Məhkəmə qərarları › İş №2(103)-6923/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6923/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6923/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6923/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X11 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X18, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3084/2025 nömrəli 28 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışının surətinə əsasən, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. 10 iyun 2014-cü il tarixli İRH-FB-003 nömrəli İpoteka Müqaviləsindən görünür ki, X15 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İRH-FB-003 nömrəli kreditin təminatı kimi X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 15/1 nömrəli evini ipotekaya qoyulmuşdur.

3. 10 iyun 2014-cü il tarixli İRH-FB-003 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 42 ay müddətinə illik 16 faizlə 200.000 ABŞ dolları kredit verilmişdir.

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 06/2019 nömrəli 04 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilərək, Sədərək Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, 2(088)-56/2016 nömrəli qətnaməsinin «faiz borcu üzrə 21294.69 ABŞ dolları, cəmi 172674.83 (yüz yetmiş iki min altı yüz yetmiş doqquz dollar, səksən üç sent) ABŞ dollan məbləğində pulun Azərbaycan Respublikası Milli Bankının» sözləri göstərilən hissəsi dəyişdirilməsi, qətnamənin qət etdi hissəsinə «151385.14 ABŞ dolları» sözündən sonra «və 11433.35 ABŞ dollan məbləğində faiz borcu, cəmi 162818.49 (bir yüz altmış iki min səkkiz yüz on səkkiz dollar qırx doqquz sent) ABŞ dollan Azərbaycan Respublikası Mərkəzi Bankının» sözləri əlavə edilməsi, ipotekanın predmeti olan ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kvadrat metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 (üç yüz on beş miri) manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin qalan hissəsi apellyasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3921/2019 nömrəli, 11 iyun 2019-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdelər X9, X12 və onların vəkili Əzizov Azər Mirzə oğlunun kassasiya şikayəti təmin elməməsi, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 06/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, 15/1 saylı ev ilkin hərracda 315000 manat, təkrar hərracda satıqş qiymətu 267750 manat qiymətləndirilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışının surətinə əsasən, ünvan 1 ünvanının tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. 17.02.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, 15/1 saylı evin boşaldılmasını barədə tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı «TuranBank” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X2 qızı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (**********86-10301) boşaldılması, həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin TuranBank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçı X5 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Sədərək Rayon Məhkəməsinə müraciət etmişdir. Naxçıvan MR Sədərək Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(088)-56/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 TuranBank ASC-nin xeyrinə əsas borc üzrə 151385.14 ABŞ dolları, faiz borcu üzrə 21294.69 ABŞ dolları olmaqla, cəmi 172674.83 ABŞ dolları ( bir yüz yetmiş iki min altı yüz yetmiş dörd dollar səksən üç sent) məbləğində borcun tutulması, tutmanın X7 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək mənzilin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(108)- 06/2019 saylı Qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(108)-06/2019 saylı Qətnaməsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kv.m yaşayış sahəsindən, ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 (üç yüz on beş min ) manat məbləğində müəyyən edilmişdir. Əmlak Sabunçu Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. TuranBank ASC tərəfindən mənzilin əldə edilməsi təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın reyestr nömrəsi **********86-10301, Qeydiyyat nömrəsi ********** çıxarışa əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlak üzrə qeydiyyatda olan şəxslər X2 qızına, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 avqust 2025-ci il tarixli 2(008)-3084/2025 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 15/1 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 15/1 nömrəli ev cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qız tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev xx.xx.2022-ci il tarixdən danışnmaz əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçi X12 və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüqualarını pozmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddısinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 178.1, Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, o uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 15/1 saylı fərdi yaşayış evində yaşayır. O, həmin evdə böyümüş, boya başa çatmışdır. Başqa sözlə onun həmin ünvana istifadə hüququ mövcuddur. Bu halı iddiaçı özü də öz iddia ərizəsində təsdiq edir. Ona görə də onun həmin fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı ilə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi arasında ipoteka müqaviləsi bağlanan zaman Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, o, həmin fərdi yaşayış evinə istifadə hüququnun və eyni ünvanda qeydiyyatda olmağına baxmayaraq fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi zaman onun razılığım alınmamışdır. Ona görə də hesab edir ki, müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Fərdi yaşıyış evi ipoteka ilə yüklü edildiyi zaman mənzilə istifadə hüququ olan şəxs kimi onun razılığımın alınmadığını nəzərə alınsa onda iddiaçının ona qarşı hazırkı iddianın qaldırması üçün sübyektiv hüququnun olmaması işin mübahisəsiz halıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 22.Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 23.Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 24.Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

25. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 28.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Digər cavabdehlər şikayət verməmişlər.

38. Qətnamə Cavabdeh1 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Hazırki iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir və cavabdehlər həmin ünvanda yaşamaqda davam edirlər.

41. İddiaçı mübahisəli daşınmaz əşyanı xx.xx.2021-ci il tarixdə təkrar hərracda 267750 manata əldə etmişdir. Mülkiyyətçi kimi onun hüquqları 14 yanvar 2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

42. Göründüyü kimi daha əvvəl baxılmış iş üzrə tələb ipoteka predmetinə yönəlmişdir.

43. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Apellyatorun, mübahisəli evdə uzun illər yaşamasına və həmin evə dair istifadə hüququnun olmasına baxmayaraq ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmamasına münasibətdə kollegiya qeyd edir ki, o, xx xxxxxx 1997-ci il tarixdə doğulmuşdur və ipoteka müqaviləsi bağlanarkən 17 yaşı olmuşdur. Ona görə də onun razılığının alınmasına zərurət olmamışdır.

45. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3084/2025 nömrəli iş üzrə 28 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə Cavabdeh1 rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar