Məhkəmə qərarları › İş №2(103)-6920/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6920/2021

16.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6920/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(007)-955/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh direktoru V.Qarayev arasında imzalanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh Hospitalda (MMC-də) qangötürmə şöbəsində tibb bacısı vəzifəsində işə başlamışdır. Sözügedən əmək müqaviləsi bir həftə sınaq müddəti müəyyən edilməklə bir il müddətinə bağlanmışdır. İşlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmışdır. Barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. Lakin Hospitalda narazı olduğu bəzi neqativ hallara görə işdən öz arzusu ilə ərizə yazıb çıxmaq istədiyini 03 noyabr 2020-ci il tarixində Labotoriya şöbə müdiri Ülvi Nəsirova bildirmişdir. Səhəri gün, yəni 04 noyabr 2020-ci il tarixində səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç” maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Həmin gün əmək kitabçasını, 23.11.2020-ci il tarixində isə işdən çıxma əmrini hospitaldan götürmüşdür. Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmri məzmunu sadə formaca qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, əmr müəssisənin möhürü ilə təsdiq edilməmiş, 04.11.2020-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməyinə baxmayaraq əmrin surəti 23.11.2020-ci il tarixində ona verilmişdir. Halbuki onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamış, həmkarların əsaslandırılmış yazılı qərarı mövcud deyildir. Beləliklə, onun əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd edilənlərdən göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(007)-955/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Pasiyentlə narazılıq yaşanan gün o rəhbərliyinə işdən çıxmaq barədə öz qərarını bildirmişdir və növbəti gün iş yerinə işləmək üçün deyil, işdən azad olunmaq üçün gəlmişdir. Saat 11:00 radələrində iş yerinə gəldikdə onun artıq işdən azad edildiyi bildirilmişdir. Sözügedən akt və təqdimat o, işdən çıxıb məhkəməyə müraciət etdiyindən sonra köhnə tarixlə tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. O, həmçinin cavabdeh MMC-də həmkarlar ittifaqının olmadığını bildirdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi bir il müddətinə bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 220 manat müyyən edilmişdir. İddiaçı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olumuş surətindən görünür ki, İddiaçı 12 yanvar 2019-cu il tarixli 23 nömrəli əmrlə Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə işə qəbul edilmiş və 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli Əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nümayəndə, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən Cavabdeh MMC-nin direktoru V.M.Qarayevaya göndərilmiş təqdimatın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə labaratoriya şöbəsinin qan alma otağının tibb bacısı İddiaçı saat 09.54 radələrində pasient Nüsrət Şirinov “xolesterin” analizini gəlib verərkən tibb bacısı “qapıda gözləyin” deyib, bir neçə dəqiqə pasient gözlədikdən sonra təkrar yaxınlaşıb deyib “işə gecikirəm, otaqda heç kəs yoxdur, məni niyə qəbul etmirsiniz?” tibb bacısı otaqda oturarkən qoğalla çay içirmiş, buna görə pasiyent əsəbiləşib və qeydiyyata yaxınlaşaraq analizi verməkdən imtina edib. İşçiyə bu halın niyə yaşandığını soruşduqda isə “nə məsələdir ki? 8 manatlıq analizdir, ödənişi edə bilərəm” demişdir. Bu haqda İddiaçı izahat yazmaqdan imtina etmişdir. Baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nümayəndə, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-də tibb bacısı vəzifəsində çalışan İddiaçı 30 oktyabr 2020-ci il tarixdə saat 09.54 radələrində pasiyent Şirinov Rüstəmə qarşı kobudluq edərək, onu qəbul etməmişdir. Pasiyent R.Şirinov narazı halda klinikanı tərk etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur, Cavabdeh MMC “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktı və təqdimatı şübhə altına almağa əsas görməyən Kollegiya hesab edir ki, iddiaçının hərəkətləri özəl tibb müəssisəsi kimi cavabdehin nüfuzuna ciddi xələl vurmuşdur, çünki hazırki bazar münasibətləri şəraitində fəaliyyət göstərən tibb müəssisələrinin rəqabətə dayanaqlı fəaliyyətini şərtləndirən əsas amillərdən biri də müştəri məmnuniyyətidir. Göstərilən xidmətdən narazı qalan müştərinin sosial şəbəkə vasitəsi ilə bunu işıqlandırması həmin müəssisənin kəskin müştəri itkisinə məruz qalması ilə nəticələnə bilər. Hazırki işdə də iddiaçının əmək funksiyasına etinasız yanaşması nəticəsində cavabdeh təşkilat təkcə maliyyə itkisinə məruz qalmamış, həm də müştəri məmnuniyyətindən məhrum olmuşdur. Ona görə də cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-955/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar