Məhkəmə qərarları › İş №2(103)-6923/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6923/2021

05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6923/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5,Cavabdeh6 Sayid oğlu, Cavabdeh7, Cavabdeh8 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1831/2021 saylı işi üzrə 24 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler Cavabdeh1, Cavabdeh2, FərəcovaMahirə Mirzağa qızı, Cavabdeh4, Cavabdeh5,Cavabdeh6 Sayid oğlu, Cavabdeh7, Cavabdeh8, azyaşlı uşaqları 2016-cı il təvəllüdlü Kərimli inci Ülvi qızı, 2015-ci il təvəllüdlü X4, 2019-ci il təvəllüdlü X7 ilə birlikdə ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Nİftəliyev küçəsi 43 saylı evin 11 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1831/2021 saylı işi üzrə 24 may 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.2, 152.1.3, 152.1.1, 152.1, 152.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına istinadən) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz iddiaçının öz razılıq ərziəsi əsasında ona məxsus yaşayış sahəsinə qohumları olan şəxslərin qeydiyyata alınması ilə bağlı olan hüquq münasibətləridir. Bu halda həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddiaçıya qeyd edilən məsələnin həlli ilə bağlı ilk növbədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həllli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. İddiaçı şikayət vermiş, Qaradağ rayon məhkəməsinin 2(002)-1831/2021 saylı 24 may 2021-ci il tarixli qərardadını ləğv edib,ərizəni icraata qəbul edib, araşdıraraq mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini və ya əks təqdirdə şikayəti baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.Şikayətdə qeyd edilmişdir ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, X2,Cavabdeh4 bizimlə köhnə qonşu olmuş, özlərinə məxsus evi satdıqdan sonra qeydiyyata düşməyə ünvan olmadığına görə öz evinə qeydiyyata saldırmış. Cavabdeh6 və Cavabdeh7 isə qohumlarıdir, evlərinin çıxarışı olmadığına görə müvəqqəti olaraq evə qeydiyyata saldırmış, evdə qeydiyyatda olsalar da bir gün də olsun yaşamamışlar və evlə heç bir əlaqələri olmamışdır. Cavabdeh8 isə gəlini olmuş, oğlum X5 ailəli olmuş 27 yanvar 2020-ci il tarixdə nikahları ləğv edilmiş və evdən daimi olaraq köçüb getmişdir. onun istifadə hüququnun olmadığını bilsə də cavabdeh olub- olmamasını mübahisələndirə bilər. Bu halda da mən inzibati məhkəməyə müraciət edəcəyim halda həmin məhkəmə tərəfindən istifadə hüququnun olub-olmaması üçün yenidən rayon məhkəməsinə müraciət etməli olduğu bildiriləcəkdir. Buradan da aydın olur ki. mən iki məhkəməyə müraciət etməliyəm. Birinci cavabdehlərin istifadə hüquqlarının olub-olamadığını rayon məhkəməsi müəyyən etməli, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra qeydiyyatdan çıxarılma üçün müraciət etməli, Halbuki müraciəti birbaşa istifadə hüquqlarına xitam verilməsini nəzərdə tutur ki, cavabdehləri qeydiyyatdan çıxarmağı üçün əsas olacaqdır. Mənim hər iki məhkəməyə müraciət etməyim əsassız süründürməçiliyə gətirib çıxaracaqdır. Məhkəmə iddia ərizəsini icraat qəbul edərək istifadə hüququnun olmaması əsasından iddianı rədd edə. həmin qətnamənin cavabdehlərin qeydiyyatdan çıxarılması ücün əsas olmasına dair bənd qeyd etməklə evə istifadə hüquqlarının olub-olmaması məhkəmə qaydasında müəyyənləşdirilməli idi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1831/2021 saylı, 14.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, polisə müraciət etdiyini, lakin ona müraciətinin mülki xarakterli olduğunun deyildiyini, həmin müraciətin iş materialına əlavə etmədiyini, qərarlardan sonra cavabdehlərin mənzildən qeydiyyatdan çıxma barədə razılıq ərizələrinin aldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 35, 36, 46-50, 149-152, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, tələbin yönəldiyi cavabdehlər iddiaçı tərəfindən dəqiqləşdirilərək prosessual qanunvericiliyinin tələblərinə riayyət edilərək yenidən iddia vermək hüquqları mövcuddur. Belə ki, istifadə hüquqlarının olduğu şəxsin mülki qaydada, o birinin inzibati icraat qaydasında işlərə baxılması mümkündür. Bundan əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı polisin rədd cavabını işə əlavə etməmişdir ki, imtinanın əsasları bəlli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R İ,24 sentyabr 2020-ci il) . Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1831/2021 saylı işi üzrə 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar