı ucbatından onun hüquqları pozulmuş, ona verilən hüquqlardan qanuna uyğun istifadə etməmiş, öz fəaliyyətində onun hüquqlarının və qanuni mənafeyinin pozulmasının qarşısının alınması Cavabdeh1 qanunla borcu olduğu halda, o əksinə olaraq, onu əmlakından məhrum olmağına şərait yaratmış, ciddi hüquq və qanun pozulmasına yol vermişdir. Cavabdeh1 qeyri-hüquqi hərəkətləri, icranın təmin edilməməsi, görüş zamanı ona qarşı etinasız münasibəti nəticəsində o hər zaman əsəb gərginliyinə, mənəvi sarsıntı və iztirablara məruz qalmış və ona vurduğu mənəvi ziyanın əvəzi kimi Cavabdeh1 10000 manat kompensasiya tələb etmişdir. Bundan əlavə olaraq, əgər Cavabdeh1 onun avtomobilini vaxtında, yəni 2013-cü ildə, borcludan alıb ona versəydi, o onu təmir edib azı 6-7 min manata sata bilərdi. Bu isə həmin dövrdə 8-9 min ABŞ dolları idi, bu gün isə cəmi 3.5-4.1 min ABŞ dolları olmuşdur. Qeyd etdiyi rəqəmlərdən görünür ki, Cavabdeh1 səhlənkarlığı, işinə vicdansız yanaşması, digərlərinə yuxarıdan aşağı baxması nəticəsində o təxminən 4,5-4,9 ABŞ dolları, manat ifadəsində isə 7.5-8.3 min manat qazancdan məhrum olmuşdur. Hesab edir ki, cavabdehin, Cavabdeh2 icra məmuru Cavabdeh1 əməlləri-hərəkətləri nəticəsində ona dəymiş ziyan tam həcmdə Cavabdeh1 tərəfindən ona ödənilməlidir və “Saipa132” markalı, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobilin sənədləri ilə birlikdə ona qaytarılmalıdır. Avtomobilin ona qaytarılması mümkün olmadığından onun dəyəri olaraq 6000 manat, avtomobilin məhv olması nəticəsində itirilmiş qazanc 7500 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat kompensasiya, cəmi 23500 manat Cavabdeh1 tərəfindən ona ödənilməlidir. Mənəvi ziyan dəyməsi məsələsini qaldırdığına görə sual ola bilər ki, bunu nə ilə sübut edə bilər? 78 ay ərzində vəzifə səlahiyyətlərini aşan, saxtakarlıq edən, işinə səhlənkarlıqla yanaşan dövlət məmurunun səyi nəticəsində əmlakı məhv edilən, pulundan məhrum edilən, hüquqlarının bərpa edilməsini və icra icraatının başa çatdırılmasını tələb edən zaman harasa göndərilən... bir şəxs təbii ki, əl çalıb sevincindən oynamayacaqdır. Bu halların onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, əsəb gərginliyi və stres keçirməsi, fiziki əzab çəkməsi ilə nəticələnir. Həmin an zərərçəkənin nələr keçirdiyini, hansı vəziyyətə düşdüyünü anlamaq üçün ancaq onun düşdüyü vəziyyətə düşmək və həmin anları yaşamaq lazımdır. 78 ay ərzində icranın təmin edilməməsi mənəvi ziyanın yaranmasına ən tutarlı sübutdur və digər sübuta ehtiyyac yoxdur. Cavabdeh onun qanunvericiliklə təminat verilən hüquqlarını pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə etmişlər və əlavə olaraq bildirmişlər ki, borcluya və tələbkara icraata başlamaqla bağlı bildirişin göndərilməsi barədə heç bir sənəd yoxdur. Borclu icra şöbəsinə dəvət olunmamış və avtomobilin ondan alınması barədə də heç bir sənəd yoxdur. İcra məmuru ən azından avtomobil yararsız halda olsa belə onu tələbkara təklif etməli idi. Lakin icra məmuru bunu etməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, digər Cavabdeh2 və üçüncü şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsi isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izhatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-315/2018 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh2nə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-2021/2018 saylı qərarından görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-315/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-141/2019 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-2021/2018 saylı qərarı ləğv edilmiş, iddaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsindən görünür ki, İddiaçı cavabdeh X10 qarşı icarə müqaviləsinin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, “Saipa-132” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sənədləri ilə birlikdə İddiaçı qaytarılması, cavabdeh X4 5034 manat məbləğində dəymiş zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5054 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qərara alınmışdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 3924/2013 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və X3 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, cavabdehə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün müddətində vaxt verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Azərbayan Respublikası DİN BDYPİ-nin rəisinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı qərərdadına əsasən “Saipa-132” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, Azərbaycan Respublikası DİN BDYPİ-nin müvəqqəti dayanacağında saxlanılması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra sənədinin icrası ilə əlaqədar, borclu xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan X15 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli sorğudan görünür ki, icra məmuru Cavabdeh1 AR Milli Depozit Mərkəzi, Kapital Bank, Azərbaycan Beynalxalq Bankı, AR DƏDR Bakı şəhər Ərazi X1 əmlakları barəsində sorğular verilmişdir. İş materiallarında olan Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2016-cı il tarixli qərardadn görünür ki, X15 AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-355/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X9 həbsdə saxlanılma müddəti xx.xx.2017ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 xx.xx.2019-cu il tarixli xx/xx-15205/5- 3122 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3924/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi borclu X13 aid hissədə icra olunması üçün 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən Borclu hüquqi şəxsin kassasında və ya başqa otaqlarında aşkar edilmiş nağd pul vəsaitləri (manatla və xarici valyuta ilə) götürülür. Həmin Qanunun 56.3-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 57.2-ci maddəsinə əsasən mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur. Həmin Qanunun 58-ci maddəsinə əsasən borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə stehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. İşin müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3924/2013 saylı icra vərəqəsi üzrə xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərarla icraata başlanılmış və X3na 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən cavabdehə, xx.xx.2013-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün müddətində vaxt verilməsinə dair bildiriş göndərilmişdir. Bununla yanaşı Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Azərbayan Respublikası DİN BDYPİ-nin rəisinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı qərərdadına əsasən “Saipa-132” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, Azərbaycan Respublikası DİN BDYPİnin müvəqqəti dayanacağında saxlanılması barədə məlumat verilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra sənədinin icrası ilə əlaqədar, borclu xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan X15 barəsində axtarış elan edilmiş, icra məmuru tərəfindən borclunun cəza çəkmə müəssisəsində olması müəyyən edilərək, Bakı şəhəri Cavabdeh2 xx.xx.2019-cu il tarixli xx/xx-15205/5-3122 saylı məktubuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi borclu X13 aid hissədə icra olunması üçün 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İcra məmuru tərəfindən verilmiş sorğulara əsasən borclunun hər-hansı bir əmlakının, o cümlədən də,pul vəsaitinin (banklarda deposit hesabının) olmaması müəyyən edilmişdir. Eyni zamanda işin halları ilə, müvafiq icra vərəqinə əsasən sənədləri ilə birlikdə İddiaçı qaytarılması qət edilmiş “Saipa-132” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin, iddiaçı tərəfindən hələ məhkəmədə iddia qaldırılan zaman qəzalı vəziyyətdə olması və bu faktin iddiaçıya bəlli olması da, müəyyən edilmişdir. İşin bu halı iddiaçının etirafedici izahatı ilə də təsdiqini tapmışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi, İcra şöbəsi məcburi icra tədbirləri üzrə bir sıra hərəkətlər etsə də, qətnamənin icrası həyata keçirilməmişdir. Kollegiya icra məmurunun təqsiri üzündən iddiaçıya zərər dəyməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki apellyasiya baxışı zamanı (5555) 15205/2013-53-9-001 nömrəli icra işi tələb olunaraq məhkəmə iclasında öyrənilmiş və müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və X3 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və cavabdehə göndərilmiş xx.xx.2013-cü il tarixli bildirişdə cavabdehə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün müddətində vaxt verildiyi qeyd edilmişdir. Bundan sonra icra məmuru tərəfindən xx.xx.2013-cü il tarixdə borclunun mülkiyyətində avtomaşınların, qiymətli kağızların, mənzillərin, və pul vəsaitlərinin olubolmaması barədə məlumat verilməsi, əmlak aşkar olunduğu halda onun özgəninkiləşdirilməsinə qadağa qoyulması və bu barədə icra şöbəsinə məlumat verilməsi barədə Azərbaycan Respublikası DİN DYPİU RQİŞ-yə, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, “Kapital Bank ASC-yə və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə müvafiq sorğular göndərilmişdir. Lakin həmin sorğuların müvafiq orqanlara çatdırılması barədə icra işinə xəbərnamələr əlavə edilməmişdir. Bununla belə xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən, həmçinin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq soğuya cavab məktubu göndərilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3924/2013saylı icra sənədinin icrası ilə əlaqədar, borclu xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan X15 barəsində axtarış elan edilmişdir. Göründüyü kimi iddiaçının əsas arqumeti icra hərəkətlərinin görülməməsi və bur barədə tərəflərə məlumat verilməməsi, məlumat verilməsi barədə poçt xəbərnamələrinin olmaması olsa da, icra məmumu tərəfindən lazımi icra hərəkətləri görülmüşdür. Kollegiya həmçinin qeyd edir ki, icra işində poçt xəbərnamələri olmasa da sorğu göndərilmiş orqanların sorğuya cavab verməsi həmin sorğu məktubunun onlara çatdırılmasına dəlalət edir. Həmçinin öyrənilən icra işindən görünür ki, xx.xx.2013-cü il tarixə icra məmuru İddiaçı məktub ünvanlayaraq bildirmişdir ki, “Saipa – 132” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomomobil ona qaytarılmalıdır. Sözügedən avtomobili, texniki pasportu ilə qaytarılması məqsədi ilə İddiaçı icra şöbəsinə dəvət edilmişdir. İş materiallarında həmin məktubun İddiaçı çatdırılması barədə poçt xəbərnaməsinin olmaması həmin məktubun ona çatdırılmaması mənasına gəlmir. Belə ki yuxarıda da qeyd olunduğu kimi icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədər icra məmuru tərəfindən çox saylı məktublar, bildirişlər və bunalrın heç birinin çatdırılması barədə poçt xəbərnaməsi olmasa da, həmin məktublara müvafiq orqanlar tərəfindən cavab verilmişdir. Buna görə də, cavabdeh məhz xəbərnamə olmadığına istinad edərək həmin məktubu almadığını bildirsə də, kollegiya onun bildirdiklərini inandırıcı hesab etmir. Göründüyü kimi, icra məmuru icra tədbirləri üzrə lazımi hərəkətlər etmiş və iddiaçının “icra məmurunun hərəkətsizliyi və vəzifələrinin layiqincə icra etməməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi" barədə tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır; çünkü tərəflər arasında müqavilə münasibətləri mövcuddur və iddiaçının tələbi cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ortaya çıxmışdır. İddiaçı icra məmurunun həkətsizliyi nəticəsində ona maddi ziyan dəydiyini iddia etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda şərh etdiyi qənaətinin məntiqi nəticəsi olaraq kollegiya, birinci instansiya məhkəməsinin mənəvi ziyanın ödənilməsi barədə gəldiyi nəticəni də əsaslı sayır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar